1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

 
 

 

 


Rusiyanı heyrətləndirən azərbaycanlı tələbə

Pərvanə Əlcanova 1999-cu ildə Göranboy rayonunda anadan olub. O, 3 yaşından “Bakı SOS Uşaq Kəndləri”nin sakini olub. Bakıdakı 257 nömrəli tam orta məktəbin IX sinfini bitirib. Hazırda Bakı Humanitar Kollecinin kitabxana informasiya təminatı ixtisası üzrə III kurs tələbəsidir. Kollecin bütün tədbirlərində fəal iştirak edən Pərvanə təhsil ocağında fəaliyyət göstərən “Buta” rəqs qrupunun fəal üzvlərindəndir. O, Binəqədi rayonunda və respublika səviyyəsində keçirilən tədbirlərdə öz ifaları ilə hamını təəccübləndirir. Kollecin musiqi müəllimi Bəhruzə Məmmədova onu ən istedadlı yetirməsi adlandırır. Bunun nəticəsidir ki, Pərvanə Rusiyanın NTV telekanalında yayımlanan “Sən supersən!” beynəlxalq musiqi yarışmasına qatılaraq uğur qazanıb və münsiflər heyətini öz ifası ilə heyran edib.
Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovun dediklərindən: - Pərvanə kollecdə təhsil aldığı ilk gündən istedadlı tələbə olduğuna görə xüsusi qayğı və böyük məhəbbətlə əhatə olunub. Bu gün onun istedad yarışmalarında qələbəsi hər kəsi sevindirir. Biz onunla fəxr edirik.
Oxuduğu qrupun nümayəndəsi Ə.Nəzrin də öz fikirlərini bizimlə bölüşdü: -Pərvanə kollecə gələn gündən onunla rəfiqəlik edirəm. Çox səmimi qızdır. Pozitiv düşüncəyə malikdir. Möhkəm iradəsi var. Ən əsası istedadlıdır. Mədəni-maarif şöbəsinin müdiri Afaq Əsgərova da hər zaman Pərvanəyə dəstək olduğunu, onunla fəxr etdiyini söylədi. Onun həmişə şən əhvali-ruhiyyədə olmasını xüsusilə vurğuladı. Dedi ki, ona dərs deyən müəllimlər Pərvanə ilə fəxr edir və bu gün də onun müxtəlif nominasiyalı yarışmalarda qazandığı uğurları böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

V sinif şagirdi beynəlxalq müsabiqələr laureatıdır

Banu Tağıyeva 2006-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının V sinfində təhsil alır. O, beynəlxalq müsabiqələr laureatıdır. İlk uğuru 2015-ci ildə İtaliyanın Pesaro şəhərində keçirilən XII “Citta di Pesaro” adlı gənc ifaçıların beynəlxalq müsabiqəsində qazanıb. Öz ifası ilə seçilən Banunun çıxışı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və I yerə layiq görülüb. 2016-cı il isə yeniyetmə qız üçün daha uğurlu olub. Belə ki, Fransanın Paris şəhərində XIII beynəlxalq Nikolay Rubinşteyn adına müsabiqədə yüksək istedad nümayiş etdirərək I yerə layiq görülüb. Banu Tağıyeva daim öz üzərində səylə çalışır, müxtəlif festival və müsabiqələrdə fəal iştirak edir. O, 2017-ci ilin yanvarında Nyu-York şəhərində keçirilən “American Protege”adlı müsabiqəyə videoyazı vasitəsilə qatılaraq III yeri qazanıb. Bu müsabiqənin təşkilatçıları Banu Tağıyevanı may ayında Nyu-York şəhərində keçiriləcək Qala konsertə dəvət ediblər. Qeyd edək ki, qaliblərin konserti Nyu-Yorkun möhtəşəm “Carnegie Hall” zalında keçiriləcək.
İnanırıq ki, bu konsertdə də Banu ölkəmizi layiqincə təmsil edəcək, öz ifaçılıq məharəti ilə seçilərək müəllimlərinin etimadını doğruldacaq.

