1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Möhtəşəm yaxşı məkan”... kitabxana
11.03.2017 / No9

 

 

 


Məlumdur ki, bəşəriyyətin yüksək mədəni-mənəvi inkişafının ən mühüm şərtlərindən və göstəricilərindən biri məhz kitab və ya kitabxanalardır. Hələ qədim dövrlərdən insanın özünüifadə etməyə olan daxili ehtiyacı özünü ən müxtəlif formalarda göstərmişdir. Qaya üzərində müəyyən rəsm və piktoqrafik işarələr, xətt və yazılar əks etdirmək, əslində elə insanın ən çətin şərtlər daxilində (daşa, qayaya yazı yazmaq bahasına olsa belə!) özünü reallaşdırmaq arzusunun əyani nümunəsi idi. Bu baxımdan yazının kəşfi bəşəriyyətin tarixi-mədəni inkişafında fundamental dəyişikliklər yaratdı. Təsadüfi deyildir ki, yazının kəşfi informasiya inqilablarından biri kimi bəşəriyyətin tarixində həkk olunmuşdur.
Bəşəriyyətin inkişafında növbəti informasiya inqilabı isə Almaniyada kitab çapı texnologiyasının meydana gəlməsi ilə baş verdi. Kitab çapı texnologiyasının kəşf olunması və onun sonralar daha da mükəmməlləşdirilməsi, cəmiyyətin maarifləndirilməsinə, biliyin tirajlanmasına, informasiyanın daha geniş məsafalərdə yayılmasına, eyni zamanda biliyin daha əlçatan olmasına gətirib çıxardı.
İnsanın biliyə, öyrənməyə olan həvəsi, məlumat əldə etmək ehtirası, bilmədikləri, görmədikləri haqqında oxumaq, eşitmək marağı son nəticədə məlumat mənbəyi olan milyonlarla kitabları və onların fiziki olaraq saxlanılması, qorunması, istifadəsinin asanlaşdırılması və idarə olunması, həmçinin müəyyən məkanlarda cəmlənməsi zərurətini ortaya qoydu ki, bu da kitabxana ideyasının ortaya çıxmasına səbəb oldu. Lakin sadaladığımız bəzi faktorlar kitabxanaların meydana çıxmasını zəruri edən ilkin şərtlər idi. Bəşəriyyətin sosial-iqtisadi həyatında baş verən irəliləyişlər, texnoloji kəşflər, ümumilikdə insanın həyat şəraitinin yüksəlməsi zəminində biliyə, məlumata olan ehtiyacı və onu ödəmək imkanları da keyfiyyətcə dəyişməyə başladı ki, bu da kitabxananın yalnız kitabların fiziki olaraq yerləşdiyi məkan kimi deyil, daha dərin məzmun kəsb etməsinə yol açdı. Kitabxana artıq sadəcə olaraq kitabların cəmləndiyi yer kimi yox, biliyin, maariflənmənin, öyrənmənin mənbəyi, fərdin və ya cəmiyyətin intellektual inkişafının simvollarından birinə çevrildi.
İnformasiya-kommunikasiya texnologiyalarının, konkret desək, İnternetin meydana gəlməsinə qədərki dövr üçün kitabxanaların (eləcə də kitabların) mahiyyəti və rolu fərqli olmuşdur. Belə ki, kitabxanalar maddi-texniki imkanlarından asılı olaraq insanların asudə vaxtlarını səmərəli keçirməsi, istirahət etməklə bilik əldə etməsi, əylənməsi, intellektual inkişafa xidmət edən müsabiqə, debat, yarışların keçirilməsi, sərgi və təqdimatların nümayiş etdirilməsi və s. funksiyaları da özündə ehtiva edə bilmişdir. Təbii ki, buraya kitabxanaların kifayət qədər əlavə funksiya və rollarını da əlavə edə bilərik. Məsələn, insanların sosiallaşması, kollektivləşməsi baxımından kitabxanalar çox mühüm əhəmiyətə malikdir. Həmçinin kitabxana gənclərin görüş yeri, bilik mübadiləsi və müzakirəsi üçün əlverişli məkan kimi də xarakterizə oluna bilər. Lakin müasir dövrdə cəmiyyətin yüksək inkişafı, informasiya-kommunikasiya texnologiyalarının insan həyatının bütün sahələrinə sürətlə daxil olması, qloballaşma və virtuallaşma proseslərinin getməsi və s. faktorlardan asılı olaraq kitabxanaların da strukturu, mahiyyəti və funksiyası dəyişməyə başlamışdır.
