1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





AzTU ilə Berkli Kaliforniya Universiteti əlaqələrini genişləndirir
11.03.2017 / No9

 

 

 


Şahnaz N.ŞAHBAZOVA,
AzTU-nun professoru, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, vitse-prezidenti, Lütfi Ə.Zadənin elmi irsinə həsr olunmuş Soft Computing üzrə Ümumdünya Konfransının baş katibi

Amerika Birləşmiş Ştatlarının Berkli Kaliforniya Universiteti hərtərəfli, mükəmməl inkişaf etmiş və yüksək idarəetmə mexanizminə malik olan, dünya üzrə digər nüfuzlu elm və təhsil müəssisələri ilə geniş əməkdaşlığı həyata keçirən fundamental elmi tədqiqat işləri ilə məşhurdur. Berkli Kaliforniya Universiteti təkcə ABŞ-da deyil, bütövlükdə dünyada ən aktual elmi problemlərin tədqiqi sahəsində yüksək göstəricilərə malikdir.
Müstəqil Azərbaycanda məhsuldar qüvvə olan elm, habelə mühüm strateji əhəmiyyət kəsb edən təhsil, sosial-iqtisadi, siyasi, mədəni-mənəvi, eləcə də texnoloji maraqları özündə ehtiva edir.
Berkli Kaliforniya Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında 3 fevral 2017-ci il tarixində növbəti 5 il müddətinə əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandum Berkli Kaliforniya Universitetinin kansleri Nicolas Dick və Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xalıq Yahudov tərəfindən imzalanmışdır. Bu memorandumun imzalanmasında Berkli Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim Lütfi Ə.Zadənin böyük xidməti olmuşdur.
İkitərəfli memoranduma görə universitetlər arasında tədqiqatçıların, magistrlərin və tələbələrin təhsil mübadiləsinə göndərilməsi, mədəni və elmi tədbirlərdə iştirakı və s. nəzərdə tutulmuşdur. Müqavilə 5 il müddətində qüvvədədir. Bütün xərclər göndərilən universitetlər tərəfindən ödəniləcəkdir.
Berkli Kaliforniya Universiteti (ing. University of California, Berkeley) ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində yerləşir. Universitet Amerika Universitetləri Assosiasiyasının yaradıcılarından biridir.
Berkli Kaliforniya Universiteti 1868-ci il martın 23-də Kaliforniya ştatında yaradılmış və universitetin açılışı 1869-cu ildə Oakland şəhərində baş tutmuşdur. 1960-cı illərdə Berkli Kaliforniya Universiteti söz azadlığının təmin olunduğu məkan kimi tanınmağa başlayır.
Böyük Britaniyanın “Times Higher Education Rankings” jurnalının 2016-2017-ci tədris ilində apardığı dünya universitetlərinin reytinqinə əsasən, Berkli Kaliforniya Universiteti 100 ən yaxşı ali məktəb arasında 10-cu yerdə sıralanıb. Berkli Kaliforniya Universitetinin illik gəliri 4.045 mlr ABŞ dollarından artıqdır.
Bu universitetin ərazisi
5 km2-dir. Həmin əraziyə Ekologiya qoruğu (3.2 km2), Botanika bağı və Strouberri Kanyonu istirahət mərkəzi (0,8 km2), Berkli Milli Laboratoriyası, çoxsaylı tədris və administrativ binalar, tələbə şəhərciyi, idman kompleksləri və s. daxildir. Berkli Kaliforniya Universitetinin kitabxana sisteminə 32 kitabxana daxildir. Bu, sahəsinə görə dünyanın ən böyük kitabxana kompleksidir. 2008-ci ildə universitetin kitabxanası Şimali Amerika universitetləri kitabxanaları arasında ən yaxşı kütləvi elmi tədqiqatlar kitabxanası seçilib.
Berkli Kaliforniya Universitetinin nəzdində 14 kollec və məktəb fəaliyyət göstərir. Kolleclərdə bakalavrlarla yanaşı magistr və doktorantlar da təhsil ala bilərlər, məktəblər isə yalnız magistr və doktorantlar üçün nəzərdə tutulub.
