1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan və rus xalqları arasında mənəvi körpü yaradan elmi-tədqiqat əsəri
11.03.2017 / No9

 
 

 

 


Bədii ədəbiyyat xalqların milli-mənəvi dəyərlərini bir-birinə ötürən ən səmərəli vasitələrdən biridir. Dünya ədəbiyyatı tarixində müsbət novatorluq meyilləri ilə fərqlənən zəngin rus ədəbiyyatı da bu cəhətdən bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Zaman-zaman yaranıb formalaşan rus ədəbiyyatı dünya ədəbiyyatına güclü təkan vermiş, onun inkişafına müsbət təsir göstərmiş, bəşəriyyətin mənəvi inkişafında mühüm mərhələ təşkil etmişdir. Rus xalqı ilə Azərbaycan xalqının mədəni yaxınlığı çoxillik tarixə malikdir. Təsadüfi deyil ki, xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Rusiya ilə Azərbaycan arasında hərtərəfli münasibətlər və dostluq münasibətlərinin kökləri uzaq keçmişə gedir. Hələ dahi Nizami ölməz “Xəmsə”nin poemalarında “rus”ların həyatını, adət-ənənələrini dərin rəğbət hissi ilə təsvir etmiş, rus cəngavərlərini heyrətlə tərifləmişdir. “Yeddi gözəl” poemasında Nizami rus qadınının gözəlliyinə, müdrikliyinə, mənəvi təmizliyinə əsl himn yazmışdır. Rus poeziyasında rus torpağının böyük oğlu A.S.Puşkinin gözəl şeirlərində Azərbaycan qadını - Şamaxı gözəlinin obrazı əbədiləşmişdir. Beləliklə, öz xalqının yaradıcı dahiliyini bütün dərinliyi və parlaqlığı ilə özündə əks edən iki gözəl sənətkar əsrlərdən süzülüb görüşmüşdür”.
Görkəmli Azərbaycan alimi A.Bakıxanovun rus yazıçısı A.Qriboyedovla dostluq etməsi, rus şairi M.Y.Lermontovun Azərbaycan tarixi ilə maraqlanması, Azərbaycan dilini sevə-sevə öyrənərək təbliğ etməsi, rus yazıçısı M.Qorkinin Azərbaycana gələrək tanınmış yazıçı və şairlərlə görüşməsi, rus şairləri M.Mayakovskinin və S.Yeseninin yaradıcılığının müəyyən hissəsinin Bakı ilə bağlı olması, xalq şairi Səməd Vurğunun Aleksandr Fadeyev, Konstantin Simonov və başqa rus şairləri ilə sarsılmaz dostluğu da maraqlı tarixi faktlardandır.
Xüsusilə XIX əsrin əvvəllərindən etibarən Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin formalaşaraq inkişaf etdirilməsində bədii tərcümə mühüm rol oynamış, istər klassik, istərsə də müasir rus ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycan dilinə tərcümə olunmasına, nəşr və təbliğ edilməsinə başlanılmışdır. Uzun illərdən bəri rus bədii ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və nəşri hər iki xalq arasında dostluq münasibətlərinin və ədəbi əlaqələrin möhkəmləndirilməsinə xidmət etmişdir. Ayrı-ayrı dövrlərdə tanınmış ziyalılarımızdan A.Bakıxanov, A.Səhhət, A.Şaiq, F.Köçərli, S.Vurğun, M.Rəfili, R.Rza, M.Rahim, M.Arif, Ə.Kürçaylı və başqaları rus klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş, bədii tərcümə vasitəsilə xalqlar arasında mənəvi körpü yaratmağa çalışmışlar. Elə bunun nəticəsidir ki, keçmiş sovet dönəmində rus bədii ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və nəşri həm ad, həm də tiraj etibarilə ildən-ilə artmışdır.
Geniş yaradıcılıq diapazonuna malik tədqiqatçı-alim, BDU-nun kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanovun bu yaxınlarda çapdan çıxmış “Rus bədii ədəbiyyatının Azərbaycanda nəşri (1920-1970-ci illər)” adlı monoqrafiyası bu baxımdan həmin aktual mövzunun araşdırılmasına həsr olunmuş fundamental elmi-tədqiqat əsəridir. Monoqrafiyanın elmi redaktoru BDU-nun rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Aqil Hacıyev, redaktorları kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan və filologiya üzrə fəlsəfə doktoru Lalə Əfəndiyeva, rəyçiləri əməkdar elm xadimi, professor Həbib Babayev və İ.Fyodorov adına Moskva Dövlət Mətbuat Universitetinin (keçmiş İ.Fyodorov adına Moskva Dövlət Poliqrafiya Universitetinin) professoru A.A.Qovoryovdur.
