1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Şagirdlərə Azərbaycanın zəngin tarixi, incəsənəti və ədəbiyyatı ilə bağlı biliklər aşılayırıq
04.03.2017 / No8

 
 

 

 


Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
 

Heydər ƏLİYEV,
ümummilli lider

 

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
Uzun və mürəkkəb inkişaf yolu keçmiş müxtəlif sənət növlərinin hər biri Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa imkan verir. Xalqımızın həyatında və məişətində mühüm yer tutan el sənətimizin də zəngin tarixi vardır.
İncəsənətimizdən danışanda, təbii ki, ilk göz önünə gələn xalçaçılıq sənətidir. Dünyada məşhur olan Azərbaycan xalçalarının tarixi çox qədim dövrlərə gedib çıxır. Əbəs yerə deyil ki, Azərbaycan xalçaları 2010-cu ilin noyabrından etibarən YUNESCO-nun “Qeyri-maddi mədəni irs” siyahısına daxil edilib.
Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
Azərbaycanın milli musiqisinin təməl daşını, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, Azərbaycan muğamları da UNESCO-nun “Qeyri-maddi Mədəni İrsi”nin Reprezentativ Siyahısına daxil edilib. Bu işdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi vardır.
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam sənətinin qorunub saxlanılması, çox zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirilir. İlk muğam müsabiqəsi 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə keçirilmişdir. Sonradan 2007, 2009, 2011, 2013 və 2015-ci illərdə də həmin müsabiqələr təşkil edilmiş, qaliblər Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılmışdır.
Mehriban xanım Əliyeva muğam sənətinə yüksək dəyər verərək, “Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur” fikrini yüksək kürsülərdən səsləndirir.
2009-cu il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı da məhz ölkəmizin birinci xanımı Mehriban Əliyevanın səmərəli, yorulmaz fəaliyyətinin bəhrəsidir.
Məktəbimizin müəllimləri istər tədris prosesində, istərsə də sinifdənxaric tədbirlər zamanı bütün bunlar barədə şagirdlərimizi məlumatlandırır, onlara bənzərsiz mədəniyyətimiz, ədəbiyyatımız haqqında bilgilər aşılayırlar. Mən də ədəbiyyat fənninin tədrisi zamanı yetirmələrimizə izah edirəm ki, Azərbaycan hələ XI-XII əsrlərdə mədəniyyətinin intibah dövrünü yaşayıb. Bu dövrdə dünya mədəniyyətinə Xaqani, Nizami kimi dahilər bəxş etmiş Azərbaycan mədəni oyanışın əsas mərkəzlərindən biri olub. Nizami yaradıcılığı ilə intibah ədəbiyyatı ən yüksək zirvəyə ucalmış, bu mütəfəkkir şairin doğulduğu Gəncə şəhəri Şərqdə ən böyük elm ocaqlarından biri kimi tanınmışdir. Bu dövrdə Azərbaycan alimləri müxtəlif elm sahələrinin, həmçinin təbabət, fəlsəfə, astronomiya, coğrafiyanın inkişafında da böyük uğurlar qazanmışlar.
Eyni zamanda Azərbaycanda memarlıq sahəsində də intibah baş vermişdir. Bu dövrün ən məşhur memarı Əcəmi Əbubəkr oğlu (XII əsr) bir-birindən gözəl türbələr, qalalar ucaltmışdır ki, bunların bariz nümunəsi olan Mömünə Xatun türbəsi hələ də öz möhtəşəmliyini qoruyub saxlamışdır.
Bu dövrdə Qız qalası, Gülüstan qalası, Mərdəkan qalası kimi onlarca müdafiə tikililəri inşa edilmişdir və bunlar da dünya memarlığının nadır incilərindəndir.
XVII-XVIII əsrlərdə də Azərbaycan elm, maarif, incəsənət və mədəniyyət sahələrində öz sözünü demişdir. Bu dövrün ən məşhur şairlərindən olan Qövsi Təbrizinin əlyazmaları bu gün dünyanın bir çox ölkələrində, həmçinin Britaniya muzeylərində saxlanılır. Bəhs edilən dövrdə Saib Təbrizi ən məşhur şairlərdən biri idi. Dünya şöhrətli ədəbiyyatşünas Y.B.Bertels S. Təbrizini XVII əsrin Hafizi adlandırmışdı.
