1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


12 illik ümumi təhsilə keçidlə bağlı məsələ müzakirə olunub
12.03.2016/№10


Martın 9-da Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı zəruri məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Təhsil Nazirliyinin bir sıra şöbə və sektorlarının, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin və əməkdaşlarının, paytaxtın sayılıb-seçilən ümumtəhsil məktəblərinin direktorlarının iştirak etdiyi iclası nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov açaraq müzakirə olunan məsələnin zəruriliyi və əhəmiyyətini vurğulayıb, iclasın keçirilmə formatı haqqında məlumat verib.

12 illik ümumi təhsilə keçidin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında öz əksini tapdığını deyən F.Qədirov bununla bağlı Təhsil Nazirliyində müşavirə keçirildiyini, müşavirədə cənab nazirin bu məsələnin həlli ilə bağlı bir sıra tapşırıqlar verdiyini, əsas tapşırıqlardan birinin isə Bakı şəhərində və regionlarda təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu məsələnin müzakirəsinin təşkili ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, bu silsilədən ilk tədbir olan iclasda da əsas məqsəd məhz tətbiqi haqqında siyasi qərarın artıq verildiyi 12 illik ümumi təhsilə keçidin bir sıra zəruri məsələlərini, xüsusən də keçidin necə olması, ondan gözlənilən nəticələr, ümumi təhsilin səviyyələrinin müddəti, ibtidai təhsilin müddətinin uzadılmasının yarada biləcəyi çətinliklər, məzmun standartları və kurikulumlarda hansı dəyişikliklərin olması, təmayülləşmənin nə vaxtdan başlaması və necə olması və s. kimi məsələləri müzakirə etməkdir.

Fərzəli Qədirov onu da diqqətə çatdırıb ki, nazirlik sadəcə olaraq hər hansı bir ölkənin təcrübəsinə baxıb onu bir model kimi götürmək fikrini müdafiə etmir. Əsas məsələ xarici təcrübəni öyrənərək Azərbaycan üçün məqbul olan, həm də indiyə qədər əldə olunmuş təhsil təcrübəsini nəzərə alan, gələcək inkişafımızı şərtləndirən, dünya birliyində layiqli yer tutmağa, rəqabətqabiliyyətli təhsil sistemi formalaşdırmağa qadir olan bir ümumi təhsil modeli yaratmaqdır. Bununla bağlı müzakirə edilməli məsələnin çox olduğunu, onları əhatə edən 30-a yaxın sual tərtib edilib iclas iştirakçılarına göndərildiyini deyən F.Qədirov onları həmin məsələlərə öz münasibətlərini bildirməyə, təkliflər irəli sürməyə dəvət edib, verilən təkliflərin Təhsil Nazirliyi rəhbərliyinə təqdim olunacağını diqqətə çatdırıb.

Sonra nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov 12 illik təhsilə keçid üçün nazirliyin mövqeyini əks etdirən təqdimatla çıxış edib. Aydın Əhmədov 12 illik təhsilə keçid məsələsinin uzun illər təhsil ictimaiyyəti arasında polemika mövzusu olduğunu, nəhayət, onun ölkə Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş təhsilin inkişafı üzrə Dövlət Strategiyasında əsas strateji hədəflərdən biri kimi qeyd olunması ilə bu müzakirələrə son qoyulduğunu bildirib. Qeyd edib ki, 12 illik müddəti əhatə edən təhsil səviyyələri və onların arasındakı nisbətin, hər səviyyə üzrə öyrəniləcək fənlərin, onların məzmununun müəyyənləşdirilməsi hazırda qarşıda duran mühüm vəzifələrdir. 12 illik təhsilin təkcə mövcud 11 illik təhsilə bir ilin əlavə olunması kimi başa düşülməsinin düzgün olmadığını deyən Aydın Əhmədov onun mahiyyət baxımından tamamilə fərqli bir yanaşma tələb etdiyini, bu mənada ictimai rəyin, təhsil sahəsində çalışan peşəkar mütəxəssislərin fikirlərinin öyrənilməsi və nəzərə alınmasına ehtiyac duyulduğunu söyləyib və belə müzakirənin ölkənin şəhər və rayonlarında da keçiriləcəyini diqqətə çatdırıb.

