1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Təhsil müəssisələrində Novruz bayramı qeyd olunub
18.03.2017 / No10

 
 

 

 


Bakı Dövlət Universitetində

Bakı Dövlət Universitetində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov bayram münasibəti ilə universitetin müəllim-tələbə heyətini təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini qeyd edib. Ulu öndər Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları, Prezident İlham Əliyevin hər il Novruz şənliklərində iştirak etməsi, xalqımıza təbrik ünvanlaması diqqətə çatdırılıb.
Daha sonra filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təqdimatında yeddi regionda - Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Lənkəranda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib, dərnəyin üzvləri, Asəf Zeynallı adına musiqi kollecinin tələbələrinin təqdimatında muğam ifa edilib.
Tədbir Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin çıxışı ilə davam edib.

Bakı Mühəndislik Universitetində

Bakı Mühəndislik Universitetində xalqımızın milli bayramı olan Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Universitetin həyətində təşkil olunmuş tədbirdə Novruz bayramına aid milli mətbəx, milli oyunlar və adət-ənənələr nümayiş olunub. Şənliyə qatılan universitetin rektoru, professor Havar Məmmədov bayram münasibətilə müəllim və tələbələri təbrik edib, milli-mənəvi dəyərlərimizdən və onlar içərisində Novruzun xüsusi yeri olmasından danışıb. Novruz tonqalını alışdıran professor gənclərin milli ruhda böyüməsi üçün milli adət-ənənələrimizi öyrənmələrini və yaşatmalarını tövsiyə edib.
Qeyd edək ki, universitetdə alimlər tərəfindən tələbələr üçün “Novruz bayramının qaynaqları və mənəvi dəyərləri” mövzusunda seminar keçirilib.
Şənlik Novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib.

Bakı Slavyan Universitetində

Martın 14-də Bakı Slavyan Universitetində (BSU) Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib. Yazın gəlişini xüsusi qarşılayan universitet kollektivi torpaq - ilaxır çərşənbəsini də yüksək ab-hava ilə qeyd edib. Belə ki, bayramla əlaqədar BSU-nun foyesində fakültələr arasında “Xonça” müsabiqəsi keçirilib. Universitetin rektoru, professor Nurlana Əliyeva və prorektorlar tələbələr tərəfindən hazırlanmış xonçalara qiymət verib, hazırladıqları təamlardan dadıb, onlarla yumurta döyüşdürüblər. Bayram tədbirini giriş sözü ilə açan rektor, professor Nurlana Əliyeva Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışıb.
Sonda rektor bayram münasibətilə hər kəsi təbrik edib, sağlam can, bol ruzi, firavanlıq arzulayıb. Tədbir konsert proqramı ilə davam edib. Bayram tədbirində “Xonça” müsabiqəsinin qalibləri professor Nurlana Əliyeva tərəfindən mükafatlandırılıb.

Azərbaycan Texniki Universitetində

Martın 14-də Azərbaycan Texniki Universitetində təntənəli şəkildə ilaxır çərşənbə ilə əlaqədar şənlik keçirilib.
Şənliyi giriş sözü ilə açan universitetin rektor əvəzi Xalıq Yahudov professor-müəllim heyətini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib, ölkədə mühəndis kadrların inkişafından söz açaraq tələbələrə gələcəkdə daha yüksək pillələrdə olmalarını arzulayıb. Təbrik çıxışından sonra Xalıq Yahudov universitetin həyətində Novruz tonqalını alovlandırıb.
Şənlikdə AzTU-nun yaradıcı tələbələri müxtəlif nömrələr nümayiş etdirərək mahnı oxuyub, rəqs ediblər. Kosa, Keçəl, Bahar qızı obrazında şənliyə xoş ovqat gətirən tələbələr universitetin həyətində əsl Novruz ab-havası yaradıblar.
Şənlik AzTU-da təhsil alan xarici tələbələrin böyük marağına səbəb olub. Universitetin nigeriyalı II kurs tələbəsi adət-ənənəyə uyğun olaraq 3 dəfə Novruz tonqalının üzərindən hoppanıb.

Azərbaycan Dövlət İqtisad Universitetində

UNEC tələbələri Novruz bayramı münasibəti ilə Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən “Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nı ziyarət ediblər. Universitetin tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova UNEC rəhbərliyi adından pansionat sakinlərini təbrik edib. Novruz bayramının qədim tarixindən, ənənələrindən danışıb, xalqımızın bu el şənliyini daim qeyd etməsindən söhbət açıb.
UNEC-də fəaliyyət göstərən “Əlilliyi olan tələbələr üçün mərkəz” barədə məlumat verən S.Qəndilova universitetdə bu kateqoriayadan olan gənclərə xüsusi diqqətin olduğunu bildirib, onların cəmiyyətə adaptasiyası sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, bu məqsədlə mərkəz tərəfindən görülən tədbirlərdən danışıb.
İqtisad Universitetinin professor-müəllim heyətinin də qatıldığı Novruz şənliyində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri mahnılar oxuyub, şeirlər səsləndiriblər.
 