Monoqrafiya giriş, beş bölmə, nəticə, istifadə olunmuş ədəbiyyatın siyahısı və əlavələrdən ibarətdir.
Əsərdə qeyd edildiyi kimi, XIX və XX əsr rus fəlsəfə və ədəbi fikir tarixində mühüm yer tutan rus bədii ədəbiyyatının Azərbaycan dilində nəşri məsələsinin tədqiqat obyektinə çevrilməsi hər iki xalq üçün vacib olan dəyərlərə əsaslanır.
Monoqrafiyanın “Rus bədii ədəbiyyatının nəşrini şərtləndirən amillər” adlanan I bölməsində 1920-1970-ci illərdə Azərbaycanda nəşriyyatçılıq fəaliyyətinin genişlənməsi, onun maddi-texniki bazasının formalaşması və elmi müstəvidə bu sahənin tədqiqata cəlb edilməsi kimi problemlər ətraflı təhlil olunur. Eyni zamanda həmin dövrdə respublikamızda ümumiyyətlə kitab nəşrinin həm ad, həm tiraj, həm də orta çap vərəqi etibarilə dinamik inkişafının ayrı-ayrı cədvəllərdə statistik məlumatlar şəklində verilməsi əsərin məziyyətini xeyli artırır.
“Klassik ədəbiyyatın nəşri” adlı II bölmədə XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan dövri və elmi mətbuatında bu sahədə əks olunan işlər araşdırılmış, A.S.Puşkin, M.Y.Lermontov, İ.A.Krılov, L.N.Tolstoy, N.V.Qoqol, B.Q.Belinski, A.P.Çexov və digər rus ədəbiyyatı klassiklərinin Azərbaycan dilində çap olunmuş ayrı-ayrı nəşrləri ümumiləşdirilərək təhlil edilmişdir. Monoqrafiyada Məmməd Arif Dadaşzadə, Şıxəli Qurbanov, Cəfər Xəndan, Həbib Babayev, Əziz Mirəhmədov, Əziz Şərif, Abbas Səhhət, Abdulla Şaiq, Cəfər Cabbarlı, Səməd Vurğun, M.S.Ordubadi, M.Rəhim, M.Müşfiq, R.Rza və başqaları kimi görkəmli ədəbiyyatşünasların, şair və yazıçıların Azərbaycan-rus ədəbi əlaqələrinin tədqiqi sahəsindəki əsərləri və tərcümələri sistemli şəkildə şərh olunmuşdur.
“XX əsr rus ədəbiyyatının nəşri” adlanan III bölmədə M.Qorki, V.Mayakovski, S.Yesenin, A.Fadeyev, M.Şoloxov, N.Ostrovski, M.Tixonov, K.Simonov, A.Tolstoy, S.Mixalkov, A.Blok, S.Marşak, A.Barto, A.Qaydar, V.Bianki və başqa rus şair və yazıçılarının əsərlərinin Azərbaycan dilində nəşri məsələləri ümumiləşdirilmişdir. Bu bölmədə “Maarif və mədəniyyət”, “Şərq qadını”, “Vətən uğrunda”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat” qəzetində və digər dövri mətbuat səhifələrində çap olunmuş XX əsr rus bədii ədəbiyyatı nümunələri də tədqiqata cəlb olunmuşdur. Burada 1920-40-cı illərdə respublikamızın dövri mətbuat səhifələrində 30 rus şair və yazıçısının əsərlərinin nəşrinin araşdırılması təqdirəlayiqdir. XX əsrin 30-cu illərinin ortalarından başlayaraq rus bədii ədəbiyyat nümunələrinin Azərbaycan məktəblərinin VII-X sinif dərsliklərinə daxil edilməsi və bu işin tədricən genişləndirilməsi monoqrafiyada xüsusi olaraq vurğulanmışdır. Eyni zamanda rus bədii kitablarının çapını Azərbaycanda həyata keçirən “Bakı fəhləsi”, “Azərnəşr”, “Gənclik” (“Uşaqgəncnəşr”), “Elm” və digər nəşriyyatların fəaliyyəti geniş təhlil olunmuşdur.
XX əsr rus bədii ədəbiyyatı nümunələri əsasında Azərbaycan-rus ədəbi əlaqələrinin öyrənilməsində müstəsna rolu olan görkəmli ədəbiyyatşünas alimlərin əsərlərinin əhəmiyyəti monoqrafiyada ətraflı şərh edilmiş, o cümlədən Məmməd Arif Dadaşzadə, Həbib Babayev, Seyfulla Əsədullayev, Aqil Hacıyev və başqalarının bu sahədəki əsərləri təhlil olunmuşdur.
