1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Vətənpərvərlik
Aprel savaşının şəhid könüllüsü
18.03.2017 / No10

 

 

 


O, şəhidliyi ilə müqəddəs zirvəyə daha bir nüans - mülki insanlar arasından çıxan “hünər və cəsarətin” simvolu olan şəhid təyinini əlavə etdirəndir!
Keçdiyi yol ömrünün sadəcə bir günü olsa da... O bir gün-ilk və son gün... O ilklə bir ilkə və o sonla bir sonsuzluğa imza atdı. Söhbət aprel döyüşləri zamanı Gəncədən könüllü olaraq yeznəsi ilə birlikdə cəbhə bölgəsinə gedib orada şəhid olan Fərman Əsədlidən gedir.
Döyüş ruhu əzmini əyninə geydiyin hərbi paltar ikiqat artırar, təbii. Ən əsası vətənpərvərlik ruhunun hərbi paltar kimi cismində, canında daşınmasıdır.
Fərman o döyüşə getməsiylə bunu sübut etdi. Onun hər zaman əynində daşımaq istədiyi hərbi paltarı özü geyinə bilməsə də, qızı 2 yaşlı (artıq 3 yaşı olacaq-T.V) Xatirəyə bunu miras qoydu.
Fərman Əsədli keçmiş komissar Elçin Əsədovun oğlu kimi atasının yolu ilə gedərək hərbi geyimdə - komissar olmağı arzulayıb. Oğlan uşaqları “ulduzlu paqon” həvəslisi olurlar. Amma ondakı bu həvəsdən də irəli gedən bir şey idi. Hələ də torpaqlarımızda “atəşkəsli” müharibənin vaxtaşırı qapıları döyən şəhid tabutlarını qucaqlayan anaların naləsi, fəryadı ilə pozulan səssizliyi hökm etdiyindən bu fikrində qətiydi.
Amma... Həyatın axarının istəklərimizi ertələmək zorunda buraxdığı vaxtlar çox olub. Onu dəyişmək isə bəzən əlimizdə olmayıb.
“Aprel döyüşü” adı ilə tarixə düşən 4 günlük döyüş həm də bir oyanış, milli ruhun silkələnməsi, özümüzə qayıdışa döndü.
Bayaq xatırlatdığım həyatın axarı istəkləri ertələməyə məcbur etdiyi kimi, bəzən gedişatın fürsət olaraq qarşımıza çıxardıqları da varmış. Ən azından Fərman üçün belə oldu. O bu döyüşü istəyinə doğru bir addım kimi dəyərləndirib yola çıxdı.
Fərman Əsədli o gün “heç nəyi ölçüb-biçmədən” sadəcə “Vətənin bizə ehtiyacı var”- deyib getdi.
Bir ömür hərbçi paltarı geymək istədiyi yola mülki sıravi kimi getmişdi, həm də dönüşündə bayrağa bürünüb qayıtmaq ehtimalını gözə alaraq.
Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan ordusunun bütün cəbhəboyu hücuma keçdiyi o gün yeznəsi Sadiq Əliyevlə “Niva” markalı maşınına minərək “cəbhə bölgəsinə gedək, bəlkə bizim də bir yardımımız toxunar” - deyə qərar verirlər. Gedəndə əsgərlərə siqaret və ərzaq yardımı da götürürlər. Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətindəki evlər ermənilərin ağır artilleriya atəşi altında qaldığından oradan yaralıları və dinc sakinləri çıxarmağa ehtiyac olduğunu görürlər. Fərman və Sadiq ərazidə olan mülki vətəndaşların düşmənin hədəfində olan ərazidən çıxarılmasına kömək etməklə yanaşı, oranı tərk etməyərək erməni mərmisi düşən yerlərdə yaralananların olub-olmadığını öyrənmək üçün gözləyib, onları maşınları ilə xəstəxanaya və nisbətən təhlükəsiz yerlərə daşımağa yardımçı olurlar.
