1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Müasir dərs və müəllim
04.03.2017 / No8

 
 

 

 


Şagirdin dünyagörüşünün formalaşması, milli-mənəvi dəyərlərə yiyələnməsində müəllimin rolu əvəzsizdir. Amerikalı pedaqoq İ.Braun demişdir: “Təhsildə ən çox təsir və nüfuza malik olan faktor müəllimdir. Beynin beyin üzərində, şəxsiyyətin şəxsiyyət üzərindəki təsirini əvəz edə biləcək bir şey hələ tapılmayıb”.
Ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən təhsil islahatı nəticəsində vaxtilə təlimin ancaq elmlərin əsaslarının öyrənilməsinə yönələn funksiyası indi şagirdlərin həyati bacarıqlara yiyələnməsi üçün geniş imkanların yaradılmasına istiqamətlənmişdir. Bu biz müəllimlərdən öz üzərimizdə ciddi çalışmağı, nail olduqlarımız ilə kifayətlənməməyi, işimizi yeni standartlara, təlim strategiyalarına, qiymətləndirmə mexanizmlərinə uyğun qurmağı tələb edir. Bu gün qarşımızda milli-mənəvi dəyərlərə yiyələnmiş, müstəqil, tənqidi və yaradıcı təfəkkürə malik olan gənc nəsil yetişdirmək əsas vəzifə kimi durur. Bu vəzifələri həyata keçirmək üçün riyaziyyat müəllimləri də öz işlərini, riyazı dildə desək, yeni müstəvidə qurmalıdırlar.
Riyaziyyat ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdəndir. Riyaziyyatı tədris etmək üçün müəllimlərdən bu fənni, onun tədrisi metodikasını dərindən bilmək tələb olunur. Mən dərs planı hazırlayarkən ilk olaraq öz işimi mövzunun, standartın, məqsədin, iş forması və iş üsulunun, inteqrasiya imkanlarının, resursların müəyyənləşdirilməsi ilə başlayıram.
İş forması və üsullarını mövzudan asılı olaraq elə seçirəm ki, onların tətbiqi şagirdləri dərsə maraqlandırsın, öyrənilən mövzunun dərindən mənimsənilməsini təmin etsin, yorğunluq hallarını aradan qaldırsın, onlarda düşünmə və tədqiqatçılıq qabiliyyətini inkişaf etdirsin.
Təlim metodlarını səmərəli tətbiq etməklə hər bir şagirdi düşünməyə, öz fikrini sərbəst ifadə etməyə, başqalarını dinləməyə, lazım olan biliyi özü əldə etməyə yönəldirəm. Çalışıram ki, dərs yorucu olmasın, onun üçün də tapşırıqları rəngarəng seçirəm. Bəzi özünə qapanan, utancaq, öz fikirlərini sərbəst çatdıra bilməyən şagirdlərə fərdi şəkildə tapşırıqlar verirəm. Belə şagirdlər fikirlərini şifahi şəkildə ifadə edə bilmədikləri halda yazılı şəkildə daha məntiqi formada nümayiş etdirirlər. Fərdi tapşırıqları sinifdəki şagirdlərin hər birinin düşüncə tərzinə, bilik, bacarıq və qabiliyyətinə uyğun hazırlayıram.
Qruplarla iş zamanı tapşırığı həll edə bilmək üçün şagirdlərdə möhkəm praktiki vərdişlər yaranmayıbsa, onlara istiqamət verirəm, gördüyü işləri izləyirəm. Təlim prosesində şəraiti, şagirdlərin hazırlıq səviyyəsini, psixoloji xüsusiyyətlərini nəzərə alıram və işə yaradıcı yanaşıram. Yaradıcılıq və pedaqoji ustalıq müvəffəqiyyətin rəhnidir.
Müasir təlim zamanı bütün şagirdlər dərsdə fəal iştirak edir və fikirlərini müstəqil söyləyirlər. Dərsin uğurlu alınması onu necə başlamaqdan, başqa sözlə desək, motivasiyanı necə qurmaqdan çox asılıdır. Odur ki, dərsə başlayarkən fənnə maraq yaradan, idrakı, təfəkkürü fəallaşdıran müxtəlif oyun və tapmacalardan istifadə edirəm. Bu həm sinfi, həm də şagirdləri tədqiqat aparmağa hazırlayır.
