1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

METODİKA
19.03.2016/№11


 


Mentor xidməti - təcrübədən doğan qənaətlər

Roza QASIMOVA,
Bakı şəhər 225 nömrəli tam orta məktəbin informatika müəllimi, mentor

Təhsil Nazirliyinin 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərinin ibtidai, V-VIII siniflərində dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları və mentorluq xidmətinin təşkili haqqında müvafiq əmrinə əsasən, TSİİL çərçivəsində keçirilmiş tenderdə bu işi həyata keçirmək hüququ qazanan təşkilatlardan biri də “TGC” MMC Təlim və İnkişaf Mərkəzi idi.

Mentorluq xidmətinin məqsədi yeni fənn kurikulumları ilə işləyən müəllimlərə birbaşa iş prosesində nəzəri, metodik biliklərinin səriştə, bacarıq və vərdişə çevrilməsində yardım göstərməkdir. Ənənəvi dərs təşkiletmə vərdişli müəllim müasir təlimin tələblərinə uyğun dərs prosesi təşkil edərkən məzmuna yanaşma, strategiya qurma, vaxtı mərhələlər arasında bölmə, qiymətləndirmə, sinfin işgüzar səs-küyünü idarəetmə, fasilitator ola bilmə, ritorikadan istifadə edə, elektron resurslarla işləyə bilmə və s. istiqamətlərdə öz həmkarlarının yardımına ehtiyac duyur. Bu ehtiyacdan yaranan mentorluq xidmətini riyaziyyat və informatika fənn müəllimlərinə 15 sentyabr 2015-ci il tarixindən 30 dekabr 2015-ci il tarixinədək 30 saat əyani, 50 saat distant olmaqla “TGC” MMC Təlim və İnkişaf Mərkəzinin mentorları reallaşdırdı. Fənn kurikulum təlimçisi və mentoru kimi mənim də iştirak etdiyim layihədə Bakıdakı 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimləri Arzu Əsgərova, Aytəkin İbrahimli, Kəmalə Quliyeva, informatika müəllimləri Sevinc Süleymanova, Fatimə Qasımova, 60 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aygül Qasımova, 225 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Gülər Zamanova könüllü olaraq iştirak etdilər. İlk görüşdə məktəb müdiriyyətləri və müəllimlər layihənin müddəti, məqsədi, fəaliyyət planı, distant mentorluq xidmətinin onlayn istiqamətləri ilə tanış oldular.

Hər bir müəllimin dövlət standartlarını reallaşdırarkən, müasir təlimin tələblərinə uyğun dərs prosesini təşkil edərkən hansı problemlərlə üzləşdiyini anlamaq, ehtiyaclarına uyğun mentorluq təlimini təşkil edə bilmək üçün fərdi və diaqnostik xarakterli tanışlıq oldu. Bu layihədə mentorun yönləndirici sualları vasitəsilə müəllimin ehtiyacını müəyyən edə bilməsi, hazırda öz fəaliyyətini qiymətləndirib gələcək fəaliyyəti ilə bağlı qismən də olsa fikir bildirməsi önəmli məqamlardan biri idi. Diaqnostik qiymətləndirmədən sonra qarşılıqlı razılaşdırılmış plan üzrə dərslərin izlənilməsi başlandı. Dərslər öncədən hazırlanmış meyarlar əsasında izlənildi. Hər bir meyar 10 ballıq şkala üzrə qeyd olunurdu. Qiymətləndirmə meyarları məqsədi xarakterizə edir, inkişafı ölçə bilirdi. İnkişafın ölçülməsi növbəti ayın ehtiyaclarını müəyyən etməyə yardım göstərir və ehtiyaclara uyğun gözlənilən nəticələr (məqsədlər) tərtib edilirdi. Bu iş prosesində müəllimin cəhdetmə istəyinin olması və yüksək motivasiyalılığını yarada bilmək ən mühüm məsələ idi. Dinlənilən dərslərin audio və ya video yazılışı müəllimlərə öz iş proseslərini kənardan izləmə imkanı yaradırdı. Onlar üzərində aparılan müzakirələr isə növbəti dərsdə hansı forma, üsul və qiymətləndirmə vasitələrinin tətbiq ediləcəyinə, vaxtı necə nəzarətdə saxlaya biləcəklərinə, şagirdyönümlü, şəxsiyyətyönümlü yanaşma üçün nəyə daha çox diqqət yetiriləcəyinə və s. yardım edirdi. Demək olar ki, hər bir müəllim qrupla, cütlərlə iş formasını yeni tətbiq etməyə başlayanda qiymətləndirməyə vaxtın çatmadığını deyir və əsas çətinliyindən biri kimi qiymətləndirmə meyarlarının çıxarılmasını, üsul və vasitələrinin seçilib hazırlanmasını, dərsin mərhələlərində, qrupun formativ qiymətləndirilməsini və fərdin qiymətləndirməsini göstərirdi. Layihənin sonuna kimi öz cəhdləri ilə bu və digər istiqamətlərdə çatışmazlıqların bir neçə həlli yollarını praktik yoxladılar. Eyni zamanda, dərsin mərhələlərini necə səmərəli təşkil etməyi hərtərəfli araşdırdılar. Nəticələri göz qabağında idi. Müəllimlər “çətindir, bacarmarıq” dedikləri hər hansı yanaşmanı, yeniliyi tətbiq edərkən mümkünlüyünü gördükdə bu, onlara böyük stimul verirdi.

