1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.06.2017

// 14.06.2017




 

 
Yeni informasiya texnologiyalarının tədrisə tətbiqində müəllimin rolu
18.03.2017 / No10

Cədvəl 1

 

Cədvəl 2

 

 

 


İlahə FAZİLOVA,
“Təhsildə İnnovativ Texnologiyalar-İTE” əlavə təhsil mərkəzinin dövlət proqramları üzrə mütəxəssisi, “Elektron təhsil” və “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi

XXI əsrdə məktəbin necə olması məsələsi pedaqoq alimləri daim düşündürür. Görkəmli Amerika pedaqoqu Fillip Şlexti “XXI əsrin məktəbi. Təhsil islahatının prioritetləri” əsərində sahibkarlarla, iş adamları və məktəb funksionerləri ilə çoxsaylı sorğular apardığını və onların məktəbdən nə istədiyini soruşduğunu yazır. Qeyd edir ki, sorğunun nəticəsinə əsasən müasir cəmiyyətə müstəqil öyrənməyi, məqsədinə çatmaq üçün yollar tapmağı, problemləri müxtəlif müasir informasiya vasitələrindən istifadə etməklə həll etməyi bacaran şəxsiyyətlər lazımdır. Bunun üçün müasir dövrdə müəllim şagirdi inkişafa yönəlmiş bir şəxsiyyət kimi yetişdirməli, sərbəst və davamlı öyrənmə vərdişləri formalaşdırmalıdır. Bəs öyrənmə prosesini necə etmək olar ki, şagirdlərin maraqlarına cavab versin və onlar bu prosesə həvəslə cəlb olunsunlar? Müasir şagirdlərin maraq dairəsini nəzərə alsaq görərik ki, İKT-dən istifadə onların diqqətini cəlb edən bir sahədir.
Ümumilikdə İKT təhsil üçün aşağıdakı kimi geniş imkanları yaradır:
* Hər şagird üçün fərdi yanaşma imkanı yaradır, onların öyrənmə prosesini daha cəlbedici edir və motivasiyalarını artırır, müstəqil fəaliyyətini intensivləşdirir;
* Müxtəlif elektron materiallardan yararlanma imkanı yaradır;
* Tədris prosesinin daha maraqlı olması üçün multimediadan istifadə etmək imkanı yaradır;
* İnternetin ünsiyyət alətlərindən istifadə etməklə digər ölkələrdə, yaxud bölgələrdə yaşayan şagirdlərlə və ya mövzunun öyrənilməsinə səmərəsini verə biləcək mütəxəssislərlə əlaqə saxlamaq imkanı verir;
* Virtual laboratoriyalarda fənlərlə bağlı təcrübələrin aparılması imkanı yaradır;
* Şagirdlərin nailiyyət səviyyəsinin izlənilməsini təmin edir.
Müasir dövrün tələblərindən irəli gələn bu dəyişikliklərin məktəblərdə uğurla tətbiq edilməsi müəllimin də tədris prosesinə fərqli yanaşmasını zəruri edir. Artıq müəllimin məqsədi məktəblilərdə qərar qəbul etmə bacarığını dəstəkləmək və inkişaf etdirmək, onların öyrənilən mövzuların məqsədini anlaması üçün tənqidi, məntiqi və yaradıcı təfəkkürünü inkişaf etdirmək və sərbəst tədqiqata sövq etməkdir. İKT-dən istifadənin pedaqoji məqsədlərinə nəzər salaq:
* Öyrənənin informasiya cəmiyyətində faydalı fəaliyyətə cəlb olunması üçün onun fərdi inkişafını təmin edir;
* Düşünmə qabiliyyətini və tənqidi təfəkkürü inkişaf etdirir;
* Öyrənənin ünsiyyət-kommunikativ bacarıqlarını inkişaf etdirir;
* Müxtəlif sahələr üzrə elmi axtarış və tədqiqat bacarığı yaradır;
* Çevik qərar qəbuletmə bacarığına yiyələndirir;