Lakin bizim burada müzakirə etmək istədiyimiz məsələ birbaşa olaraq müasir informasiya-kommunikasiya texnologiyaları şəraitində kitabxanaların rolu və funksiyasından daha çox, “möhtəşəm yaxşı məkan” məsələsi aspektindən kitabxanaların yerinin müəyyənləşdirilməsidir.
Elmi peşəkar dövriyyədə “möhtəşəm yaxşı məkan” (ingilis dilində: “Great Good Place”, rus dilində: “Velikoe xoroşee mesto”) məsələsi xeyli müddətdir müzakirə olunur. İlk dəfə bu anlayış Amerika sosioloqu Rey Oldenburq tərəfindən elmi dövriyyəyə gətirilmişdir. Onun ilk dəfə 1989-cu ildə nəşr etdirdiyi kitabının adı belə idi: “Möhtəşəm Yaxşı Məkan: Kafe, kafeteriya, ictimai yerlər, univermaqlar, barlar və onlar gün ərzində sizi necə qəbul edirlər” (“Great Good Place: Cafes, Coffee Shops, Community Centers, General Stores, Bars, Hangouts, and How They Get You through the Day”). Kitabın növbəti nəşrlərində sərlövhədə müəyyən dəyişikliklər edilsə də, müəllifin yanaşmasına görə, insanın həyatının bağlı olduğu əsas üç məkan vardır ki, bunlardan birincisi ev, ikincisi qazanc əldə edilməsi və ya istehsalat (yəni iş - A.M.), üçüncüsü isə cəmiyyətin əsasını təşkil edən hər cür ünsiyyət və münasibət sferasıdır. Müəllifin verdiyi izahlardan aydın olur ki, “üçüncü məkan” insanların sərbəst toplaşdığı, istirahət etdiyi, ünsiyyət və münasibət qurduğu, ən müxtəlif həyat və məişət problemlərini bir yana ataraq üz tutduğu kafe, klub, kitab mağazaları, bərbərxana, gözəllik salonu və s. kimi yerlərdir.
Qeyd etmək lazımdır ki, “Möhtəşəm yaxşı məkan” problemini elmi dövriyyədə gündəmə gətirən Pyotr Mixayloviç Lapodur. İxtisasca tətbiqi riyaziyyatçı olan alim 1994-cü ildən Belarus Milli Elmlər Akademiyasının Elmi kitabxanasında kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. Alim 15 il ərzində Belarus Dövlət Universitetinin Fundamental kitabxanasına rəhbərlik etmiş, 2015-ci ildən etibarən isə Qazaxıstanda (Astanada) Nazarbayev Universitetinin Elmi kitabxanasında baş ekspert kimi fəaliyyət göstərir.
Rey Oldenburqun bu yanaşmasına və ümumiyyətlə, “möhtəşəm yaxşı məkan” məsələsinə diqqət yetirən P.M.Lapo sadalanan yerlər arasında kitabxanaların xatırlanmamasına diqqət çəkir və yazır: “Kitabxananın adı “üçüncü yer” kimi xatırlanmır, təbii olaraq sual meydana çıxır: Nə üçün? Hərçənd Amerika Kitabxanalar Assosiasiyasının məlumatına görə, 2012-ci ildə ABŞ-da kütləvi kitabxanalar Makdonalds kafelərindən çoxdur (kitabxanaların sayı filialları da daxil olmaqla 16.766-dır); ABŞ-ın orta yaşlı əhalisinin 58%-nin oxucu bileti var, amerikanlar həftədə kinoteatrlardan 3 dəfə çox məktəb, kütləvi, elmi kitabxanalarda olurlar” (Lapo P.M. “Velikoye xoroşee mesto”- www.litera-ml.ru).