Məktəb müdiriyyətləri də dərslərdə iştirak edir, müəllimin fəaliyyətindəki dəyişiklikləri müsbət qiymətləndirir, yeri gəldikdə öz təkliflərini bildirirdilər. Şagirdlərin isə əməkdaşlıq etmələri, öyrənib öyrətmək həvəslərinin artması, istənilən fikrə hörmətlə yanaşıb dinləmə bacarığını formalaşdırmaları, qrupdaxili nizam-intizam qaydalarını özlərinin tənzimləmələri, stimulverici qiymətləndirilmələri və ən əsası da dərslərin bu cür təşkil olunmasından məmnunluqları hiss olunurdu. Eksperiment və son olaraq verilən “açıq dərs”lər müəllimdən gözlənilən nəticənin, yəni mentorluq xidmətindən sonrakı fəaliyyətinin əvvəlki fəaliyyəti ilə müqayisə edilən və ölçüləbilənliyinin bariz göstəricisi oldu. Aşağıda onlardan bir neçəsinin bu barədəki fikirlərini təqdim edirik.

Arzu Əsgərova: 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi - “Mentorluq xidməti” layihəsi şəxsən mənim üçün çox məhsuldar oldu. Kənardan öz dərsimi izləmək mənə çatışmazlıqlarımı görmək imkanı verdi. Sonra o çatışmazlıqları empatik yanaşma və kömək nəticəsində düzəltməyə çalışdım. Mənim dərskeçmə tərzim hiss olunmadan ənənəvidən müasir dərsə doğru yavaş-yavaş dəyişdi. Artıq kurikulum mənim üçün qorxulu, tətbiqi mümkün olmayan, mücərrəd bir anlayış deyil. Müəllimin yeniliyə açıq olması yetərlidir ki, çətin hesab etdiyi işin sonda heç də çətin olmadığını, hətta daha maraqlı və şagirdyönümlü, onun ehtiyaclarını ödəyən olduğunu görsün.

Aytəkin İbrahimli: 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi - Bu layihədə ona görə iştirak etməyə razılaşdım ki, yeni təlim üsulları, formaları barədə kursda olmağıma baxmayaraq çətinlik çəkdiyim hissələr çox idi. Bunlardan ən çətini qruplarla işi yaratmaq, qiymətləndirməyə vaxt çatdırmaq idi. Hər dəfə şagirdlərin qrup işində yaratdığı səs-küy məni bu işdən soyudurdu. Daha çox fərdi işə, cütlərlə işə meyil edirdim. İndi isə bu, mənim dərs apardığım sinifdə çox gözəl alınır. Hər həftə dərsimizin dinlənilməsini həm mən, həm də şagirdlərim həvəslə gözləyirik. Açığı, belə qısa müddətdə inanmazdım ki, bu qədər müsbət dəyişiklik əldə edə biləm.

