1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
AzMİU-da tətbiq olunan diferensial əməkhaqqı sistemi müəllimlər arasında rəqabəti gücləndirib
18.03.2017 / No10

 
 

 

 


Ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafı tələblərinə cavab verməsi üçün yeni addımların atılması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması zərurəti yaranır. Təhsil ekspertləri təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulmasını, bu sahədə insan resurslarının inkişaf etdirilməsini və müəllim peşəsinin nüfuzunun artırılmasını önə çəkirlər.
Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biri olan elmin və təhsilin inkişafı istiqamətində son illər mühüm addımlar atılır. Dövlət başçısının “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etməsi təhsildə prioritet istiqamətləri müəyyənləşdirdi. Eyni zamanda bu qərar respublikanın ali təhsil müəssisələrinə stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi yönümündə islahatların aparılmasına istiqamət verdi.
Azərbaycan Memarlıq və İnşaat Universitetində 2015-ci ildən tətbiq edilən “Daxili qiymətləndirmə” layihəsi birbaşa bu prinsiplərə xidmət edir. Qiymətləndirmə sistemində təhsilverənin ilboyu pedaqoji, elmi-metodik işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapır. Layihənin əsas vəzifəsi mütəxəssislərin hazırlıq keyfiyyətini yüksəltmək və universitetin inkişaf prioritetlərinə müəllimlərin diqqətini cəlb edərək, onların potensialının bu istiqamətlərdə daha dolğun reallaşdırılmasının motivasiyasıdır. Eyni zamanda, bu layihədə iştirak hüququ qazanan müəllimlərə diferensial əməkhaqqı verməklə stimullaşdırıcı mexanizmləri təkmilləşdirmək və universitetdə sağlam rəqabəti formalaşdırmaq qarşıya məqsəd qoyulub.
Azərbaycan Memarlıq və İnşaat Universitetində rektor Gülçöhrə Məmmədovanın əmri ilə daxili qiymətləndirmə layihəsini həyata keçirən Daxili Qiymətləndirmə Komissiyası fəaliyyət göstərir. Daxili Qiymətləndirmə Komissiyasının tətbiq etdiyi diferensial əməkhaqqı sistemi AzMİU-da tam ştatda çalışan professor-müəllim heyətini əhatə edir. Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələrinə əsaslanaraq onların vəzifə maaşlarına hər tədris ilinin əvvəlində müəyyən edilən əmsallar üzrə əlavələrin olunması nəzərdə tutulur.
Müəllimin kateqoriyası özü tərəfindən doldurulmuş attestasiya vərəqəsinin konkret göstəricilərinə və rəhbərlik tərəfindən verilən ballara uyğun olaraq müəyyənləşdirilir. Layihə çərçivəsində cari tədris ili üçün namizədlərdən 21 müəllim seçilib. Seçilmiş müəllimlərdən 4 nəfər A kateqoriyası, 17-si isə B kateqoriyası üzrə qiymətləndirilib. A kateqoriyası üzrə qiymətləndirilmiş müəllimlərin əməkhaqlarına il boyu 120 AZN, B kateqoriyası üzrə qiymətləndirilmiş müəllimlərin əməkhaqlarına isə il boyu 100 AZN məbləğində əlavələr ediləcək.
Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki fəaliyyətinin üç əsas istiqaməti nəzərə alınmaqla həyata keçirilir: elmi fəaliyyətlər (40%), tədris fəaliyyətləri (40%) və özünüinkişaf fəaliyyətləri (20%). Elmi fəaliyyət dedikdə, müəllimlərin elmi nəşrləri, xarici ölkələrdə nəşr olunan elmi məqalələrinin sayı nəzərdə tutulur. Bütün bu göstəricilər pedaqoji heyətin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı da nəzərə alına bilər.
AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova sistemin tətbiqindən sonra professor-müəllim heyəti arasında elmi rəqabətin gücləndiyini və dünyanın nüfuzlu elmi jurnallarında dərc olunan məqalələrinin sayında artımın müşahidə olunduğunu vurğulayıb. O qeyd edib ki, bu rəqabət dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters”in ali təhsil müəssisələri üçün qlobal elmi bazası olan “Web of Science”a daxil olan elmi nəşrlərin sayında da özünü göstərir.
Məlumat üçün onu da qeyd edək ki, təhsil xidmətinin keyfiyyətinin təkmilləşməsinə və rəqabətyönümlü mühitin yaranmasına müsbət təsiri nəzərə alınan Daxili qiymətləndirmə layihəsinin növbəti illərdə də tətbiqi planlaşdırılır.

Mətbuat xidməti
 

yuxarı ⤴