1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Elmi-pedaqoji kadr hazırlığı: mülahizələr
18.03.2017 / No10

 
 

 

 


Azərbaycanda elmi-pedaqoji kadr hazırlığına Sovetlər Birliyi dövründən başlanılmışdır. Etiraf edək ki, Sovetlər Birliyinin 70 ili ərzində Azərbaycanda elmi-pedaqoji kadr hazırlığı sahəsində tarixi nailiyyətlər əldə edilmişdir. Məşhur rus alimlərinin yaxından köməyi ilə azərbaycanlılardan ibarət elmi-pedaqoji kadr hazırlığının bünövrəsi qoyuldu, Əhməd Seyidov, Mehdi Mehdizadə, Əliş Həsənov, Surxay Hacıyev, Mərdan Muradxanov, Vəlixan Mustafazadə, Dilrubə Mustafayeva və s. kimi pedaqoq alimlərin ilkin dəstəsi yetişdi. Keçən əsrin 60-70-ci illərində Əliheydər Həşımov, Nurəddin Kazımov, Ağahəsən Rzayev, Hüseyn Əhmədov, Aben Kərimov, Yusif Talıbov, Əjdər Ağayev, İbrahim Mollayev, Rəfiqə Mustafayeva və başqalarının şəxsində elmlər doktorları hazırlandı. Azərbaycan elmi-pedaqoji kadrların potensialı baxımından Sovetlər Birliyi məkanında öncül yerlərə qalxdı. Bütün bunların nəticəsi idi ki, əvvəllər doktorluq müdafiəsi üçün Tbilisi və Moskvaya üz tutulurdusa da, sonralar Ermənistandan, Gürcüstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Qafqazdan, hətta Moskvadan müdafiə üçün Bakıya, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna, onun ümumi pedaqogika kafedrasına müraciət edilirdi. İnstitutun vizit kartı hesab edilən ümumi pedaqogika kafedrası respublikada və bütövlükdə ölkədə şöhrət qazandı. Ölkənin tanınmış alimləri, o cümlədən N.K.Qonçarov, İ.S.Marjenko, Z.İ.Ravkin, V.A.Polyakov, F.A.Fradkin, V.V.Qaqua və başqaları rəsmi opponent sifətilə Bakıya gəlmiş, Azərbaycan alimləri isə İrəvan, Tbilisi, hətta Moskvada ixtisaslaşdırılmış Müdafiə Şuralarında rəsmi opponent kimi çıxış etmişlər. Bütün bunların nəticəsi idi ki, Sovetlər Birliyi dövründə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 4 nəfər professoru, RSFSR və SSRİ PEA-ya seçildi (A.Abaszadə, M.Mehdizadə, S.İmanov və H.Əhmədov). Onlardan ikisi ümumi pedaqogika kafedrasının professoru idi. Bu, Azərbaycan pedaqoji elminin və ADPİ-nin ümumi pedaqogika kafedrasının tarixi nailiyyəti, uğuru idi.
Keçən əsrin sonlarında SSRİ-nin labüd süqutu nəticəsində müstəqillik əldə edən Azərbaycan Respublikasında elmi-pedaqoji kadr hazırlığı dövlətin diqqət mərkəzində olmuş, elm sahələrinə kifayət qədər vəsait sərf edilmişdir.
Respublikamızda əldə edilən təcrübə və ənənə bu gün də müvəffəqiyyətlə davam etdirilir. Digər elmi müəssisələr kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasında ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası (5804.01) ilə bərabər, həmçinin təlim və tərbiyənin nəzəriyyəsi və fənlərin tədrisi metodikası ixtisası (5801.01) üzrə dissertasiyalar uğurla müdafiə olunur. Son iki ildə bu Şurada 46 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, 5 nəfər isə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Əgər Sovetlər Birliyi illərində müdafiə üçün Bakıya müttəfiq respublikalardan gəlirdilərsə, bu gün Azərbaycana həm də qonşu İran və qardaş Türkiyədən gəlirlər.
Yeri gəlmişkən qeyd edək ki, bu Şurada fənlərin tədrisi metodikası ixtisası üzrə dissertasiyaların müdafiəsinə şərait yaradılması təqdirəlayiqdir.
