1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Elm xəbərləri
11.03.2017 / No9

 
 

 

 


İnsan dərisi çap edən “3D” printer hazırlanıb

İspaniyalı alimlər insan dərisi çap edən bioprinteri nümayiş etdiriblər. III Karlos adına Madrid Universiteti, Enerji, Ətraf Mühit və Texnologiyalar üzrə Araşdırma Mərkəzi, həmçinin Qreqorio Maranyon adına Madrid Universitet hospitalından olan alimlər qrupu bioloji materiallar çap edən 3D-printer hazırlayıblar. Araşdırmalara görə, əldə edilmiş dəri tamamilə funksionaldır, tibb və transplantasiyada tətbiq oluna, həmçinin kosmetik məhsul və məişət kimyasının sınaqlarında istifadə edilə bilər.
www.ria.ru  saytının məlumatına görə, süni insan dərisi biomürəkkəbin köməyilə yaradılır. Süni dəri əsl insan dərisinin quruluşunu təkrarlayaraq lay-lay çap olunur.
İnsan dərisində olduğu kimi, epiderma və dermadan ibarət olan dəri bioloji cəhətdən aktivdir və ona elastiklik verən kollageni özü ifraz edir. Alimlər bildiriblər ki, çap üçün konkret insanın bioloji materialından istifadə edildiyi halda, qısa müddət ərzində transplantasiya üçün yararlı dəri yaratmaq mümkün olacaq.
Süni dərinin hazırlanmasında iştirak etmiş “BioDan Group” şirkəti məhsulu bazara çıxarmağı planlaşdırır.


Plastik tullantılardan neft əldə etməyə imkan verən zavod

İsraildə il ərzində 1500 ton plastik tullantı yaranır ki, onun da təxminən 75%-i tullantı poliqonlarına atılır. Tullantıların açıq havada yandırılmaqla utilizasiyası xeyli xammalın itirilməsi ilə yanaşı, yaranan zəhərli qazların ətraf mühiti çirkləndirməsinə səbəb olur. Bu da insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Hesablamalara görə, hazırda dünyada milyardlarla ton plastik tullantı mövcuddur.
www.polimers.at.ua  saytının məlumatına görə, İsrailin ətraf mühitin mühafizəsi nazirliyi plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikib. Zavodda bir ton plastik tullantıdan 600 kq neft almaq mümkündür. Emal məqsədilə plastik kütlədən hazırlanmış istənilən məmulatların tullantılarından - torba, boru, mətbəx ləvazimatları, mebel və oyuncaqlardan istifadə edilir.
Yeni texnologiyalar plastik tullantıların yandırılmasından xeyli istilik enerjisi və 1000 tona qədər neft almağa imkan verir. Texnologiya polimerlərin bir növü olan plastik kütlənin tərkib hissələrinə parçalanmasına (depolimerizasiya) və əsas tərkib olan neftin seperasiyasına əsaslanır. Əldə edilmiş neft emal zavoduna göndərilir. Bununla da “neft-polimer-məmulat”, “məmulat-tullantı-neft” itkisiz qapalı emal həlqəsi yaradılır.
Dünyada analoqu olmayan bu texnologiyanın sınağı uğurlu olarsa, o, bərk neft məhsullarının utilizasiyası texnologiyalarında inqilaba səbəb olacaq.


Ekranı mexaniki zədələrdən qoruyan maye şüşə

“Indiegogo” vəsait toplama platformasında maye şüşənin istehsalına vəsait toplanılması kampaniyasına start verilib. “ProtectPax” istənilən şüşə səthini (smartfonun ekranı, planşetlər, eynək linzaları və s.) mexaniki zədələrdən qorumaq üçün nəzərdə tutulmuş tərkibdir. İstehsalçılar mayenin tərkibində istifadə edilmiş texnologiyaların aviasiya və aerokosmik sahələrdə tətbiq olunduğunu iddia edirlər.
www.hi-tech.mail.ru  saytının məlumatına görə, ekranın səthinə çəkilən qatın qalınlığı 0,0004 mm-dir. Müqayisə üçün bildirək ki, adi qoruyucu şüşələrin qalınlığı 0,3 mm-dir. Bərkimiş tərkib 365 gün ərzində görünməz olur.
Tərkib mexaniki zədələrdən qorumaqla yanaşı, qurğudan istifadə zamanı elektromaqnit şüanın intensivliyini də 92,7 faiz aşağı salır və bakteriyaların 99 faizini neytrallaşdırır. Maye, həmçinin barmaq izlərinin olması barədə xəbərdarlıq edir və suya davamlıdır.
Kameranı qoruyan şüşəyə bu tərkibi sürtdükdə çəkilişin keyfiyyəti yaxşılaşır və ekranın reaksiya qabiliyyəti artır.
“ProtectPax”ı ekranın səthinə çəkmək üçün onu salfetlə təmizləmək və tərkibi üzərində yaymaq lazımdır. Səthə bu tərkibdən çəkdikdən 10 dəqiqə sonra o öz təsirini göstərir.


Otaq daxilində qurğuların enerji ilə simsiz doldurulması üsulu

“Disney Research” laboratoriyasının alimlər qrupu otaq daxilində elektron qurğuların enerji ilə doldurulmasını təmin edən enerjinin simsiz ötürülməsi sistemini hazırlayıblar. Bu metod “kvazistatik rezonans boşluq” (“QSCR”) adlandırılıb.
www.techcult.ru  saytının məlumatına görə, yeni metodun işini nümayiş etdirmək üçün laboratoriyada 5x5 metr ölçüsündə xüsusi otaq qurulub. Otaq daxilində bir neçə mobil telefonu daim enerji ilə dolduran, ventilyasiyanı və otağın daxili işıqlandırmasını enerji ilə təmin edən maqnit dalğaları yaradılıb.
Alimlər hesab edirlər ki, eksperimental otaqda divarlar metalla örtülsə də gələcəkdə konstruksiyanı sadələşdirmək mümkün olacaq. Bunun üçün xüsusi divar panelləri və ya cərəyan keçirən rənglər daha uyğundur.
Qeyd edək ki, artıq 100 ildən çoxdur alimlər enerjinin simsiz ötürülməsi ideyasını reallaşdırmağa çalışırlar. XIX əsrin 90-cı illərində Nikola Teslanın sınaqlarını xatırlamaq kifayətdir. O, bu sınaqlar zamanı simsiz işıqlandırmanı nümayiş etdirmişdi.


www.ikt.az  saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV, “Azərbaycan müəllimi”
 

yuxarı ⤴