* İnformasiya mədəniyyətini formalaşdırır;
* Öyrənən informasiya cəmiyyətinin tələblərinə cavab verir;
* Öyrənəni sərbəst idrak fəaliyyətinə cəlb edir;
* Öyrənəni sağlam rəqabətə hazırlayır;
* İKT-dən məqsədli surətdə istifadə edən mütəxəssislər hazırlayır;
* Təlim və tədris prosesini daha da dərinləşdirir və intensivləşdirir;
* İdrak fəaliyyətini aktivləşdirərək öyrənmə prosesinə qarşı maraq yaradır;
* Tədris prosesinin səmərəliliyi və keyfiyyəti artırılır, informasiya daha əlçatan və cəlbedici olur;
* Fənlərarası inteqrasiya imkanları yaradır.
Məlumdur ki, şagirdlərin İKT-dən faydalı və məqsədyönlü istifadəsini təmin etmək üçün müəllimlər tədris prosesində İKT-dən səmərəli istifadə bacarığına yiyələnməlidirlər. Gəlin görək tədris prosesində İKT-dən səmərəli istifadə üçün müəllimlər hansı İKT kompetensiyalarına (səriştəliliyə) malik olmalıdırlar? İKT kompetensiyaları tədris prosesində və ya tədris prosesindən kənar İKT-dən istifadə etməklə öyrənmənin təşkili üçün qarşıya çıxan texniki və metodiki problemləri peşəkarcasına həlletmə bacarığıdır. (Cədvəl 1)
İKT kompetensiyalarını xarakterinə görə iki istiqamətdə qruplaşdırmaq olar:
Bəs görəsən İKT üzrə ümumi və peşəkar kompetensiyalar dedikdə nə başa düşülür? Bu kompetensiyalara malik müəllimlər hansı bacarıqlara malik olmalıdırlar? (Cədvəl 2)Sürətlə dəyişən informasiya cəmiyyətinin tələbinə uyğun olaraq nəzərdə tutulan bu kompetensiyalar təbii ki, zaman keçdikcə daha da təkmilləşə bilər.
İKT üzrə kompetensiyaları məzmun və pedaqoji təyinatına görə də iki istiqamətdə qruplaşdırmaq olar:
* Ümumi pedaqoji təyinatına görə - tədris və tərbiyə prosesində informasiya texnologiyalarından ümumi istifadə bacarıqlarını özündə əks etdirir;
* Fənn üzrə təyinatına görə - fənnin xüsusiyyətlərini özündə birləşdirərək xüsusi istiqamət üzrə informasiya texnologiyalarından istifadə bacarıqlarını əks etdirir.
Ümumiyyətlə, İKT-dən istifadə edən müəllim daim yeni təlim və informasiya texnologiyalarını öyrənməyə, beynəlxalq təcrübələrdən yararlanmağa həvəsli olur. Belə müəllim fasiləsiz öyrənmə vərdişinə yiyələnir və öyrənmə prosesində əldə etdiyi şəxsi təcrübələri şagirdlərlə bölüşməyə, onlarda da fasiləsiz öyrənmə bacarıqları formalaşdırmağa maraqlı olur. Psixoloq və filosof Jan Piaje və psixoloq Brunerin fikrincə, alınan məlumatın qavranılma səviyyəsi öyrənmə prosesinin özünün maraqlı və cəlbedici olmasından asılıdır. Öyrənmə prosesinin maraqlı və cəlbedici olmasında isə İKT-dən istifadənin rolu əvəzsizdir.
Aparılan müşahidələrə uyğun olaraq müəllimlər İKT-ni tədris prosesində əsasən aşağıdakı istiqamətlərdə tətbiq edirlər:
* Tədris prosesində və tədris prosesindən kənar təlim-tərbiyə prosesində;
* Şagirdlərin müstəqil idrak fəaliyyətinin və araşdırma bacarıqlarının formalaşdırılmasında;
* Didaktik materiallar hazırlamaq üçün yardımçı vasitələrdən biri kimi;
* Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində;
