|
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki
“Tərəqqi” texniki-humanitar liseyində Xocalı faciəsinin 25-ci ildönümünə
həsr olunmuş “Tarixin bir günü, ya bir günün tarixi” mövzusunda ədəbi-bədii
anım tədbiri keçirilib. Dövlət himninin ifası ilə başlayan tədbirdə öncə
Xocalı qətliamında və azadlıq uğrunda mübarizələrdə həlak olan vətən oğul və
qızlarının xatirəsi bir dəqiqəlik sükütla anılıb. Sonra aparıcılar Ləman və
Fidan tədbiri açıb, “Bayatı Şiraz” muğamının sədaları altında bayatılar
söyləyiblər.
Tədbirin iştirakçısı olan müəllimlər, valideynlər və şagirdlər daha sonra
“Mən Xocalıyam” adlı kompozisiyanı dinləyiblər. Liseyin Azərbaycan və rus
bölmələrindən olan istedadlı şagirdlərinin təqdim etdikləri ədəbi-bədii
kompozisiya iştirakçılarda kövrək anlar yaşadıb. Şagirdlərdən Fuad, Kənan,
Adəm, Bəybala, Elmira, Nigar, Alina və başqaları Xocalı faciəsi haqqında
danışıb, soyqırımı zamanı ermənilərin törətdikləri vəhşilikləri sübut edən
faktları dilə gətiriblər. Məktəblilərdən Selcan, Günel, Nigar, Vüsal, Vəfa,
Sürəyya, Zəhra, Fatimə, Fidan, Ayna, Dəniz və b. Xocalı hadisələrinə həsr
olunmuş “O gecə”, “O qızın göz yaşları”, “Laylay, Xocalım, laylay”, “Ağlama,
ana, ağlama”, “Xocalı harayı” şeirlərini söyləyiblər.
Tədbir boyu Xocalı dəhşətlərini əks etdirən videomaterial və bu soyqırımın
dünya dövlətləri tərəfindən tanınmasına həsr edilmiş slaydlar nümayiş
olunub. Sonra aparıcılar Xocalı soyqırımının həmişə xalqımızın yaddaşında
matəm rəmzi kimi qalacağını, Heydər Əliyev Fondunun xəttilə həyata keçirilən
“Xocalıya ədalət!” kampaniyasının nəticəsi olaraq getdikcə daha çox dövlətin
bu faciəni soyqırım kimi tanıdığını bildiriblər. Qeyd olunub ki, ölkə
Prezidenti İlham Əliyevin sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndində başlanmış bərpa işləri və soydaşlarımızın öz
yurd-yuvalarına dönməsi xalqımızda işğal olunmuş torpaqlarımızın tezliklə
qaytarılacağına böyük ümidlər doğurub.
Sonda “Xocalı” filmindən mahnı səsləndirilib.
Sevda YARMETOVA,
“Tərəqqi” texniki-humanitar liseyinin tarix müəllimi
|