Bu bölmədə rus poeziyasından nümunələri Azərbaycan dilinə tərcümə edən Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, Əliağa Kürçaylı, Mikayıl Rəfili, Süleyman Rüstəm, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Xəlil Rza, Tofiq Bayram və başqa mütərcimlərin fəaliyyəti də özünün əhatəli əksini tapmışdır.
Uzun müddət Sovetlər Birliyi Yazıçılar İttifaqının sədri olmuş A.Fadeyevin Azərbaycan dilində çap olunmuş əsərləri təhlil olunarkən onun M.Ə.Sabirin əsərlərinin rus dilinə tərcüməsi ilə ciddi maraqlanması, eləcə də görkəmli Azərbaycan şair və yazıçılarının yubileylərinin Moskvada və Rusiyanın ayrı-ayrı şəhərlərində keçirilməsi sahəsində böyük işlər görülməsi də monoqrafiyada geniş şəkildə ifadə olunmuşdur.
“Rus bədii ədəbiyyatının nəşrinin tərtibatı və poliqrafik icrası” adlanan IV bölmədə kitabların formatı, burada verilən şəkillər, ornamentlər, illüstrasiyalar, mətnlərin şriftləri haqqında bəhs edilmiş, bu elementlərin bədii kitabın məzmununa və ideyasına uyğun həyata keçirilməsi araşdırılmışdır. Kitab sənətində bədii-texniki tərtibatın və bədii qrafikanın bədii ədəbiyyata şamil edilməsi bu bölmədə məharətlə əsaslandırılmışdır.
Tədqiq olunan dövrdə nəşriyyatlarda kitab qrafikası və onun bədii tərtibatı sahəsində fəaliyyət göstərən görkəmli fırça ustalarının Əzim Əzimzadə, Mikayıl Abdullayev, Əmir Hacıyev, İsmail Axundov, Mixail Vlasov, L.Knit, Qəzənfər Xalıqov və başqalarının yaradıcı işləri kitabşünaslıq baxımından təhlil olunmuşdur. Bu bölmədə görkəmli rəssam Əzim Əzimzadənin eyni zamanda Azərbaycanda realist kitab illüstrasiyalarının və plakatının ilk yaradıcısı olması xüsusi olaraq vurğulanmışdır. Qeyd olunmuşdur ki, M.Ə.Sabirin “Hophopnamə” kitabına rəssamın çəkdiyi şəkillər Azərbaycan kitab qrafikasının şedevri hesab olunur.
Azərbaycanda ilk dəfə ofset çap üsulunun tətbiq edilməsinin rus bədii ədəbiyyatının tərtibatına müsbət təsir göstərməsi də bu bölmədə təhlil edilmişdir. Rus bədii kitablarının bədii tərtibatının keyfiyyət baxımından yüksəlməsi və belə nəşrlərin beynəlxalq kitab sərgi, yarmarka və müsabiqələrdə təqdim olunması, Bakı şəhərində hər il kitabların bədii tərtibatı və poliqrafik icrası ilə əlaqədar keçirilən respublika müsabiqələrinin təhlili də elmi işin mahiyyətini artırır. Bu bölmədə eyni zamanda vurğulanmışdır ki, Azərbaycanda nəşriyyatların maddi-texniki bazasının genişləndirilməsi, ofset sexlərinin yaradılması, kitab qrafikasının nailiyyətlərinin artması öz növbəsində rus bədii kitablarının tərtibatının kökündən yaxşılaşdırılmasına şərait yaratmışdır.
Monoqrafiyadan öyrənirik ki, tədqiqata cəlb olunan dövrdə Azərbaycanda rus bədii ədəbiyyatından tərcümə olunmuş 13 milyon nüsxə tirajla 1020 adda kitab nəşr olunmuşdur.
Məşhur rus şair və yazıçılarından A.S.Puşkin, M.Y.Lermontov, M.Qorki, V.Mayakovski, S.Yesenin, A.Fadeyev və başqalarının Azərbaycanda, o cümlədən Bakıda olmaları, Azərbaycan haqqında gözəl fikirlər söyləmələri və Azərbaycana əsərlər həsr etmələri haqqında maraqlı məlumatların verilməsi monoqrafiyanın elmi məziyyətini daha da yüksəldir.