P.M.Lapo bütün bunları nəzərə alaraq qeyd edir ki, tamamilə məntiqi olaraq digər suallar meydana çıxır: “Kitabxananı “üçüncü yer” hesab etmək olarmı?”, “R.Oldenburqun kitabı “Möhtəşəm yaxşı məkan” adlandığı halda nə üçün kitabxanaya “üçüncü yer” mənasında baxmalıyıq? .
P.M.Laponun apardığı tədqiqatdan aydın olur ki, “möhtəşəm yaxşı məkan” ifadəsi hələ Rey Oldenburqdan xeyli əvvəl, XIX əsrin sonu XX əsrin başlanğıcında yaşamış Amerika yazıçısı Henri Ceymsin 1900-cü ildə çap olunmuş hekayələrindən birinin adı olmuşdur. Əsərin baş qəhrəmanı olan Corc Deyn adlı yazıçı obrazı elə bir yer arzulayır ki, məhz orada dincəlib, tükənmiş gücünü bərpa edə bilsin, həm də orada dostlarla, özü kimi insanlarla səmimi söhbətlər etmiş olsun. Və yuxuda bu arzusunu həyata keçirir.
P.M.Lapo qeyd edir ki, Rey Oldenburq kitabında məhz Corc Deynin yuxuda həyata keçirdiyi arzusunu reallaşdırmaq üçün vacib olan məkanlara - kafe, bar, gözəllik salonu və s. yerlərə diqqəti cəlb edir. O yerlər ki, orada insan işgüzar söhbət və ailə problemlərindən uzaqlaşaraq başqa insanlarla arzuolunan ünsiyyətdən və bu yerlərin aurasından müsbət enerji ilə yüklənir. Yəni P.M.Laponun qənaətinə görə, Rey Oldenburq məhz bu baxımdan kitabını “Möhtəşəm Yaxşı Məkan: Kafe, qəhvəxana, ictimai yerlər, univermaqlar, barlar və onlar gün ərzində sizi necə qəbul edirlər” kimi adlandırmışdır.
Lakin P.M.Lapo məqaləsində başqa bir məqama da diqqəti cəlb edir. O belə bir sual qoyur ki, bəs nə üçün hər bir insanın gündəlik həyatında olan kafe, bar və gözəllik salonu kimi adi məkanlar sonradan “möhtəşəm yaxşı məkan” və hətta “cəmiyyətin və demokratiyanın sosial mövcudluğunun ürəyi” səviyyəsinə yüksəldilir? P.M.Laponun qoyduğu bu suala verdiyi izahdan aydın olur ki, R.Oldenburq öz kitabında “üçüncü yer” məsələsi ilə bağlı qədim yunan demokratiyası dövründə aqora, amerikan inqilabı illərində taverna (aşxana, meyxana), fransız inqilabı zamanı kafe, Londonda maarifçilik epoxası zamanı qəhvəxana kimi tarixi faktları gətirməklə bu problemin ümumictimai əhəmiyyətini əsaslandırmaq və ona cəmiyyətin və dövlətin diqqətini cəlb etmək istəyirdi. O, cəmiyyətdə demokratiyanın inkişafı ilə onların (yəni həmin məkanların - A.M.) əlaqəsini nümayiş etdirir və Qərb cəmiyyətinin mühüm bir dəyərinin - hazırda humanizm və demokratiya ideyalarının davamı kimi xarakterizə olunan individualizmin qorunmasında onların əhəmiyyətini vurğulayır.
