1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Novruz mühazirələri” keçirilib
11.03.2017 / No9

 
 
 

 


Azərbaycan Dövlət İqtisad Universitetində

Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçirilib.
Budəfəki görüşdə UNEC-in iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri Məhiş Əhmədovun “Milli iqtisadiyyat üzrə strateji yol xəritəsi davamlı inkişafa keçid konsepsiyası kimi” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə UNEC-in rektoru Ədalət Muradov, universitetin professor-müəllim heyəti, təhsil ekspertləri və tələbələr iştirak ediblər.
Məhiş Əhmədov Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planından, 2025-ci ilədək və ondan sonrakı dövr üçün hədəf baxışdan ibarət olduğunu bildirib.
Mühazirəçi sənədin təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin SWOT təhlilini (GZİT- güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələrin təhlili), görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə etdiyini vurğulayıb.
Məhiş Əhmədov mühüm sənədin strateji hədəflərini açıqlayıb. Mövzuya Azərbaycan üçün qlobal və regional kontekstdən baxaraq, onilliklər ərzində iqtisadiyyata təsirlərin ilk əlamətlərinin artıq indidən görünməkdə olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Novruz mühazirəsi” keçirilib.
Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının “Yeni texnologiyalar, yeni materiallar: gələcəyə baxış” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə ADNSU-nun professor-müəllim heyəti, universitetin İctimai Etimad Şurasının üzvləri, KİV təmsilçiləri iştirak ediblər.
Mustafa Babanlı mühazirəsində materialşünaslığın inkişaf tarixi, yeni texnologiyalar, onların həyatımızda rolu, materialşünaslıq və mühəndislik arasında sıx əlaqədən danışıb. Rektor smart materiallar, onların bugünkü və gələcək tətbiq sahələri haqqında məsələlərə toxunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


6 nömrəli məktəb-liseydə

Martın 3-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib.
Budəfəki görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmovun “Keyfiyyətli və səriştəli ibtidai təhsil müəllimi hazırlığının müasir problemləri” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, universitetin professor-müəllim heyəti, Bakı şəhərinin ümumi təhsil müəssisələrinin direktor və müəllimləri, təhsil ekspertləri iştirak ediblər.
Fərrux Rüstəmov mühazirəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim hazırlığı məsələlərinə xüsusi diqqət yetirildiyini, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin önə çəkildiyini vurğulayıb.
Fərrux Rüstəmov müəllim əməyinin səciyyəvi xüsusiyyətləri, peşə keyfiyyətləri barədə danışıb, pedaqoji ustalıq anlayışının mahiyyətinə aydınlıq gətirib. Müəllimlərin peşəkarlığının yüksəldilməsi sahəsində görülən işləri təqdir edən Fərrux Rüstəmov ibtidai sinif müəllimi hazırlığının təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildirib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


IT STEP akademiyasında

Martın 9-da IT STEP akademiyasında növbəti “Novruz mühazirəsi” keçirilib.
Tədbirdən öncə martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib.
Görüşdə millət vəkili Tahir Mirkişilinin “İnformasiyanın gələcəyi” mövzusunda mühazirəsi dinlənilib.
Millət vəkili mühazirəsində inkişafın əsas amili olan insan potensialından, süni intellektin yaradılmasından, texnoloji qeyri-adilik nəzəriyyəsindən söhbət açıb, informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətə və bütövlükdə dünyaya göstərdiyi təsirdən bəhs edib.
Dünyanı dəyişdirəcək yeni texnologiyaların sürətlə inkişaf etdiyini vurğulayan Tahir Mirkişili elmi-texnoloji yeniliklər nəticəsində hazırda yaşadığımız dövrün IV Sənaye inqilabının astanasında olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Fevral ayından start verilən “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

yuxarı ⤴