1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Molla Pənah Vaqif - 300
Molla Pənah Vaqifin yaradıcılıq xüsusiyyətləri
18.03.2017 / No10

 

 

 


Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Mədəniyyətimiz, ədəbiyyatımız tarixində xidməti olan elm və sənət adamlarının xatirəsi dövlətimiz tərəfindən əziz tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncam vermişdir. Sərəncamda deyilir: “Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir”. Molla Pənah Vaqif Azərbaycan elmi ictimaiyyəti, ziyalıları, ümumiyyətlə xalqımız üçün çox əzizdir. O, anadan olanda valideynləri- atası Mehdi, anası Ağqız ona sadəcə “Pənah” adı vermişlər. Təxəllüs kimi götürdüyü “Vaqif” sözü isə onun hər şeyə bələd, zəngin bilik sahibi olduğunu göstərir. Xalqımızın yaratdığı bir ifadə var: “Hər oxuyan Molla Pənah olmaz”. Bəli, Molla Pənah haqqında söylənən bu deyimləri anlamaq üçün ədəbiyyatımızda, mədəniyyətimizin inkişafında Vaqifin xidmətlərini bilmək gərəkdir.
Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı “Füzuli haqqında” məqaləsində ədəbiyyatımıza Füzulinin təsirini, həm də yaxşı təsirini göstərərək yazırdı:
“Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şeirlərini ona bənzətməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idealı olmuşdu. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayıra çıxmayır və uzun illər yeni bir şəklə keçmirdi”.
Həmin məqalədə qeyd olunduğu kimi, Füzuli türk (Azərbaycan) dilinin şeir-sənət dili olduğunu əsərləri ilə təsdiq etdi, onun yazdığı əsərlər başqaları üçün nümunə oldu, şairlər bu təsirdən çıxa bilmirdilər, sanki Füzuli ədəbiyyatı sehirləmişdi, ədəbiyyat inkişafdan qalırdı. Bu tilsimi Molla Pənah Vaqif sındırdı, şeiri real həyat, real varlıqla bağladı, sadələşdirdi, xalqımızın canlı danışığına yaxınlaşdırdı.
Azərbaycan şeirinin görkəmli sənətkarı, respublikamızda ilk xalq şairi adına layiq görülən Səməd Vurğun rus şairi A.S.Puşkinin “Yevgeni Onegin” əsərini Azərbaycan dilinə tərcümə etməsi münasibəti ilə deyirdi:
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə,
Rusiya şeirinin şah əsərini
Çevirdim Vaqifin şirin dilinə.
Səməd Vurğun “Rusiya şeirinin şah əsərini, çevirdim Vaqifin şirin dilinə” deməklə qüvvətli metonomiya yaratmışdır - Azərbaycan dili əvəzinə “Vaqifin dili” işlətmişdir. “Dil” sözünə “şirin” epiteti verməklə onun ahəngdarlığını, sadəliyini, Azərbaycan dilinin əsl poeziya dili olduğunu bildirir və şeir dilimizin bu səviyyəyə çatmasında Molla Pənah Vaqifin böyük xidməti olduğunu qeyd edir.
Molla Pənah Vaqif Azərbaycan poeziya dilində “islahat” aparmağın vaxtı çatdığını hiss etmiş və bu vəzifəni sanki öz öhdəsinə götürmüş, öhdəçiliyi yerinə yetirmiş, şeir dilini xalqın başa düşəcəyi şəklə gətirmişdir.
Molla Pənah Vaqif lirik şairdir. Bu lirikanın məzmunu məhəbbət, insan gözəlliyinin tərənnümü, insanlar arasında xoş münasibətin, səmimiyyətin, bədii sözün ecazkar gücü ilə ifadə olunmuşdur. Vaqifin tərənnüm obyekti real insanlardır, nəcib, gözəl Azərbaycan qızlarıdır. Şair seçdiyi təsvir obyektini söz sənətinin bütün imkanlarından istifadə etməklə oxucuya çatdırmağı qarşıya məqsəd qoyur və nail olur. Onun işlətdiyi, yaxud yaratdığı təsvir vasitələri - epitet, təşbeh, istiarə, metonimiya, mübaliğə, litotalar və s. sadə, anlaşıqlı, lakin sadə olduğu qədər də güclü təsir gücünə malikdir. Nümunə kimi şairin qələminin məhsulu olan bir qoşmadan aşağıdakı misralara nəzər salmaq olar:
Cəmalın günəşdir, qəmərdir üzün,
Şəkərdir dəhanın, şirindir sözün,
Yağıdır müjganın, cadudur gözün,
Cəllad kimi qəmzən qəsdədir, ay qız!
Bu misralarda şair təşbehdən istifadə etmişdir, belə ki, şair tərənnüm etdiyi qızın camalını günəşə, üzünü aya bənzədir, dəhanın şəkər, sözünün şirin olduğunu deyir. Bu bənzətmələr hamının başa düşəcəyi və danışıqda tez-tez istifadə etdiyi əşyalardan, onları ifadə edən sözlərdən ibarətdir. Lakin şair bunları məharətlə işlətmişdir. Belə ki, nəzəri cəhətdən yanaşdıqda bəzətmənin dörd ünsürü məlumdur - bənzəyən, bənzədilən, bənzətmə əlaməti, bənzətmə qoşması. Göründüyü kimi, göstərilən misralarda bu əlamətlərin hamısı işlədilməmişdir.
Diqqət edilərsə, aydın olar ki, şair bənzətmə əlamətini və bənzətmə qoşmasını işlətmir, sözə qənaət etməklə mükəmməl bənzətmə (təşbeh) yaratmışdır. Bu isə ustalıqdır.
Görkəmli filoloq alimlərimiz inkarolunmaz ümumiləşmiş bir fikirdədirlər ki, Azərbaycan ədəbiyyatında poema janrında Nizami, qəsidə janrında Xaqani, qəzəl janrında Füzuli möcüzə yaratmışdır (bax: Əlyar Səfərli, Xəlil Yusifli “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”, Bakı “Ozan” 1998, səh 109).
Biz cəsarətlə deyirik: insan gözəlliyini sadə, bədii dillə ifadə etməkdə M.P.Vaqif möcüzə yaratmışdı. Bu isə ədəbiyyatımız tarixində onun ən böyük xidmətidir.
İnsan gözəlliyinin tərənnümü baxımından onun aşağıdakı misralarına nəzər salmaq olar:
Ləblərin ləli-Yəmən, qönçeyi-tərdir dəhənin,
Tazə gül xərmənidir başdan ayağa bədənin,
Lal edər tutiləri ləhceyi-şirin suxənin,
Gülşənin rövnəqisən, zinəti bağü çəmənin,
Boyun oxşar sənin ol şumşada, qurbanın olum!
Bu misralarda işlədilən təsvir vasitələri oxucunu heyrətə gətirir. Bənzəyənlə bənzədilən arasında oxşarlığın ifadəsi, bir əşyaya məxsus əlamətin başqa bir əşya üzərinə köçürülməsini həyəcansız oxumaq mümkün deyil. Misralarda bədiilik, qafiyə sistemi o qədər güclüdür ki, şeir misralarının çoxhecalı əruzun dörd bölüm bəhrində olması hiss olunur, yüngül oxunur. Təsvir vasitələri diqqəti daha çox cəlb edir:
“Ləblərin ləli-Yəmən” deyilir - ləlin incəliyi, parlaqlığı insan (əlbəttə, qadın, qız dodağının) üzərinə köçürülür - istiarədir. Sual yaranır: nəyə görə Yəmən ləli deyilir? Ona görə ki, Yəmən ləli daha parlaq hesab edilir.
Yaxud: “qönçeyi-tərdir dəhənin”. Şairin təsvir etdiyi qızın ağzı gül qönçəsinə bənzədilir. Qönçə yeni açılanda kiçik olur. Qadının ağzının kiçik olması gözəllik əlamətidir. Qızın (qadının) bədəni oxucuya “tazə gül xərmənidir başdan-ayağa bədənin” kimi təqdim olunur. Şair qadın gözəlliyini, demək olar ki, yaradıcılıq nümunələrinin əksəriyyətində vəsf edir. “Bəh bu bağın nə əcəb sərvi dilaraları var” misrası ilə başlanan müxəmməsində daha qabarıq şəkildə deyir:
Mərhaba, Tiflis imiş cənnəti dünya yerinin,
Yığılıbdır ona cəmiyyəti huru pərinin,
Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin,
Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin
Məhi-tabanə bərabər səru simaları var.

