1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
“2015-ci ilin adamı” mükafatı təqdim edildi
05.03.2016/№9


Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev “İlin adamı” mükafatının ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond tərəfindən 2001-ci ildə təsis edildiyini bildirdi. Diqqətə çatdırdı ki, bu mükafata Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev hər il olduğu kimi, 2015-ci ildə də ölkədəki bütün proseslərin diqqətlə izlənildiyini, ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “İlin adamı” mükafatına ən layiqli şəxsin layiq görüldüyünü dedi. Bildirdi ki, hər zaman Prezident İlham Əliyevin yanında olan, ona daim dəstək verən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün ölkə vətəndaşlarının ən ağır şəxsi problemləri zamanı üz tutduğu təşkilatdır. Cəmiyyətdə mərhəmət standartlarını müəyyən edən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində bir çox insan öz arzusuna çata bilib.

2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarından danışan Vahid Mustafayev bu Oyunların ən yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. “Bu, Prezident İlham Əliyevin qərarı ilə yaradılan Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlər sayəsində mümkün oldu. Hər bir Azərbaycan vətəndaşı Avropa Oyunlarını müşahidə etdi və bundan qürur duydu”, - deyən ANS Şirkətlər Qrupunun prezidenti ilk Avropa Oyunlarının Azərbaycanı bütün dünyaya tanıtdığını vurğuladı.

Azərbaycanda multikulturalizm ənənələrinə toxunan Vahid Mustafayev diqqətə çatdırdı ki, bu dəyərlərin təbliği nəticəsində dünyada mövcud olan qarşıdurmalar öz həllini tapa bilər. Mehriban Əliyeva isə gördüyü işlərlə həm ölkə daxilində, həm də xaricdə multikulturalizm ənənələrini təbliğ edir.

Sonra Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2015-ci ilin adamı” mükafatına Bakı-2015 birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə, ölkədə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya “İlin adamı” mükafatını təqdim etmişdi.

Mərasimdə Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatının diplomu və pul mükafatı təqdim olundu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

AZƏRTAC


Mehriban Əliyevanın çıxışından

Bu il Fond 12 illik fəaliyyətini qeyd edəcək. Əlbəttə, bizim çoxşaxəli fəaliyyətimiz var. Təhsil, mədəniyyət, gənclərə yardım, ətraf mühitin qorunması və s. Bilirsiniz ki, demək olar bizim bir sıra layihələrimiz çox böyük uğurla qarşılanıb və artıq bitirilib. Misal üçün, 2005-ci ildə Fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə start verdi və bu layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarında, şəhərlərində Fondun dəstəyi ilə 412 məktəb tikildi. Sonradan dövlət bu proqramı dəstəklədi, bu proqrama qatıldı və 10 il ərzində ölkədə 3 mindən çox məktəb təmir olundu, yenidən quruldu. Biz keçən ildən yeni proqrama start vermişik və bu proqram çərçivəsində ölkəmizin yenə də müxtəlif şəhərlərində, regionlarında 175 yeni uşaq bağçası tikiləcək. Onların 129-nun inşası artıq başlayıb, 41-i istifadəyə verilib.

Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək - bu proqram bizim üçün xüsusi yer tutur. İlk mərhələdə ölkəmizdəki 34 uşaq evində və internat məktəbində monitorinq apardıq və orada üzləşdiyimiz vəziyyət bizi dəhşətə gətirdi. Çünki uşaqlar dözülməz vəziyyətdə yaşayırdılar. Proqramın icrası nəticəsində bu gün bütün bu müəssisələr ən yüksək səviyyədə, əsaslı təmir edilib, lazımi avadanlıqla təchiz olunub. Biz bu müəssisələrdə tərbiyə alan uşaqlarla daim ünsiyyətdəyik, onların taleyində, həyatlarında iştirak edirik. Biz onların bayramlarını, asudə günlərini təşkil etməyə çalışırıq. Artıq bilirsiniz, bizim aramızda doğma bir ünsiyyət qurulub. Bunu Fondun hər bir əməkdaşı sizə deyə, göstərə bilər. Mən bilirəm ki, orada uşaqlar bu görüşləri necə gözləyirlər, biz də gözləyirik. Çünki belə görüşlər onlara nə qədər lazımdırsa, bizə də lazımdır.

 

yuxarı ⤴