Sonra şöbə müdiri 12 illik təhsilin əhəmiyyəti barədə danışaraq bildirib ki, yeni təhsil sisteminə keçid ölkədə ümumi təhsilin müddətinin mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına, məzmununun XXI əsrin tələbləri və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilməsinə, ayrı-ayrı səviyyələrində tədris olunan fənlərin dəqiqləşdirilməsinə, şagirdlərin meyil və maraqları nəzərə alınmaqla təhsilin müvafiq təmayüllər üzrə təşkilinə, səviyyələr üzrə ayrı-ayrı fənlərin tədris yükünün optimal bölüşdürülməsi ilə şagirdlərin sağlamlığının mühafizəsinə şərait yaradılmasına, təhsilin keyfiyyət göstəricilərində müsbət dəyişikliklərə nail olunmasına, təhsil proqramlarının hamı üçün əlçatan olmasının təmin edilməsi ilə şagirdlərin təlimə marağının artmasına imkan verəcək.

Təqdimatında dünya təcrübəsində 12 illik təhsil məsələsinə də toxunan A.Əhmədov rəsmi məlumatlara görə, hazırda dünyanın 197 ölkəsindən 173-də 12 illik ümumi təhsil sisteminin tətbiq olunduğunu, 125 ölkədə ibtidai təhsil səviyyəsinin 6 il olduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb, nə üçün ibtidai təhsilə daha çox müddət ayrılması ilə bağlı fikirlərini bölüşüb. Təqdimatçı ibtidai təhsilə daha çox önəm verilməsini ona dünya təcrübəsində çox müddət ayrılması, uşağın məktəbə, təlimə, müəllimə, birgə işə tam uyğunlaşmasının məhz ibtidai təhsildə həyata keçirilməsi, onun ümumi təhsilin bünövrəsi hesab olunması, uşaqlarda zəruri həyati bacarıqların formalaşdırılmasının məhz bu dövrdə reallaşdığı ilə əlaqələndirib.

Aydın müəllim daha sonra iclas iştirakçılarını 12 illik təhsildə təhsil səviyyələrinin təklif olunan variantları ilə tanış edib. Qeyd edək ki, 7 variantda hazırlanmış həmin təkliflərin I variantında 1 il məktəbəhazırlığa, 4 il ibtidai təhsilə, 5 il ümumi, 2 il isə tam orta təhsilə verilməsi nəzərdə tutulur. Sonrakı variantlarda bölgü 1+5+4+2 (II variant); 1+4+4+3 (III variant); 6+3+3 (IV variant); 5+4+3 (V variant); 5+5+2 (VI variant); 6+4+2 (VII variant) kimi təklif olunur.

Aydın Əhmədov təqdimatının sonunda iclas iştirakçılarına çıxışlarında bu variantlardan hansını məqbul hesab etmələri barədə fikirlərini bildirməyi də xahiş edib.

İclasda çıxış edən Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bir müddət öncə tədris ilinin 2 həftə artırılmasının ictimaiyyətdə birmənalı olaraq müsbət rəy yaratmadığını xatırladaraq təhsil müddətinin 1 il artırması üzərində daha diqqətlə düşünməyi, 12 illik təhsilə keçiddə hədəflərimizin nə olduğunu, onun bizə nə verəcəyinin ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, bununla bağlı qardaş Türkiyənin, Polşanın 12 illik təhsilə keçid təcrübəsindən misallar gətirib.

E.Əmrullayev habelə 12 illik təhsilə keçiddə hədəflərin düzgün müəyyənləşdirilməsi, onun iqtisadiyyatımıza, əmək bazarında beynəlxalq rəqabətə davamlı işçi qüvvəsinin yaranmasına hansı formada təsir edəcəyi üzərində də düşünmək lazım gəldiyini əsas məsələlərdən biri kimi qeyd edib. Bildirib ki, ictimaiyyətə daha aydın olması, onun tərəfindən daha anlaşıqlı qarşılanması üçün 12 illik ümumi təhsilə keçidlə bağlı aparılan təbliğat, maarifləndirmə işi keçidin daha konkret hədəfləri ilə müşayiət olunmalıdır. Bu məqsədlə ibtidai təhsilə sərf olunan resursun, zamanın artırılmasını hədəf kimi götürmək olar.

E.Əmrullayev habelə regionlarla paytaxt arasında olan fərqin aradan qaldırılması və ya peşə təhsilinə keçidlə bağlı müəyyən məsələlərdə bu fəaliyyətdən istifadə olunması kimi məqsədlərin də əsas götürülməsini və bu yollarla ictimaiyyəti 12 illik təhsilə keçidin zəruriliyinə inandırmağın mümkün olduğunu söyləyib.