Sevinc Süleymanova: 6 nömrəli məktəb-liseyin informatika müəllimi - Mən ilk növbədə mentora dərin təşəkkürümü bildirmək istəyirəm. Bu uzun, çətin yolda bizimlə bərabər oldu. Bizə həm dəstək, həm istiqamət verdi. Onun dəstəyi bizə böyük ruh verirdi. Bu layihədə qazandıqlarım çox oldu. Ən əsası mən sonda sərbəst şəkildə müasir təlimin tələblərinə uyğun “açıq dərs” verə bildim.

Gülər Zamanova: 225 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi - Layihə haqqında ətraflı məlumatım olmadan razılaşdım. Məni irəlidə nə gözlədiyini tam bilməsəm də, maraqlı idi. İlk dərsim həyəcanlı keçdi. Müzakirədə dərsim haqqında əvvəl müsbət, sonra çatışmayanları ilk olaraq mən deməli oldum. Öz dərsimə bu cür yanaşmaq, sanki başqası kimi görmək fərqli idi. Çatışmayanları necə aradan qaldırmağımı düşünəndən sonra, mentor öz tövsiyələrini verməyə başladı. İlk günlər çox həyəcanlı idim, bu həyəcan hətta bəzən məni geri çəkilmək istəyinə gətirirdi. Bu zaman həssas yanaşma olmasaydı yəqin ki, bugünkü qazandıqlarım olmayacaqdı. Artıq mentorluq xidməti haqqında mənim də məlumatım var. Bu da bir şans idi ki, mən layihə iştirakçısı oldum.

Aygül Qasımova: 60 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi - İlk dəfə layihə haqqında eşidəndə könüllülərdən oldum. 3 aydan artıq davam edəcək mentor xidmətini dərslərin izlənilməsi, müzakirəsi ilə alacağım üçün həyəcanlı idim. Çünki riyaziyyat fənnini qruplarla işləmək, qiymətləndirmək mənə çox çətin gəlirdi. İndi isə bu belə deyil. Yeni təlim üsulları, İKT ilə işləməyi daha ətraflı öyrənmişəm və tətbiq edirəm.

Layihənin tanıtımı və icrasında ilk olaraq müəllimlərin könüllü mentor xidmətinə cəlb edilməsi, məktəb müdiriyyəti ilə danışıqlar və onların bu işdə müəllimlərə stimul verməsini yaratmaq heç də asan olmadı. Layihənin önəmli tərəflərini görə bilən məktəb rəhbərləri öz müəllimlərini bu işə cəlb etdi. Dərsdinləmələrə psixoloji olaraq hazırlıq mərhələsini təşkil etməyimə baxmayaraq, ilk dərsdinləmələrində müəllimlərin həyəcan keçirmələri hiss olunurdu. Sonrakı əyani və distant görüşlərdə onlara məqsəd daha da aydın oldu. Mövcud problemin həlli üçün onlarla birlikdə olduğumu anladıqdan sonra iş daha səmərəli və keyfiyyətli oldu. Müəllimlərlə yanaşı şagirdlərin də bu layihəyə müsbət yanaşdıqlarını hiss etdim.

Distant dərslərin keçirilməsində müəllimlərin ailə vəziyyətləri ilə bağlı olaraq vaxt uyğunsuzluğu yaranırdı. Onların istəklərinə uyğun olaraq dərs saatlarının danışıq vaxtını və müddətini standart saxlamaq mümkün olmurdu.

Dərslərin səsyazmaları, video çəkilişləri telefonda Voice Recorder, kompüterdə CyberLink YouCam7 proqramı ilə apardım. Hər dərsin bu cür dinlənilməsi, müəllimlərə göndərilməsi, müzakirəsi keyfiyyətdə öz səmərəsini verdi. Facebook sosial şəbəkəsindən, WhatsApp proqramından, e-poçtlardan və ev/mobil nömrələrdən istifadə olundu.

Bu layihənin müəllim üçün gərəkliliyinin əsas səbəblərindən birincisi odur ki, müəllim birbaşa iş prosesində müasir dərs modelini anlaya, tətbiq edə, layihədə iştirak edən mentor və müəllimlərlə əməkdaşlıq şəraitində nəticəsinin nə olmasından asılı olmayaraq çəkinmədən öz uğur və çətinlikləri haqqında müzakirə apara bilir.