“Baku Open” yarışmasının qalibi

Fidan Dadaşova 2003-cü ildə Bakı şəhərində anadan olub. 3 yaşından bədii gimnastika ilə məşğul olub. 5 yaşından isə milli və dünya xalqlarının rəqslərini özünəməxsus tərzdə məharətlə ifa edib. Fidan rəqsləri ilə nəinki respublikamızda, hətta Türkiyədə, Misirdə və Kiprdə keçirilən festivallarda uğurla çıxış edərək I yerə layiq görülüb. İdmana olan marağı isə onda qardaşı oyadıb və karate ilə məşğul olub. Vado ryu karate do klubunun baş məşqçisi Namiq Pirverdiyev artıq 7 ildir ki, Fidanla məşğul olur. Bunun nəticəsidir ki, peşəkar məşqlər nəticəsində yeniyetmə qız 2012-ci ilin dekabrında Türkiyənin Trabzon şəhərində keçirilən beynəlxalq turnirdə I yerə, 2013-cü ildə 31 yanvar, 2 fevral tarixlərində Dubayda keçirilən beynəlxalq turnirdə fəxri fərmana, 2014-cü ildə isə Şəki şəhərində keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. O, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov tərəfindən “Ən yaxşı idmançı-əzmkar döyüşçü” xüsusi medalı ilə mükafatlandırılıb. 2014-cü ilin 16-17 may tarixlərində Bakı şəhər “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən “Caspian cup” beynəlxalq turnirində I, 2015-ci ilin 1-3 may tarixlərində Gürcüstan Respublikasında 12-13 yaşlılar arasında keçirilən dünya birinciliyində II, 2016-cı ilin 22-23 aprel tarixlərində “Baku Open” VII beynəlxalq karate turnirində II, 2017-ci ilin 20-22 yanvar tarixlərində Milli Karate Federasiyası və Arpaçay Karate Klubunun keçirdiyi beynəlxalq yarışda şəxsi və komanda döyüşünə görə hər iki halda I yerlərin sahibi olub. Fidan Dadaşova respublikamızda bu günlərdə keçirilən “Baku Open” beynəlxalq yarışlarına da qatılaraq qızıl medala layiq görülüb. Azərbaycan Milli Karate Federasiyasının 14-15 yaş qrupunun baş məşqçisi Anar Allahverdiyev, əməkdar məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin peşəkar və təcrübəli yanaşmaları nəticəsində Fidan Dadaşova 11 yaşından yığma komandanın məşqlərinə dəvət olunub. Buna görə onlara dərin təşəkkürünü bildirir. Deyir ki, bu insanlar mənim qazandığım bütün uğurların səbəbkarlarıdır. Hazırda Fidan Bakıdakı 31 nömrəli tam orta məktəbin VIII sinfində təhsil alır. Dərslərini yaxşı oxuyur və məktəbin ictimai işlərində fəal iştirak edir. Beynəlxalq idman yarışlarında qazandığı uğurlar Fidanın gələcəkdə daha böyük qələbələr əldə edəcəyinə ümid verir.

