1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Rayon pedaqoqlarının fəxri olan əməkdar müəllim
11.03.2017 / No9

 

 

 


Bütün zamanlarda, bütün xalqlarda müəllim cəmiyyətin ən çox sevilən, ehtiram bəslənən üzvü olub, onun haqqında ən dəyərli sözlər deyilib. Sənətindən, peşəsindən, həyatdakı mövqeyindən asılı olmayaraq hər birimizin qəlbində müəllimə böyük hörmət vardır. Öz halal zəhməti ilə nəsillərə örnək olan müəllim neçə-neçə gəncin, yeniyetmənin dünyagörüşünün formalaşması, müstəqil həyata qədəm qoyması yolunda biliyini və bacarığını əsirgəmir. 60 illik ömrünün 40 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş tanınmış kimya-biologiya müəllimi Gülşən Əliağa qızı Piriyeva da belələrindəndir.
Gülşən Piriyeva 1957-ci ildə Salyan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Əliağa İsayev ixtisasca alim-aqronom olmuş, kənd təsərrüfatı sahəsində bacarıqlı mütəxəssis kimi tanınmışdır. Əldə etdiyi nailiyyətlərə görə, o, “Əməkdar aqronom” fəxri adına layiq görülmüşdür. Anası Sonaxanım Ağarəhim qızı ixtisasca mühəndis olmuş, Salyan Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmiş, sonradan övladlarının təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Gülşən İsayeva hələ orta məktəb illərindən elmə, biliyə olan dərin marağı ilə seçilmiş, dəfələrlə respublika üzrə kimya və biologiya olimpiadalarında uğurlu nəticələr əldə etmişdir.
O, 1973-cü ildə Salyan şəhər 2 nömrəli orta məktəbi bitirmiş, həmin ildə də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuşdur. Ali məktəbdə oxuduğu illərdə özünü işgüzar və bacarıqlı tələbə kimi göstərən Gülşən institutu fərqlənmə diplomu ilə bitirərək doğma rayona qayıtmış, 1978-ci ildən Salyan şəhər 7 nömrəli orta məktəbdə ali təhsilli kimya-biologiya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. O vaxtdan da həmin məktəbdə çalışır. Gülşən müəllim işgüzarlığı, əməksevərliyi, elmi-metodik hazırlığı, yüksək intellektual səviyyəsi ilə valideynlərin, pedaqoji kollektivin və rayon ictimaiyyətinin dərin hörmətini qazanmışdır. Rayonun pedaqoqları təhsil ictimaiyyəti onunla fəxr edir. G.Piriyeva kimya-biologiya fənni üzrə metodbirləşmənin sədri, rayon təhsil şöbəsinin ştatdankənar metodisti, rayon olimpiadalarında təşkilat komitəsinin üzvü kimi də məqsədyönlü fəaliyyət göstərir.
Gülşən müəllimin rəhbərlik etdiyi “Gənc kimyaçılar” dərnəyinin üzvləri nəinki respublika səviyyəli olimpiadalarda fərqlənmiş, hətta onların bəziləri Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən qiyabi məktəbin üzvləri olmuş, ümumittifaq miqyaslı tədbirlərdə uğurla iştirak etmişdir.
Olimpiadalarda şagirdlərinin uğurlu nəticələrinə görə Gülşən müəllim 1985-ci ildə Mendeleyev Cəmiyyətinin fəxri fərmanına layiq görülmüşdür. O, attestasiyaların nəticəsi olaraq “Baş müəllim”, “Metodist müəllim” və “Ali kateqoriyalı müəllim” adlarını almışdır.
G.Piriyeva 1999-2000-ci tədris ilində “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” çərçivəsində keçirilmiş müsabiqədə rayon üzrə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. O, 2001-2002-ci, 2002-2003-cü tədris illərində keçirilən pedaqoji mühazirələrin respublika turlarında I dərəcəli diplomla mükafatlandırılmışdır. 2002-2003, 2003-2004-cü tədris illərində “İlin müəllimi” müsabiqəsinin respublika turlarında iştirak edərək I dərəcəli diploma layiq görülmüş və respublikada kimya fənni üzrə “İlin müəllimi” seçilmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Gülşən müəllim 2004-cü ildən TQDK (indiki DİM) ilə sıx əməkdaşlıq edərək “Ali məktəblərə daxil olmaq üçün vəsait”, “Kimya - test tapşırıqları və mövzuların izahı” vəsaitlərinin hazırlanmasında fəal iştirak etmişdir.
2008-ci ildən Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) dissertantı kimi “Kimyanın həyatla əlaqəli tədrisi üzrə metodik işin sistemi” mövzusunda elmi araşdırma üzərində işləyən G.Piriyeva respublika və xarici ölkə jurnallarında kimyanın tədrisi metodikası üzrə 23-ə qədər məqalə dərc etdirmiş, 2006-2007-ci illərdə “Britaniya Şurası”nın təsis etdiyi interaktiv təlim layihəsi kursunda 2 il müddətində müasir interaktiv təlimin incəliklərinə yiyələnmişdir. 2008-2009-cu tədris ilində respublikada keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələrək ilk onluğa daxil olmuşdur. O həm də dəqiq fənlər üzrə bu onluğa daxil olan yeganə müəllimdir. Gülşən müəllimin xoşbəxtliyi ondadır ki, o, əldə etdiyi uğurlarla kifayətlənmir, daim öz üzərində çalışır, elmi-metodiki və pedaqoji biliklərini artırır. Konfranslarda, elmi-praktik seminarlarda və yığıncaqlardakı məzmunlu çıxışları bunu bir daha sübut edir. Keçirilən ictimai-siyasi tədbirlərdə də öz fəallığı ilə seçilən G.Piriyeva respublika müəllimlərinin XII və XIII qurultaylarının nümayəndəsi olmuş, XII qurultayda öz təcrübəsi barədə çıxış etmişdir.
Gülşən müəllim 2014-cü ildə yenidən “Ən yaxşı müəllim” müsabiqəsinə qatılaraq ikinci dəfə qalib olmuşdur. O, 2015-ci ildə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edərək VII siniflər üçün yazılmış kurikulum testlərinin müəlliflərindən biri olub.
Gülşən müəllim qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşıdır. Həyat yoldaşı Allahverdi müəllim rayonun tanınmış riyaziyyat müəllimi, əməkdar müəllimdir. Üç övladı var. Böyük qızı Firuzə Tibb Universitetini bitirərək həkim işləyir, digər qızları Günel və Aysel BDU-nu bitirərək riyaziyyat müəllimi ixtisasına yiyələnmişlər.
Gülşən Piriyeva YAP rayon təşkilatının üzvüdür. O, yenə də gənclik enerjisi ilə çalışır. Rayonda kimya müəllimləri üçün dayaq məntəqəsinin sədri kimi öz təcrübəsini, bilik və bacarığını rayon və respublika müəllimləri ilə bölüşür, pedaqoji uğurlarını artırır.
60 illik yubileyi günlərində həmkarları, şagirdləri və doğmaları onu ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətində də ona cansağlığı, xoşbəxtlik və yeni-yeni nailiyyətlər arzu edirlər.

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