Ol qədərdir büti-nazikbədənü incəmiyan,
Eyləmək olmaz onun vəsfini məlumu əyan,
Hər biri nazü-nəzakət bilə min afəti-can,
Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,
Məst tavus kimi gərdəni-minaları var.
Molla Pənah Vaqif şeirdə sadələşdirmə apararaq xalqın başa düşəcəyi şəklə salmaqla özünəqədərki ənənəni inkar etmir, bunu şeirin nəzəri cəhətdən zəiflədilməsi kimi anlamaq olmaz, yaranmış ənənəyə onun mənfi münasibəti demək deyil. Məlum olduğu kimi, Azərbaycan poeziyasında əsasən iki şeir vəznindən; milli şeir ölçüsü olan heca vəznindən (buna barmaqhesabı deyilir) və mənşə etibarilə ərəblərə məxsus olan əruz vəznindən istifadə edilmişdir. Vaqifə qədər yazılı ədəbiyyatda əruz vəzni milli şeir ölçüsü olan heca vəznini, demək olar ki, sıxışdırmışdı. Molla Pənah Vaqif xalqımızın milli şeir ölçüsünü ön plana çəkməklə yanaşı, əruz vəznində də gözəl nümunələr yaratmışdır.
Molla Pənah Vaqif qələminin məhsulu olan qəzəllər, müxəmməslər, müstəzadlar, müəşşərlər forma kamilliyi və məzmunca insan hisslərinin ifadəsi baxımından diqqəti cəlb edir. Şairin istər heca, istərsə də əruz vəznində yazdığı şeir nümunələri poetik tələb vəznin xüsusiyyəti, sözün işlənmə məqamı, qafiyə sistemi baxımından nəzərdən keçirdikdə əsl sənət nümunəsi olduğu qənaəti hasil olur. Məzmuna uyğun forma seçmək söz sənətkarından - şairdən nəzəri bilik və ustalıq tələb edir. Fikir aydınlığı üçün ayrı-ayrı ahəngə, ölçüyə malik olan poetik ifadəni nəzərdən keçirmək olar: “Dəhanın sədəfdir, dişlərin inci” adamda xoş əhval yaradır, heca vəznindədir, II hecalıdır, ona görə də yüngül oxunur; zəmanədən, ictimai münasibətlərdən narazılıq bildirən “Mən cahan mülkündə mütləq, doğru halət görmədim” şeir vahidi (misra) başqa ahənglədir, nisbətən ağır sakit deyiliş tələb edir, ona görə də şair hər birinə daha münasib forma seçir. Birinci heca vəzninin onbirlik, ikinci isə əruzun rəməl bəhrinin dörd bölümlü növünü fikri ifadə üçün ən uyğun ahəng hesab edir.
Bunlar onu göstərir ki, məzmuna uyğun forma seçməkdə M.P.Vaqif usta sənətkardır. Molla Pənah sözün sərrafıdır. Hər hansı bir sözü müxtəlif məna çalarında işlətməkdə mahirdir, söz gövhərinin zərgəridir. Fikir aydınlığı üçün nümunə kimi deməyi lazım bilirik: “Gözəl boylu, gözəl soylu, gözəl yar” misrası ilə başlanan təcnisində “gözəl” sözü 42 (qırx iki) dəfə təkrar olunur, hər dəfə yeni çalar bildirir.
M.P.Vaqifin yaradıcılıq xüsusiyyətlərindən biri onun, əsasən nikbin, optimist olmasıdır. Vaqifin şeirləri oxucunu həyatı sevməyə ruhlandırır. Əlbəttə, öz dövründə ictimai münasibətlərdə, yaşadığı mühitdə Vaqifi də təmin etməyən məsələlər olub, bunu şairin əsərlərindən də görürük, lakin belə hallar onun həyata olan sevgisini azaltmır. Vaqifin həyata nikbin baxışını şair dostu Molla Vəli ilə müşairəsində (şeirləşmə, deyişmə) aydın görmək olur. Əlbəttə, müşairənin həcmi geniş olduğundan hər birinin həyata münasibətini geniş şəkildə vermək imkan xaricindədir, lakin nümunə kimi hərəsindən bir neçə misra verməyi lazım bilirik.
Ey Vidadi, sənin bu puç dünyada
Nə dərdin var ki, zar-zar ağlarsan?
Ağlamalı günün axirətdədir,
Hələ indi səndə nə var, ağlarsan?
Vaqif

