1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bir qadının uğur hekayəsi
11.03.2017 / No9

 

 

 


Bəşər tarixini yaranandan bu günə qədər vərəqləsək, bir söz çıxar önümüzə ki, qarşısında fikir söyləməkdən dillər aciz, kəlmələr yetərsiz olar. Bir söz çıxar önümüzə ki, nə qədər çalışsaq da, özü kimi dəyərli bir abidə yarada bilmərik. Axı adi söz mətanətdən, əzmkarlıqdan, qəhrəmanlıqdan, zəriflikdən, cəsarətdən... ibarət olan möhtəşəm bir abidəni necə yarada bilər. Axı qadının adına layiq söz abidəsi qoymaq elə də asan deyil. Qadın zərif vücuduna minlərlə, milyonlarla bənzərsiz, ecazkar hissləri cəm edən füsunkar bir varlıqdır. Anadır, bacıdır, dost-sirdaşdır, ömür yoldaşıdır, əmək qəhrəmanıdır qadın. Bəşər övladına şirin layla çalandır qadın! Ömrünü-gününü sevdiklərinə fəda edərək kirpiyi ilə od götürəndir qadın! Evdə, işdə, bir sözlə, ictimai həyatın hər sahəsində kişilərlə çiyin-çiyinə vuruşan əsgərdir qadın! Bəzən ağ örpəyini yerə ataraq bir kəlməsi ilə müharibəni dayandırıb sülhü bərqərar edəndir qadın! Bəzən bir kobud sözdən qəlbi qırılan, gözləri dolan incə bir çiçəkdir qadın. Bəzən həyatda tək qalsa da əyilmədən, sarsılmadan saçının birini ağ, birini qara hörüb övladlarını sinəsinə çəkib onlara həm ata, həm ana olandır qadın! Zərif əlləri ilə xarüqələr yaradan, sözü ilə möcüzələrə ilham verən, min bir nemət hazırlayıb süfrəyə düzən mahir usta, sənətkar, psixoloq, kulinardır qadın! Ailə adlı ölkəni səbirlə, ləyaqətlə, təmkinlə idarə edib gələcəyimizi quran, övladlarımızı tərbiyə edib cəmiyyətə təqdim edəndir qadın!
Bu gün sizə haqqında söhbət açacağım qadın da məhz sadaladığımız gözəl xüsusiyyətlərin daşıyıcısı olan bir insandır. Ömür yolu maraqlı, kəşməkəşli, gah hamar, gah nahamvar olan, bugünkü günə öz zəhməti, alın təri, dişi-dırnağı ilə gələn bu qadının uğur hekayəsi ilə tanış olmaq, yəqin ki, maraqlı olar.
1974-cü ildə Nizami yurdu Gəncədə dünyaya göz açan bu qız vətən torpağından ilham alaraq böyüdü, boya-başa çatdı. Bəlkə, elə ona görə sadiqliyi Şirindən, məhəbbəti Leylidən, qüruru, cəsarəti Nüşabədən, xanımlığı Məhinbanudan, Məhsətidən aldı? Bəlkə, adı xəzinə olan Gəncədə doğulub dünyaya gəldiyi üçün belə zəngin həyat yolu keçdi, adi tərcüməçiliklə başladığı yolda elmi, biliyi, həyat eşqi ilə uğur zirvələrini pillə-pillə qalxdı. Şairlər yurdunun qızı olduğu üçun bəlkə də, ədəbiyyata, sənətə, yaradıcılığa vuruldu, S.Vurğunun təbirincə desək, “Rus şeirinin şah əsərlərini” Vaqifin şirin dilinə və ya Azərbaycan sənət incilərini rus dilinə çevirdi, elmi-metodiki məqalələr yazdı, daim öz üzərində işləyərək çoxlu sayda fəxri fərmanlar, təşəkkürnamələr, tərifnamələr qazandı. Tale onu Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna gətirəndə də, ali məktəbi bitirib əmək fəaliyyətinə başlayanda da bir məqsədi, bir amalı var idi: qadın adını zirvələrə ucaltmaq, prinsipial olmağı ilə seçilmək, ən çətin işlərin öhdəsindən əminliklə gəlmək və varlığını hamıya sübut etmək. Ali təhsil aldığı Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu 1997-ci ildə bitirib məhz həmin ildə də MLK-da rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayan Naibə Kərimli 2003-cü ildən təşkilati işlər üzrə direktor müavini vəzifəsində çalışıb, bütün həyatını sözün həqiqi mənasında ona doğma olan elm ocağına bağladı, neçə-neçə seminar və kurslarda iştirak edərək öz peşəkarlıq səviyyəsini və pedaqoji ustalığını inkişaf etdirdi. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun aspirantı oldu. Hazırda “Dünya ədəbiyyatında Məhəmməd Peyğəmbər obrazı” mövzusunda elmi iş üzərində çalışır. Təhsil Nazirliyi və Azərbaycan Respublikasında Rusiya Federasiyası səfirliyinin 2010-cu ildə keçirdiyi “İlin ən yaxşı rus dili və ədəbiyyatı müəllimi” müsabiqəsinin qalibi olub. 2015-ci ildə Moskvada “Xarici dövlətlərdə ən yaxşı rus dili və ədəbiyyatı müəllimi” Beynəlxalq müsabiqəsinin finalında iştirak edərək,”Yaradıcı potensialın nümayişinə görə” nominasiyası üzrə qalib olub. Təhsil naziri cənab Mikayıl Cabbarovun 5 oktyabr 2015- ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Həm pedaqoji, həm də tərcüməçi kimi fəaliyyət göstərən Naibə xanımın səmərəli fəaliyyətini nəinki respublikamızda, hətta ölkəmizin sərhədlərindən kənarda da izləyib qiymətləndiriblər. Belə ki, 2012-ci ildə Türkmənistan Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun “Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası” adlı ikicildli kitabını rus dilindən Azərbaycan dilinə tərcümə edib. Aşqabad şəhərində adıçəkilən kitabın təqdimat mərasimində iştirak edən Naibə xanım diplomla təltif olunub. Çoxşaxəli əmək fəaliyyəti ilə məşğul olmağın gətirdiyi diqqətlilik, operativlik, çeviklik, özünütənqid hissi xarakterinə elə dərindən hopub ki, bəzən şagirdləri onu çox ciddi, tələbkar, tənqidi fikirli bir insan olaraq tanıyıblar. Amma Naibə xanım əslində “sərt görünüşünün altında” həssas, kövrək bir qəlb daşıdığını öz əməlləri ilə nümayiş etdirə bilib.
Yaxşı deyiblər, “Həqiqi müəllimin ən böyük uğuru onun istedadlı yetirmələridir, tərbiyə etdiyi şagirdləridir”. Uğur hekayəmizin əsas qəhrəmanının bəxti elə şagirdləri baxımından gətirib. Belə ki, onun şagirdləri müxtəlif respublika və beynəlxalq müsabiqələrdə, bilik yarışlarında iştirak edərək mükafat alıblar.
2013-cü ildə üç şagirdi XIII Beynəlxalq rus dili olimpiadasında iştirak edib, iki şagirdi - İ.Zeynalova, R. Babayev I yerə layiq görülüb, bir şagirdi isə - H.Abbasov olimpiadanın mütləq çempionu olub.
Rus şairi M.Y.Lermontovun yubileyinə həsr olunmuş respublika qiraət müsabiqəsində şagirdi L.Hüseynova fərqlənərək diploma layiq görülüb. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş XVIII Beynəlxalq şagird konfransında iştirak edən şagirdləri M.Vəliyev, A.Əlizadə, B.Seyidova, N.Əliyeva, N.Abbasova, E.Mustafayeva müxtəlif nominasiyalar üzrə I, II və III dərəcəli diplomlarla təltif olunublar.
Bu il əmək fəaliyyətinə başlamasının iyirmi illiyini qeyd edəcək qəhrəmanımız Azərbaycan qadınının xarüqələr yaradan bir varlıq olduğunu öz timsalında bir daha təsdiq etdi. Axı bu məhsuldar və gərgin əmək sərf olunmuş illərdə uğur, nailiyyət onu izlədikcə izləyib.
Əgər qadın ana deyilsə, o tam xoşbəxt deyildir”, - deyirlər. Analıq ən ülvi, dəyərli hiss olaraq onun da qəlbində əbədi məskən salıb. Belə ki, iki gözəl övlad dünyaya gətirən qadın uşaqlıqdan onların xəmirlərini vətən, xalq sevgisi ilə yoğurub, qəlblərinə sevgi toxumu səpib, yetişdirib. Həyat hekayəsi ilə XXI əsrin qadınının siluetini çəkən Naibə xanım “həm elm sahəsində, həm ictimai işlərdə, həm də ailədə necə uğur qazanmağın yolunu tapmaq olar ?” sualını verənlərə özünün mənalı, dolğun ömür yolu ilə ən gözəl cavabı vermiş oldu. Analıq vəzifəsini işgüzar qadın vəzifəsindən, müəllimlik fəaliyyətini sənət fəaliyyətindən ayrı şəkildə yerinə yetirərək bu işləri hər baxımdan layiqincə, məsuliyyətlə icra etməyin sevincini və qürurunu yaşayan Naibə xanım əslində öz uğur hekayəsi ilə bir növ hər bir gənc qadına örnək olacaq ömür yolu yaşadığını isbatlamış oldu.

Günel MƏMMƏDOVA,
BSU-nun nəzdində MLK-nın dil-ədəbiyyat müəllimi

 

yuxarı ⤴