1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
11.03.2017 / No9

 

 

 


Martın 9-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. İclasda payız semestrinin imtahan sessiyasının yekunları, ADPU-nun nəzdində Dissertasiya Şurasının, universitetin Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətləri barədə və cari məsələlər müzakirə olunub. Elmi Şura üzvləri ilə yanaşı, ADPU-da fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin də iştirak etdiyi iclası bu ali təhsil müəssisəsinin rektoru, professor Cəfər Cəfərov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Çıxışında universitetdə həyata keçirilən islahatlardan, təhsilin keyfiyyətini yüksəltmək, yaradıcı və şəffaf təhsil mühiti formalaşdırmaq, idarəçiliyi təkmilləşdirmək üçün atılan addımlardan danışan rektor bu istiqamətdə aparılan işlərin davamlı olacağını bildirib. Professor Cəfər Cəfərov universitetdə yaradılan İctimai Şuranın payız semestrinin imtahan sessiyası dövründəki səmərəli işini müsbət dəyərləndirərək onun təkcə imtahan dövründə deyil, bütün tədris ili boyu fəaliyyət göstərməsi, universitetin həyatı ilə bağlı bütün məsələlərdə, xüsusən də təhsilin-tədrisin təşkilində fəal iştirak etməsi barədə irəli sürülən təklifləri dəstəkləyib.
Sonra universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev ADPU-da payız semestrinin imtahan sessiyasının yekunları barədə məlumat verib. S.Əliyev hesabat məruzəsində sessiyaya hazırlıqla bağlı görülən işlərdən, imtahanların keçirilməsindən, Apelyasiya Komissiyasının, imtahan qərargahlarının fəaliyyətindən ətraflı söz açıb, müvəffəqiyyət və keyfiyyət göstəricilərini diqqətə çatdırıb. Qeyd olunub ki, 2016-2017-ci tədris ilinin payız semestrində universitet üzrə bakalavriat səviyyəsində əyani şöbədə 9063 tələbə təhsilə cəlb edilib. Onlardan 8879 nəfər imtahanlarda iştirak edib. 6709 tələbə müvəffəq qiymət alıb. Universitet üzrə müvəffəqiyyət 76 faiz olub. 680 nəfərinin təhsil aldığı qiyabi şöbədə isə 601 nəfər imtahanlarda iştirak edib, 462 nəfər müvəffəq qiymət alıb. Qiyabi şöbə üzrə müvəffəqiyyət 77 faiz təşkil edib.
Magistratura səviyyəsində təhsil alan 807 tələbədən 789-u imtahan verib, 687 nəfər müvəffəq qiymət alıb. Bu təhsil pilləsi üzrə müvəffəqiyyət 87 faiz olub.
Məruzəçi diqqətə çatdırıb ki, sessiya dövründə yazılı imtahanlarla bağlı 1480, test imtahanları ilə bağlı isə 140 olmaqla cəmi 1620 ərizə daxil olub. Onlardan qiymətləndirmə düzgün olmadığı üçün yazılı keçirilən imtahanlarda 416, testlə keçirilən imtahanlarda isə 14 tələbənin müraciəti müsbət həll olunub.
S.Əliyev çıxışının sonunda növbəti mərhələlərdə tədrisin keyfiyyətini artırmaq və baş vermiş nöqsanları aradan qaldırmaq üçün bəzi təklifləri diqqətə çatdırıb.
Hesabat məruzəsi ətrafında çıxışlar olub. Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, universitetin əməkdaşları, professorlar Ələkbər Qurbanov, Nailə Verdizadə və b. söz alaraq son dövrlərdə ADPU-da təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, şəffaflığın artırılması, neqativ halların aradan qaldırılması istiqamətində reallaşdırılan tədbirləri yüksək qiymətləndirib, ictimaiyyət tərəfindən müsbət qarşılanan bütün bu işlərin yaxın gələcəkdə öz bəhrəsini verəcəyinə inamlarını ifadə ediblər. Çıxış edənlər habelə payız semestrinin imtahan sessiyasında şəffaflığın, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edildiyini vurğulayıblar.
Elmi Şura iclasında ADPU-nun nəzdində Dissertasiya Şurasının 2014-2016-cı illəri əhatə edən fəaliyyəti haqqında bu qurumun sədr müavini, professor Əbülfət Pələngov, Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti barədə kitabxananın direktoru Azər Hüseynov məlumat veriblər.
Sonda cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