1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Yaradıcılıq
04.03.2017 / No8

 
 

 

 


Orxan PAŞA


(Məhərrəm QASIMLI),
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı

Göyçə dedim yaralarım göynədi...

Göyçə dedim yaralarım göynədi,
Axşamlara qarışdırdım səhəri.
Qaçqın nənə, səsindəki ney nədi? -
Buludlandı gözlərimin qəhəri.

Sinəmizdə od qalayıb yağılar,
Çətin bizim qübarımız dağılar.
Murov deyən, Murğuz deyən ağılar
Viran yurdun miras qalmış bəhəri...

İnsafdımı Göyçə gölü ah uda,
Ovçusundan ayrı düşə ahu da.
Pərişandı Ələsgərin ruhu da,
Gəlib yetdi məzarının xəbəri.

Qoca qartal, qardaş idin mərdə sən,
Eldən ayrı düşdün yaman dərdə sən.
A telli saz, gəşt eləyib bir də sən
O dağlardan almalısan nəməri.

Şan-şan olub yaylaqların bağırı,
Sal qayalar pələng kimi bağırır.
Həsənnənə, Həsənbaba çağırır:
- Hazır eylə, hazır eylə yəhəri...

Oğuz oğlu, damarımız vurursa,
Dədəm Qorqud qurğumuzu qurursa,
Qoç dəlilər, Koroğlular durursa,
Qabaqdadı hələ Göyçə səfəri!

***

Ana yurdum

Sən əbədi ilk baharım,
Ana yurdum, ana yurdum.
Ürəyimdə şah damarım,
Ana yurdum, ana yurdum.

Babaların ocağısan,
İsti ana qucağısan.
Ər oğullar oylağısan,
Ana yurdum, ana yurdum.

Qoç Koroğlun çoxdu sənin,
Dəli nərən oxdu sənin.
Heç bənzərin yoxdu sənin,
Ana yurdum, ana yurdum.

Hər mahalın bir tamaşa,
Heyranındı Orxan Paşa.
Bayrağınla ucal, yaşa,
Ana yurdum, ana yurdum.


***

Qürbətin yolları

Eldən ayrı düşənlərin
Yurdu qürbətin yolları.
Qara bağrı bişənlərin
Dərdi qürbətin yolları.

İlik - sümük gizildədən,
Axşam-sabah sızıldadan,
Yandırıb da cızıldadan
Qordu qürbətin yolları.

Sağı bulud, solu çəndi,
Hər addımı qəhər-qəmdi,
Dirigözlü cəhənnəmdi,
Gordu qürbətin yolları.

İlim-ilim itməyi yox,
Axır ucda bitməyi yox.
Vətən sarı getməyi yox -
Kordu qürbətin yolları.

***

Gəldim, ay bənövşəm

Bakıdan Tovuza yordum yolları,
Kimin nə dərdinə, kimə nə, gəldim.
Dağlar ətəyində tikan kolları
Qoy batsın dizimə, çənəmə gəldim.

Yazın əvvəlində qaçıb beş günə,
Gəldim ay bənövşəm, sənin eşqinə.
Bu sirri, sən allah, açma heç kimə,
Dönüb uşaqlaşdım-dünənə gəldim.

Ətrim xəyalımı uçurtdu göyə,
Köçdü dalğa-dalğa boyun ürəyə.
Gözləri yaşarmış mən divanəyə:
“Gəldinmi, ay dəli?!”-demənə gəldim.

Mələyə oxşatdım əzəl hüsnünü,
Kaş ki, bürünməyə xəzəl hüsnünü.
Canıma hopdurub gözəl hüsnünü
Yığışdım köksümə-sinəmə, gəldim...


Fatma İSRAFİLOVA,


Zaqatala şəhər 1 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim

Olar

Hər şeyi həyatda qazanmaq asan
Mərifət - İnsanın özündə olar!
Cahillik cavanın coşqun çağında,
Aqillik qocanın sözündə olar.

Möhkəmlik - Qartalın caynaqlarında
Ötgünlük - Bəbirin ayaqlarında
Xınalıq - Kəkliyin dırnaqlarında
Gözəllik - Ceyranın gözündə olar!

Yorğunluq yolların yoxuşlarında,
Durğunluq gözlərin yağışlarında,
Soyuqluq insanın baxışlarında,
İstilik ürəyin közündə olar !

Heyrət dağ döşünün ətəklərində,
Zəhmət bal arının pətəklərində,
Qüdrət xaqanların bəbəklərində,
Qüvvət igidlərin dizində olar.

Bədəsil xasiyyət üz qarasıdır,
Sağalmaz yaralar söz yarasıdır...
Fəlakət qaş ilə göz arasıdır
Ya suda, ya odda, ya düzdə olar...

***

İnsanlar, illərin nə təqsiri var?

Beləcə bir il də keçdi ömürdən,
Bir ildə atını səyritdi keçdi...
Ömrün sirr-soraqlı səhifəsindən
Həyat bir ili də beləcə biçdi...
Bir ildə atını səyritdi keçdi...

