1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
METODİKA
05.03.2016/№9


Kimyanın tədrisində didaktik oyunların rolu və əhəmiyyəti

Gülnarə DADAŞOVA,
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin kimya müəllimi

Müasir dövrümüzdə təlim prosesində iştirak edən hər bir uşağın yaradıcı təfəkkürünü maksimal dərəcədə inkişaf etdirmək üçün müxtəlif təlim metodları və üsullarından istifadə edilir. Bu vasitələrin içərisində didaktik oyunlar öz səmərəliliyi ilə xüsusilə seçilir. Didaktik oyunlar hər bir fənnin tədrisində və eyni zamanda şagirdin bütün yaş səviyyələrində tətbiq edilə bilər.

Didaktik oyunların tətbiqi zamanı şagirdlər yeni bilik və bacarıqlar əldə etməklə yanaşı, onların yaddaş və diqqətlərinin, fantaziya və təxəyyüllərinin, yaradıcılıq imkanlarının inkişafına və dünyagörüşünün genişləndirilməsinə nail olunur. Oyun zamanı uşaqda öz gücünə inamsızlıq yox olur, uşaq özünü daha sərbəst və azad hiss edir, müəyyən uğur əldə etdikdən sonra isə onda yenidən “oynamaq” arzusu yaranır. Bu isə uşağın mənimsəyəcəyi bilik və bacarığa olan həvəs və marağının artmasına səbəb olur. Ümumiyyətlə, oyun situasiyası bilik və bacarıqların daha sürətli və səmərəli şəkildə mənimsənilməsinə imkan verir. Bu onunla izah edilir ki, didaktik oyunlarda adi oyunların forma və xüsusiyyətləri saxlanılır, amma məqsəd və məzmun dəyişdirilir. Bu zaman adi oyunlar üçün xarakterik olan hiss - oyundan alınan zövq hissi ikinci plana keçir, şagirdlər tərəfindən mənimsənilərək uzunmüddətli yaddaşa keçən bilik və bacarıq aşılayacaq didaktik çalışmaları özündə əks etdirən tapşırıqlar isə gizli formada təzahür edərək əsas olur. Təlim prosesində düzgün seçilmiş didaktik oyunun tətbiqi ilə bir qədər maraqsız və çətin qavranılan mövzunun şagirdlər tərəfindən daha asan və uğurlu mənimsənilməsinə nail olmaq olar. Eyni zamanda bu, təlim prosesini daha effektli edir.

Didaktik oyunlar şagirdlərin kollektivlə işləmək bacarıqlarını formalaşdırır. Prosesə hazırlıq mərhələsində və prosesin gedişi zamanı uşaqlar bir-birinə qarşı ünsiyyət mədəniyyətini öyrənir, kollektivlə işləməyi bacarır, öz xarakteri və vərdişləri üzərində çalışmaqla psixoloji baryerləri aşmağa nail olurlar.

Didaktik oyunlar eyni zamanda təlim prosesindəki emosional atmosferi də dəyişdirməyə imkan verir. Belə ki, təlim prosesini daha canlı edir, yorğunluğu və gərginliyi aradan qaldırır, eyni zamanda şagird-müəllim münasibətlərini yaxşı mənada dəyişdirir. Bu isə şagirdlərin yeni informasiyaları daha rahat şəkildə mənimsəməsinə imkan verir.

Yanlış olaraq, bəzən didaktik oyunlara əyləncə və istirahət predmeti kimi baxırlar. Lakin bu düzgün yanaşma deyil, təhsili oyunla qarışdırmaq olmaz. Didaktik oyunlar - şagirdləri aktiv və yaradıcı fəaliyyətə qeyri-iradi olaraq cəlb edən təlim üsuludur və onu hər bir fənnin tədrisində uğurla tətbiq etmək olar. Didaktik oyunlar dərslərdə mövzudan asılı olaraq öyrədici, ümumiləşdirici, yoxlamaq, bilikləri möhkəmləndirmək və s. məqsədlər üçün istifadə oluna bilər.

Kimya dərslərində aşağıdakı didaktik oyunlardan istifadə etmək olar:

I. Məntiqi zəncir

Oyun mövzunun şagird tərəfindən daha dərin qavranılmasını və uzun müddətli yaddaşa keçməsini təmin edir. Eyni zamanda şagirdin mənimsəmiş biliklərini tam müfəssəl olaraq izah edə bilmək bacarığını inkişaf etdirir. Bunun üçün müəllim şagirdlərin çətinlik çəkdiyi mövzuları əvvəlcədən müəyyənləşdirir və bu mövzu üzrə müəyyən başlanğıc ifadələr hazırlayır. Oyun zamanı müəllim başlanğıc ifadəni söyləyir, məsələn, “Kalium metaldır”. Birinci şagird bu ifadəni təkrar edir və “ona görə ki”, “ çünki” , “ bu səbəbdən” sözləri ilə fikri davam etdirir. Sonra növbəti şagird bütün deyilənləri təkrar edir və fikri davam etdirir. Hansı şagird zənciri davam etdirməyi bacarmırsa, o, oyundan çıxır. Daha sonra müəllim yeni ifadə verir və yenidən eyni proses ardıcıl olaraq davam edir.