Məlumdur ki, respublikamızda dissertasiya işlərinin sonunda mövzu ilə bağlı biblioqrafik göstəricinin verilməsinin ilk təşəbbüskarı görkəmli ziyalı, 1947-ci ildə BDU-nun filologiya fakültəsinin nəzdində yaradılmış kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının müdiri Əliheydər Qəhrəmanov olmuşdur. Dosent Rasim Süleymanov Ə.Qəhrəmanovun ənənələrini davam etdirərək elmi-tədqiqat əsərinin ikinci hissəsində “Azərbaycanda rus bədii ədəbiyyatının nəşri (1920-1970-ci illər)” adlı biblioqrafik göstərici tərtib etmişdir. Göstəricini tərtib etməkdə müəllifin əsas məqsədi tədqiqata cəlb olunan yarım əsrlik dövrdə rus dilindən Azərbaycan dilinə tərcümə olunan əsərləri bir yerə toplamaq, elmi ictimaiyyətə təqdim etmək və tərcümə ədəbiyyatının nəşr tarixini aşkara çıxarmaqdır.
Haqqında bəhs etdiyimiz monoqrafiyanın axırında verilmiş biblioqrafik göstərici biblioqrafiyalaşdırma obyektinin məzmun əlamətinə görə sahəvi-mövzu, konkret məqsəd və oxucu istiqamətinə görə elmi-köməkçi, funksional məqsəd istiqamətinə görə retrospektiv, dil əlamətinə görə birdilli, ərazi əlamətinə görə ümumi dövlət, sənədi səciyyələndirmə üsuluna görə annotasiyalı, materialları qruplaşdırma üsuluna görə xronoloji, vəsaitin tipinə görə kitabiçərisi hesab olunur. Bu biblioqrafik informasiya mənbəyi 1281 adda biblioqrafik informasiyanı əhatə edir. Ümumi xarakterli, axtarış və kommunikativ istiqamətli bu kitabiçərisi biblioqrafik göstərici “Giriş”, “Klassik rus ədəbiyyatı”, “XX əsr rus ədəbiyyatı”, “Rus uşaq ədəbiyyatı” bölmələrindən ibarətdir. Bundan başqa, göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə “Müəlliflərinin əlifba göstəricisi”, “Tərcüməçilərin və redaktorların əlifba göstəricisi” adlı köməkçi aparat da tərtib edilmişdir.
Kitabiçərisi biblioqrafik göstəricinin “Giriş” adlı ön sözündə tərtibçi-müəllif göstəricinin quruluşu haqqında məlumat verir.
Biblioqrafik göstəricinin “Klassik rus ədəbiyyatı” adlanan I bölməsinin monitorinqindən aydın olur ki, tədqiq olunan dövrdə Azərbaycan dilinə tərcümə olunmuş 235 adda klassik rus ədəbiyyatı haqqında biblioqrafik informasiya verilmişdir. Maraqlıdır ki, bu dövrdə, daha konkret desək, 1928-ci ildə Azərbaycan dilinə tərcümə olunan ilk əsər N.V.Qoqolun “Evlənmək” adlı iki məclisdən və üç pərdədən ibarət komediyasıdır. “Azərnəşr”də 108 səhifə həcmində, 3000 nüsxə tirajla buraxılmış bu kitabın tərcüməçisi Mirzə Məhəmməd Axundov olmuşdur. Tədqiqat aparılan dövrdə nəşr edilmiş son əsər isə kiçikyaşlı uşaqlar üçün hekayələrdən ibarət olan “Kaştanka” kitabıdır. 1969-cu ildə “Gənclik” nəşriyyatında 48 səhifə həcmində çap olunmuş bu kitabın tərcüməçisi isə Ş.Mirbağırovadır.
Kitabiçərisi biblioqrafiyanın II bölməsi “XX əsr rus ədəbiyyatı” adlanır. Bu bölmədə Azərbaycan dilinə tərcümə olunmuş 508 adda əsər haqqında biblioqrafik informasiya verilmişdir. Bölmədən aydın olur ki, tədqiqat dövründə Azərbaycan dilinə tərcümə olunmuş ilk sovet əsəri P.Arlovetsin “Od yurdunda” kitabıdır. R.Mirzə Həsənin tərcümə etdiyi bu əsər neftçilərin həyatından alınmış hekayədir. Cəmi 38 səhifə həcmində olan bu kitab 1925-ci ildə Ali Siyasi Maarif İdarəsinin nəşriyyatında 5000 nüsxə tirajla işıq üzü görmüşdür. Həmin dövrdə sonuncu nəşr olunmuş əsərlərdən biri 1970-ci ilə aiddir. Belə ki, V.Astafyevin “Ulduz xəzanı” adlı povest və hekayələrdən ibarət kitabı “Gənclik” nəşriyyatında 20 min nüsxə tirajla buraxılmışdır.