Bakı şəhəri 204 nömrəli tam orta məktəbdə

Martın 15-də Bakı şəhəri 204 nömrəli tam orta məktəbdə xalqımızın əziz bayramı Novruza həsr olunmuş “Ətirli Novruz” adlı ingilis dilində ədəbi-bədii tədbir keçirilib. Məktəbin VII “d” sinfinin təşkil etdiyi tədbiri giriş sözü ilə açan direktor Ziba Rzayeva qonaqları və tədbirin digər iştirakçılarını salamlayıb və bayram münasibəti ilə onları təbrik edib. Novruz bayramının xalqımızın həyatındakı rolundan danışan direktor bildirib ki, hər gəlişi ilə yeni, sevimli olan bu müqəddəs bayramımız xalqımızın milli sərvətidir. Bu günlər qədim Odlar Yurdunun bütün bölgələrində Novruz böyük təntənə ilə qeyd edilir, hər addımda bayram əhvali-ruhiyyəsi hiss olunur.
Tədbirdə milli paltarlar geyinmiş şagirdlər Novruz bayramı və bahar fəslini tərənnüm edən şeirlər söyləyiblər. Novruz haqqında ifa olunan mahnıların sədaları altında rəqslər ifa olunub, bayram atributları olan Kosa, Keçəl, Bahar qızın iştirakı ilə səhnəciklər göstərilib.
Sonra şagirdlər arasında ingilis dilində intellektual oyun keçirilib.
Ədəbi-bədii tədbirin sonunda qonaqlar söz alaraq məktəb kollektivini Novruz bayramı münasibətilə təbrik edib, maraqlı çıxışlarına görə məktəblilərə təşəkkürlərini çatdırıblar. Qeyd olunub ki, varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradaraq əsrlər boyu yaşadıb, nəsillərdən-nəsillərə ötürüb.

Yusif ƏLİYEV, “Azərbaycan müəllimi”

