1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bölgə xəbərləri
18.03.2017 / No10

 
 

 

 


“Mənim mənəvi borcum” mövzusunda “açıq dərs”

İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin VIII “b” sinfində həyat bilgisi fənnindən “Mənim mənəvi borcum” mövzusunda “açıq dərs” keçirilib.
Müəllim Famil Əhmədzadənin fəal təlim metodları və üsulları ilə təşkil etdiyi dərsin bütün mərhələləri öyrədici, inkişafetdirici və tərbiyəedici istiqamətdə qurularaq şagirdlərin idraki fəallığı təmin etməklə onların tədqiqat aparmaq, mənbələri araşdırmaq, İKT-dən istifadə etmək və s. bacarıqlarını üzə çıxarıb. Onlar sərbəst fikir yürüdüb, həyatdan nümunələr gətirərək müqayisələr edib, vətən qarşısında borcunu ləyaqətlə ödəyən vətən övladlarını tanıdan təqdimatlar ediblər.
Şagirdlər dərs boyunca öyrəndikləri mənəvi dəyərlər və uzaq tariximizdən bu günə qədər vətən, millət qarşısında əvəzsiz xidmətlər göstərmiş insanlar haqqında məlumatları tətbiq etməklə həll etdikləri krossvordun mərkəzində yazdıqları Azərbaycan sözünü alqışlarla və sevinclə qarşılayıblar.
Müzakirələrdə bu “açıq dərs”in məktəbdə dərslərin müasir tələblərə uyğun metod və mexanizmlərlə qurulması təcrübəsini artırmış olduğu qeyd edilib.
RTŞ-nin müdir müavini Rahim Baxışov bildirib ki, dərslərdə seçilən təlim formaları və üsulları formal xarakter daşımamalı, bütün şagirdlərin aktivliyini və əməkdaşlığını təmin etməlidir. O, keçirilmiş nümunəvi dərsə görə müəllim Famil Əhmədzadəyə təşəkkür edib.

Sevda QASIMOVA,
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin direktor müavini

“Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları”

Abşeron rayonunun Novxanı kənd 1 nömrəli tam orta məktəbində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, rayon təhsil şöbəsinin nümayəndəsi, məktəbin müəllim kollektivi və şagirdlər tədbirdə iştirak ediblər. Burada “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və s. mövzularda çıxışlar edilib, həm də mövzulara aid videoçarxlar nümayiş olunub.
Sonda şagirdlərin sualları cavablandırılıb.

Adil QURBANOV,
Abşeron Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

“Şahin” hərbi-idman oyunu gənclərin vətənpərvərlik tərbiyəsi işinə mühüm təsir göstərir

“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qaxda keçirilən rayon turunun yarışları Qax şəhər 2 nömrəli məktəb-liseyin komandasının qələbəsi ilə başa çatıb. Şəhər stadionunda 15 komandanın iştirakı ilə keçirilən rayon birinciliyində əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb.
Tərkibinə 10 oğlan və 4 qız iştirakçının daxil olduğu komandalar sonra maneələrin dəf olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma, turnikdə dartınma, tüfəngdən hədəfə atəş açmaq, mülki müdafiə hazırlığı, yaralıya ilk tibbi yardımın göstərilməsi, çadırın qurulması və digər yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan 2 nömrəli məktəb-liseyin komandası, eyni zamanda zona yarışlarında iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Qax şəhər 4 nömrəli və Ləkit kənd tam orta məktəblərin komandaları tutublar.
Qeyd edək ki, Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıyır.

“Arximed qüvvəsi” mövzusunda “açıq dərs” keçirilib

Saatlı Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnindən “Arximed qüvvəsi” mövzusunda “açıq dərs” keçirilib. Dərsdə məktəbin direktoru Günay Qənbərova və fənn müəllimləri iştirak ediblər.
Fizika müəllimi Elnur Cəfərli maye və qaz daxilində olan cisimlərə təsir edən itələyici qüvvəni izah edib, itələyici qüvvəyə təsir edən kəmiyyətləri - cismin suya batırılmış hissəsinin həcmi, mayenin sıxlığı haqqında məlumat verib.
Şagirdlər saf və duzlu suya atılmış yumurtaya mayenin təsirini təcrübə ilə yoxlayıblar. Sonra dinamometrdən asılmış cismin çəkisi təyin olunub, cisim mayeyə daxil edilib və cismin çəkisinin dəyişməsi müzakirə olunub.
Sonda “açıq dərs” geniş şəkildə müzakirə edilib.

Hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