II. Oxşarlıqlar və fərqlər

Oyun müqayisəli xarakterləri müəyyən edə bilmək bacarıqlarını inkişaf etdirir. Müəllim iki müxtəlif kimyəvi obyekt təqdim edir. Məsələn, iki maddə; iki element; fiziki və kimyəvi hadisə; iki müxtəlif kimyəvi hadisə; qarışıqlar və kimyəvi birləşmələr və s. Şagirdlər bu obyektlərin çoxlu sayda oxşar və fərqli cəhətlərini iki sütun üzrə yazmalıdırlar. Sonra şagirdlər cütlüklər, yaxud dördlüklərlə olan işləri birləşdirir və bir ümumi siyahı tərtib edirlər. Ən uzun siyahı uca səslə oxunur və digər qrupun hazırladığı siyahıya orda olmayan xassələr qeyd olunur. Bu zaman aparılan qeydlər fərqli rənglərdə olan qələmlərlə yazılır. Şagirdlər yazdıqları xassələr içərisində daha vacib xassəni ayırmağı təklif edə və öz seçimini əsaslandıra bilər (obyektləri təsnifatlaşdırmaqla, yaxud ayırmaqla).

III. Cədvəli tamamlayın
Cədvəldə bir neçə elementin işarəsi yazılıb, bəzi xanalar isə boş qoyulub.

1. Kvadratın perimetri üzrə yalnız əsas yarımqrup elementləri olan metallar yerləşir;

2. Kvadratın hər tərəfi üzrə getdikcə element atomunun xarici energetik səviyyəsindəki elektronların sayı qanunauyğun olaraq dəyişir;

3. Orta cərgədə II qrup elementləri yerləşir;

4. Soldan sağa doğru çəkilən diaqonal üzrə düşən elementlərin oksid və hidroksidləri amfoter xassəlidir;

Cavab variantı:
IV. “X-O” oyunu
Müəyyən cədvəldə müxtəlif növ duzlar verilir. Şagirdlər bu oyunun şərtlərinə əsasən müəyyən sıra, yaxud diaqonal üzrə düşə bilən eyni növ duzları müəyyənləşdirməlidir. Məsələn:

Tapşırıq: Eyni sinfə aid olan duzları müəyyənləşdirin:
Cavab: birinci sıra yaşıl xətt üzrə düşən duzlar və ikinci sıra diaqonal üzərinə düşən duzlar eyni növ (normal) duzlardır.
V. “Elmi-tədqiqat laboratoriyası”

Bu oyunda tədqiqat və yaradıcı tipli tapşırıqlar verilir. Oyundan əvvəl müəllim tapşırığı hazırlayır. Tapşırıq nəinki tədqiqat tipli, hətta mühüm praktiki əhəmiyyət də daşıya bilər. Məsələn, “Şimal dənizində neft qülləsi inşa edilmişdir. Lakin bu qüllənin əsasında buz əmələ gəlir ki, bu da qəzaya yol açır. Bu arzuolunmaz hadisə ilə rastlaşmamaq üçün nə etməliyik?”

Oyun zamanı sinif qruplara bölünür:

* Bir neçə qrup “ixtiraçı”, yaxud “hesablayıcı” ( tapşırıqdan asılı olaraq) qismində çıxış edir;

* Bir neçə şagirddən və müəllimdən ibarət “qəbul komissiyası” yaradılır;

Məsələn, müəllim şagirdlərə praktiki əhəmiyyətə malik belə bir tapşırıq verir: “Hal-hazırda sənayedə ammonyakı sintez etmək üçün başlanğıc maddə kimi azot və hidrogendən istifadə edilir. Amma, bildiyimiz kimi, bu reaksiya dönər reaksiyadır və kəskin şəkildə başlanğıc maddələr tərəfə yönəlib. Bu isə ammonyakın çıxımının kəskin şəkildə azalması deməkdir. Ammonyakın çıxımını yüksəltmək üçün nə etmək olar?”.