Novruz mərasimində Kosa və Keçəlin unudulmuş arxaik funksiyaları

Son dövrlərdə bəzi KİV və TV kanallarında ilaxır çərşənbə və Novruz bayramı günlərində baharın gəlişi münasibətilə oynanılan qışın ölümü və yazın gəlişini, təbiətin oyanışını şən bir biçimdə canlandıran “Kosa-kosa” meydan tamaşasının qəhrəmanları Kosa və Keçəl obrazları, onların funksiyaları haqqında düzgün olmayan fikirlər səslənir. Bəzən isə bu obrazların tamamilə bahar bayramının əsas atribut və simvolları sırasından çıxarılması təklifi də verilir. Fikrimizcə, bu cür yanlış fikir və təkliflərin səslənməsi kosa və keçəlin daşıdığı funksiyaların dərk edilməməsi ilə bağlıdır.
Dini-mifoloji, arxaik mifopoetik ənənədə Novruz bayramı sakral sferaya maksimum dərəcədə bağlılığı ilə seçilən zaman kəsimidir. Arxaik ritual semantikası və dəyəri ilə seçilən bayram zamanının başlıca əlaməti onun sakrallığıdır. Bir sıra bayramlar görünüşdə dini məzmun daşımasalar belə, mənşə etibarilə sakral-dini olandan gəlməkdədir. Bayram öz strukturu ilə kosmosun xaosdan əmələ gəldiyi situasiyanın sərhədlərini müəyyən edir. Sakral zamanlarda keçirilən bayramlarda ilkin çağa qayıdılaraq mifik zamanın yenidən canlandırıldığı düşünülmüşdür. Novruz bayramı ilə bağlı ilk bayram gecəsi hər şeyin bir anlığa dayandığına dair inanc köhnə zamanın-xaosun bitib, yeni zamanın “başlanğıcı” olan zamanı - kosmosun yaranmasını mənalandırır. Həmin “başlanğıc”da - xaosdan kosmosun yaradılışı anında olan situasiyadır ki, bayram vaxtı bir daha təkrarlanaraq aktuallaşır (Bəydili C. (Məmmədov). Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003).
Novruz bayramının ab-havası daxili sərbəstlik və azadlığın sayəsində yaranır. Bayram zamanı kəskin şəkildə birlik və sosial həmrəylik hissləri yaranır, emosional gərginlik aradan götürülür. Novruz xalq kütlələri tərəfindən “idealdan doğan” bayram kimi keçirilir. Ciddilik tanımayan xalq bayramı gülüş üstündə bərqərar olur. Gülüşü doğum və həyat mənbəyi sayan xalq komik folklor nümunələrinin məzmununu da məhz həmin baxış üzərində qurur.
Xalq gülüşünün “hamı gülür və hamıya gülürlər” xüsusiyyəti karnavalla əlaqəlidir. Karnaval üçün səciyyəvi sayılan bu gülüş tipini Novruz mərasim şənliklərində də görmək olar. Novruz bayram şənliklərində “Kosa-kosa” kimi meydan tamaşaları səhnədə deyil, küçə və meydanlarda oynanılır. Meydan tamaşalarının bu xüsusiyyətinə diqqət yetirən Ə.Sultanlı yazırdı: “Meydança həm səhnə, həm də amfiteatr idi, hətta burada səhnəni andıracaq xüsusi tikiliş və yaxud bir hissə yox idi... Əhali həqiqi mənada passiv tamaşaçı deyildi, bəlkə tamaşanın bütün gedişində iştirak edirdi. Başqa sözlə, oyunbaz ilə tamaşaçı arasında rəsmi bir hüdud yox idi. Oyunbaz tamaşaçılara sual verir və cavab tələb edirdi, oyunun məzmunca inkişafı bu cavablardan asılı idi. Onsuz da tamaşanın əsas məzmununu qabaqcadan bilən əhali oyunbazın sualına arzu edilən cavabı verirdi. Beləliklə, tamaşa daha canlı, daha həyati, daha real bir şəkil alırdı”. Novruz bayram şənliklərində keçirilən meydan tamaşalarında hamı ifaçı və tamaşaçıya çevrilir, hamı deyib-gülür, zarafatlaşır və oynayır.
Qışın ölümü və yazın gəlişini gülməli şəkildə canlandıran “Kosa-kosa” meydan tamaşasında cəmiyyətin bütün sosial təbəqələri tənqid hədəfinə çevrilirdi. Özlərini tənqid hədəfləri sıralarından ayırmayan Kosa və Keçəl başlarına gələn əhvalatları danışdıqca öz eyiblərini açır, tamaşanı seyr edən izləyiciləri özünün “səfeh” hərəkətlərinə güldürürdü. Fikrimizcə, köhnə ilin tamam olub yeni ilin başlanması zamanı oynanılan “Kosa-kosa” tamaşası təbiətə təsir göstərmək, torpağı barlı-bərəkətli, məhsuldar etmək məqsədi güdür. Folklorda ritual gülüş həyatvericiliyi, doğuluşu rəmzləndirir.
“Kosa-kosa” mərasimi və bu mərasimdəki Kosa obrazı təbiətin təzələnməsi və ölüb-dirilmə mifologemi çevrəsində təşəkkül tapır. Çoxvariantlı tamaşa olan “Kosa-kosa” ayrı-ayrı bölgələrimizdə şəraitə uyğun olaraq göstərilir. Bir nəfər zirək, hazırcavab və rəqs eləməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirər, üzünə kağızdan düzəldilmiş üzlük taxar, başına uzun şiş papaq qoyar, belinə zınqrovlu kəmər bağlayar, boynundan da zınqrov asardılar. Tədqiqatçılar haqlı olaraq Kosanın geyimində, qurşağa və boynuna düzdüyü zınqrovlarda, başa geydiyi şiş papaqda və s.-də qam-şaman geyiminin rəmzlərini görmüşlər. İnanca görə, kosa birinci dəfə kimin həyətinə girsəymiş, həmin il o evin içinə, həyət-bacasına xeyir-bərəkət gəlirmiş. Ona görə də evlərə gələn Kosa oyunçularına ev sahibləri çörəkdən, yağdan-undan, puldan-paradan hədiyyə edərdi. Beləcə, oyunçular kəndin bütün evlərini bir-bir gəzərdilər. Bütün kənd camaatı buna sevinər, deyər-gülərdi. Kosanın burada icra etdiyi funksiya ilə ibtidai çağ mərasimlərindəki sehrkar, ovsunçu və ya din xadiminin yerinə yetirdiyi funksiyalar arasında bir uyğunluq vardır (Bəydili C. (Məmmədov). Türk mifoloji obrazlar sistemi: Struktur və funksiya (monoqrafiya). Bakı, “Mütərcim”, 2007).
Kosanın birinci gəldiyi evə xeyir-bərəkət gətirməsi əslində onun bolluq, artım, məhsuldarlıqla bağlı mifoloji təsəvvürlərdən qaynaqlandığını göstərir.