Kitabiçərisi biblioqrafiyanın III bölməsi “Rus uşaq ədəbiyyatı” adlanır. Bölmədə Azərbaycan dilinə tərcümə olunmuş 531 adda rus uşaq ədəbiyyatı nümunəsi haqqında biblioqrafik informasiya verilmişdir. Buradan aydın olur ki, tədqiqat dövründə Azərbaycan dilinə tərcümə olunmuş ilk rus uşaq kitabçası “Çəməndə tülki ilə qurd və yeddi yaşar” adlanır. Tərcüməçi Q.Rəşaddır. 1911-ci ildə Orucov qardaşlarının elektrik mətbəəsində ərəb qrafikası ilə çap olunmuş bu kitabça 21 səhifədən ibarətdir. Həmin dövrdə nəşr edilmiş sonuncu kitab isə K.Çukovskinin “Aybolit” əsəridir. Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu kitabçanın tərcüməçisi T.Elçin, rəssamı R.Əmirov və A.Hüseynovdur. “Gənclik” nəşriyyatının hazırladığı 10 səhifədən ibarət bu şəkilli kitabça 1969-cu ildə oxuculara çatdırılmışdır.
Kitabiçərisi biblioqrafik göstəricidə axtarış imkanlarını artırmaq, ondan istifadəni asanlaşdırmaq məqsədilə iki adda köməkçi aparat tərtib olunmuşdur. Onlardan biri əsərləri Azərbaycan dilinə tərcümə olunmuş “Müəlliflərinin əlifba göstəricisi”, digəri isə “Tərcüməçilərin və redaktorların əlifba göstəricisi” adlı köməkçi aparatdır.
“Müəlliflərinin əlifba göstəricisi” adlı köməkçi aparat vasitəsilə əsərləri rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş 360 nəfər müəllif haqqında biblioqrafik informasiya almaq olar. Köməkçi apatarın təhlili onu deməyə əsas verir ki, tədqiqat aparılan dövrdə ən çox əsəri Azərbaycan dilinə tərcümə olunmuş müəllif A.İ.Kuprindir. Onun 6 adda əsəri, İ.A.Krılov, A.Fadeyev, A.Safronov, N.Prişvin, K.Paustovskinin 4 adda əsəri dilimizə tərcümə olunmuşdur.
“Tərcüməçilərin və redaktorların əlifba göstəricisi” adlı köməkçi aparatının təhlili onu deməyə əsas verir ki, F.Mehdi 28, R.Rza, M.Rzaquluzadə 26, Ə.Ağayev, M.Arif 23, C.Məcnunbəyov 21, C.Cahanbaxış 19, B.Musayev 18, Ş.Ağayeva 17, Ə.Babayeva 15 əsəri rus dilindən Azərbaycan dilinə tərcümə etmişlər.
Monoqrafiyanın nəticə hissəsində vurğulandığı kimi, rus bədii ədəbiyyatı bu gün də öz zənginliyi, rəngarəngliyi ilə seçilir və dünya ədəbiyyatını, bölgədə yaşayan xalqların milli-mənəvi dəyərlərini zənginləşdirərək inkişaf edir. Hazırda rus bədii ədəbiyyatının ən dəyərli nümunələri müasir ədəbiyyatşünaslar tərəfindən tədqiq olunur, dilimizə tərcümə edilir və Azərbaycan oxucusu tərəfindən sevilə-sevilə oxunur.
Filologiya üzrə fəlsəfə doktoru, dosent R.Süleymanovun Azərbaycan oxucusunu klassik və müasir rus ədəbiyyatının orijinal nümunələri ilə tanış etmək məqsədini reallaşdıran çoxcəhətli prosesin tədqiqinə həsr olunmuş “Rus bədii ədəbiyyatının Azərbaycanda nəşri (1920-1970-ci illər)” adlı monoqrafiyası bu gün də aktuallıq kəsb edir. Əsərin Azərbaycan-rus ədəbi əlaqələri ilə maraqlanan mütəxəssislər, eləcə də bu sahədə tədqiqat aparan araşdırıcılar tərəfindən maraqla qarşılanacağına əminik.

Knyaz ASLAN,
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent,

Xuraman AĞAYEVA,
Bakı Dövlət Universitetinin biblioqrafiyaşünaslıq kafedrasının dosenti
 

yuxarı ⤴