Qruplar tapşırığı həll edirlər. Müəyyən nəticəyə gəlmək üçün şagirdlər şəkil, sxem və çertyoj çəkə, prosesin planını və plakatlar hazırlaya bilərlər. Daha sonra isə hər qrupdan bir nəfər təqdimatçı seçilir. Qəbul komissiyası işi qəbul edir və onun nəticəsini yoxlayır. Sonra müəllim işi sinfə nümayiş etdirir. Təqdimatçı şagird isə tapşırığın həllini izah edir, qəbul komissiyasının və digər qrupların suallarını cavablandırır.

Yuxarıda sadalanan bu oyunlardan başqa, digər oyunlar da ( “Kim? Harda? Necə”, “Çərxi-Fələk”, “Səyahət” və s.) təlim-tədris prosesində effektli istifadə oluna bilər.

Xarici dilin tədrisində dialoqlardan istifadə

Səmayə HƏSƏNOVA,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin ingilis dili müəllimi

Müasir dövrdə ingilis dili dünyanın ən çox öyrənilən xarici dillərindən biridir. Ölkəmizdə də təhsilin bütün səviyyə və pillələrində xarici dil kimi ingilis dilinin öyrənilməsinə üstün yer verilir. Bu dilin tədrisinə aşağı siniflərdən, hətta bəzi yerlərdə məktəbəqədər təhsil müəssisələrindən başlanılır. Son illər başqa xarici dillər kimi ingilis dilinin tədrisində də müəyyən irəliləyişlər, uğurlar hiss olunur. Bu fənnin yeni kurikulumu hazırlanıb, tədris resursları zənginləşib, metodikalar təkmilləşib, müəllimlərin peşəkarlığı yüksəlib.

Lakin bütün bunlara baxmayaraq hələ də ingilis dili tədrisinin keyfiyyətini qaneedici saymaq mümkün deyil. Ən azından ona görə ki, əvvəllər olduğu kimi, indi də ümumi təhsil pilləsinin məzunları məktəbdə on il ərzində ingilis dili keçmələrinə baxmayaraq bu dildə sərbəst danışa bilmirlər, yəni bu dilə danışıq səviyyəsində yiyələnmirlər. Fikrimcə, bunun bir səbəbi ingilis dilinin qrammatikasının öyrədilməsinə daha çox üstünlük verilməsi, həm şifahi, həm də yazılı nitqin inkişafına az diqqət ayrılması ilə bağlıdır.

Hər bir şəxsin xarici dili necə mənimsəməsi isə ilk növbədə onun nitq vərdişlərinə nə dərəcədə yiyələnməsi ilə ölçülür. Bu baxımdan şagirdlərdə ingilis dilindən şifahi və yazılı nitq vərdişlərinin aşılanması dil tədrisinin əsas məqsədi və vəzifəsi olmalı, müəllimlər bu məsələyə diqqət yetirməlidirlər. Müasir valideynlərin də məktəbdə dil tədrisindən gözləntiləri budur: övladları ingilis dilində sərbəst yazıb-oxumaq bacarıqlarına yiyələnməklə yanaşı, şifahi nitq vərdişləri də qazansınlar, hər hansı bir mövzu haqqında öz fikirlərini sərbəst ifadə edə bilsinlər; nəhayət, qəbul imtahanlarında uğurlu nəticə əldə etsinlər.

Bunu nəzərə alaraq mən öz təcrübəmdə şagirdlərin ingilis dilindən şifahi nitqə yiyələnməsinə xüsusi önəm verirəm. Şagirdlər ilk dəfə ingilis dili təliminə başlayanda ətrafındakı əşyaların adlarını ingilis dilində deməyi öyrənirlər. Bu proses müəllimin köməyi ilə irəliləyir. Sonra onlar öyrəndikləri sözləri cümlələrdə işlətməyə başlayırlar.

Mənim fikrimcə, şagirdlərin ingilis dilində şifahi nitqini inkişaf etdirməyin ən yaxşı yolu, üsulu dialoqdur. Mən təcrübəmdə bu üsuldan müntəzəm istifadə edirəm. Dialoqu aşağı siniflərdən başlayaraq hər sinfin səviyyəsinə uyğun təşkil edirəm. Məsələn, aşağı siniflərdə daha çox uşaqların özlərinə, ailələrinə, harada yaşadıqlarına, hansı sinifdə, necə oxumalarına aid məlumatlar üzərində dialoq qurur, onlarla sual-cavab aparıram. Sonralar dialoqların mövzusu daha da genişləndirilir və zənginləşdirilir. Yuxarı siniflərdə artıq şagirdlərin maraq dairəsi, nəyi xoşladıqları, hər hansı hadisədən aldıqları təəssürat dialoq mövzusuna çevrilir. Müəllimlə şagirdlər, şagirdlərin özləri arasında dialoqların təşkili kimi iş formalarından istifadə edirəm. Onu da qeyd edim ki, uşaqların bir-biri ilə ingilis dilində dialoq qurması, aparması daha səmərəli nəticə verir. Məsələn:

- What is your name?