Lakin elmi-pedaqoji kadr hazırlığında uğurlarımızla bərabər qüsurlar, müdafiə edilən dissertasiyalarda, nəşr edilən əsər və məqalələrdə təhriflər, elmi səhvlər və digər nöqsanlar da müşahidə edilir. Bunlardan bəzilərini qeyd etmək istərdim.
Əvvəlcə dissertasiyalarda özünü göstərən qüsurlar barəsində. Müşahidələrim göstərir ki, müdafiə edilən dissertasiyaların bir çoxunda, xüsusilə də pedaqogikanın və təhsilin tarixi üzrə fəlsəfə doktorluğuna təqdim edilmiş dissertasiyalarda mövzu o qədər də aktual deyil. Təhsilin tarixi üzrə təqdim edilən dissertasiyaların mənbələri qeyri-qənaətbəxşdir, ilk mənbələrə, arxiv sənədlərinə müraciət, mövcud ədəbiyyatın xülasəsi, bunlara tənqidi münasibət yox dərəcəsindədir. Tədqiqat üsulları məqbul deyil. Bəzi dissertasiyalarda elmi təhriflərə də yol verilir və göstərilən bu qüsurlar nədənsə rəsmi opponentlər, avtoreferatlara rəy verən müəssisələr və çıxış edənlər tərəfindən dilə gətirilmir.
Məsələn, bu yaxınlarda kimyanın tədrisi metodikası üzrə müdafiə edilən bir doktorluq dissertasiyasında silsilə qüsurlara rast gəldim. Dissertasiyada kimya fənninin tədrisi metodikasının inkişafı üç dövrə bölünür. Sovet hakimiyyətinə qədər olan dövr (1900-1920) birinci dövr hesab edilir. Burada qüsur odur ki, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1919-cu illər) Rusiyanın işğalı dövrü hesab edilir ki, bu, ciddi səhvdir.
İkinci dövr Sovet hakimiyyəti dövrü adlanır. Bu dövr 1 saylı sxemdə 1920-1991-ci illər, növbəti səhifədə isə nədənsə 1920-1988-ci illər kimi təqdim olunur.
1991-ci ildən bu günümüzə qədər olan dövr isə müstəqillik dövrü hesab edilir. İddiaçı bu dövrün özünü də üç mərhələyə bölür. 1993-1995-ci illəri bu dövrün ikinci mərhələsi adlandırır və müstəqilliyin bərqərar olması illəri hesab edir ki, bu da məqbul deyil. Mövcud mənbələrdə bu mərhələ 1993-1995-ci illər deyil, 1993-2003-cü illəri əhatə edir. Bu mərhələ Heydər Əliyev zirvəsi kimi tariximizə daxil edilmişdir. Bundan başqa, avtoreferatın 13-cü səhifəsində müstəqillik illəri üç mərhələyə bölündüyü halda, 33-cü səhifədə - “Rezume”də iki dövrə bölündüyü göstərilir.
Fikrimcə, metodika sahəsində əsər yazan dissertantlar əvvəlcə məktəb tarixini bilməlidir. Belə ki, tədris fənləri məktəblə bağlıdır, məktəblərdə tədris edilir.
Bəzi dissertasiyalarda fənlərin tədrisi metodikasının müstəqil elm sahəsi hesab edilməsi, hətta bu fənnin orta ümumtəhsil məktəblərində də tədris edilməsi təklifləri irəli şürülür ki, bu da yersizdir. Təxminən, son 100 il ərzində nəşr edilən bütün pedaqogika dərsliklərində və dərs vəsaitlərində, məqalələrdə metodikalar pedaqogika elminin tərkib hissəsi hesab edilmiş və pedaqoji elmlər sisteminə daxil edilmişdir.