Azərbaycan xalq teatrı tarixinə dair araşdırmalarda artım ideyası ilə bağlılıqda bu mərasim tamaşası ilə əlaqəli qiymətli etnoqrafik detala rast gəlinir; xalq arasında yaşamaqda olan əqidəyə görə, guya uşağı olmayan bir kəs Kosa rolunda çıxış etsəymiş, onun oğlu olarmış (Allahverdiyev M.Q. Azərbaycan xalq teatrı. Bakı: Maarif, 1978). Bu etiqad mifoloji simvolikasına görə Umaya tapınanın oğlu olacağı əski inamı ilə səsləşir. Kosanı oynayanın bəxtinin açılacağı inamı da artım ideyasından gələn eyni bir kökə bağlıdır. Gülməli sözlər deyə-deyə meydan dolaşan Kosanın zarafatlar eləməsi, tamaşanı seyr edənlərin gülüb uğunması belə artım ideyası ilə əlaqədardır. Mifoloji ənənədə hər yeni həyat nişanı gülüş motivi ilə müşayiət olunur. Deməli, buradakı gülüş ritual məna daşıyır.
Kosanın kürkü tərsinə geyməsi, eybəcər və çirkin olması və s. gülüş doğurmaq üçün uydurulan zahiri qüsur deyil, əksinə onun sakral dünyaya məxsusluğundan xəbər verir.
Əski bayramlardan qalma və elliklə oynanılan bütün kütləvi tamaşa və oyunlar dirilik, bolluq və bərəkəti rəmzləndirir. Simvolik olaraq Kosa adı ilə bağlanan tamaşa və oyunlar köhnə ilin qovulması, yeni ilin gəlişiylə bağlanılır. Kosanın artım, bərəkət ideyası ilə əlaqəsi Həmədanda icra olunan oyun zamanı “Kosa gəldi” sözlərinə “Xoş gəldi” deyiləndən sonra “Nə gətirdi?” sualına “Bərəkət” cavab verməsi ilə təsdiqlənir
Quzey İraqdakı Kosa oyununa toxunan türk tədqiqatçısı M.And bunun eyni zamanda bir ölüb-dirilmə oyunu olduğunu vurğulayır.
Xalq inanır ki, uşağı olmayan hər hansı bir kişi kosa libası geysə, həmin kişinin övladı olar, yaxud kosa hansı həyətə, evə birinci girsə, o ev ruzili-bərəkətli olar.
Çoxmənalı mahiyyət daşıyan xalq gülüşündə ölümlə həyat, inkarla təsdiq iç-içədir. “Kosa-kosa” tamaşasında kosaya müraciətlə belə deyilir:
Kosama əl vurmayın,
Kosam ikicanlıdır...
Yüz əlli beş yaşında
Lap, lap cavandı kosam!
AMEA-nin müxbir üzvü, professor M.Kazımoğlu verilmiş nümunəyə toxunaraq bildirir ki, yüz əlli beş yaşlı kosanın ikicanlı və cavan olması xalq gülüşünün məğzindəki ölüm-həyat, köhnə-yeni münasibətindən xəbər verir. Buradakı gülüş ölümə yox, ölüm anında yenidən doğana və doğulana doğru yönəlir. Ölüm və həyat eyni bir obrazda, yəni kosada birləşir. Hamiləlik və cavanlıq yüz əlli beş yaşlı qocalığa, yəni həyat ölümə qarşı dursa da, onlar ayrılmazdır, çünki eyni bətndədirlər (Kazımoğlu (İmanov) M.Gülüşün arxaik kökləri. Bakı: Elm, 2005).
Ə.Axundovun tərtib etdiyi “Azərbaycan folkloru antologiyası” kitabının birinci cildində Kosanın bolluq, artım və məhsuldarlıqla bağlı olması “Kosa-kosa” tamaşasının aşağıdakı örnəyindən aydın olur:
...Kosam bir oyun eylər
Quzunu qoyun eylər,
Yığar bayram xonçası
Hər yerdə düyün eylər.
Kosa kimi keçəl də qeyri-adi mənşəli bir obrazdır. Türk xalqları folklorunda ironik qəhrəman obrazı olan Keçəl əsas qəhrəmanın yardımçısı kimi özünü göstərir, çoxbilmiş olmaqla yanaşı hiyləgərlik səciyyəsini də daşıyır. Bir qisim nağıllarda qəhrəmanın özünün keçələ çevrilərək o biri dünyaya getməsi araşdırıcıları Keçəl obrazının da qəhrəman obrazından yarandığı qənaətinə gətirmişdir. Bəzi tədqiqatçılar keçəlliyin kökünü inisiasiya məqsədilə baş verən dəyişmədə, bəziləri isə magik qorunmada axtarır.
Nağıl və dastanlarda qəhrəmanın köməkçisi yerində çıxış edən keçəl surəti şamanizmdə qam-şamanın hami ruhları ilə eyni bir funksiyanı yerinə yetirir. Sehrli nağıllarda köməkçi kimi keçəllik atributunu təkcə insan deyil, həm də şamanın köməkçi ruhları daşıyır. Folklorşünas M.Kazımoğlu keçəlin qeyri-adi mənşəyinin təzahür formalarından birini bu obrazın qızıl-gümüş saçlı qəhrəmanlarla əlaqəsində axtarmağın zəruriliyini qeyd edir.
Türk mifoloji düşüncəsində demonik varlıqların keçəl olmaları həmin varlıqların o biri dünyaya məxsus olduqlarının bir göstəricisidir. O biri dünyaya yollanan qəhrəmanlar həmin yeraltı dünyanın atributunu qəbul eləyir, yəni keçələ çevrilirlər. B. Ögəlin fikrincə, atları ilə keçəl cildinə girən nağıl və dastan qəhrəmanları bu yolla ilahi güc almış olurlar. Qəhrəmanlar göydəki savaşlarda güc tapmaq üçün keçəl olur və həmin güclə dünyalar arasındakı sədləri adlaya bilirlər (Ögel B. Türk mitolojisi. (Kaynakları ve açıklamaları ile destanlar). II cilt. Ankara: Türk Tarih Kurumu Basımevi, 1995, s.76-79).
Başda tükün olmaması dünyaya gəlişin, doğuluşun əlaməti sayılır. Müvəqqəti ölüm kimi rəmzləndirən inisiasiya mərasimlərində saçın qırxılmağı “ölüm”ünün ardından neofitin sanki “yenidən doğulmağı” kimi mənalandırılır. Burada gülüş, keçəllik və doğulma aktı ilkin arxaik anlamdakı eyniyyyət təşkil edən simvolikası ilə özünü göstərir. “Kosa-kosa” meydan tamaşasında oxunan nəğmə örnəklərindən aydın olur ki, keçəl də dirilik, artım, bolluq və məhsuldarlıqla bağlıdır:
...Keçəl, keçəl, mərəndə,
Arpa, buğda sərəndə...
Bir arpanı beş eylər,
Yeddi qazan aş eylər.
Kosa və keçəlin bolluq, bərəkət, artım, məhsuldarlıq və s. funksiyaları daşıması onların sakral dünyaya, yəni o biri dünyaya məxsusluqlarından xəbər verir. Bu funksiyaların müəyyənləşdirilməsi həmin obrazlarla bağlı mülahizəyə, yəni keçinin yaz, Kosa və Keçəlin isə qışı təmsil etməsi fikrinə yenidən baxmaq zərurətini yaradır. Folklorünas M.Kazımoğlunun fikirlərinə şərik olaraq bildiririk ki, Kosa məhz qış, yəni qocalıq libası geymiş yazdır-cavanlıqdır. Belə olmasaydı, tamaşada Kosanın artım, məhsuldarlıq funksiyasına işarə edilməzdi. Deməli, zahiri görünüşcə, eybəcər, çirkin, keçəl olan bu obrazlar zəifliyi, acizliyi, qıtlığı, qışı, qocalığı deyil, gücü, qüdrəti, yazı, gəncliyi, məhsuldarlığı, bolluğu rəmzləndirir.

