1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Müasir dərs
Musiqi dərslərini günün tələbləri səviyyəsində qurmağa çalışıram
11.03.2017 / No9

 

 

 


Böyüməkdə olan nəslin bədii-estetik tərbiyəsində musiqi fənninin rolu böyükdür. Ümumtəhsil məktəblərində musiqi fənninin tədrisi şagirdlərin milli musiqi və incəsənət sahəsindəki zəngin irsimizlə tanış olmasında, müasir ölkə və dünya musiqi nümunələri, bəstəkarlar haqqında bilgilər əldə etməsində və estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Musiqinin tədrisi prosesində, eyni zamanda şagirdlərdə estetik mədəniyyət, milli və ümumbəşəri musiqi nümunələrinə maraq, yaradıcılığa meyil və s. kimi keyfiyyətlər də inkişaf edir.
Məhz bunları nəzərə alaraq mən musiqi dərslərini müasir dərsin və bu fənn üzrə kurikulumun tələblərinə uyğun qurmağa çalışıram.
Məlum olduğu kimi, musiqi fənn kurikulumu musiqi aləmi, emosional dəyərləndirmə və musiqi fəaliyyəti kimi üç məzmun xəttini özündə ehtiva edir. Birinci məzmun xətti şagirdin musiqi aləmi ilə tanışlığını, musiqinin janrları, musiqi ifadə vasitələri, bəstəkarlar haqqında zəruri, sinifdən-sinfə artan bilik və məlumatlara malik olmasını nəzərdə tutur. Bu bilik və məlumatlar hər sinif üzrə mövcud məzmun standartlarına uyğun verilməlidir ki, şagird məktəbi bitirərkən musiqi nəzəriyyəsindən kifayət qədər xəbərdar olsun, ifa etdiyi və dinlədiyi əsərlərin janrını, müəllifini müəyyənləşdirə bilsin, Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri, onların geniş yazılmış əsərləri haqqında bilik və bacarıqlara yiyələnsin.
Bunun üçün mən dərslərimdə bu istiqamətdə nəzəri biliklərin şagirdlərə aşılanmasına xüsusi diqqət yetirirəm. Çalışıram ki, şagirdlər hər dərsdə mövzuya uyğun belə bilikləri ala bilsinlər.
İkinci məzmun xətti olan emosional dəyərləndirmə isə şagirdlərdə dinlədiyi musiqi əsərlərini qiymətləndirməyi, onlarda ifadə olunan əhvali-ruhiyyəni başa düşüb şərh etməyi, ifa etdiyi melodiyaya ritm tutmağı, musiqi səhnə əsərlərində istifadə olunmuş nümunələr haqqında təqdimatlar hazırlamağı və s. bacarmalıdır.
Hər bir musiqi müəllimi bunu nəzərə almalı və öz dərslərində yetirmələrini bu bacarıqlara yiyələndirməyə çalışmalıdır. Mən də bu məsələni daim diqqət mərkəzində saxlayıram. Bu prinsipi əsas tuturam ki, əgər hər hansı bir insan əsəri dəyərləndirə bilmirsə, deməli, onu heç başa düşməyib. Buna görə də dərslərin, mövzuların verdiyi imkanlardan maksimum istifadə edərək musiqini dinləyib anlama və qiymətlləndirmə bacarığını şagirdlərdə yaratmağa səy göstərirəm.
Musiqi fəaliyyəti məzmun xətti şagirdlərə mahnını tək və xor tərkibində oxumağı, musiqi alətlərində çalmağı, mahnını not və mətni ilə ifa etməyi nəzərdə tutur. Praktik bacarıqla bağlı olan bu məzmun xəttinin reallaşdırılmasına da mən dərslərimdə xüsusi fikir verirəm.
Bütün fənlər kimi musiqi fənninin də tədrisinin özülü ibtidai sinifdə qoyulur. Çalışıram ki, bu əsas, özül möhkəm olsun. Doğrudur, uşaqlar hər bir musiqi nümunəsini eyni səviyyədə qavraya bilmir, lakin müəllim uşaqların musiqini başa düşməsi üçün müəyyən hazırlıq işi apara bilər və aparmalıdır.
Bəstəkarlar və onların əsərləri haqqında müəllimin apardığı maraqlı söhbətlər, verdiyi məlumatlar uşaqların diqqətini dərsə cəlb etməsində və onlar tərəfindən mövzunun mənimsənilməsində mühüm rol oynayır. Bunu nəzərə alıb mən klassik və müasir bəstəkarların müxtəlif forma və janrda yazdıqları əsərləri başa düşmək üçün lazım olan hazırlıq işlərini aparır, uşaqlarda öyrənməyə motivasiya yaradıram.
Proqram üzrə sinifdə dinləniləcək musiqi əsərlərinin siyahısını genişləndirməyə çalışıram. Uşaqlarda musiqiyə və onu bəstələyən bəstəkarlar haqqında geniş maraq yaratmaq üçün müxtəlif yollar və üsullardan istifadə edirəm.
Musiqi dərsində şagirdlərin əksəriyyəti mahnı oxuyur. Onların səsi öz xüsusiyyətlərinə görə böyük adamların səsindən fərqlənir. Səs telləri zərif və nazik olan uşaqların çıxartdığı səslər daim zil, yüngül və ehtizazlıdır. Musiqi müəllimi bunu yaxşı bilməlidir.
Sözsüz ki, ibtidai siniflərdən başlayaraq musiqi fənninin tədrisi ilə məşğul olan müəllimlər professional baxımdan diqqəti cəlb edən bacarıq və vərdişlərin qazanılmasına xüsusi fikir verməlidirlər. Musiqi müəllimi sinifdə belə bir fikir yaratmalıdır ki, şagirdlərin hamısının nəğmə oxumaq imkanı yaradan səsi var. Lakin şagirdlərdən bəziləri oxunan mahnının melodiyasını, ritmini daha tez və mükəmməl qavrayır, digərləri isə bu işə bir qədər gec alışır. Bu prosesdə müəllimlər daha təmkinli, həssas olmalı, zəruri metodik priyomlardan bacarıqla istifadə etməlidirlər. Bu, şagirdlərin musiqi bacarığının inkişafında böyük rol oynaya bilər.

Reyhan YAQUBOVA,
Bakı şəhərindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin musiqi müəllimi

 

yuxarı ⤴