R.Oldenburq kitabının yeni nəşrində onun adını dəyişdirmiş və belə təqdim etmişdir: “Kafe, qəhvəxana, kitab mağazaları, barlar, bərbərxanalar və digər yığıncaq yerləri ictimaiyyətin ürəyində”. Bütün bu fikirləri əsas gətirərək P.Lapo qeyd edir ki, kitabxananın dövlət tərəfindən qurulduğu və maliyyələşdirildiyi üçün fərdi, şəxsi təşəbbüs kəsb etmir və müəyyən sosial funksiya daşıyır. Beləliklə də, onu (yəni kitabxananı - A.M.) müəllif tərəfindən təklif olunan üçüncü məkanların siyahısına daxil etmək və “üçüncü məkanların” “cəmiyyətdə demokratiyanın dayağı” konsepsiyasına uyğun hesab etmək düzgün görünmür.
Bütövlükdə, R.Oldenburqun “üçüncü məkan”ların cəmiyyətdə demokratik dəyər və ideyaların qorunması, inkişaf etdirilməsi ilə bağlı konsepsiyasına qarşı çıxan P.Lapo gözəllik salonu, bərbərxana, bar, kafe və s. kimi məkanların insanın dünyagörüşünün, ictimai davranışlarının formalaşmasında mühüm əhəmiyyət kəsb etmədiyini, fərdi olaraq hər kəsə fərqli təsir etdiyini qeyd edir. Müəllifin yanaşmasına görə, belə məkanlara insanlar artıq özlərinin formalaşmış baxışları, dünyagörüşləri və davranışları ilə gəlirlər. Kitab haqqında təhlillərini yekunlaşdıran P.Lapo yazır ki, əgər Rey Oldenburqun kitabında dəyərlər konteksti və “üçüncü məkanların” ictimai və siyasi həyatda totalitarizmin və iqtisadi sferada kapitalın monopolist hakimiyyətinə qarşı hədəflənmiş məqsədi olmasaydı, o kulturoloji tədqiqatların geniş ictimai diqqətini kəsb edən ciddi bir əsərdən daha çox, tarixi lətifələr toplusu ola bilərdi və bəlkə də, “Möhtəşəm yaxşı məkan”-dan daha çox “üçüncü məkan” adı onu daha uzağa apara bilərdi.
Rey Oldenburqun “üçüncü məkan” və ya “möhtəşəm yaxşı məkan” konsepsiyasının perspektivindən Azərbaycan mədəniyyəti tarixinə nəzər yetirsək, müəllifin vurğuladığı həmin məkanlar barədə müəyyən fikirlər söyləmək mümkündür.
Əvvəla, onu deyək ki, ümumtürk və Şərq-müsəlman mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyəti bugünkü vəziyyətinə uzunillik inkişaf yolu keçərək gəlib çıxmışdır. Təbii ki, bu mədəniyyətin formalaşmasında və inkişafında müxtəlif dövrlərdə cəmiyyətdə gedən çoxşaxəli proseslərin mühüm rolu olmuşdur.
Erkən Orta əsrlərdə islamlaşmış ərazilərdə bəzi sosial-siyasi hadisələr baş verdi ki, həmin hadisələrin təsiri və həm də nəticəsi olaraq bir sıra dini ehkam və yasaqlar, ya tamamilə aradan qaldırıldı, ya da xeyli dərəcədə yumşaldıldı. Belə ki, VIII-IX yüzilliklərdən başlayaraq, hakimiyyət uğrunda gedən siyasi çarpışmalarda məğlubiyyətə uğrayan bir sıra nüfuzlu İslam ideoloqları arasında bu dini dünyagörüşün bəzi müddəalarının təshihi və yeniləşdirilməsi meyilləri yarandı ki, bu da ayrı-ayrı təriqətlərin meydana gəlməsiylə nəticələndi (Kerimov Q. Alğ-Qazali i sufizm.- Baku: “GLM”, 1969.- 109 c., c.87-89).