- My name is Anar. And yours?

- And my name is Aynur. How are you, Anar?

- I’m fine thanks.

Və yaxud:

- Hi, Sona. Where are you from?

- I’m Baku, and you?

- I’m from England. I was born in London, but now we live in Baku.

- Why do you live in Baku?

- My parents vork here. - və s.

Belə dialoqlar qurmaq üçün şagirdlərə müxtəlif mövzular verirəm. Bu mövzular getdikcə çətinləşdirilir. Həm də bu işi müntəzəm, demək olar ki, hər dərsdə təşkil edirəm. Bəzən şagirdlər dialoq üçün özləri mövzu seçir, gün ərzində nə kimi işlər görməsi, hansı filmlərə baxması, hara getməsi barədə bir-birləri ilə dialoq qururlar. Yeri gəlmişkən qeyd edim ki, dialoqun səmərəli alınması üçün şagirdlərin söz ehtiyatının artırılması qayğısına qalır, onların lüğət fondunun zənginləşdirilməsi üçün müvafiq iş aparıram.

Belə dialoqlar şagirdlərin hələ aşağı siniflərdən şifahi nitq vərdişlərinə yiyələnməsinə imkan verir, onlarda dili öyrənməyə həvəs yaradır və şagirdlər get-gedə daha dolğun cümlələr qurmağa başlayırlar.

Biologiya fənninə aid dərs nümunəsi

Aytel ASLANOVA,
Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin biologiya müəllimi

VI sinif

Mövzu: Bitkinin yerüstü şəkildəyişmələri

Standart: 1.1.2.Canlıların quruluşunu təsvir edir.

4.1.1.Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.

Məqsəd: Bitkilərin yerüstü orqanlarının şəkildəyişmələrini təsvir edir.

Bitkilərin yerüstü orqanlarının şəkildəyişmələrinin müxtəlifliyinin səbəblərini təsvir edir.

İş forması: kollektiv, qruplarla iş.

İş üsulu: “beyin həmləsi”, müzakirə.

Resurslar: dərslik, iş vərəqləri, marker, İKT vasitələri, yarpaq şəkildəyişmələrinə aid nümunələr, herbari.

İnteqrasiya: fizika - 2.2.1; 2.2.2 ; ədəbiyyat

dərsin gedişi: Salamlaşma və sinfin təşkili.

Motivasiya: Motivasiya zamanı şagirdlərin fikrini Azərbaycan nağıllarının qəhrəmanı Məlikməmmədin nağılına yönəldib, ədəbiyyat fənninə inteqrasiya edirəm. Nağılda Məlikməmməd maneələri dəf edərkən otaqların birində atın qabağında ətə, itin qabağında ota rast gəlir. Məlikməmməd qidaların yerini dəyişərək hər bir canlını öz qidası ilə təmin edir. Hər bir canlının öz qidası olduğu kimi bitki də günəş enerjisi və mineral maddələrdən istifadə edir. Qida əldə etmək üçün bitkilər bəzən şəklini dəyişir.

Motivasiya şagirdlərlə dialoq şəraitində və slaydların nümayişi ilə keçir.
 
Sonra tədqiqat sualı qoyulur.

Tədqiqat sualı: Yarpaq və gövdə niyə şəklini dəyişdi?

Tədqiqatın aparılması: Şagirdlər qruplara ayrılır. Hər bir qrup mövzuya uyğun özünə ad seçir. Qruplara iş vərəqləri verilir. İş vərəqlərində tapşırıqlar göstərilir. Tapşırığın yerinə yetirilməsi üçün vaxt ayrılır.
İnformasiya mübadiləsi və müzakirəsi: Hər bir qrup işini təqdim edir. Qruplar bir-birinin işi ilə tanış olur. Qrupların işi müzakirə olunur. Müəllim və digər qrup üzvləri suallar verir və əlavələr edirlər.

Nəticə və ümumiləşdirmə: Dərsin bu mərhələsində şagirdlərin diqqətini tədqiqat sualına yönəldirəm və slaydlarla mövzunu ümumiləşdirirəm.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırladığı elektron dərs vəsaitində mövzuya aid hissələri nümayiş etdirirəm.

Öyrənilən mövzunu möhkəmləndirmək məqsədi ilə krossvord və testlərdən istifadə edirəm.

Yaradıcı tətbiqetmə və ev tapşırığı: Şagirdlərə bitkinin yerüstü şəkildəyişmələrinə aid nümunələr toplamağı tapşırıram (bitki, şəkil).

Qiymətləndirmə:
Qiymətləndirmə prosesini meyarlara əsasən həyata keçirirəm.

 

yuxarı ⤴