Öz işini dövlətin, cəmiyyətin, fərdin tələbatlarına uyğun qura bilmək üçün bu təlabatları mentorluq xidməti boyu araşdırır. Dərsin təşkili üçün zəruri resursları, yanaşmaları kompleks olaraq təlim müddətində mentorun yönəltməsi ilə, yaradıcı yanaşaraq ala bilir. Digər tərəfdən layihənin müddətinin 3 ay yarım olması da addım-addım irəliləyişə şərait yaradır.



Həyat bilgisindən dərs nümunəsi

Gülşən TAĞIYEVA,
Bakı şəhər Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Fənn - Həyat bilgisi

Sinif - IV

Mövzu: İslam dini necə yarandı?

Standart:

3.2.1. Tanıdığı qəhrəmanların nümunəsində mənəvi keyfiyyətləri izah edir;

3.3.1. İslam dininin böyük şəxsiyyətlərini tanıyır;

3.3.2.İslam peyğəmbərinin həyat və fəaliyyəti haqqında kiçik təqdimatlar edir.

Məqsəd:


1.Din haqqında məlumat verir;

2.İslam dininin böyük şəxsiyyətlərinin adlarını sadalayır və onları təsvir edir;

3.İslam peyğəmbərinin həyat və fəaliyyəti haqqında kiçik təqdimatlar edir;

4.İslam dininin böyük şəxsiyyətlərinin həyatı nümunəsində mənəvi keyfiyyətləri izah edir;

5.Azərbaycan cəmiyyətində digər xalqların və dinlərin nümayəndələrinə münasibəti sadə şəkildə izah edir.

İnteqrasiya: Azərbaycan dili, riyaziyyat, təsviri incəsənət, informatika.

İş formaları: bütün siniflə iş, kiçik qruplarla iş.

İş üsulları: Beyin həmləsi, problemli situasiya.

Resurslar: Dərslik, elektron dərs vəsaiti, iş vərəqləri, dəftərxana ləvazimatı.

Motivasiya: Motivasiya yaratmaq məqsədi ilə dini mövzuda slaydlar nümayiş etdirir və göstərilən təsvirlərlə bağlı suallar verirəm:

M.: - Təqdim olunmuş şəkilləri birləşdirən nədir?

Ş.: - Bu şəkilləri bir-biri ilə birləşdirən dindir.

M.: -Din nədir? Və o nə üçün mövcuddur?

Ş.: - Din insanları hiss üzvləri ilə dərk edilən dünyagerçəkliyi arxasında daha əhəmiyyətli gerçəkliklə bağlayan yoldur. Bu yol insanlara gözəl əxlaq sahibi olmağı, yaxşılıq etməyi, pislikdən çəkinməyi öyrədən Allah yoludur, Allah sevgisinə qovuşduran yoldur.

M.: -Dinin əsasını nə təşkil edir?

Ş.:-Dinin əsasını iman təşkil edir.

M.: -Bəs imanın mənbəyi nədir?

Ş.:-İmanın mənbəyi ilahi vəhydir. Müqəddəs kitabdır. Yəhudiliyin (Tövrat), xristianlığın (İncil) və İslamın (Quran) müqəddəs kitabları səmavi kitablardır, Allah tərəfindən nazil edilmişdir.

Tədqiqat sualı: -Səmavi dinlərin sonuncusu hansıdır?

Əvvəlcə şagirdlərə dünyadakı dinlər haqqında məlumat verilir. Qeyd edilir ki, Səmavi dinlərin sonuncusu İslam dinidir.

Sonra sual-cavab aparılır:

M.: - İslam dini haqqında nə bilirik? İslam dini nə zaman təşəkkül tapmağa başlamışdır?

Ş.: - İslam dini səmavi dinlərin sonuncusu sayılır. Bu din VII əsrin əvvəllərində təşəkkül tapmağa başlamışdır.

M.: - İslam dininin peyğəmbəri kimdir?

Ş.: - Məhəmməd peyğəmbərdir.

M.: - İslam dini insanları nəyə səsləyir?

Ş.: - İslam dini insanları həmişə dürüst olmağa, yalan danışmamağa, həsəd və kindən uzaq olmağa, daim biliyini artırmağa səsləyir.