Ürək qövr elədi, ürək od aldı,
Biruzə verməyi dillərdə gördük...
Əyrilik edənlər insanlar oldu
Təqsiri aylarda, illərdə gördük...

Güman da ümiddir təsəllimizdə,
Ümman çalxalansa dağ da udular...
Yaxşı da, yaman da öz əlimizdə
İnsanlar, illərin nə təqsiri var?!.


Elbəyi MAQSUDOV,


Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, professor

Canım Naxçıvan

Mən səni sevmişəm canda can kimi,
Əlçatmaz Tanrıya bir inam kimi,
İstərəm dünyada öz anam kimi
Hər zaman adını anım, Naxçıvan,
Müqəddəs Nuh yurdum, canım Naxçıvan.

Daş üstdə gül-çiçək bitirən vətən,
Çavidi, Cəlili yetirən Vətən
Dünyaya dahilər gətirən vətən,
Qürurum, sultanım, xanım Naxçıvan
Döyünən ürəyim, canım Naxçıvan.

Mən səndən öyrəndim eşqi, qüdrəti,
Düşmənə nifrəti, dosta hörməti,
Mərdliyi, sərtliyi, həm cəsarəti
Varlığım, həyatım, qanım Naxçıvan
Yenilməz məkanım, canım Naxçıvan.

Səni yağılardan qorumaq üçün,
Alçaq niyyətlərin qovurmaq üçün
Məhv edib, yandırıb, od vurmaq üçün
Gərəksə, alışım, yanım, Naxçıvan
Ey “Odlar diyarı”m, canım Naxçıvan.

Cahanın içində sən bir cahansan,
Bizlər övladınıq, sən bizə cansan,
Əzəli, əbədi Azərbaycansan
Şöhrətim,qüdrətim, şanım Naxçıvan,
Sənə canım qurban, canım, Naxçıvan!

***

Ana dilim

Adında canım olan cananımdı ana dilim,
Hər zaman əzizlənən mehmanımdı ana dilim.

Bu dildə nə yazdımsa, mayəsində gözəllik var,
Saf eşqim, şux gözəlim, ceyranımdı ana dilim.

Varlığım, iftixarım, sevgili yarım, nigarım,
Qəlbimə hakim olan sultanımdı ana dilim.

Hər zülmə, cəhalətə min illərlə sinə gərmiş,
Əbədi, silinməyən fərmanımdı ana dilim.

Ruhum, canım, həmdəmim, eşqim, gülüm, gülşənim.
Hər dərdə əlac olan dərmanımdı ana dilim.

Dilimdə hər bir sözün yüz rəngi, yüz çaları var,
Dilləri heyran edən gülüstanımdı ana dilim.

Sadiqəm öz dilimə, öz soyuma, öz kökümə,
Min illərlə oxunan dastanımdı ana dilim.


Adilə NƏZƏROVA,


filologiya üzrə fəlsəfə doktoru

Qarabağın şəhid düşən balası

Çətindir xar olmaq yağı içində,
Bu xalq hələ ümidindən güc alır.
Üzü gülmür qalıb ağı içində
Əsir düşən körpələri qocalır...

Köçən, qaçan... - yaralar yara bağlar,
Yol gözləyən yollar yolçu soraqlar.
O torpaqda hələ yer-göy qan ağlar,
Ağ yalanlar doğrulardan bac alır...

İtkinlərin itirilmiş sayından,
Altı yüz on üç şəhidin ahından,
Yeddi milli qəhrəmanın ruhundan
Səmalara səssiz fəryad ucalır...

Qarqarçay tək, Əsgəran tək qalası
Tapdaq altda quruyub göy talası.
Qarabağın şəhid düşən balası
Xocalıdır, Xocalıdır, Xocalı.

***

Xocalı - soyqırım

Xocalı yaddaşlara qanla yazılmış,
xoş günlərinə məzar qazılmış.
Xocalı deyəndə bir oğul yada düşür -
ayağı qopmuş.
Bir ana yada düşür -
ölərkən üzünə heyrətlər hopmuş.
Bir qız yada düşür -
oğurlanmış xəyalları...
Qayadan atmış özünü...
Tarix əlbət, deyəcəkdir sözünü.
Xocalı! Son günün - əsir günün,
son gecən - yesir gecən.
O gün kirli beyinlərin qana susadığı an,
Vicdanların pas tutduğu,
insanlığın öldüyü zaman.
Bu bir faciədi, bizi Yaradan!
Çıxarmı şüurdan, çıxarmı yaddan?
Cəsədlər içində ana yatırdı,
bala süd əmirdi ölü anadan.
Ağladı torpaq da, səma da,
gözlərdəki yaş dondu havada.
Xocalı da ağladı,
ağladı için-için, ağladı aram-aram.
Xocalıda o gecə yazıldı neçə dram.
Əzablar bir faciə, işgəncələr dözülməz,
soyqırım bir dəhşətdi.
Xocalının o günü
dünya bilsin, vəhşətdi.
Ağladıqca Qarabağ,
ağladıqca bədən, can,
ağladı Azərbaycan...