Bacı-qardaşın uğurlu sənət karyerası

Ülkər Ağayeva 2000-ci ildə Bakı şəhərində anadan olub. 4 yaşında ikən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs dərnəyinin üzvü olub. 2005- ci ildə ilk dəfə Space telekanalında milli və dünya rəqslərini nümayiş etdirib. 8 yaşı olanda Ülkər Azərbaycan televiziyasında yayımlanan “Çoxbilmişlər” verilişinə dəvət alıb. Bu intellektual bilik yarışmasında teleaparıcı Məsmə Ağaverdiyeva onun danışıq qabiliyyətini çox bəyəndiyindən həmin efir gününün tamaşaçılarını salamlamağı ona həvalə edib. Yarışmada isə I yerə layiq görülüb. 2009-cu ildə Tofiq Quliyev adına 12 nömrəli Uşaq İncəsənət Musiqi Məktəbinin pianino şöbəsinə yazılıb. Qeyri-adi istedadı ilə fərqlənən Ülkər 2010-cu ildə musiqi məktəbinin xor dərnəyinə üzv olub və konsertlərdə solo, xor şəklində oxuyub. O, Uşaq Hüquqları üzrə pilləli tədris kursunda da iştirak edib. 2012-ci ildə “Təbəssüm uşaq musiqili teatrı”nın rəqs dərnəyinin tərkibində Türkiyədə keçirilən X Uluslararası Türkçe Olimpiyatlarında öz məharətini göstərib. O, İstanbul, Sivas, Konya, Karaman, Ankara, İsparta, Antalya, Bodrum, Muğla, Kayseri və digər şəhərlərdə keçirilən yarışmalarda Azərbaycanı layiqincə təmsil edib. 2013-cü ildə Macarıstanda keçirilən beynəlxalq rəqs festivalında I yeri qazanıb. 2014-cü ildə Uluslararası 23 Nisan Uşaq Şənliyində, həmin il Gürcüstanın Tbilisi şəhərindəki beynəlxalq rəqs müsabiqəsində uğurlu çıxışı I yerə layiq görülüb.
Qardaşı Murad Ağayev də bacısından geri qalmır. Aralarında bir yaş fərq olduğuna baxmayaraq eyni sinifdə təhsil alırlar. Bu bacı-qardaş konsertlərdə, festivallarda bəzən tərəf müqabili də olurlar. Murad da rəqs həvəskarıdır. 2005-ci ildən bacısı ilə birgə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs dərnəyində məşğul olub. Azərbaycan rəqsini layiqincə təmsil edən Murad Macarıstanda keçirilən rəqs festivalında iştirak edərək I yerə layiq görülüb və diplomla mükafatlandırılıb. 2014-cü ildə Türkiyənin Gaziantep şəhərində keçirilən “23 Nisan uşaq şənliyi”ndə Azərbaycan rəqsini və mədəniyyətini təmsil edərək diplom və hədiyyələr, “TRT kanal”ı tərəfindən ona xüsusi olaraq kitablar, suvenirlər və qiymətli hədiyyələr verilib. 2014-cü ildə o, Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq uşaq rəqs festivalında iştirak edib və I yerə, 2015-ci ildə isə eyni məzmunlu rəqs festivalında II dəfə Azərbaycanı təmsil edib və diplomlarla mükafatlandırılıb. 2016-cı ildə Murad da bacısı kimi “Yaradıcı gənclər”in təşkil etdiyi rəqs festivalına qatılıb və II yerə layiq görülüb. Həmin ildə bacı-qardaş Ülkər və Murad Ağayevlər “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçısı olublar. Hazırda Ülkər və Murad Bakıdakı 31 nömrəli tam orta məktəbin X sinif şagirdləridir. Gələcəkdə hər ikisinin arzusu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaqdır.

Həm rəssam, həm də şahmatçı

Fuad Anzurov 2003-cü ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinfində təhsil alır. O, uşaqlıqdan rəsm çəkməyə həvəs göstərib. Bu həvəsi görən valideynləri onu Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinə yazdırıblar. Hazırda mərkəzin rəsm dərnəyində məşğul olur və müəllimi Nərminə Abdullayevadan bu sənətin sirlərini öyrənir. Fuad rəsmlərində milli üsluba, qrafikaya daha çox üstünlük verir. Çəkdiyi bütün rəsmlərdə rəng çalarlarından məharətlə istifadə edir. Mürəkkəb kompozisiyalar yaratmağa çalışır və çox vaxt da buna nail olur. Yeniyetmə istedad həm respublikadaxili, həm də beynəlxalq rəsm müsabiqəsinə mütəmadi olaraq qatılır və uğur qazanır. 2008-ci ildə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergi uşaqların gözü ilə” rəsm müsabiqəsində II yeri, 2010-cu ildə uşaqlar arasında “Təmiz şəhərim” adlı rəsm sərgi müsabiqəsində isə II yeri qazanıb. 2012-ci ildə “Dədə Qorqud” Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalı tərəfindən keçirilən “Dədə Qorqud uşaqların gözü ilə” sərgisində nümayiş olunan rəsmləri diploma layiq görülüb. O, 2015-ci ildə isə Polşada keçirilən XVIII beynəlxalq uşaq rəsm müsabiqəsinə qatılaraq gümüş medalla mükafatlandırılıb. 2016-cı ildə Polşada dahi rəssam Van Qoqa həsr olunmuş beynəlxalq uşaq sərgisində, həmin il Sloveniyada keçirilən XXII beynəlxalq uşaq rəsm müsabiqəsində, Xətai İncəsənət Mərkəzində keçirilən “Mənim düşüncəm” adlı rəsm müsabiqəsində I yerləri tutaraq diplomlara sahib olub. 2017-ci il Fuad Anzurov üçün daha uğurlu olub. Belə ki o, Yunanıstanda keçirilən “Musiqi yollarında” adlı beynəlxalq rəsm müsabiqəsində I yeri qazanıb. Fuad eyni zamanda I dərəcəli şahmatçıdır, dərslərini də yaxşı oxuyur. Riyaziyyat fənnini daha çox sevdiyini deyir. Fuada bütün arzularının reallaşmasında uğurlar diləyirik.