Metodikaların bir tədris fənni kimi pedaqoji təmayüllü orta ixtisas və ali məktəblərlə yanaşı, həm də orta ümumtəhsil məktəblərinin də tədris planlarına daxil edilməsi təklifinə gəldikdə isə demək istərdim ki, əlbəttə ki, müdafiə edilən dissertasiyalarda irəli sürülən təklif, - əgər onun elmi dəyəri varsa, - bu və ya digər sahəyə, təcrübəyə tətbiq edilməlidir. Elmlərin inkişafı da bunu tələb edir. Lakin metodikanın orta ümumtəhsil məktəblərində də tədris edilməsi təklifi məqbul sayıla bilməz. Çünki orta məktəb kimya müəllimi hazırlamır. Orta məktəbdə elmlərin əsasları öyrədilir.
Başqa bir misal: “Azərbaycanda 1918-ci ilədək gimnaziya, real, ali-ibtidai, “rus-tatar” məktəblərində kimya fənninin tədris edilməməsi, kimyanın müstəqil fənn kimi yalnız XX əsrin əvvəllərindən tədris planına daxil edilməsi” kimi fikirlər tamamilə yanlışdır. Əlimizdə olan arxiv sənədlərində, ilk mənbələrdə son zamanlar aparılmış tədqiqatların nəticəsi kimi respublikamızda nəşr edilmiş monoqrafiyalarda kimyanın müstəqil bir fənn kimi çox-çox əvvəllərdən tədris edilməsi göstərilir.
Dövlət arxivlərində Bakı realnı məktəbinin müəllimlərinin müvəffəqiyyəti və işə can yandırmasına aid bir sıra sənədlər vardır. Onlardan birinə nəzər salaq.
QTD-nin popeçiteli Bakı realnı məktəbinin birinci buraxılışının müvəffəqiyyəti ilə əlaqədar olaraq, 1871-ci il iyulun 13-də Bakı məktəblər direksiyasının direktoruna yazdığı məktubda buraxılış imtahanlarının müvəffəqiyyəti üçün gimnaziyanın inspektoruna, müəllimlərinə, xüsusilə kimya müəllimi Novitskiyə (kursiv bizimdir - H.Ə.), riyaziyyat müəllimi Çerntsova və Kojevskiyə, tarix müəllimi Levitskiyə özünün səmimi təşəkkürünü bildirmişdir. Popeçitel Novitskinin fəaliyyətini ayrıca qiymətləndirir və qeyd edir ki, onun özünün tədris etdiyi fənnə şagirdlərdə sevgi təlqin etməsi və onların kimyadan əla müvəffəqiyyəti, bununla bərabər laboratoriyanın gözəl təşkili və şagirdlərin işlərində qayda qoyulması və s. cənab Novitskini mənim tabeliyimdə olan təlim dairəsinin ən yaxşı müəllimləri sırasında hesab etməyə əsas verir” (Bax: Циркуляр попечителя КУО, 1871, № 5, 6. стр.12-13).
Kimyanın müstəqil bir fənn kimi mədrəsələrdə də tədris edilməsinə aid maraqlı mənbələr mövcuddur.
Məlum olduğu kimi, bir sıra elm sahələri kimi kimya da Şərqdə, qədim Misirdə meydana gəlmiş, inkişaf etmiş, Azərbaycan mədrəsələrində tədris edilmiş, sonralar hətta Avropaya inteqrasiya edilmişdir.
Müdafiə edilmiş dissertasiyaların bir çoxunda tədqiqat üsulu kimi pedaqoji eksperimentdən bəhs edilir ki, belə mövzuların tədqiqində bu üsulu tətbiq etmək olmaz (məsələn, ailə tərbiyəsi ilə bağlı mövzularda).
Avtoreferatlarda 20-30 müəllifin adı hallanır, lakin bunlardan heç birinin bir əsərinin adı belə çəkilmir. Bəzən isə bir qrup alimin adı çəkilir. Sonda isə göstərilir ki, “lakin bunlardan heç biri bu mövzu ilə bağlı fikir söyləməmişlər”.
Türkiyə və Azərbaycan folkloru ilə bağlı müdafiə edilən dissertasiyada bir sıra maarifçilərin, o cümlədən Firudin bəy Köçərlinin yalnız adları qeyd edilir. Lakin onların heç birinin əsər və ya məqalələrinin adı belə çəkilmir. Halbuki belə tədqiqatlarda istər qardaş Türkiyə, istərsə də Azərbaycan maarifçilərinin xidmətləri öz əksini tapmalı, dəyərləndirilməli idi.