Berkli Kaliforniya Universitetində 2015-2016-cı tədris ilində 40.173 nəfər tələbə təhsil alıb. Onların 29310 nəfərini bakalavr, 10863 nəfərini isə magistr və doktorantlar təşkil edib. Bakalavrların 54, magistr və doktorantların isə 55%-i qızlar olub.
Universitetin idman komandaları “Kaliforniyanın qızıl ayıları” adlandırılır. Onlar 100-dən çox Olimpiya qızıl medalına layiq görülüblər. İdman növlərindən burada xüsusilə futbol, basketbol, beysbol, softbol, gimnastika, su polosu, reqbiyə daha çox üstünlük verilir.
Berkli Kaliforniya Universitetinin müəllim və məzunları arasında ümumilikdə 65 Nobel mükafatına layiq görülmüş şəxs var. Məzunlardan “Apple”, “Intel”, “Google”, “MySpace”, “Adobe Systems”, “Electronic Arts”, “VMware”, “HTC Corporation”, “Qualcomm”, “Sun Microsistems” kompaniyalarının yaradıcıları və rəhbərlərini qeyd etmək olar.
Berkli Kaliforniya Universitetinin kansleri, professor Nicolas Dick rəhbərlik etdiyi ali təhsil ocağını belə xarakterizə edir: “Berkli təpələrindən qərbə tərəf günəşin batmağını müşahidə edərkən qızılı rəngə boyanmış Sater qapısını, universitetin geniş qərb sərhədlərini görmək mümkündür. Lakin Berkli Kaliforniya Universiteti bu gün coğrafi sərhədlərindən daha çox intellektual sərhədlərinin genişləndirilməsində maraqlıdır. Nümunəvi dövlət universiteti kimi Berkli Kaliforniya Universitetinin rolu o qədər önəmlidir ki, onun ən yüksək səviyyəyə çatması üçün biz əlimizdən gələni etməliyik. Tədris və tədqiqatlarda yol verilən istənilən uğursuzluq təkcə universitetin nüfuzunun deyil, eləcə də dövlətin təhsil standartlarının aşağı düşməsinə səbəb olur”.
Azərbaycan Texniki Universitetinin ölkəmizin texniki ali məktəblərindən biri kimi Berkli Kaliforniya Universiteti ilə müqavilə imzalamaq imkanı qazanması böyük əhəmiyyət kəsb edir. Hərtərəfli inkişaf etmiş, yüksək idarəetmə mexanizminə malik, nüfuzlu elm və təhsil müəssisəsi olan Kaliforniya Berkli Universiteti ilə qurulacaq əlaqələr Azərbaycan Respublikasını ixtisaslı mühəndis kadrlarla təmin etmək yolunda atılacaq daha bir addim olacaqdır.
Beləliklə, ABŞ-ın Kaliforniya ştatında 3 fevral 2017-ci il tarixində imzalanmış memorandum Berkli Kaliforniya Universitetində bütün daxili prosedurları keçərək qüvvəyə minmişdir. Bu haqda məlumatları Berkli Kaliforniya Universitetinin Qlobal Tərəfdaşlıq ofisinin direktoru Ashley McDonald-n Azərbaycan Texniki Universiteti tərəfindən memoranduma məsul şəxs, universitetin əməkdaşı, texnika elmləri doktoru Şahnaz N.Şahbazovaya ünvanladığı məktubda öz əksini tapmışdır.
Məktubda deyilir: “Mən, Berkli Kaliforniya Universitetinin kansleri Nicolas Dick adından böyük məmmuniyyətlə məlumat vermək istəyirəm ki, Berkli və Azərbaycan Texniki universitetləri arasında tərəfdaşlıq müqaviləsi imzalanmış və deməli hüquqi qüvvəyə minmişdir. Azərbaycan Texniki Universiteti ilə növbəti 5 il müddətinə imzalanmış müqavilə hazırda tərəfdaşlığımızı əks etdirmək üçün bizim Web səhifəmizdə artıq yer almışdır. Biz iki universitet arasında elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək arzusundayıq.
Ən xoş arzularla, Ashley McDonald”.
Azərbaycan Texniki Universiteti Berkli Kaliforniya Universitetinin rəsmi saytında qeyd olunan yeganə Cənubi Qafqaz Universitetidir.
Beləliklə, imzalanan memorandumun ölkəmizin elm, təhsil və mədəniyyət sahəsinin inkişafında öz töhfəsini verəcəyinə ümid edirik.

 

yuxarı ⤴