1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqi açıqlanıb
18.03.2017 / No10

 

 

 


Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
o.mustafayev@muallim.edu.az

Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkəti dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin sayca 7-ci reytinq cədvəlini (QS World University Rankings by Subject 2017) açıqlayıb. Reytinqdə 46 ixtisas üzrə 74 ölkədən olan universitetlər qiymətləndirilib. Builki tədqiqata ilk dəfə anatomiya və fiziologiya, mehmanxana biznesinin idarə olunması, idman, teologiya, ilahiyyat və dinin tədqiqatlari kimi ixtisaslar cəlb olunub.
Reytinq tərtib olunarkən bütün dünya üzrə 4500 ali təhsil müəssisəsi təhlil olunub, onlardan 1127-si siyahıya daxil olub. Tədqiqat gedişində elmi məqalələrdən 185 milyondan çox sitatgətirilmə təhlil olunub, 18900 tədris proqramının təminatı yoxlanılıb. Reytinq 194000 işəgötürən və akademik cəmiyyətin 305000 nümayəndəsinin ekspert rəyinə, eləcə də 43 milyon tədqiqat işinin təhlilinə əsaslanır. Tərtibçilər ali məktəbləri qiymətləndirərkən universitetlərin akademik aləmdə nüfuzu, işəgötürənlərin rəyləri, müəllimlərin və tələbələrin Scopus/Elsevier bibloqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər.
Dünyanın aparıcı universiteti adını Harvard Universiteti qazanıb. Bu ali məktəb 15 müxtəlif fənn üzrə birinci yeri tutub. Onun ardınca 12 fənn üzrə ən yüksək qiymət almış Massaçusets Texnologiya İnstitutu gəlir. Üçüncü sırada isə Böyük Britaniyanın Oksford Universiteti qərarlaşıb. Harvard Universiteti “Müasir dillər”, “Antropologiya”, “Sosial siyasət və administrasiya”, “Psixologiya”, “Hüquq”, “Tarix”, Massaçusets Texnologiya İnstitutu “Riyaziyyat”, “Arxitektura”, “Linqvistika”, “İqtisadiyyat”, Oksford Universiteti “İngilis dili və ədəbiyyat”, “Coğrafiya”, “Arxeologiya” kimi fənlərdə dünyada birincidir. Reytinq bir daha təsdiqləyib ki, dünyada ali təhsil sahəsində liderlik rolu ABŞ və Böyük Britaniya ali məktəblərinə məxsusdur, adıçəkilən ölkələrin universitetləri bəhs olunan 46 ixtisasdan 43-də lider mövqedədirlər (ABŞ 35, Böyük Britaniya 8).
Reytinq cədvəlinin ilk 10-luğunda Kembric Universiteti 36, Berkli Kaliforniya Universiteti 34, Oksford Universiteti 33, Stenford Universiteti 32, Massaçusets Texnologiya İnstitutu 21, Los-Anceles Kaliforniya Universiteti 14, London İqtisadiyyat Məktəbi 13, Yel Universiteti 12, Sürix Ali Texnik Məktəbi və Prinston Universiteti hərəsi 10 ixtisas istiqaməti ilə qərarlaşıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilk dəfə dünyanın 50 ən yaxşı ali məktəbi arasına daxil olub. Universitetdən verilən rəsmi açıqlamada qeyd olunur ki, bu, ali məktəbin tarixi ərzində əldə etdiyi ən yüksək göstəricidir.
MDU “Linqvistika” sahəsində 13-cü, “Fizika və astronomiya” üzrə 21-ci, “Riyaziyyat” üzrə 33-cü yeri tutub. MDU “Arxeologiya”, “İngilis dili və ədəbiyyat”, “Tarix”, “Fəlsəfə”, “Kimya”, “Siyasi və beynəlxalq əlaqələr”, “Hüquqşünaslıq”, “Mühəndislik və kosmik texnologiyalar”, “Sosial siyasət və inzibatçılıq” üzrə ilk 100-lükdə yer alıb. MDU-nun rektoru, akademik Viktor Sadovniçi universitetin uğurunu belə qiymətləndirib: “Moskva Dövlət Universiteti 15 ixtisas hazırlığı üzrə dünyanın 100 ən yaxşı ali məktəbi arasına daxil olmuş yeganə Rusiya ali məktəbidir. Biz bütün sahələrdə, təbiət və humanitar elmlər üzrə fəal inkişaf edirik. MDU ən yaxşı professor-müəllim heyəti və