Məhəmməd MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin dosenti

Bakı Qida Sənayesi Kollecində

Bu günlərdə ilaxır çərşənbə və Novruz bayramı Bakı Qida Sənayesi Kollecində də qeyd edilib. Tədbiri kollecin direktoru Vilayət İsmayılov açaraq bildirib ki, təbiətin, həyatın oyanması Novruzdan başlayır və Azərbaycan xalqı bunu çox təntənəli və bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri su, od, yel və torpaq çərşənbələri qeyd olunur.
Novruz - bir bayram kimi baharın gəlişi münasibəti ilə geniş miqyasda qeyd edilir və sevincli bir hala - qışın qurtarmasına və baharın gəlməsinə həsr olunur. Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Çərşənbə və Novruz bayramınız mübarək olsun.
Sonra kollecin tədris hissə müdiri Adil Tapdıqov, şöbə müdirləri Mübariz Arzumanov, Nəzakət Atakişiyeva, Sevinc Məmmədova, Aytən Ağayeva və müəllimlərdən Sveta İsgəndərova, Firidun Qurbanov, Sevinc Şərifova kollektivin bütün üzvlərini bayram münasibəti ilə təbrik ediblər.
Bayram tədbirində həmçinin tələbə qruplar üzrə düzəldilmiş “Bayram süfrəsi” müsabiqəsi keçirildi. Bu müsabiqədə münsiflər heyətinin qərarı ilə 614-cü qrupun komandası birinci yerə layiq görüldü. 614-cü qrup tələbələri Könül Məhərrəmli, Aysel Vəlizadə, Şahlar Hüseynov, Nərminə Zeynalova, Aysel Quluzadə, Həyat Mustafayeva və Jalə Pirməmmədovanın böyük əməyi sayəsində əldə olunan qalibiyyət və bu qalibiyyətin sevinci tədbirə xüsusi rəng qatıb.