Son vaxtlar nəşr olunan məqalələrdə təhriflər, elmi cəhətdən əsaslandırılmayan fikirlərə münasibət bildirməyi də faydalı hesab edərdim. Belə yazılar oxucuları çaşdırır, elmdə dolaşıqlıq əmələ gətirir. Bəzi faktlara müraciət edək. Kirovabad (Gəncə - H.Ə.) şəhərindəki M.Qorki adına 1 nömrəli məktəbin yubileyi ilə əlaqədar bir materialda oxuyuruq: “Görkəmli Azərbaycan şairi, maarifçisi və ateisti Mirzə Şəfi Vazeh bu məktəbin yaradıldığı illərdə orada ilk müəllim, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundov isə məktəbin ilk şagirdləri sırasında olmuşlar”.
Tamamilə yanlışdır. Əsası 1833-cü il fevralın 18-də qoyulmuş Gəncə qəza məktəbinin fəaliyyətinin ilk illərində, yəni 1846-cı ilə qədər orada Azərbaycan dilindən (və şəriətdən) Molla Abdulla Əliməmməd oğlu dərs demişdir. M.Ş.Vazeh həmin məktəbdə sonralar, 1846-cı ilin sentyabrından 1850-ci ilin yanvarına qədər işləmişdir. M.F.Axundov isə Gəncə deyil, Nuxa (Şəki) qəza məktəbinin ilk şagirdlərindən olmuşdur.
“Gəncə məktəbinin ilk dərsliyi” sərlövhəli başqa bir məqalədə A.A.Bakıxanovun “Qanuni-Qüdsi” adlı əsəri bu məktəbin ilk dərsliyi hesab edilir. Halbuki qəza məktəblərinin tədris planında fars dili olmamışdır. Bu məktəblərdə tədris rus dilində idi. Yerli dil kimi Azərbaycan dili tədris edilmişdir. Məqalədə daha sonra oxuyuruq: “M.F.Axundov səs üsulu ilə yazdığı dərsliyini əsrin ikinci yarısında çap etdirdi”. Tamamilə səhv fikirdir. M.F.Axundov belə bir dərslik yazmamış və onun belə bir dərsliyi çap edilməmişdir. Qələm dostlarımızdan biri M.F.Axundzadəni Zaqafqaziya Şeyxülislamı Əbdüssəlam Axundzadə ilə qarışıq salmışdır. M.F.Axundovun irsinə yersiz əlavələr etməyə, bir növ yamaq vurmağa ehtiyac yoxdur. Məqalə müəllifinin “Gəncə şəhərində 1830-cu ildən fəaliyyət göstərən oğlan gimnaziyası bir tədris ocağı kimi diqqəti cəlb edirdi...” fikri də yanlışdır. Gəncədə oğlan gimnaziyası (klassik gimnaziya) çox sonralar, yəni 1870-ci il iyulun 1-də açılmışdır.
Məqalələrdən birində deyilir ki, Ü.Hacıbəyli və H.Mahmudbəyov Qori Müəllimlər Seminariyasında A.O.Çernyayevskinin şagirdi olmuş, müəllimliyin sirlərini ondan öyrənmişlər. Əslində nə Ü.Hacıbəyli, nə də H.Mahmudbəyov A.O.Çernyayevskinin şagirdi olmamışlar. Belə ki, Həbibbəy Mahmudbəyov Qori seminariyasında deyil, Tiflis Müəllimlər İnstitutunda oxumuşdur. Üzeyir bəy Hacıbəyli isə Qori Seminariyasında oxuduğu zaman (1899-1904) A.O.Çernyayevski orada işləməmişdir. O, xeyli əvvəl, 1894-cü il dekabrın 14-də vəfat etmişdir. Hərçənd ki, onun vəfatının tarixi də bir sıra sanballı kitablarda səhvən 1897-ci ilə aid edilir.