Sonra mövzu ətrafında müzakirələr olub. Müzakirələrdə Bakı şəhər 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev, Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, 160 nömrəli klassik gimnaziyanın direktoru Faina Ələkbərova, 193 nömrəli tam orta məktəbin direktoru Rahim Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, Bakı şəhər 70 nömrəli məktəb-liseyin direktoru Nazim Qasımov, Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Təhsil Problemləri İnstitutunun şöbə müdiri Elxan Bəylərov, Təhsil Nazirliyi Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov, Bakı şəhər 19 nömrəli tam orta məktəbin direktoru Akif Əliyev, Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin keyfiyyətin təminatı sektorunun müdiri Almaz Əsgərova, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova, akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Bakı şəhər 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanova, Təhsil Problemləri İnstitutunun direktor müavini Faiq Şahbazlı çıxış edərək müzakirə olunan məsələyə, bu məqsədlə onlara təqdim edilmiş suallara münasibət bildirib, təkliflər irəli sürüblər.

Çıxışlarda məktəbəhazırlığın ayrıca səviyyə kimi götürülməsi məqbul sayılıb, onun icbari olması, hazırda Bakı məktəblərində tətbiq olunan məktəbəhazırlıq sisteminin daha da genişləndirilməsi, 12 illik ümumi təhsilin 5+5+2, 1+4+5+2, 5+4+3, 1+5+4+2, 6+4+2 modellərinin ölkəmiz üçün daha məqbul olması, ibtidai təhsil səviyyəsinin məktəbəhazırlıq da daxil olmaqla 6 il olması, ibtidai siniflərdə bir müəllimin deyil, daha çox müəllimin dərs aparmalı olması, ibtidai təhsilin səviyyəsi 6 illik qəbul edilərsə onun bəzi ölkələrdə olduğu kimi 3+3 formasında 2 pillədən ibarət olması, təhsil səviyyələrinin müddətini müəyyənləşdirmək üçün müəyyən tədqiqatlar, araşdırmalar aparılması, sorğular keçirilməsi, təhsil səviyyələri üzrə fənlər müəyyənləşdirilərkən inteqrasiyaya xüsusi yer verilməsi, daha çox ibtidai təhsil səviyyəsi üzrə inteqrativ fənlər yaradılması, kurikulumun tələblərinə cavab verən müəllimlərin hazırlığına xüsusi diqqət yetirilməsi, tam orta təhsil səviyyəsinin müddətinin 2 il müəyyənləşdirildiyi halda təmayülləşməyə ümumi orta təhsilin son sinfindən (IX sinifdən) başlanması, repetitorluğun qarşısının alınması üçün tam orta təhsil səviyyəsinin müddətinin 3 il olması, az şagirdi olan məktəblərdə, xüsusən də bölgələrdə təmayülləşmənin məktəblər arasında təşkili, dərs yükünün azaldılması, gündə 8 saatlıq dərsdən imtina edilməsi, struktur məsələsi dəqiqləşdirildikdən sonra valideynlər arasında maarifləndirmə işlərinin aparılması, məzmunun yüngülləşdirilməsi, 12 illik təhsilin öncə pilot layihə şəklində tətbiq edilməsi və onun nəticələrinin nəzərə alınması, təhsil səviyyələrinin müddətindən çox məzmununa diqqət yetirilməsi, tam orta təhsil səviyyəsində peşəyönümü və peşə təhsilinin nəzərdə tutulması, XI-XII siniflərin ali təhsilə keçidinin təmin edilməsi, yeni sistemə keçidlə bağlı iqtisadi, hüquqi, tibbi məsələlərin araşdırılması üçün işçi qruplarının yaradılması, məktəbəhazırlıq icbari olacağı təqdirdə təhsilə 5 yaşdan başlanılması, təhsil səviyyələri müddətinin müəyyənləşməsində şagirdlərin yaş və fizioloji xüsusiyyətlərinin nəzərə alınması və s. kimi təkliflər səsləndirilib.

İclası yekunlaşdıran Fərzəli Qədirov iştirakçılara təşəkkür edib, kimin müzakirə olunan məsələ ilə bağlı təklifi olarsa əsaslandırılmış şəkildə yazıb təqdim etməsini xahiş edib.

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