Sonuncu dəfə bir də ərazini yoxlamaq üçün dönəndə kapitan Mübariz Rəhimovla rastlaşırlar. “Onu da ön cəbhəyə yetişdirək, sonra dönərik”, - deyirlər. Şıxarxda yerləşən qum-çınqıl karxanasının təxminən 500 metrliyində düşmənin top mərmisi avtomaşının yaxınlığına düşür. Maşının qabaq hissəsində oturan yeznə və qayın ağır yaralanır, kapitan Rəhimov isə xətasız ötüşür. Sadiq özü qanlar içində olsa da qaynı Fərmanı Tərtər xəstəxanasına çatdırır. Və orada özü də huşunu itirir. Həkimlərin səyinə baxmayaraq ciyərlərini qəlpə dağıtmış və çox qan itirmiş Fərman Əsədli əməliyyat stolunda keçinir. Sadiq isə başının arxa hissəsindən aldığı yaradan bir neçə gün komada qalır. Ayılanda isə...
““Ögey ana” filmindəki İsmayılı xatırladırdı uşaqlığı. Çox dəcəl idi. Samux rayonunun Sərkar kəndində - qaynatamgillə qalırdıq o zamanlar. Qonşuların toyuğundan-cücəsindən tutmuş, meyvə ağacları bunun dəcəlliyindən təngə gəlmişdi. Düzü utanırdım hamıdan. Qonşular isə onu bu şirin dəcəlliyi ilə sevirdilər” - deyə anası Xatirə xanım o şəhid olandan sonra yazdığı “Fərmanlı gündəliyində” qeyd edir. O gündəlik dediyimiz də dağınıq və başında sıra nömrəsi qeyd edilmiş vərəqlərdən ibarətdir.
Birində uşaqkən atdan yıxılıb qolunu əzsə də, çox nəfis işlənmiş qamçısının olmadığını fərq etdiyi hadisədən söz açılır. “Qamçım qaldı” - həkimə aparılarkən yolda dediyi sözü-atasının “sənin qolun ağrımırmı” - cümləsi kəsir. O da “Atlı da heç qamçısız olarmı?” - deyir.
Onun 25 illik ömründən daha hansı epizodları xatırladıqca yazacaq vərəq-vərəq şəhid anası...
Bunu Fərmanın yadigarı 2 yaşlı Xatirə üçünmü yazır, ya da onu yazaraq hər gün yenidən yaşatmaq üçünmü. Bu da şəhid olduğu üçün qürur duysa da, yoxluğunda varlığını yaşatmaq üçün etdiyindəndir, çox güman ki...
“Kimsəsizlər və uşaq evlərinə tez-tez gedər, yardım aparardı. Yuxa ürəkli idi. Heç varlı-kasıb fərqi qoymazdı. Bir gün ona - hər şeyini paylayırsan dediyimdə - cavabı bu oldu: -Əlacım olsa bütün dünyadakı acları doydurar, kimsəsizləri sevindirərdim.
Məktəbdə də dəcəlliyindən əl çəkməsə də, dərsini oxuyan, sinfin sevimlisi olanlardandı. Ali məktəbdə, əsgərlikdə özünə çoxlu dost qazanmışdı.
Fərman istər ata, istərsə də ana tərəfdən çox sayılan-seçilən, ziyalı bir nəsildəndir. Adını daşıdığı babası da xeyirxah əməlləri ilə tanınıb. Atası oğlunun ölüm xəbərini alanda bunu hərbçiyə uyğun təmkinlə qarşılayıb. Komissar Elçin həyat yoldaşı Xatirə xanıma: “Mən hərbi komissar işlədiyim müddətdə 150 şəhidi əlimlə torpağa vermişəm. Və bu qürurqarışıq acını səninlə paylaşmışam. O balalar da mənim, bizim balamız idi. Fərman da onlardan biridir. Vətən sağ olsun! Oğlumuzla qürur duy!”-deyib.
Əsgərlikdə olanda sərrast güllə atıcısı olması ilə seçilib. Aralarında “onda onluq vurur”-deyirlərmiş nəticələrinə baxıb. İdmanın bir neçə növü üzrə təltif və tərifnamələri var. Belə sərrast atıcının döyüş meydanında düşmən mövqeyini silah atəşi ilə susdurması varkən, əliyalın düşmən mərmisinə tuş gəlməsi həyatın ona acı istehzası olsun gərək.
Şəhid kimdir? Bu ad qızı Xatirənin “Atam kim olub?”- sualı qarşısında - bir atanın övladına miras qoyduğu ən dəyərli cavabdır: “Sənin atan Şəhid olub!”.
Xatirə və onun kimi balaların libasının atalarının hərbi geyiminə dəyişməməsi, onu geyinmək məcburiyyətində qalmaması üçün həyatını fəda edən - Vətənə fəda olanlardır - Şəhidlər!

Tünzalə VƏLİQIZI
 

yuxarı ⤴