1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

İngilis dilinin tədrisində səmərəli təlim metodlarından istifadə
11.03.2017 / No9

 
 

 

 


Ruhiyyə MAHMUDOVA,
İsmayıllı şəhər İsrail Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Müasir gənclərimizə milli-mənəvi dəyərlərimizi aşılamaq, onlara dərin və hərtərəfli biliklər vermək, vətənpərvərlik hissləri formalaşdıraraq Azərbaycanımıza layiqli vətəndaşlar yetişdirmək təhslin qarşısında duran ən ümdə vəzifədir və bu işdə əsas məsuliyyət təhsil ocaqlarının üzərinə düşür. Çalışdığım İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəb bu vəzifəni tam məsuliyyəti ilə yerinə yetirən təhsil müəssisələrindəndir. Məlumat üçün bildirmək istərdim ki, iki dəfə - 2008 və 2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin fərqlənmə balı ilə qalibi olmuş İsmayıllı şəhər 1nömrəli tam orta məktəbi rayonun ən qədim təhsil müəssisəsi və eyni zamanda regionun yeganə elektron məktəbidir. Məktəbimizin yüksək İKT imkanları mövcuddur. 12 sinif otağımız, o cümlədən dərs apardığım ingilis dili kabineti də Promethean interaktiv lövhə ilə təchiz olunub. Ona görə də İKT-dən istifadə dərsimin ayrılmaz hissəsidir. Activeİnspire proqramının çox geniş imkanlarından istifadə edərək maraqlı dərs nümunələri hazırayıram və belə dərs nümunələri ilə vaxta qənaət edərək şagirdə daha çox bilik verə bilirəm.
Dünyada təqribən 410 milyon insanın doğma dil və 1 milyard insanın ikinci dil kimi istifadə etdiyi ingilis dili daha qlobal əhəmiyyət kəsb etdikcə ölkəmizdə ona olan maraq və öyrənmə həvəsinin artması ingilis dilinin daha innovativ və kommunikativ yollarla tədrisini ön plana çəkir. Ölkəmizin ümumtəhsil sistemində kurikulum islahatları şagirdi yükləmədən standartlar reallaşdırmaqla, daha müasir və səmərəli metodlarla öyrədilməsini tələb edir. İngilis dilinin öyrədilməsində qənaətbəxş nəticələr əldə etmək üçün sinifdə şagirdlərə sərbəst atmosferin, etibarlı və dəstəkləyici mühitin yaradılması çox vacibdir. Bu, şagirdlərə öyrəndiyi sözləri nəinki sinifdə, eyni zamanda sinifdən kənarda da müstəqil, şüurlu şəkildə və düzgün istifadə edərək uğurlu ünsiyyət qurmağa imkan yaradır, onlarda sərbəst nitq vərdişləri formalaşdırır və nəticədə dilin öyrənilməsində arzuolunan nəticəyə gətirib çıxarır.
Sinifdə nailiyyət qazanmaq üçün şagirdlərə differensial yanaşmanı uğurla təmin etmək məqsədilə şagirdlərin hansı öyrənci növünə aid olduğunu yaxşı bilmək də hər bir müəllim üçün vacib məsələdir. Uzun illər boyunca alimlər və psixoloqlar insanların ən səmərəli öyrənmə üsullarını əks etdirən modellər işləyib hazırlamışlar. Onların arasında ən məşhur və daha müasir olan nəzəriyyə -VARK modeli şagirdləri öyrənmə üsuluna görə dörd qrupda təsnif edir: 1)Vizual öyrəncilər; 2)Dinləmə qabiliyyəti güclü olan öyrəncilər; 3)Yazıb-oxuyan öyrəncilər; 4)Kinestetik öyrəncilər. Şagirdin fərdi öyrənmə üslubu idraki (koqnitiv), emosional və ətraf mühit faktorlarından asılıdır və bu, bilavasitə onun davranışına da sirayət edir. Sinifdə öyrənmə üslubuna görə öz şagirdlərimi yaxşı tanımağım onların təlimə cəlb edilməsində, təlim üsulu və metodlarının, gündəlik fəaliyyətləri və qiymətləndirmə üsulu üçün tətbiq ediləcək ən yaxşı strategiyanın seçilməsində mənə bir köməkçi rolunu oynayır. Bəs ingilis dilinin tədrisi təcrübəmdə ən effektiv şəkildə istifadə etdiyim üsulllar hansılardır? Əslində, heç bir metod hamı üçün eyni dərəcədə effektiv ola bilməz, eyni zamanda heç bir metod biri digərindən effektiv deyildir; metodun üstünlüyü onun istifadə ediləcəyi təlim məqsədindən, təlim mühitindən, şagird tələbatından və onun öyrənmə üsulundan asılıdır.
Artıq səkkiz ildir ölkəmizdə tətbiq edilən milli kurikuluma əsasən tədris 4 məzmun xəttinin standartları üzrə reallaşdırılır. Birinci məzmun xəttinin-dinləmənin şagirdlərə tədrisi əhəmiyyətini göstərmək üçün bir ingilis məsəlini xatırlatmaq istərdim: Yalnız yaxşı dinləyən yaxşı danışan ola bilər. Həqiqətən bir müəllim kimi hiss edirəm ki, bütün siniflərdə şagirdlərimin ilk ehtiyacı dinləmə qabiliyyətlərinin inkişaf etdirilməsidir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, şagirdin dinləməsini ən elementar şəkildə inkişaf etdirmək üçün müəllimin sinifdə tədris etdiyi xarici dildə danışması kifayət edir. Mən sinifdə ingilis dilində danışdıqca şagirdlərimi sanki ingilis dilini dinləməyə “məruz” qoymuş oluram, əks əlaqəni ingilis dilində qurmaqla isə onlar ingilis dilindən istifadə etməyə məcbur olur, nitqinə yeni sözlər axtarıb əlavə etməklə leksik bazasını zənginləşdirmiş olur və nəhayət, şagirdin dinləməsi ilə yanaşı nitqi də inkişaf etmiş olur. Dinləməni inkişaf etdirməyin ən effektiv yolları isə audio tədris diskləri, müxtəlif tədris saytlarında verilən audio dinləmə resursları və videolardır. Ən çox istifadə etdiyim esl-lab.com və dailystepenglish.com saytlarıdır. Bu saytlarda dinləmə dərsləri audial olaraq verilir və bölmə tam olaraq mövzunu əhatə edən çoxsaylı çalışmalar və testlərlə əhatə olunur. Amma qeyd etmək istərdim ki, audio dinləmə materiallarını yerinə yetirərkən dinləmə qabiliyyəti güclü olan şagirdlər digər tip öyrəncilərə nisbətən daha çox nailiyyət qazanır. VARK modelinin bütün öyrənci növlərini fərdi və uğurlu bir şəkildə tədrisə cəlb edə bilən dinləmə materiallarından danışaraq, bu halda videoları əvəzsiz resurs olaraq göstərmək istərdim. Videolar həqiqi ingilis dilində olduğuna görə dinləməni daha çox inkişaf etdirməklə yanaşı şagirdlər üçün motivasiya verici və eyni zamanda adət-ənənələri, mədəniyyətləri əks etdirmək xüsusiyyətinə də malikdir.
Dinləmə ilə yanaşı oxu və yazı bacarıqlarını da təkmilləşdirməyə çalışdığım siniflərdə şagirdlərimin dil bacarığının inkişafını aydın müşahidə edə bilmişəm. Dərsin şagirdlərə daha maraqlı olması üçün tapşırıqların müxtəlifliyinə və hər dəfə təlim üsulunu dəyişməyə üstünlük verirəm. Əgər dinləmə tapşırıqlarının individual aparılması məqsədəuyğundursa, nitq vərdişlərinin inkişafı üçün yerinə yetirilən tapşırıqların cütlər və qruplar şəklində həyata keçirilməsi lazımdır. Cütlər və ya qrup işi zamanı müəllimin fasilitator mövqeyində olması, sinif boyu gəzərək şagirdlərə kömək və dəstək verməsi isə müasir dərsin əsas konsepsiyalarından biridir. Şagirdlərimin nitq vərdişlərinin inkişafında istifadə etdiyim ən effektiv metodlardan biri ingilis dilinin tədrisində TBL (Task Based Learning) kimi tanınan tapşırığa əsaslanan təlim üsulu bütün yaş qrupları ilə, eyni zamanda həm fərdi şəkildə, həm də kiçik qruplar şəklində reallaşdırıla bilən və nitqin inkişafına yönəlmiş tapşırıqlar məcmusudur. Tapşırığa əsaslanan təlim metodunun üstünlüyü ondan ibarətdir ki, bu metod şagirdyönümlüdür, 90% şagird fəaliyyəti üzərində qurulmuşdur, ingilis dilinin öyrənilməsində kommunikativ yanaşma növü olub dörd məzmun xəttinin dördünü də əhatə edir və ünsiyyət nəticəsində şagird nitqinin axıcı və sürətli olmasına xidmət edir. TBL prosses baxımından 3 - tapşırıqdan əvvəlki, tapşırıq dövrü və tapşırıqdan sonrakı mərhələlərə ayrılır. Birinci mərhələdə gündəlik fəaliyyətlərini əks etdirən mövzulardan birini təqdim edirəm. Məsələn, şagirdlərə oxuduqları məktəb haqqında müəyyən suallarla, məktəbdə xoşlarına gələn və ya gəlməyən element, keçdikləri fənlər haqqında suallarla müraciət edirəm. Tapşırıq mərhələsində şagirdləri qruplara ayırıb xəyallarında olan bir məktəbi təsvir etmək üçün hazırladığım iş vərəqini təqdim edirəm. Tapşırıqdan sonrakı dövrdə isə şagirdlərin yerinə yetirilmiş tapşırıq əsasında şifahi təqdimat etmələri onların nitq qabiliyyətlərini inkişaf etdirir. TBL metodunda yenə də fasilitator qismində oluram, şagirdlərin ana dilində ünsiyyət etməmələrinə nəzarət edirəm və hər bir qrup təqdimatı üçün rəy verirəm.
İngilis dilinin ikinci dil kimi tədrisi metodikasında PPP (Presentation, Practise and Production) metodu kimi tanınan təqdimat, praktika və generasiya metodu isə qrammatikanın tədrisində ən müasir yanaşmalardan biridir.
İngilis dilinin öyrənilməsi təhsildə yoldaşlarına nisbətən bir qədər az nailiyyət qazanan şagird üçün çətin və cansıxıcı görünə bilər. Bu halda ingilis dilinin tədrisində PBL (Project Based Learning) kimi tanınan layihə əsaslı tədris köməyimizə çatır. Əməkdaşlıq çərçivəsində aparılması sayəsində layihə əsaslı öyrənmə ingilis dilinin sinifdə istifadəsi ilə real həyatda istifadəsi arasında körpü rolunu oynayır. Hətta ən kiçik layihələr, mətni hissələrinə ayırıb onlara uyğun illustrasiyalar işləmək və rollarla ifa etmək və ya adət-ənənələrimizi əks etdirən bir poster təqdimatı etmək kimi kiçik layihələr yerinə yetirmək də şagirdlərdə tədrisə maraq oyadır, dilin istifadəsi zamanı olan utancaqlığını aradan qaldırmaqda onlara kömək olur.


 

yuxarı ⤴