Seyidəli SƏDA,


təqaüddə olan müəllim

El sevər ürəkdən

Vətənə bağlıyam, ona qurbanam,
Mən onu canımdan əziz bilmişəm.
O mənim gözümdə dönüb dağlara,
Mən ona güvənib, cəngə girmişəm.

İncidir mənimçün hər qarış yeri,
Qoruyar Vətəni igid əsgəri,
Hər elə şərəfdi şəhid hünəri,
Yurd üçün mən şəhid-oğul vermişəm.

Bu dünya varında yoxdur tamahım,
İstərəm obamla birgə dolanım,
Təki uca olsun eldə ad-sanım,
El bilir gözümü yurda dikmişəm.

Şöhrətim dünyada doğma elimdi,
Namərdə bəd işdə gücüm qənimdi,
Torpağın yolunda ölüm mənimdi,
Yurdumu anatək qəlbən sevmişəm.

El sevər ürəkdən yurdun-yuvasın,
Gözlər elim, döyüş cəngi çalınsın,
Mən istərəm Qarabağım alınsın,
Vətənə can verən mərdi görmüşəm.

***

Gözümdə Vətən

Olsa da gözümdə Vətən gülüstan,
Qıyıb bircə gülün vermərəm yada.
Hələ ki, sinəmdə döyünür ürək,
Çəkərəm qayğısın candan dünyada.

Sən mənim gözümə işıqsan, Vətən,
Şərəfsən sən mənim bütöv ömrümə.
Çəksən də sınağa sən məni hərdən,
Bir ana olmusan çətin günümə.

Bir övlad toxunsa ana qəlbinə,
Özü də alacaq bir zaman payın.
İbrətdir ananın sözü balaya,
Olmayıb heç görən ananın tayın.


Məsumə MUSA,


BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

Bir Günəş istəyirəm

Bir Günəş istəyirəm
Mənim özümün olsun.
Doğsun hər gün ömrümə
Nuru gözümün olsun.

Günəşi görüm deyə,
Dan yeri ağarmadan.
Boylanıram güneyə,
Ay hələ heç batmadan.

Dənizi seyr edirəm,
Elə bil uzaqlarda
Yerlə səma birləşir
Günəşin yatağında.

Bir Günəş istəyirəm
Yoluma işıq saçsın.
Sonsuz arzularıma
Parlaq sabah açılsın.

Bir Günəş istəyirəm
Bir an belə batmasın.
Baxıb öz Ay yarına
Gecələr də yatmasın.

Od saçan Günəşimin
Şəfəqinə boyanım.
Uzanan gecələrin
Zülmətinə dayanım.

Günəş istərəm odlu
Oduna alovlanım.
Şəfqəti qucaq dolu
Olsun mərhəmət payım.

Qəlbimi üşüdərmi
Günəş solğun olarsa.
Dəli ruzgarlar kimi
İç dünyama dolarsa.

Yox bu, bir əfsanədir,
Xəyallarımdan keçən.
O göylər gözəlidir,
Kimdir Günəşi verən?!

Həsəd ilə baxıram
Əlçatmaz bir varlığa.
Ay da onun dərdindən
Çəkilib qaranlığa.

Ay- Günəş məhəbbəti
Pas atıb bir dəmir tək.
Mən də vaz keçdim ondan,
Gec deyil, sən də əl çək,
Bu istəkdən, ay ürək!


Fəxri ŞƏFAHƏTLİ,


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsi

Azərbaycan bayrağı

Azərbaycan bayrağı - milli mənsubiyyətim azadlığım, qüdrətim.
Dalğalandıqca mənim
O üç rəngli bayrağım
Artır, daha da artır dizlərimdə taqətim.
Mavi rəng - türkçülüyüm.
Bəli türk oğluyam mən.
“Türk oğlu” - Türk adıyla böyüklüyümdür mənim.
Qırmızı – müasirlik, müstəqillik.
Tarix boyu əyilməz
heç bir xalq millətə
Millətə, xalqa inam
Xalq sadiqdir dövlətə.
Qələbəyə inam var bu ərən məmləkətdə,
Koroğlular, Babəklər yetirən məmləkətdə.
Yaşıl rəng islamlığın bariz nümunəsidir.
Bütün türk xalqlarını birliyə çağıran səs,
islamlığın səsidir.
Səkkiz guşəli ulduz üstündə ay parəsi
Səkkiz oğuz elinin adı nişanəsidir.
Üstündəki ay para günəşin şöləsidir.
Bu odlar ölkəsində həyat necə firavan
İnsanları gülərüz, insanları mehriban.
Yaşa, sev bu diyarda dərdi qəmini unut.
Bu dəyərli torpağı, bayrağını uca tut.
Çalınsın zəfər zəngi bayraq başımız üstə.
Xankəndində, Şuşada dalğalansın ahəstə...


Səhifəni hazırladı: Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”
s.kerimova@muallim.edu.az  

yuxarı ⤴