1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Müasir dərs
Kimyadan dərs nümunəsi
11.03.2017 / No9

Cədvəl 1

 

Cədvəl 2

 

 


Təqdim olunan dərs nümunəsi kimya dərslərində inteqrasiyanın səmərəli formalarının yaradılması yolu ilə şagirdlərin yüksək nəticə əldə edə bilməsinin faydalı üsullarına həsr olunub.
Fənn: Kimya
Sinif: IX
Mövzu: Elektrolitik dissosiasiya
Məqsəd: Dərsin sonunda şagird:
- Elektrolitlər və qeyri-elektrolitləri sistematik şəkildə müqayisə etməyi bacarır.
- Elektrolitik dissosiasiya hadisəsinin mahiyyətini tam izah edə bilir.
- Dissosiasiya və hidratlaşma prosesləri arasında əlaqələri göstərir.
- Kimya, biologiya və fizika dərslərində qazanılmış bilik və bacarıqları müəyyən bir problem üzrə əlaqələndirməyi bacarır.
Resurslar: Məhlulların elektrik keçiriciliyini yoxlamaq üçün cihaz, quru NaCl, NH4NO3, H2SO4, CuSO4, şəkər, qlükoza, distillə suyu, canlı qurbağa, videomaterial, POWER POINT prezentasiyası, iş vərəqləri.
Dərsin gedişi:
Dərsin əvvəlində şagirdlərin yeni mövzu ilə bağlı ilkin bilik və bacarıqlarını onların beynində fəallaşdırmaq lazım gəlir. Həmin amili nəzərə alaraq əvvəlki dərsdə şagirdlərə yeni mövzu ilə əlaqəsi olan qabaqlayıcı tapşırıqlar vermişdim. Şagirdlər kimya fənni üzrə atomun strukturu, kimyəvi rabitə, kristal qəfəsləri, məhlullar kimi mövzuları yaradıcı formada təkrar etmişdilər. Eyni zamanda şagirdlərə fizika fənnindən naqillərin elektrik keçiriciliyi, botanika, zoologiya və insan anatomiyası fənlərindən hüceyrə sitoplazmasının tərkibi ilə bağlı öyrənilmiş mövzulara yenidən təkrar baxılması tapşırılmışdı. Bu cür tapşırıqlar şagirdlərə yeni mövzunu açmağa və onun mahiyyətini dərindən başa düşməyə kömək edir.
Yeni mövzunu açmaq üçün şagirdləri bir neçə təcrübə aparmağa dəvət edirəm. İmkan yaradıram ki, onlar özləri bu təcrübələri müstəqil apara bilsinlər. Bu zaman lazım olan təlimatı həm təcrübədən əvvəl şagirdlərə bildirir, həm də zəruri olduqda işin gedişi zamanı onlara kömək edirəm. Şagirdlər cütlərə bölünərək aşağıdakı təcrübələri növbə ilə icra edirlər ki, təcrübələr zamanı müşahidə olunan hadisələri hamı görə bilsin:
- NaCl duzunun adi quru və sulu məhlul halında elektrik keçiriciliyinin yoxlanması.
- Şəkərin adi quru və sulu məhlul halında elektrik keçiriciliyinin yoxlanması.
Bu təcrübələrdə müşahidə olunan hadisələrin səbəbi haqqında şagirdlərdən soruşduqda sinifdə böyük maraqdan doğan canlanma yarınır. Şagirdlərin bütün fikirləri lövhədə qeydə alınır. Daha sonra problemin həllində ilkin açar rolunu oynayacaq videomaterial nümayiş etdirilir. Həmin videomaterialda ion kristal qəfəsli maddənin suda həll olarkən ionlara necə ayrılmasının animasiyası əks olunur. Animasiya nümayişi zamanı yalnız müəyyən məqamlara qısa izahat verməklə kifayətlənirəm. Animasiyada göstərilən proseslərə əsas izahatı isə şagirdlərdən almağa çalışıram. Bu zaman mövzunu açmağa kömək edən yönəldici suallardan istifadə edirəm:
- Su molekulları kristal qəfəsin dağılmasına necə təsir edir?
- Suyun polyar molekulları kristaldakı əks yüklü ionları necə ayırır?
- Apardığımız təcrübələrdə müşahidə etdiyiniz hadisələrlə bu animasiya arasında hansı əlaqələr ola bilər?
Bu qısa müzakirədən sonra yeni mövzu və onun mahiyyəti müəyyən qədər aydınlaşır. Şagirdlərə bildirirəm ki, müşahidə etdiyimiz bu hadisə elektrolitik dissosiasiya adı ilə elmdə məşhurdur. Daha sonra şagirdlər cütlər formasında açağıdakı təcrübələri aparmağa dəvət olunur.
- Qatı sulfat turşusunun nazik axınla və ehtiyatla suyun üzərinə tökülməsi, bu zaman güclü qızma hadisəsi müşahidə edilir.
-
 NH4NO3 duzunun suda həll edilməsi, bu zaman məhlulda güclü soyuma hadisəsi müşahidə edilir.
- Susuz CuSO4 duzunun suda həll edilməsi və bu zaman rəng dəyişməsinin müşahidəsi.
- Canlı qurbağaya müəyyən qədər zəif elektrik impulsları ilə təsir edilməsi və onun toxumalarının elektrik keçiriciliyinin müşahidəsi.
Təcrübələr aparılarkən şagirdlərə bidirirəm ki, bütün bu hadisələr elektrolitik dissosiasiya hadisəsi ilə müəyyən qədər bağlıdır. Ona görə ki, bütün bu hadisələrdə dissosiasiya nəticəsində məhlulda əmələ gəlmiş ionlar iştirak edir. Bütün bu təcrübələr və onların qısa müzakirəsindən sonra şagirdlərdə elektrolitik dissosiasiya hadisəsini daha dərindən araşdırmaq marağı meydana gəlir. Bu maraqdan doğan tədqiqat sualı sinfə elan olunur:
Tədqiqat sualı:
Dissosiasiya nəticəsində əmələ gələn ionlar məhlulda özlərini necə aparırlar?
Şagirdləri qruplara bölərək, hər qrupa müəyyən tədqiqat tapşırıqları verirəm. Tapşırıqlar elə formada verilir ki, onların icrasında təkcə kimya fənni üzrə bilik və bacarıqlar deyil, həmçinin fizika, biologiya və riyaziyyat fənlərindən alınan bacarıqların da tətbiqi zəruri olsun. Müvafiq tədqiqat istiqamətləri cədvəl 1-də verilmişdir:
Cədvəl 1: Şagirdlərin apardığı tədqiqat işinin istiqamətləri