Akif KƏRİMLİ

Məktəbdə Novruz mövzusunda “açıq dərs”

Martın 14-də Bakı şəhəri 175 nömrəli tam orta məktəbdə “Novruz bayramı” mövzusunda “açıq dərs” keçirilib. İngilis dili müəllimi Gülşən Şiriyevanın VIII “c” sinfində apardığı “açıq dərs”də bütün sagirdlər fəal iştirak edib.
Müəllim uşaqları salamladıqdan sonra lövhədə dərsin standartları, basqa fənlərlə inteqrasiyası, dərsin strategiyası, iş formaları və dərsdə istifadə olunan resursları qeyd edib. Müəllim dərsin motivasiya mərhələsində şagirdlərə bir neçə sual verib, videoçarx nümayiş olunub. Təqdim edilən videoçarxda nə gördüklərini və ona baxarkən nə haqqında düşündüklərini şagirdlərdən soruşub. Dərsin mövzusu açıqlanmazdan əvvəl müəllim uşaqlara bir krossvord həll etdirib. Krossvorddan alınan cavaba əsasən dərsin mövzusu elan edilib. Sonra tədqiqat sualı qoyulub.
1. Nəyə görə biz bayramları qeyd edirik?
2. Novruz bayramı haqqında nə bilirsiniz?
Dərsin məqsədi şagirdlərdə bayramların qeyd olunmasına aid dinləmə-danışma bacarıqlarını inkişaf etdirmək idi. Sonra müəllim sinfi 4 qrupa bölüb.
1.“Su” qrupu, 2.“Od” qrupu, 3.“Külək” qrupu, 4.“Torpaq” qrupu.
Qrup liderləri seçilib və tədqiqata başlanılıb. Müəllim Novruz çərşənbələri haqqında bir neçə sual verdikdən sonra qrup üzvləri çərşənbələr haqqında hazırladıqları materialları təqdim ediblər. Sonra şagirdlər müəllimin tapşırığı ilə Novruz adətləri haqqında öz fikirlərini yazıblar. Müəllim müzakirə üçün suallar verib.
1. Novruz sözünün mənası nədir?
2. Siz Novruzun tarixi haqqında nə bilirsiniz?
3. Bu bayramın xalqımız üçün əhəmiyyəti nədir?
4. Xalqımız bu bayrama necə hazırlaşır? və s.
Ölkəmizdə Novruz bayramının necə qeyd olunmasına aid videoçarx nümayiş olunub. Sonra müəllim uşaqlara Azərbaycan xəritəsini göstərib, Novruz bayramının Qarabağdan başqa Azərbaycanın bütün bölgələrində qeyd olunduğunu vurğulayıb. Vətənimizin dilbər guşəsi olan Qarabağın indi düşmən tapdağı altında olduğunu deyən müəllim hər bir Azərbaycan vətəndaşının ən böyük arzusunun gələn il Novruz bayramını Qarabağda keçirmək olduğunu bildirib.
Şagirdlərdən Ülvi Əliyev və Teymur Süleymanov Novruz atributları Kosa və Keçəlin tamaşasını göstəriblər. Bahar qızları Fatimə Həsənova və Leyla Abdullayeva mahnı ifa ediblər. Yumurta döyüşdürülüb. Papaq atılıb. Küsülülərin barışması adəti göstərilib. “Dəli Kür” filmindən Novruz adətlərinin əks olunduğu parça göstərilib.
Sonra müəllim BİBÖ cədvəlini uşaqlara göstərərək keçdikləri mövzu haqqında nəyi bildiklərini, nəyi bilmək istədiklərini və nəyi öyrəndiklərini qeyd edib. Dərsin nəticə mərhələsində şagirdlər Novruz və Novruz çərşənbələri, adətləri haqqında danışıblar.
Sonda dərsdə daha fəal iştirak edən şagirdlər qiymətləndirilib.
“Açıq dərs”də “Palitra” qəzetinin əməkdası Mahmud Sadıqov, məktəbin direktoru Qələndər Qələndərov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Tünzalə Həsənova, Vidadi Həmzəyev, Həcər Məmmədova, müəllimlər və valideynlər iştirak ediblər.