Bu dövrdə “Əsli və Kərəm”, “Aşıq Qərib” kimi məhəbbət dastanları, “Koroğlu” kimi qəhrəmanlıq dastanları yaranmışdı.
Şagirdlərimə izah edirəm ki, XVIII əsr Azərbaycan poeziyasının zirvəsini Molla Pənah Vaqif yaradıcılığı təşkil etmişdir. Məhəbbətin və insan gözəlliyinin tərənnümü, sözün əsl mənasında, Vaqif lirikasının əsas mövzusu idi.
XIX əsrdə də Azərbaycan mədəniyyəti və incəsənəti öz sözünü demiş, bu dövrdə Şimali Azərbaycan mədəniyyəti tərəqqipərvər xadimlərin bütöv bir nəslini yetişdirmişdi. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovla bərabər, böyük maarifçilər H.B.Zərdabi, S.Ə.Şirvani, düşündürücü komediyalar müəllifi N.B.Vəzirov və bir çox yazıçı və şairlərimizin adlarını çəkmək olar.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında tənqidi realizmin bütöv bir yaradıcılıq metodu kimi təşəkkülü başa çatmışdır. Tənqidi realizmi C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminlisiz təsəvvür etmək mümkün deyildir.
Məktəblilərə izah edirəm ki, XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına böyük dövlət rəhbəri kimi daxil olan ümummilli lider Heydər Əliyevin ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında mühüm rolu olub. Ulu öndərin müvafiq sərəncamlarına əsasən Məhəmməd Füzulinin 500, dünya şöhrətli müğənnimiz Bülbülün 100, unudulmaz bəstəkarımız Qara Qarayevin 80, milli eposumuz “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyləri ölkəmizdə və beynəlxalq miqyasda yüksək səviyyədə qeyd olunmuşdur.
Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifidir. Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yenilənməsi prosesi böyük vüsət almışdır. Bu yüksəlişi bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və dəstəkləyirlər.
Cari ilin fevral ayında məktəbimizin direktoru N.Adıgözəlovun rəhbərliyi və təşkilatçılığı ilə “Ekologiya aylığı” layihəsi çərçivəsində “Azərbaycanın incəsənəti, tarixi və etnoqrafiyası” mövzusunda silsilə tədbirlərə start verilərək uğurla həyata keçirilmişdir.
Adıçəkilən aylıq çərçivəsində ənənəvi ağacəkmə aksiyası keçirilmiş, “dəyirmi masa”lar, sərgilər, foto-stendlər təşkil edilmiş, məruzələr hazırlanmış, ayrı-ayrı siniflərin divar qəzetləri buraxılmış, milli mədəniyyətimizi əks etdirən konsert proqramı tərtib edilmişdir. Bu işlərin icrasında məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin əməyini xüsusi vurğulamaq istərdim. Belə ki, X.Quliyeva tərəfindən “Azərbaycanın tarixi, incənəti və etnoqrafiyası” mövzusunda “dəyirmi masa” təşkil olunmuş, bu tədbirdə məktəbin müəllimləri və şagirdləri fəal iştirak etmişlər. Fənn metodik birləşmənin rəhbəri F.Babayevanın təşkilatçılığı ilə məktəbin foyesində sərgi təşkil edilmiş, burada müasir və qədim kitablar, maddi mədəniyyət nümunələri olan əşyalar və milli şirniyyatımız nümayiş etdirilmişdir.
Aylıq çərçivəsində G.Babayevanın “Ümumortaq türk dili: gerçəklik və reallıq” mövzusunda məruzəsi maraqla dinlənilmişdir. K.Məmmədovanın hazırladığı konsert proqramı da hələ uzun müddət müəllim və şagirdlərimizin, habelə valideynlərin yaddaşında qalacaqdır.
Qeyd etmək istərdim ki, adıçəkilən aylıq layihənin həyata keçirilməsində məktəbimizin direktor müavinləri M.Hacıyev və P.Hacıyeva da öz töhfələrini vermişlər.
Bütövlükdə məktəbimizdə sözügedən aylıq çərçivəsində həyata keçirilmiş tədbirlər səmərəli olmuş, şagirdlərimizin Azərbaycanın tarixi, incəsənəti və etnoqrafiyası sahəsində biliklərinin zənginləşməsinə imkan yaratmışdır. Düşünürəm ki, bu istiqamətdə aparılmış ardıcıl və məqsədyönlü işlər davamlı olacaqdır.

Nailə MƏMMƏDOVA,
Bakı şəhəri 250 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

yuxarı ⤴