Tədqiqat istiqamətləri araşdırılandan sonra şagirdlərdə dissosiasiya hadisənin mahiyyəti haqqında tam təsəvvür formalaşa bilər. Sonra qruplara tapşırıqlar verilir.
I Qrup:
1.Nə üçün xörək duzu məhlulu elektriki keçirir, şəkər məhlulu isə keçirmir?
2. Elektrolitlər üçün hansı növ kimyəvi rabitələr xarakterik ola bilər?
3.Xörək duzunun elektrolitik dissosiasiya tənliyini təsvir edin.

II Qrup:
1. Aşağıdakı anlayışları izah edin:
a) kation b) anion c) katod e) anod
2. Suyun dielektrik nüfuzluğu xörək duzu məhlulunda Na+ və Cl- ionları arasındakı cazibə qüvvəsinə necə təsir edir? Kulon qanununun bu situasiya üçün izahını verin.
3. Hər birinin içərisində ayrı-ayrı duz məhlulu olan üç kolba verilmişdir:
a) I kolbada 4 mol K2SO4 duzunun suda məhlulu
b) II kolbada 12 mol NaCl duzunun suda məhlulu
c) III kolbada 9 mol Al(NO3)3 duzunun suda məhlulu
Hər bir məhluldakı duzun tam dissosiasiya etdiyi məlumdur. İsbat edin ki, I>II>III qab istiqamətində məhlullardakı ionların sayı ədədi silsilə təşkil edir.

