1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Paytaxt təhsilində yeniliklər
11.03.2017 / No9

 
 

 

 


Dini savadlılığın artırılması mövzusunda görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini savadlılığın artırılması mövzusunda görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd dini savadlılığın artırılması, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin təmin edilməsindən ibarətdir.
Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, hər iki qurumun əməkdaşları və paytaxtın məktəb direktorları iştirak ediblər.
Öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, paytaxt məktəblərində müvafiq tədbirlərin keçirildiyini bildirib. İdarə müdiri gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gənclərin dini radikalizm və ekstremizmin zərərli təsirlərindən qorunması üçün aparılan maarifləndirmə işlərindən danışıb. Komitə sədri qeyd edib ki, ümumi təhsil müəssisələrində dini savadlılığın artırılması ilə bağlı yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.
Qeyd edək ki, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti əsasında ümumi təhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, Uşaq Birliyi Təşkilatı rəhbərləri, kitabxanaçılar üçün milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı, təbliği və tədris prosesi ilə əlaqələndirilməsi məsələlərini əhatə edən tövsiyə xarakterli mühazirələr keçirilir. Eləcə də VIII-XI sinif şagirdlərinin, həmçinin məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək”, “Mənəviyyatlı şəxs kimdir?”, “Milli bayramlarımızın nümunəsində xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması”, “Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir” mövzularında rəy sorğuları, seminar və diskussiyalar, “İslam həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələr təşkil edilir.

“Fövqəladə hallarda özünü necə aparmalı?”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbirləri keçirilir.
Tədbirlərin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
Tədbirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığına əsasən, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi tərəfindən təşkil edilir.
Tədbirlərdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin, eləcə də Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112 qaynar xətti” mövzularında məruzələrlə çıxış edirlər.
Tədbir iştirakçılarına ölkəmizdə baş verən fövqəladə hallar zamanı (yanan bina, dənizdə baş verən yanğın hadisəsi, sürüşmələr, güclü küləklərin yaratdığı fəsadlar, palçıq vulkanları) müvafiq qurumların həyata keçirdiyi təcili əməliyyatlar haqqında şagirdlərə geniş məlumat verilir. Məktəblilərə fövqəladə hallar zamanı davranış qaydaları geniş şəkildə izah olunur.
Tədbirlər zamanı həmçinin, müvafiq mövzularla bağlı müxtəlif videoçarxlar nümayiş olunur, şagirdləri maraqlandıran suallar cavablandırılır.
 
İkinci “Ekoloji aylığ”ın qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində fevral ayı üçün nəzərdə tutulan “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı başa çatıb.
Bakı şəhərinin 12 inzibati rayonunun ümumi təhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu üzrə elmi konfranslar, müsabiqələr, yarışlar, “açıq dərs”lər, sərgilər keçirilib, ekskursiyalar təşkil edilib, araşdırmalar aparılıb. Bundan əlavə, məktəblilərin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Azərbaycan Tarix Muzeyi, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan İstiqlal Muzeyinə ekskursiyaları da təşkil edilib. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Fevral ayının sonunda “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyaları üzrə qalib məktəblər bəlli olub.
Qeyd edək ki, 5 və 149 nömrəli tam orta məktəblər “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında” nominasiyası üzrə qalib olub. Bu nominasiya üzrə 50, 53, 84, 126, 156, 220 və 300 nömrəli məktəblər öz fəallıqları ilə seçilib.
“Ekoloji mədəniyyət və incəsənətin təbliği” nominasiyası üzrə 12, 20, 27 və 102 nömrəli məktəblər birinciliyi bölüşüblər. Bu nominasiya üzrə 60, 73, 78, 99, 201, 209, 229, 265, 283 və 114 nömrəli məktəblər yüksək fəallıqları ilə seçilib.
“Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyası üzrə 276 və 227 nömrəli məktəblər qalib seçilib. Bu nominasiya üzrə 12 və 295 nömrəli məktəblər xüsusi fəallıqları ilə seçilib.

“Eko-təqdimatlar” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsinə start verilib.
Layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılması, bu adət-ənənələrin davam etdirilməsində motivasiyanın yaradılması, həmçinin Novruza və ilaxır çərşənbələrə aid tədbirlərin elmi cəhətdən əsaslandırılması və digər bu kimi mövzular ətrafında müzakirələr aparmaqdan ibarətdir.
İlk olaraq milli dəyərlərimizin təbliği istiqamətində Novruza və ilaxır çərşənbələrə həsr olunan mühazirələrin keçirilməsi ilə start verilən layihənin daha sonra müxtəlif aktual ekoloji mövzularda davam etdirilməsi nəzərdə tutulub. Mühazirələrə müvafiq istiqamətlər üzrə müxtəlif tədqiqatlar aparan ekoloqlar, ekspertlər dəvət olunacaqlar.
189-190 nömrəli tam orta məktəbdə keçirilən ilk mühazirədə Bakı şəhəri ümumi təhsil məktəblərindən 200-dən çox müəllim iştirak edib.
Mühazirə zamanı Azərbaycan xalqının milli ənənələrini özündə birləşdirən Novruz bayramının tarixi, atributları, su, od, yel və torpaq çərşənbələri barədə geniş məlumatlar verilib. Bildirilib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb. Yeni ilin başlanmasından xəbər verən və bolluq rəmzi olan Novruzun Azərbaycanla yanaşı digər ölkələrdə də qeyd edildiyi diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən müəllimlər tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müəllim və valideynlər dinlənilib

Martın 10-da paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 160 nömrəli Klassik Gimnaziyada paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Məktəblilərarası II Məntiq Olimpiadası keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası keçiriləcək. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.
Olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edə bilərlər. İştirakçılar 11-12 yaş qrupunu (1 aprel 2017-ci il tarixinə qədər 10 yaşı tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır) əhatə edəcək.
Olimpiadada iştirak etmək üçün şagirdlər 25 mart tarixinədək www.mentiq.istek.edu.az saytında onlayn qeydiyyatdan keçməlidirlər. Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur. İki mərhələdən ibarət olan olimpiadanın məktəbdaxili mərhələsi aprelin 1-də keçiriləcək. Mayın 6-da olimpiadanın final mərhələsi təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) ayrılacaqdır.
Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

“Məktəblinin dostu” fləşmob keçirib

“Məktəblinin dostu” və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşəbbüsü ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ilə İçərişəhərdə fləşmob keçirilib.
Öncə şagirdlər rəqs nömrələri nümayiş etdirib. Daha sonra “Məktəblinin dostları” xanımlara gül verib, bayramlarını təbrik ediblər.
Proqram 200-dən çox şagird və “Məktəblinin dostu”nun canlı “8 mart” düzülüşü ilə yekunlaşıb.
Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
Hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən “Məktəblinin dostu” pilot layihəsi üzrə 112 nəfər əməkdaş çalışır.

www.baku.edu.gov.az


 

yuxarı ⤴