Bəzi müəlliflər tədqiqat aparmadıqlarından dövlət məktəbləri ilə, o cümlədən XIX əsrin 80-ci illərində meydana gələn Bərdə, Xaçmaz, Padar, Ağdaş və Ağdam kənd məktəbləri ilə xüsusi təhsil ocaqları olan “rus-tatar” (rus-Azərbaycan) məktəblərini qarışıq salırlar. Əslində, 1875-ci il yanvarın 2-də əsası qoyulmuş və 1878-ci ildən zemstvo məktəbinə çevrilmiş Salahlı kənd “rus-Azərbaycan” məktəbi nəzərə alınmazsa, bütün XIX əsr ərzində Azərbaycan kəndlərində göstərilən tipdə tədris müəssisəsi olmamışdır.
Yubiley xarakterli yazılarında bəzi müəlliflər əsaslı tədqiqat aparmadan, ilk mənbə, arxiv sənədi üzü görmədən, bolluca istifadə etdikləri kitab və məqalələrin müəllifini göstərmədən, daha doğrusu, səhifələri bütövlükdə, bəzən də təhrif olunmuş şəkildə köçürürlər. Bu da bir növ ədəbi oğurluqdur. Belə yazılar nə əqlə qida verir, nə də elmə fayda. Əksinə, vaxt ötdükcə onlar bir mənbəyə çevrilir və mədəniyyət tariximizdə dolaşıqlığa səbəb olur. Ayrı-ayrı qəzet və jurnallarda, habelə kitablarda özünə yol tapan belə dəqiq olmayan faktlar və ifadələr nəticə etibarilə tarixi təhrifə gətirib çıxarır.
Bu cür qüsurlara dair faktların sayını artırmaq da olar. Fikrimizcə, bunlar da kifayətdir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdəki çıxışında demişdir ki, biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox fikirlər təhrif olunub, indi də təhrif edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqamətdə təhrif edilir.
Ulu öndərin tarixçilərin qarşısına qoyduğu vəzifələr məktəb və pedaqoji fikir tarixini tədqiq edənlərə - pedaqogika tarixçilərinə də aiddir. Tarixçi tarixin keşikçisidir. O, öz elminin keşiyində ayıq-sayıq olmalıdır.
Zənnimizcə, qeyd olunan qüsurlar bir sıra səbəblərdən irəli gəlir.
Birinci səbəb odur ki, gənc tədqiqatçılar öz əsərlərini köhnə materiallar əsasında yazırlar. Yəni Sovetlər Birliyi dövründə nəşr edilən mənbələrə istinad edirlər. Bunlar isə o dövrün tələbləri, kommunist-bolşevik ideologiyasının təsiri altında yazılmış əsərlərdir ki, onlardan nihilizm qoxusu gəlir. Bu qəbildən olan əsərlərdə Azərbaycan xalqının inqilabdan əvvəl başdan-başa savadsız olması, məktəb və mədrəsələrimizin yalnız dini təlim verməsi kimi yanlış fikirlər uzun zaman yer almışdır.
İkinci səbəb budur ki, gənc tədqiqatçılar Azərbaycan xalqının tarixi, o cümlədən məktəb və pedaqoji fikir tarixinə aid zəngin materialların saxlanıldığı arxivlərə, - bu gün qonşu ölkələrin dövlət arxivlərinə üz tutmurlar və bu da bir sıra səbəblərlə bağlıdır.
Üçüncü səbəb isə budur ki, gənc tədqiqatçılar son illər yeni təfəkkür baxımından nəşr olunan əsərləri oxumurlar.
Bu fikirlərimi qeyd etməkdə yeganə məqsədim elmə gələn gəncləri belə qüsurlardan xilas etməkdir. Nəzərə almaq lazımdır ki, bu gün özünü göstərən qüsurlar sabah mənbəyə çevrilir və gənc tədqiqatçılar da bu mənbələrə istinad edirlər. Beləliklə, səhvlər, qüsurlar get-gedə daha da dərinləşir.
Respublikamızda pedaqoji tənqidin olmaması və ya zəif olması da elmdə yeni-yeni səhvlərin ayaq açmasına imkan verir.

Hüseyn ƏHMƏDOV,
pedaqoji elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının akademiki, Prezident təqaüdçüsü

yuxarı ⤴