M.: - İslam dini özündən əvvəl yaranmış dinlərdən nə ilə fərqlənir?

Ş.: - Həzrəti Məhəmmədin gətirdiyi din özündən əvvəlki dinlərdən fərqli olaraq müvəqqəti dövr üçün deyil, dünyanın sonuna qədər nəzərdə tutulmuşdur.

“Biz indiyə kimi söylədiklərimizdən nəyi anladıq” deyə sinfə müraciət edirəm. Şagirdlər cavab verirlər ki, dinimiz İslam, kitabımız Quran, peyğəmbərimiz Məhəmməd əleyhissəlamdır. Dinimiz insanı yaxşı əməllərə səsləyən, sülhü, barışı təbliğ edən bir dindir.

Sonra Məhəmməd peyğəmbərin həyat və fəaliyyəti haqqında məlumat verilir. Cizgi filmi izlənilir.

Yenə sual-cavab aparılır.

M.: - İslamdan əvvəl Məkkə camaatı nəyə sitayiş edirdi?

Ş.: - İslamdan əvvəl məkkəlilər bütlərə sitayiş edirdilər.

M.: - Peyğəmbərimiz buna necə baxırdı?

Ş.: - Peyğəmbərimiz bütlərə sitayişi mənasız sayır və küfr hesab edirdi.

M.: - Məhəmməd peyğəmbər harada ibadət etməyi sevərdi?

Ş.: - O, hər il Ramazan ayında Hirə mağarasına gedər və orada ibadət edərdi. Elə peyğəmbərlik də ona bu mağarada verilmişdir.

M.: - İslam dininin müqəddəs kitabı necə adlanır?

Ş.: - İslam dininin müqəddəs kitabı Qurani-Kərimdir.

M.: - İslam dininin müqəddəs kitabı Qurani-Kərim necə nazil olmuşdur?

Ş.: - Quran Ramazan ayında qədir gecəsi deyilən bir gecədə nazil olmuşdur.

Sonra sinfə “Qurani-Kərim” haqqında kim məlumat verə bilər” sualı ilə müraciət olunur. Şagirdlər cavab verirlər ki, “Qurani-Kərim” İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Onları mələyi vasitəsilə həzrəti Məhəmmədə vəhy eləyib. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var.

Quran peyğəmbərin vəfatından sonra kitab şəklini almış və yeddi nüsxə köçürülərək biri Mədinədə saxlanılmış, digərləri isə böyük şəhərlərə Küfə, Bəsrə, Yəmən, Dəməşq və Bəhreynə göndərilmişdir.

Quran qırx min cüyür dərisi üzərində yazılmışdır. Zəmanəmizə 3 nüsxəsi gəlib çatmışdır. I Londonda, II Özbəkistanda, III isə Pakistanda saxlanılır.

M.: - Peyğəmbərimiz neçə il Məkkədə İslam dinini təbliğ edib?

Ş.: - Peyğəmbərimiz Məkkədə 13 il İslam dinini təbliğ edib.

M.: - Məhəmməd peyğəmbər nə üçün Məkkədən Mədinəyə köç etdi?

Ş.: - Peyğəmbərimiz təqiblərdən yaxa qurtarmaq üçün Mədinəyə köç etməli olub.

Köç təsvir edilir. Cizgi filmi izlənilir.

Sonra yenidən sual-cavab aparılır.

M.: - O, peyğəmbərliyi dövründə hansı işləri görə bildi?

Ş.: - Bu müddət ərzində peyğmbərimiz Allahın əmrini yerinə yetirmək, müsəlmanlığı təbliğ eləmək, insanları səadətə qovuşdurmaq üçün dayanmadan çalışdı.

M.: - Peyğəmbərimiz nə zaman vəfat edib?

Ş.: - 632-ci ildə 63 yaşında vəfat edib.

M.: - İslam dininin hansı əsas şərtləri var?

Ş.: - İslam dininin 5 əsas şərti var.

- Kəlmeyi-şəhadət.

- Namaz.

- Oruc.

- Zəkat.

- Həcc ziyarəti. Hərəsi haqqında ayrıca məlumat verilir.

