1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Yeni nəşrlər
Uşaq ədəbiyyatımıza yeni töhfə
18.03.2017 / No10

 

 

 


Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan qələm sahiblərindən biri də tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur. Bütün həyatını yeni tipli uşaq ədəbiyyatının yaranmasına, tədqiqinə, təbliğinə həsr edən Rafiq müəllimin yaradıcılığı çoxşaxəlidir. Onun poeziya, ədəbiyyatşünaslıq, tərcüməçilik sahəsində uğurları böyükdür. Yeni tipli dərsliklərin yaranmasında da Rafiq Yusifoğlunun xidmətləri danılmazdır. Onun ali məktəb tələbələri üçün yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” adlı sanballı dərslik və tədris vəsaitləri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Rafiq Yusifoğlu eyni zamanda yeni təhsil sisteminin tələbləri əsasında yaradılan ilk “Ana dili” dərsliklərindən birinin də əsas müəlliflərindəndir (“Ana dili - 1”, Bakı, 2008).
Qırx beş ildən yuxarı pedaqoji staja malik Rafiq müəllim uşaq psixologiyasını yaxşı bildiyi üçün onun yaratdığı şeirləri və hekayələri uşaqlar maraqla oxuyurlar. Rafiq Yusifoğlunun bu il nəşr olunmuş “Bulud fayton” (ADPU, 2017) kitabına müəllifin son illərdə yazdığı bir-birindən maraqlı, vətənpərvərlik ruhu ilə yoğrulan əsərləri toplanıb. Bu şeirlərdə vətənimiz, onun son illərdə çiçəklənməsi, qazandığı uğurlar, təbiətimizin gözəlliyi məhəbbətlə tərənnüm olunur. Uşaqların qəlbində doğulduğu torpağa məhəbbət yaratmaq baxımından bu şeirlər xüsusi əhəmiyyət kəsb edir.
Mənə dayaq, mənə həyan olanım,
Pərvanə tək qoy başına dolanım!
İşıq olub gözlərimə dolanım,
Çiçək olub ürəyimdə bitənim! -
Vətənim!
Kitabdakı bir-birindən maraqlı, düşündürücü və öyrədici səciyyəli şeirlər ayrı-ayrı bölmələrdə toplanıb. “İşıq, su, torpaq, hava, bütün dərdlərə dəva” adlı bölmədəki şeirlərdə vətənpərvərlik motivləri güclüdür. Şair balaca oxucularını vətəni sevməyə, onun təbiətini qorumağa səsləyir.
Kitabın “Küləyin nəğmələri”, “Bahara bax, qışa bax, qara bax, yağışa bax” bölmələrində şairin poetik tutumlu təbiət şeirləri yer alıb. Burada da öyrədici səciyyəli əsərlər üstünlük təşkil edir. Uşaq ədəbiyyatının məqsəd və vəzifələrini gözəl bilən müəllif təbiət hadisələri haqqında uşaqlara bədii şəkildə məlumat verir. Bu şeirlərdəki külək də, ot da, çiçək də, ağac da, bulud da bədii obraz səviyyəsinə qaldırılır.
“Gəzdim düzü, dünyanı, yurdumdan gözəl hanı” bölməsində şairin səyahət şeirləri toplanıb. Rafiq Yusifoğlu oxucuları dünyanın maraqlı ölkələrinə - Amerikaya, Dubaya, Ukraynaya səyahətə aparır. Bu şeirlərin balaca qəhrəmanları isə müvəqqəti xaricdə yaşayan, vətən üçün darıxan Azərbaycan övladlarıdır.
“Ömrün baharı, yayı, Tanrının sevgi payı” adlanan bölmədəki şeirlərdə maraqlı uşaq obrazları yaradılıb. Bu bölmədə toplanan şeirlərdə uşaqlar məzəli, qeyri-adi hərəkətləri ilə diqqəti cəlb edirlər.
“Xoşbəxtdi, bəxtəvərdi, Dünya deyil özündə. O ayrı bir aləmdi Uşaqların gözündə” adlı bölmədə şairin dünyaya uşaq gözü ilə nəzər salıb onu mənalandırması maraqlıdır.
“Çəmən çiçəyi ilə, insan əməyi ilə” adlı bölmədəki şeirlərin əsas ideyası isə uşaqları zəhmətə məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.
Sonuncu bölmə “Ağacın kökü torpaqda, insanın kökü eldədi” adlanır. Buradakı şeirlərdə uşağa təkcə vətənin təbiətini deyil, xalqımızın adət-ənənələrini, onun dilini də sevdirmək missiyası qarşıya qoyulur. Mövzusundan asılı olmayaraq bütün şeirlərin uşaq təfəkkürünə uyğunluğu və bədiiliyi onların təsir gücünü qat-qat artıran vasitəyə çevrilir. Üzünü kiçik qəhrəmanlarına tutan müəllif yazır:
Unutma ki, heç zaman
Bu torpağa bağlısan.
Azərbaycan qızısan,
Azərbaycan oğlusan!
İstər mövzu və problematika, istərsə də bədii sənətkarlıq baxımından diqqəti cəlb edən nəfis tərtibatlı bu kitabdan təkcə uşaqlar deyil, müəllimlər, tərbiyəçilər, valideynlər də faydalana bilərlər.

Günel HÜSEYNOVA,
AMEA Folklor İnstitutunun doktorantı

yuxarı ⤴