Ecazkar səs sahibi uğurlarını artırmaq əzmindədir

Zeynalabdin Bağırzadə 2001-ci ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı 238 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Hələ kiçik yaşlarından sevdiyi şair və yazıçıların şeirlərini əzbərləyib və xüsusi intonasiya ilə söyləmək bacarığına malik olub. Səlist danışığı, aydın diksiyası ilə seçilən bu gəncin istedad sahibi olması hamını heyran edib. Yüksək səhnə və nitq mədəniyyəti ilə seçilən Zeynalabdin Bağırzadə hazırda Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gənc aktyorlar dərnəyində Xanım İsmayılovadan dərs alır. Məhz bütün nailiyyətlərinə də burada yiyələnib. Mərkəzin keçirdiyi tədbirlərdə fəal iştirak edərək dəfələrlə diplom və fəxri fərmanlarla mükafatlandırılıb. 2013-cü ildə o, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Nizami rayon məktəbliləri arasında keçirilən “Sən elə bir zirvəsən” şeir müsabiqəsində II yeri qazanıb. 2014-cü ilin fevralında İstanbul şəhərində keçirilən “Xocalıya ədalət!” həftəsində “Xocalı”, “Azərbaycan-Türkiyə” şeirlərini söyləyib. 2015-ci ildə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə məktəblilər arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilən şeir müsabiqəsində I, 2016-cı ildə 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilən şeir müsabiqəsində I yerləri tutduğuna görə diplomlarla mükafatlandırılıb. Cəfər Cabbarlının poeziyasına həsr olunan şeir müsabiqəsində isə dramaturqun “Məhkum şərqə” şeirini söyləyərək aktyorluq məharətini nümayiş etdirib və iştirakçılarda xoş ovqat yaradıb. Zeynalabdin sevdiyi bu sənətin daşıyıcısı olacağına əmindir. Deyir ki, şeirin hər misrasını, hər bəndini söyləyərkən özünə qarşı çox tələbkar olur. Bədii qiraət elə də asan iş deyil, bədii qiraət incəsənətin bir növüdür, söyləyir. “Səlist nitq mədəniyyətinə sahib olmaq üçün çoxlu bədii ədəbiyyat oxumaq lazımdır. Gərək ecazkar səs sahibi olasan ki, öz məharətinlə tamaşaçıları və dinləyiciləri təəccübləndirəsən və onların alqışlarını qazanasan. Mən 2017-ci ilin mayında Türkiyədə keçiriləcək teatr festivalında iştirak edəcəyəm və “Arşın mal alan” filmindəki Soltan bəy obrazını canlandıracağam. Arzum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq və rejissorluq fakültəsinə qəbul olmaqdır. Qəbul olacağıma da tam əminəm, çünki özümə, istedadıma güvənirəm”.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
s.seferova@muallim.edu.az
yuxarı ⤴