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

Təhsil ocağında Novruza həsr olunmuş ədəbi kompozisiya nümayiş etdirilib

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Martın 16-da Bakıdakı Texniki-Humanitar Liseyində keçirilən Novruz şənliyinin iştirakçısı olan şagirdlər də məhz özünün orijinallığı ilə fərqlənən, qədim ənənələrə söykənərək hazırladıqları musiqili ədəbi kompozisiya ilə orada iştirak edənlərə unudulmaz anlar bəxş etdi. Təhsil müəssisəsinin həyətində təşkil olunan Bahar təravətli Novruz şənliyi adət-ənənələrimizə uyğun olaraq qeyd olunurdu. “Cəngi”nin sədaları altında yallı gedən şagirdlər tədbir iştirakçılarına bir coşqu yaşadaraq bayram ab-havası oyatdılar. Şənliyin aparıcısı olan liseyin müəllimi Nərgiz Verdiyeva qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının qoruyub saxladığı Novruz bayramının özünəməxsusluğundan, adət-ənənələrindən danışdı.
Təbii ki, Novruz bayramını Kosasız, Keçəlsiz təsəvvür etmək mümkün deyil. Bayramın əsas atributlarından olan Keçəl və Kosa öz oyunları ilə şənliyə xüsusi ovqat gətirdilər. Onların meydana daxil olması, şagirdlərlə rəqs edib, yumurta döyüşdürmələri hər bir kəsə Novruz əhvali-ruhiyyəsi yaşatdı. Milli geyimlərdə olan şagirdlərdən Mirəli Mirqulamovun, Fidan Əliyevanın, Zeynəb Tofidinin, Mədinə Əsədlinin, Zeynəb Quluzadənin, Şahin İsmayılzadənin və başqalarının ifalarında Novruz, çərşənbələr haqqında şeirlər, rəngarəng musiqi, rəqs nömrələri, həmçinin liseyin VI sinif şagirdlərinin möhtəşəm fləşmobu tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Şənliyin diqqətçəkən məqamlarından biri də təhsil ocağının texnologiya müəllimləri Fəridə Hüseynova və Məlahət Hüseynovanın rəhbərliyi altında şagirdlərin kağızdan hazırladıqları bir-birindən gözəl paltarları nümayiş etdirmələri oldu.
Liseyin direktoru Səidə Zeynalova çıxış edərək baharın gəlişinin insanlarda xoş ovqat yaratdığını, Novruzun ümumxalq bir bayram olduğunu söylədi. Bildirildi ki, xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını göstərir. Direktor rəhbərlik etdiyi liseyin müəllim və şagirdlərinin xalqımızın ən qədim milli bayramını böyük coşqu ilə keçirdiklərini söylədi. Uşaqların çıxışlarını yüksək qiymətləndirən S.Zeynalova onların bu hazırlığında Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəmalə İbrahimovanın, Nahidə Qarayevanın, Könül Namazovanın, tarix müəllimi Gülşən Muradzadənin, ingilis dili müəllimi Axirə Salmanovanın, liseyin kitabxana müdiri Rəhilə Ağacanovanın böyük rolu olduğunu deyərək onlara təşəkkürünü bildirdi, hər kəsi Novruzun gəlişi münasibətilə təbrik etdi.
Şənliyin ən həyəcanlı anı isə Novruz tonqalının alovlandırılması oldu. Liseyin həyətində çatılmış tonqalın ətrafında şagirdlər, müəllim kollektivi, valideynlər Keçəl, Kosa, Bahar qızı ilə birgə yallı getdilər.

Samirə KƏRİMOVA,
Foto Rəşad ZİYADOVUNDUR
“Azərbaycan müəllimi”

Azərbaycan Dövlət Pedaqoji Kollecində “Fərqli Sən” müsabiqəsi

Martın 16-da ADPU-nin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Novruz bayramına həsr olunmuş “Fərqli Sən” istedad müsabiqəsi təşkil olunmuşdur.
Müsabiqədə istedadlı tələbələrin təqdimatında bir-birindən maraqlı nömrələr nümayiş olundu. Tələbələr arasında rəqs, bədii qiraət, ifaçılıq, saz ifası və s. üzrə istedadlar öz bacarıqlarını kollecin müəllim və tələbə heyətinə nümayiş etdirdilər. Yarışmada 4 münsif tələbələrin çıxışlarını dəyərləndirdi. Münsiflərdən türk müğənnisi Murad Ərdoğan, əməkdar artist Sevda Kazımova, əməkdar artist Almaz Mustafayeva, “Qismət” qrupunun rəhbəri Tural bəy iştirak etdilər.
Tədbirin açılışını bayram personajları olan Kosa və Keçəl etdi. Sonra gözəl cəngi rəqsi ilə müsabiqəyə keçid verildi. Aparıcı hər kəsə bayram əhvali-ruhiyyyəsi bəxş edərək münsiflərin çıxışına yer ayırdı.
Növbə nömrələrini təqdim etmək üçün kollec tələbələrinə verildi. Münsiflər 15 dəqiqəlik fasilə verərək qalibləri müəyyənləşdirdilər. I, II, III yerlər ən istedadlı tələbələr arasında bölüşdürüldü. I yerin qalibi 4at qrup tələbəsi Natiq Binyatov, II yerlərin qalibi 585-ci qrup tələbəsi Hüsniyyə Cavadova və 4tra qrup tələbəsi Bəhram İbrahimov, III yerin qalibi 3am qrup tələbəsi Lamiyə Xəlilova oldu.
İstedadları ədalətlə qalib edən münsiflər hətta 2-ci yeri iki tələbə arasında paylaşdırdı.
Qalib tələbələrə İB-clubdan odənişsiz kurslar, Kreativ Travel-dən tur paketləri və diplomlar təqdim olundu.
Müsabiqənin ideya müəllifi və təşkilatçısı rejissor Röyal Cəbiyev idi.
Yarışmadan sonra tələbələrin əyləncəsi üçün şərait yaradıldı.