Orta əsrlərdə Azərbaycan müxtəlif feodal imperiyalarının əsarəti altında olmuş, əvvəlcə monqolların, sonra isə Teymurilər imperiyasının işğalları baş vermişdir. Bu işğal və basqılar zəminində bir sıra üsyanlar, etirazlar meydana gəlmişdi. Belə etiraz formalarından biri də mahiyyətində müəyyən demokratik ideya və azadlıq düşüncələrini əks etdirən, insanların, savadlı və ziyalı şəxslərin topladığı təriqət və cərəyanlar idi. Nə qədər ədəbi-bədii, fəlsəfi-estetik mahiyyət kəsb etməsindən asılı olmayaraq təriqətlər müəyyən mənada, bəzən rəmzi simvolik, bəzən isə birbaşa olaraq insanın daxili-mənəvi azadlığı ideyasını təbliğ edir və yayırdı. Bu prizmadan baxdıqda, orta əsrlər Azərbaycan mədəniyyətinin formalaşması və inkişafında mühüm rol oynayan təriqət və cərəyanların - ideya, fikir, əqidə generatorlarının cəmiyyətin ideoloji əsaslarının təşkil olunmasındakı rolunu görmək mümkündür. Məsələn, sufi-dərvişlər təkkə ocağında cəmləşərək, öz ayin, mərasim və ideyalarını icra və təbliğ edirdilər.
Və ya XIV əsrdə Azərbaycan ərazisində yaranan, daha sonra bir sıra ərazilərə də yayılan hürufilik təriqətinin mahiyyətində, əslində yadellilərə, zülm və əsarətə qarşı mübarizə, insan azadlığı və hüquqlarının əldə olunmasına çağırış idi. Bunu isə, Rey Oldenburqun vurğuladığı fransız və amerikan inqilabının, eləcə də ingilis maarifçiliyinin meydana gəlməsində mühüm rol oynayan kafe, qəhvəxana, meyxana kimi “üçüncü məkanlar”la müqayisə etmək mümkündür.
Bundan əlavə, əgər biz Azərbaycan folklor nümunələrinə, xüsusən nağıl və dastan süjetlərinə baxsaq görərik ki, burada insanların toplaşdığı, biri-biri ilə ünsiyyətə girdiyi, fikir mübadiləsi etdiyi məkanlardan biri də çayxanalar, aşxana, hamam və karvansaraylardır.
Bütün bu faktlar onu deməyə əsas verir ki, Rey Oldenburqun qeyd etdiyi xüsusi məkanlar, Azərbaycan mədəniyyətində də aktiv məkanlar kimi xüsusi əhəmiyyət kəsb etmiş, cəmiyyətin və ayrı-ayrı insan qruplarının toplaşdığı, cəmləşdiyi yerlər kimi yaddaşlarda əks olunmuşdur.
Çağdaş dövrümüzdə virtual texnologiyaların geniş tətbiq olunması, elektron informasiya resurslarına tələbatın artması kitabxana işini və kitabxanaçılıq peşəsini yeni bir mərhələyə transformasiya etmişdir. P.Laponun da vurğuladığı kimi, “kitabxanalar saxlanc yeri”-ndən “informasiyanın əldə olunma nöqtəsi”nə çevrilmişdir ki, bu da kitabxanaya müraciət edən şəxsin “oxucu”dan informasiya “istifadəçi”sinə çevrilməsinə gətirib çıxarmışdır.
Təbii ki, belə bir şəraitdə bir tərəfdən kitabxanaların üzərinə düşən vəzifələr, digər tərəfdən də kitabxanaların funksional mahiyyəti, fəlsəfi əhəmiyyəti dəyişir. Artıq kitabxanalar insanların intellektual inkişafına xidmət edən, onun informasiya ehtiyaclarını ödəyən, başqa sözlə desək, informasiya təhlükəsizliyini təmin edən yeni məkan kimi xarakterizə olunmalıdır.

Arzu MƏMMƏDOVA,
Azərbaycan Dövlət İqtisad Universitetinin baş biblioqrafı
 

yuxarı ⤴