III Qrup:
1. Canlı orqanizmin hüceyrə sitoplazmasının elektrik keçiriciliyində ionların rolu varmı?
2. Təbii sularda və müxtəlif içkilərdə həll olmuş mineral duzların ionlara ayrılmasını necə izah etmək olar?
3. Qatı H2SO4 və NH4NO3 duzunun suda həll edilməsi zamanı müvafiq olaraq güclü qızma və soyuma baş verməsinin səbəbi nədir?
4. Susuz CuSO4-ün suda həll olması zamanı rəng dəyişməsinin səbəbini araşdırın.
Qruplara tədqiqat üçün müəyyən vaxt verirəm. Bu müddət ərzində çalışıram ki, çətinlik çəkdiyi məqamlarda şagirdlərə müəyyən istiqamətləndirici kömək edim. Şagirdlər elektrolitik dissosiasiya hadisəsini bütün istiqamətlərdə araşdırır: elektrolitlərin kimyəvi təbiəti, Kulon qüvvələrinin bu prosesə təsiri, canlı orqanizmin hüceyrə sitoplazmasında mineral duzların ionlara dissosiasiya etmiş halda olması. Tədqiqatı müstəqil və geniş istiqamətlərdə aparmaqla şagirdlər dissosiasiya hadisəsinin mahiyyətini tam şəkildə dərk etmiş olurlar.
İnformasiya mübadiləsi:
Tədqiqata verilmiş vaxt bitdikdən sonra qruplar arasında informasiya mübadiləsi başlayır. Şagirdlər tədqiqat zamanı əldə etdikləri yenilikləri qruplar arasında paylaşaraq lazımi sualları bir-birinə verirlər.
Müzakirə:
İnformasiya mübadiləsi başa çatdıqdan sonra təqdimatlar üzrə elektrolitik dissosiasiya mövzusunun ən incə detalına kimi müzakirəsi başlayır. Müzakirə zamanı həm kimya fənni üzrə mövzulararası əlaqələr, həm də kimya, biologiya və fizika fənləri arasındakı inteqrasiya əlaqələrinə aid suallara üstünlük verirəm:
1. Elektrolitlər və qeyri-elektrolitlər üçün hansı kimyəvi rabitələr xarakterikdir?
2. Elektrolit məhlulları və digər növ naqillər arasında hansı oxşarlıq və fərqlər vardır?
3. Hüceyrə sitoplazmasının elektrik keçiriciliyinin səbəbi nədir?
4. Nə üçün elektrolitlər suda həll olduqda ionlar arasındakı cazibə qüvvəsi (Kulon qüvvələri) zəifləyir?
5. Nə üçün hüceyrə sitoplazmasında mineral duzlar ayrı-ayrı ionlar şəklində mövcud olur?
6. Xörək duzunun suda həll olduqda ionlara ayrılmasının səbəbi nədir?
7. Suyun dielektrik nüfuzluğunun mahiyyəti necədir?
8. Xörək duzu məhlulu elektriki keçirir, şəkər məhlulu isə keçirmir. Səbəbləri göstərin.
9. Nə üçün ağ rəngli susuz CuSO4 duzunu suda həll etdikdə rəng dəyişməsi baş verir?
10. Nə üçün NH4NO3 duzu suda həll olduqda güclü soyuma baş verir?
11. Elektrolitik dissosiasiya prosesinin dönər proses olması nə deməkdir?
12. Elektrolit məhlulundan elektrik cərəyanı keçən zaman kation və anionlar necə hərəkət edir?
Yaradıcı tətbiqetmə:
Müzakirələr başa çatdıqdan sonra şagirdləri əldə olunmuş nəticələri yaradıcı formada sistemləşdirməyə dəvət edirəm. Nəticə olaraq elektrolitik dissosiasiya hadisəsinin əsas müddəaları sistemləşdirilir. Daha sonra şagirdlərə mövzu üzrə test sualları təqdim olunmaqla onların dərsdə əldə etdikləri bilik və bacarıqların test həllinə tətbiqi səviyyəsi yoxlanılır.
Qiymətləndirmə:
Bütün dərs prosesi ərzində şagirdlərin müəyyən meyarlar əsasında qiymətləndirilməsi həyata keçirilir.Bu meyarlar arasında şagirdlərin müxtəlif fənlərdən aldığı bilikləri bir problem ətrafinda əlaqələndirmək bacarığı da yer almışdır. Həmin meyarlar cədvəl 2-də verilmişdir:
Cədvəl 2: Şagirdləri qiymətləndirmə meyarları

Şagirdin özünüqiymətləndirməsi və refleksiyasını diqqətlə təşkil edirəm. Refleksiya zamanı aparılan söhbətin çox mühüm tərkib hissələrindən biri də şagirdin müxtəlif fənlərdən aldığı bilik və bacarıqların eyni bir mövzunun öyrənilməsinə tətbiqi məsələsidir.

Rəvan MƏMMƏDOV,
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin kimya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
 

yuxarı ⤴