Novruz gəlir, yaz gəlir

Bakı şəhəri 64 nömrəli tam orta məktəbin şagird kollektivi də bu il “Yeni gün”ü - Novruzu xüsusi hazırlıqlarla qarşılayıb. Bayram şənliyində Xətai Rayon İcra Hakimiyyətindən nümayəndələr, məktəb direktorları, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə foyedə Bahar qızının təqdimatı ilə yazın gəlişini əks etdirən rəsm sərgisi nümayiş olunub. Sərgi ilə tanışlıq skripkada ifa edən üç istedadlı şagirdin müşayiəti ilə olub. Sonra qonaqları məktəbin xor kollektivi, saz və tarda ifa edən şagirdlər qarşılayıblar. Onlar qonaqların zövqünü oxşayan mahnılar səsləndiriblər. Azərbaycanın adını beynəlxalq idman yarışlarında yüksəldən iki güləşçi şagird öz məharətlərini nümayiş etdirib. Bir tərəfdə milli mətbəximizin və Novruzun atributları olan şəkərbura və paxlavanın hazırlanması ilə məşğul olan qızlar, digər tərəfdə isə simvolik tonqaldan atlanan şagirdlər qonaqların diqqətini cəlb edib.
Məktəbin akt zalında şagirdlərin hazırladığı tədbir milli adət-ənənələrimizi özündə əks etdirib, keçmiş və bu günü vəhdətdə səsləndirib. Milli rəqsimizlə başlayan tədbir sazda iki şagirdin ifası ilə davam edib. Milli nemətimiz sayılan çayın verdiyi zövqü kiçik bir səhnəciklə şagirdlər qonaqlara təqdim ediblər. Tədbirin ən təsiredici səhnəsi Bahar qızının ağlaya-ağlaya gözəl, qədim, qəlbimizin bir parçası olan Şuşamızı və Qarabağımızı xatırlatması olub. Bu an müdrik Dədə Qorqudun səhnəyə gəlişi və Qarabağımızın tarixini yada salması iştirakçıları riqqətə gətirib.
Sonda məktəbin direktoru Rafael Mehdiyev tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib. O, Novruz bayramının qeyd olunmağa başladığı tarixdən danışıb və bu adət-ənənələri öz övladlarına öyrədən valideynlərə və müəllimlərə təşəkkürünü bildirib.

Rəşad ZİYADOV, “Azərbaycan müəllimi”

“Bahar necə yaraşır Azərbaycana”

Barlı-bəhrəli, xonçalı-səmənili Bahar yurdumuza qədəm qoyur. Azərbaycanın hər yerində olduğu kimi, Lerik rayonundakı Daster kənd məktəbində də bu çiçək qoxulu gün böyük sevinclə, fərəhlə qarşılanır. Bir həftədən çoxdur ki, müəllimlər, şagirdlər dərsdən sonra məktəbin həyətində təmizlik, abadlıq işləri görür, meyvə ağacları, gül kolları əkirlər.
Çərşənbə günü isə yazın gəlişinə həsr olunan “Bahar necə yaraşır Azərbaycana” adlı bayram tədbiri keçirildi. Aparıcı, məktəbin müəllimi Tural Əliyev dahi şairimiz Səməd Vurğunun “Bahar” şeirini ifa etdikdən sonra sözü məktəbin direktoru Zöhrab Şəfiyevə verdi. Direktor Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Müəllimlərdən Rəfael Hüseynov, Elşad Həsənov, Şəlalə Hümbətova, qonaq kimi tədbirə dəvət olunmuş Böyük Vətən müharibəsi veteranı Cəbrayıl Babayev öz çıxışlarında qədim tarixi köklərə malik olan, xalqımızın milli bayramları sırasında özəl yer tutan Novruz ənənələrindən danışdılar və onun insanları birliyə, bolluğa, xoş ovqata səsləyən gün olduğunu bildirdilər. Məktəbin şagirdləri Aynur Dadaşovanın, Simran Rəsulovun, Elvin Babayevin, Kamala Fərziyevanın, İsmayıl Vəliyevin hazırladığı “Bu yaz bir başqa yazdır” mövzusunda ədəbi-bədii kompozisiya tədbirə xüsusi rövnəq verdi. Şagirdlər Novruz bayramına, bahara aid şeirlər söylədilər, “Kosa-Kosa” mərasimini təqdim etdilər.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
yuxarı ⤴