aydın məqsədli tələbələri ilə elm və təhsilin ən böyük beynəlxalq mərkəzi kimi öz statusunu təsdiq edir. Bu reytinq növbəti dəfə sübut edir ki, MDU dünyanın beynəlxalq elmi-təhsil məkanını formalaşdıran ən nüfuzlu ali məktəblərin sırasına daxildir. Fundamental və tətbiqi elmi araşdırmaların müasir inkişaf səviyyəsi fənlərarası səriştələrə malik olan mütəxəssislərin hazırlığını tələb edir. Məhz təlimə fənlərarası yanaşmanın zəruriliyi anlayışı biomühəndislik və bioinformatika, materiallar haqqında elmlər, fundamental tibb fakültələrini, eləcə də ali tərcüməçilik məktəbinin yaradılmasına təkan verdi. Bu il ilk dəfə kosmik tədqiqatlar fakültəsinə qəbul aparılacaq. Fakültələrarası kurslar da müvəffəqiyyətlə inkişaf edir, biz onlara tələbələr tərəfindən yüksək maraq görürük”. MDU-dan başqa, reytinqə bir sıra Rusiya ali məktəbləri də daxil olub. Rusiyanın Ali İqtisadiyyat Məktəbi də ilk 100-lükdə “İqtisadiyyat və ekonometrika”, “Siyasi və beynəlxalq tədqiqatlar” və “Sosiologiya” istiqamətləri üzrə 3 yer qazanıb. Moskva Fizika-Texnika İnstitutu “Fizika və astronomiya” sahəsində dünyada 42-ci yeri tutub. Bu ali məktəb eləcə də riyaziyyat, mühəndislik işi, kompüter elmləri, kimya və mexanika mühəndisliyi üzrə top-200-lükdə yer alıb. Sankt-Peterburq Dağ-Mədən İnstitutu “Mühəndislik işi -faydalı qazıntılar hasilatı və mədən sənayesi” istiqaməti üzrə 15-ci, Novosibirsk Dövlət Universiteti 50-ci yerdədir.
Bütövlükdə “QS World University Rankings by Subject”ə 28 Rusiya ali təhsil müəssisəsi daxil olub, onlar 38 fənn üzrə 147 mövqe tutublar. Ötən illə müqayisədə reytinqdə Rusiya ali məktəblərinin payı 0,82-dən 1,03 faizə qədər artıb. “QS Quacquarelli Symonds”un tədqiqatlar şöbəsinin rəisi Ben Sauterin sözlərinə görə, yeni reytinq deməyə əsas verir ki, Rusiya ali təhsili xüsusən də dəqiq elmlər sahəsində nəzərəçarpan irəliləyiş nümayiş etdirməkdədir.
Ötən ilki reytinqdən fərqli olaraq builki “QS World University Rankings by Subject” sıralamasında Türkiyənin iki universiteti mədən mühəndisliyi sahəsində ən yaxşı 50 ali məktəb arasında yer alıb. İstanbul Texnik Universiteti mədən mühəndisliyi sahəsində ən yaxşı 100 universitet arasında 31-ci, Orta Doğu Texnik Universiteti 45-ci yerə yüksəlib. Ayrıca olaraq 46 ixtisas üzrə Türkiyənin ali məktəbləri 59 yer (ötən il 34) tutub. Türkiyə universitetlərinin fərqləndiyi ixtisas istiqamətlərinin sayı da 13-dən 24-ə artıb.
Baxmayaraq ki, reytinqə ABŞ və Böyük Britaniya ali məktəbləri liderlik edirlər, keyfiyyətli ali təhsil təqdim edən ölkələrin sayı da artmaqdadır. Avstriya, Cənubi Afrika, Finlandiya, Braziliya, Çin və İsveç ayrı-ayrı ixtisas istiqamətləri üzrə reytinq sıralamalarında ilk 10-luqlarda yer alıblar.
Qeyd edək ki, QS Quacquarelli Symonds 1990-cı ildən ali təhsil sahəsində və biznes sektorunda nüfuzlu ekspert qrupudur. QS World University Rankings-in ixtisas hazırlığı istiqamətləri üzrə illik reytinqi işəgötürənlərə, tələbələrə, valideynlərə və müəllimlərə dünya üzrə hansı universitetin keçilən hər bir fənn üzrə ən yaxşı olmasına dair tam və ən dolğun aktual məlumatlar imkanı verir.
Dünyanın ixtisas hazırlığı sahəsində ən yaxşı universitetlərinin reytinq vəziyyəti ilə www.topuniversities.com/student-info/university-news/out-now-qs-world-university-rankings-subject-2017  səhifəsindən daha yaxından tanış olmaq olar.

Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqi
 

yuxarı ⤴