M.: -Bəzi müsəlman ölkələrində hansı təqvimdən istifadə edilir?

Ş.: - Hicri-qəməri təqvimindən istifadə olunur və bu da Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü ilindən, yəni 622-ci ildən hesablanır.

M.: - İslam dininin hansı bayramları var?

Ş.: - İslam dinində Qurban bayramı, Ramazan bayramı var. Bəzi əlamətdar günlər də bayram kimi qeyd olunur. Məbəs bayramı - Məhəmməd peyğəmbərə peyğəmbərlik verilməsi günü, Mövlud bayramı - peyğəmbərin doğum həftəsi kimi verilir.

M.: - Bəs Azərbaycanda İslam dini nə zaman yayılıb?

Ş.: - 630-cu ildə İraq və İranın fəth edilməsi ilə İslam ordularının Azərbaycana girməsi üçün yollar açıldı. Ərdəbil və Təbriz alındı. 640-cı ildə Beyləqan, sonra Bərdə, Şirvan, 644-cü ildə Muğan, 645-ci ildə Aran fəth edildi. 656-661-ci illərdə Azərbaycan əhalisinin əksəriyyəti İslamı qəbul etmişdi.

M.: - Bəs dinimizin rəmzi dövlətimizin rəmzində özünü necə göstərir?

Ş.: - Dinimizin rəmzi bayrağımızın yaşıl rəngində özünü əks etdirir.

M.: - Azərbaycanlılar İslamdan əvvəl hansı dinə inanırdılar?

Ş.: - İslamdan əvvəl azərbaycanlılar Zərdüşt dininə inanırdılar və oda sitayiş edirdilər.

Şagirdlər Zərdüşt dininin əsas müddəasının bir-biri ilə mübarizə aparan iki qüvvənin, yəni xeyir və şərin olduğunu söyləyirlər.

Nizami Gəncəvinin “Xeyir və şər” hekayəsinə həsr edilmiş cizgi fimindən bir parça izləyərək fikir bildirirlər.

Zərdüşt dininə sitayiş edənlər həyatın əsasının od, su, hava, torpaq olduğuna inanırdılar. Bu da günümüzə qədər Novruz bayramı adət-ənənələrində gəlib çıxıb.

“Müxtəlif dövrlərdə yaşamış dahi şəxsiyyətlərin Allaha inamı özünü necə göstərir” sualına şagirdlər cavab verirlər ki, ümummilli liderimiz Heydər Əliyev “Din milli və mənəvi sərvətimizdir” demişdir. Onlar habelə böyük şairlərimiz N.Gəncəvi və M.Füzulinin əsərlərindən nümunələr göstərirlər.

Tədqiqatın aparılması: Dərsliyin 42-43-cü səhifələrindəki mətn oxunur və təhlil edilir.

Qruplarda aşağıdakı suallar ətrafında tədqiqat işi aparılır.

1. Məhəmməd peyğəmbər bütün tərəfdarlarına necə yanaşırdı? Mətndən nümunə göstərin.

- Tərəfdarlarına yanaşması.

- Ardıcıllarına tövsiyəsi.

2. Məhəmməd peyğəmbərin hansı mənəvi keyfiyyətlərini özündə görmək istərdin?

3. İslam dininin digər dinlərlə oxşar və fərqli cəhətlərini yazın.

4. İslam dini insanlara nəyi öyrədir?

İnformasiya mübadiləsi və müzakirəsi:

Tədqiqatlar təqdim olunur, təqdim olunan işlərin təhlili aparılır. Nəticə çıxarılır və ümumiləşdirmə aparılır.

Yaradıcı tətbiqetmə:

Dərsin bu mərhələsində şagirdlər Məhəmməd peyğəmbərin müdrik kəlamlarından bir neçəsini dəftərlərinə yazırlar.

Qiymətləndirmə: Müvafiq cədvəl üzrə qiymətləndirmə aparılır.

Ev tapşırığı:

Məhəmməd peyğəmbər haqqında bildiklərinizi yazın.

Dərsin sonunda Məhəmməd peyğəmbərin Türkiyə Dövlət Muzeyində saxlanılan əşyalarına həsr olunmuş slayd nümayış etdirilir.

yuxarı ⤴