* Məktəbdaxili və məktəbdənkənar icmalarla ünsiyyətin formalaşdırılmasında.
İKT-dən uzunmüddətli istifadə zamanı yaranan mənfi vərdişlərin aradan qaldırılması da diqqət mərkəzində durmalıdır.
İnformasiya axtarışı zamanı internetdən istifadə:
* Axtarış saytlarından istifadə zamanı şagirdlərə müxtəlif yararlı olmayan informasiyaları özündə əks etdirən və ya etik normalara uyğun olmayan internet ünvanlar təqdim oluna bilər. Bu mənfi hallarla qarşılaşmamaq üçün müəllimlər məktəbdə şagirdlərin istifadə etdiyi kompüterlərə müxtəlif filtrlər qoya bilərlər. Eyni zamanda bu məsələ ilə bağlı müəllim valideynlərlə də sıx əməkdaşlıq qurmalı və internetdən istifadə qaydalarına aid onlarla da maarifləndirici söhbətlər aparmalıdır. Məsələnin digər həlli yolu isə müəllimin şagirdlərə istənilən informasiyanın axtarışı zamanı konkret olaraq bir neçə informasiya mənbələri - internet ünvanları təklif etməsidir;
* İstənilən məsələnin həlli üçün internetdə mövcud olan və müəlliflik hüququ başqalarına aid olan mənbədən, hazır materiallardan istifadə;
* Təbii ki, şagird istənilən mənbədən aldığı informasiyadan yararlana bilər, amma həmin informasiyanı özünün yaratdığı məhsul kimi təqdim edə bilməz. Bu həm müəllif hüquqlarının pozulması, həm də şagirdlərin başqalarının təqdim etdiyi hazır bilikdən istifadə etməsi deməkdir. Müəllim şagirdlərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparmalı, onlarda informasiya mədəniyyəti (informasiyadan istifadə zamanı mənbənin göstərilməsi və s.) və müəyyən qaydalara riayət etmə bacarığı formalaşdırmalıdır;
* Kompüterdən istifadə zamanı vaxt itkisinə yol verilməsi və internet aludəçiliyin yaranması;
* Şagird hər hansı informasiyanın axtarışı, virtual laboratoriyadan istifadə, hər hansı interaktiv testlərin həll olunması və s. zamanı çox vaxt həmin tapşırıq üçün ayrılan vaxta düzgün riayət etmir, müxtəlif mənbələrdən məqsədsiz istifadə edərək vaxt itkisinə yol verir. Bunun üçün müəllim şagirdləri kompüterdən düzgün və təhlükəsiz istifadə qaydaları ilə tanış etməli, İKT-dən səmərəli istifadə üçün onda müəyyən vərdişlər formalaşdırmalıdır;
* Müasir dövrün tələblərinə cavab verə bilən, çevik zəkaya sahib, əldə etdiyi informasiyanı düzgün təhlil edə bilən və həyati bacarıqlara çevirən, milli və ümumbəşəri dəyərlərə malik şəxsiyyət yetişdirmək üçün müəllim istənilən təlim texnologiyasından, eləcə də informasiya texnologiyalarından məqsədyönlü istifadə etməli, əsas diqqəti fənnin məqsədinə yönəltməli və İKT-dən fənnin məqsədinə nail olmaq üçün səmərəli vasitə kimi istifadə etməlidir. Çünki istənilən təlim texnologiyası yalnız ondan düzgün istifadə edildikdə öz müsbət təsirini göstərə bilər. Unutmaq lazım deyil ki, İKT tədris prosesinin daha maraqlı və cəlbedici olması üçün sadəcə köməkçi vasitədir, bu köməkçi vasitədən məqsədyönlü və ehtiyaca uyğun istifadə hər müəllimin vəzifəsidir.

yuxarı ⤴