Məsələn, V sinifdə “onluq kəsrlər” mövzusunu tədris edərkən belə bir tapmaca söyləyirəm:
Vaxt ölçüsüdür özü,
Yaşı haqlayıb yüzü,
Adına bir “K” hərfi
Əlavə etsəniz siz,
Tam olmayan bir ədəd
Alarsınız, şübhəsiz.
Şagirdlər tapmacanın açmasını söylədikdən sonra onlara kəsrlər haqqında suallar verirəm:
- İndiyə qədər kəsrlər haqqında nə bilirsiniz?
Şagirdlərin cavablarını dinlədikdən sonra yenidən sual verirəm:
- “Kəsrləri yenidən öyrənməkdə məqsəd nədir?”. Bu sual şagirdlərin marağına səbəb olur və onlar müxtəlif cavab variantları söyləyirlər.
Şagirdləri məntiqi düşünməyə yönəltmək, axtarışlar aparmağa həvəsləndirmək üçün məsələ həllinin böyük rolu vardır. Bunu nəzərə alan riyaziyyat müəllimləri demək olar ki, hər gün dərsdə məsələ həll etdirməyə çalışırlar. Mən məsələ həllini necə gəldi yox, sadədən mürəkkəbə doğru aparıram. Birinci növbədə şagirdlərdə məsələ həllinə maraq yaradıram. Bu məqsədlə hər hansı həndəsi anlayışa, fiqura aid məsələ həll edərkən həmin fiqurların canlı müşahidəsi, tərifi, xassələri, mühüm əlamətləri haqqında şagirdlərə esse yazdırıram. Yazılmış esselərin onlarla müzakirəsini aparıram. Çalışıram ki, sinifdə canlanma yaransın. Bu zaman şagirdlər anlayışların mənalarını, oxşar və fərqli cəhətlərini öyrənir, analiz-sintez, müqayisə etmək bacarıqlarını inkişaf etdirirlər.
Dərslərimdə fənlərarası inteqrasiyaya da geniş yer verirəm. Xüsusən riyaziyyatın ədəbiyyat və tarixlə inteqrasiyası şagirdlərin marağına səbəb olur. Riyazi anlayış və terminlərin ilk dəfə, nə vaxt və harada işlədilməsi şagirdlərdə böyük maraq doğurur. Məsələn, “Piramida” mövzusunu tədris edərkən Misir ehramları haqqında məlumat verirəm. “Müsbət və mənfi ədədlər” mövzusunu tədris edərkən Nizaminin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” hekayəsindən aşağıdakı parçanı söyləyir və onu mövzu ilə əlaqələndirirəm:
“Çin qızı söylədi: iki növcavan
Başqa bir şəhərə oldular rəvan
Gəncin biri Xeyir, birisə Şərdi,
Onlar adları tək işlər görərdi”.
Buradan müsbət ədədin Xeyir, mənfi ədədin isə Şər rolunda olduğu qənaəti alınır.
Müxtəlif mövzuların ədəbiyyat və tarixlə əlaqələndirilməsi də şagirdlərin fəallığını artırır, dünyagörürüşünü zənginləşdirir. Təcrübəmə əsasən deyə bilərəm ki, riyaziyyatın ədəbiyyatla inteqrasiyası şagirdlərin həm də nitqinin və yaradıcı qabiliyyətlərinin inkişafına müsbət təsir edir. Q.Qaliley yazırdı: “Dünya riyaziyyat dilində yazılmış bir kitabdır, bunu ancaq həmin dilə yiyələnənlər öyrənə bilər”.
XXI əsr informasiya əsridir. Zaman təhsildə kompüter və internetin imkanlarından maksimum dərəcədə faydalanmağı tələb edir. Riyaziyyat dərslərində İKT-dən istifadəyə geniş imkanlar var. Böyük riyaziyyatçılar haqqında məlumatlar, riyazi oyunlar, çertyojlar, şəkillər və s. internetdən çox asanlıqla əldə oluna bilir. Mən öz üzərimdə işləyərək əldə etdiyim informasiya resurslarından istifadə etməklə dərsimi daha maraqlı qurmağa çalışıram. İKT- dən istifadə ilə aparılan dərslər şagirdlərin marağını artırır, onları