Vaqif, nə çox yan, baş-ayaq atarsan,
Mənə dersən, nə bu qədər ağlarsan?
Sənin də başında məhəbbət beyni
Əgər olsa, eylər əsər, ağlarsan!
Vidadi

Müşairədən aydın olur ki, eyni dövrdə yaşamış iki böyük şairin həyata baxışı müxtəlifdir. Molla Vəli Vidadi küskündür, zəmanəsindən şikayət edir, M.P.Vaqif isə “Toy-bayramdır bu dünyanın əzabı, ağlı olan ona gətirər tabı” deyərək onu səbr etməyə çağırır.
Molla Pənah Vaqifin yaradıcılığı olduqca ahəngdar, musiqili poeziyadır. Onun yaradıcılıq nümunələri; istər heca vəznində, istərsə də əruz vəznində yazdığı şeirlərə musiqi bəstələmə də heç bir çətinlik yaratmır. Vaqifin qəzəlləri xanəndələrimizin, qoşmaları isə müğənnilərin sevə-sevə oxuduqları şeir nümunələridir. Görkəmli incəsənət xadimlərinin sözlərinə əsasən demək olar ki, muğamda musiqi ilə şeir nisbəti bərabərdir. Bu baxımdan yanaşdıqda Azərbaycanda musiqi mədəniyyətinin inkişafında Molla Pənah Vaqifin böyük rolu olmuşdur. Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, Qəmbər Hüseynli, Əşrəf Abbasov, Səid Rüstəmov, Şəfiqə Axundova, Andrey Babayev və b. M.P.Vaqifin əsərlərinə musiqi bəstələmişlər.

Şəmistan MİKAYILOV,
Təhsil İnstitutunun baş elmi məsləhətçisi, pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü
 

yuxarı ⤴