fəallaşdırır, dərsi daha cəlbedici edir. İKT-dən təlim prosesində əməyi yüngülləşdirən bir vasitə kimi deyil, hər bir dərsdə qoyulan təlim məqsədlərinə nail olmaq üçün istifadə edirəm. Planlaşdırma zamanı dərsin hansı mərhələsində və nə məqsədlə kompüterin tətbiq olunmasını nəzərə alıram, slaydlar hazırlayıram. Təcrübəmə əsasən deyə bilərəm ki, İKT-dən istifadə edərkən tədris materialı fəal və şüurlu mənimsənilir, təlimin keyfiyyəti yüksəlir və başlıcası şagirdlərin dərsə marağı artır.
İKT həm də şagirdlərdə müxtəlif sualların cavablarını tapmaq, müxtəlif məsələlərin həll yollarını bilmək üçün müstəqil axtarışlar aparmağa imkan yaradır. İnternetdən istifadə etməklə şagirdlər yazı bacarığı, söz ehtiyatı kimi müsbət keyfiyyət və vərdişlərə yiyələnir. Təbii ki, mən şagirdlərimə sosial şəbəkələrdən düzgün istifadə etmək, başqasının təsirinə düşməmək, təlim materialları ilə maraqlanmağı tövsiyə edirəm.
Yeni ideyalar, yeni metodlar və üsullar, təlim texnologiyaları, yaradıcı, tədqiqatçı, yüksək peşəkarlıq səviyyəsinə malik olan müəllim tələb edir. Bu gün qarşımızda dərsdə susan, yalnız sual verdikdə cavab verən, heç bir təşəbbüskarlıq göstərməyən dünənki şagirddən tamamilə fərqli bir insan dayanmışdır. İndi şagird bizimlə əməkdaşlıq edir, öz fikir və mülahizələrini sərbəst şəkildə bildirir, rəy söyləyir, fərqli yanaşma nümayiş etdirə bilir. Hətta müəyyən məsələlərdə bizimlə razılaşmaya da bilir. Müəllim öz ixtisasını dərindən bilməklə, yüksək pedaqoji, psixoloji, metodiki hazırlıq nümayiş etdirməklə bunları təşkil və idarə edə bilər. Müasir müəllim uşaqlara qayğı ilə yanaşmalı, onları başa düşməli, problemlərini, qayğılarını öyrənməklə hər birinə fərdi yanaşmağı bacarmalıdır.
Əlbəttə, müəllim təkcə yeni təlim texnologiyalarını mənimsəməklə və onları öz işində tətbiq etməklə kifayətlənməməlidir. O, daim yaradıcı, tədqiqatçı və öz peşəsinin vurğunu olmalıdır. Müəllim öz fənninin gözəlliklərini, incəliklərini şagirdlərə çatdırmaqla fənnə qarşı onlarda maraq yaratmalıdır. Belə olan halda şagirdlər həm fənni, həm də onu tədris edən müəllimi sevirlər, onun dərslərində müntəzəm iştirak edirlər. Odur ki, dərslərimdə böyük riyaziyyatçıların -filosofların riyaziyyat haqqında fikirlərindən, fənlərarası inteqrasiyadan, riyazi tapmacalardan, riyazi oyunlardan, resurslardan, rebuslardan, şeirlərdən və s. istifadə edirəm. Belə hallarda şagirdlər yorulmur, dərs daha fəal keçir.
Məşhur Çin mütəfəkkiri Konfutsinin bir fikrini fəaliyyətimdə əsas götürürəm: “Alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan yaradır. Nə qədər ki, o şagirddə maraq oyadır, məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o, şagirdə yol açır, deməli, ona düşünmək imkanı verir. Müəllimlə şagirdin arasında müstəqilliyin yaranması, şagirdə bilik qazanmanın aşılanması və düşünmək imkanının verilməsi, məhz bunlar müəllimlik məharətidir”. Məncə, bu sözlər hər bir müasir müəllim üçün fəaliyyət devizi ola bilər.

Dilbər MƏMİŞOVA,
Bakı şəhəri 238 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, qabaqcıl təhsil işçisi

yuxarı ⤴