1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Peşə təhsili sistemi strateji hədəflərə doğru
01.04.2017 / No11

 

 


Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması çeviklik və inteqrasiya prinsiplərini əsas götürür

“Növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir”. Martın 28-də Saatlıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu fikirlərin səsləndirildiyi pambıqçılığın inkişafı məsələlərinə dair Respublika müşavirəsində peşə təhsili, kadr hazırlığı məsələləri də xüsusi diqqətdə olub. Prezident ölkəmiz üçün böyük əhəmiyyət daşıyan bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində qarşıya proqram xarakterli vəzifələr qoyub, onların həlli üçün mühüm tapşırıqlar verib.
Ölkə başçısı diqqətə çatdırıb ki, növbəti illərdə peşə hazırlığı iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Prezident bildirib ki, ölkəmizdə iqtisadi inkişaf planlaşdırılır, regional inkişaf proqramları qəbul olunur. “Biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir”, - deyən dövlət başçısı peşə hazırlığının da buna uyğun şəkildə aparılmasını bir tələb kimi irəli sürüb.
Prezident İlham Əliyev hansı istiqamətlərdə peşə məktəbləri olmalıdır sualına da konkret cavab verib: “Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək”.
Eyni zamanda, müəyyən qıtlıq hiss olunan kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, digər peşələr üzrə kadrların hazırlanmasının vacibliyini də xüsusi qeyd edib, gənclərin bu sahələrə cəlb olunmasını, stimullaşdırılmasını zəruri sayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması

Qeyd edək ki, son illər peşə təhsilində davamlı şəkildə zəruri, islahatyönümlü addımlar atılmaqdadır ki, onlardan da ən mühümü məhz ölkə Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Yeni qurumun yaradılmasında məqsəd ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

“Müasir Azərbaycan Peşəkarları”

Bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə başlanan “Müasir Azərbaycan Peşəkarları” layihəsi artıq dördüncü ildir ki, uğurla həyata keçirilməkdədir. Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədini güdən və biznes qurumları ilə əməkdaşlığı nəzərdə tutan bu layihə çərçivəsində xeyli iş görülüb. Belə ki, KNAUF şirkətinin dəstəyi ilə 14 nömrəli Bakı Peşə Liseyində “Quru inşaat ustası”, 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə “Dülgər, xarrat-parket ustası” və “Eldar studio” şirkətinin dəstəyi ilə “Bərbər” ixtisası üzrə siniflər açılıb.

Rasionallaşdırma

İlk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması istiqamətində atılmış addımlar da mühüm islahat tədbiri kimi diqqəti cəlb edir. Elə təkcə ötən il ölkə hökumətinin müvafiq qərarı ilə Bakı şəhərində 26 təhsil müəssisəsinin bazasında 11, Gəncə şəhərində 6 təhsil müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Ümumilikdə isə cəmi 32 ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 13 Dövlət Peşə Təhsil Mərkəzi təşkil olunub:
* Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Tikinti və Quraşdırma işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi;
* Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi.

Məlum olduğu kimi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına uyğun olaraq peşə təhsili və təliminin inkişafı ölkənin 11 əsas prioritet istiqamətindən biri kimi müəyyən edilib. Buna müvafiq olaraq “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanaraq təsdiq olunub.

“ASAN Peşə”

Əmək bazarının tələbatını daha dolğun təmin etmək məqsədilə təhsil nazirinin müvafiq əmri ilə 15 yeni ixtisas “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na əlavə edilib və təsnifatda mövcud olan, lakin hazırlanmasına yeni başlanmış 10 ixtisasın adı da daxil olmaqla 154 ixtisas üzrə şagird qəbulu planı müəyyənləşdirilib.
2016/2017-ci tədris ili üçün şagird qəbulu planı ötənilkinə nisbətən ödənişli əsaslarla təhsil alacaq şagirdlər hesabına artırılıb. Qeyri-neft sektorunun inkişafının prioritetliyi nəzərə alınaraq büdcə hesabına daha çox əlavə dəyər yaradan (əsasən sənaye, kənd təsərrüfatı və turizm yönümlü) ixtisaslar üzrə şagird qəbulu planı müəyyənləşdirilib.
Şagirdlərin qəbulu prosesində şəffaflığın, vətəndaşların rahatlığının təmin edilməsi, subyektiv amillərin aradan qaldırılması məqsədilə carı tədris ilində ilk dəfə olaraq Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN Peşə” Layihəsi çərçivəsində həyata keçirilib və 4 mindən çox şagird bu müəssisələrə qəbul olunub.

Yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı

İlk peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi, inkişafı və təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı Təhsil Nazirliyi Norveçin Rogaland Təlim və Təhsil Mərkəzi (RTTM) ilə birlikdə “Azərbaycanda peşə təhsili və təliminin inkişafı və gücləndirilməsi” layihəsi çərçivəsində 16 nömrəli Bakı Peşə Liseyində “Qaynaqçı”, İsmayıllı Peşə Tədris Mərkəzində “Bağban” və Neftçala Peşə Məktəbində “Balıqçı” ixtisasları üzrə yeni kurikulumların hazırlanması nəzərdə tutulub. Layihə çərçivəsində mühəndis pedaqoji heyət üçün İKT və sahibkarlıq üzrə seminarlar keçirilib.
Koreya dövlətinin dəstəyi ilə Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə birgə həyata keçirilən “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin reallaşması istiqamətdə işlər davam etdirilməkdədir. Həmin layihəyə uyğun olaraq yaradılacaq müasir peşə təhsil mərkəzi əsasən sənaye və innovasiyalar üzrə ixtisaslı kadr hazırlığı istiqamətində ixtisaslaşacaq.
Yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının təşkili, məzunlara veriləcək təhsil sənədinin beynəlxalq təşkilatlar tərəfindən tanınması istiqamətində 9 nömrəli Bakı Peşə Liseyinin bazasında Ukraynanın İT STEP Academy şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində 3 ixtisas istiqamətində - “Şəbəkə texnologiyaları və sistem inzibatçılığı”, “Kompüter qrafikası və dizayn”, “Proqram təminatının yaradılması” üzrə kadr hazırlığına başlanılıb. Bu layihə “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunub və ən aktual, yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün geniş imkanlar açır. Akademiya 9 nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərəcək.
BMT İnkişaf Proqramı (UNDP) ilə birgə əməkdaşlıqda “Heyvandarlıq mütəxəssisi” ixtisası üzrə yeni dərs vəsaitləri hazırlanıb.
Dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə modelinin yaradılması istiqamətində Təhsil Nazirliyi, British Council və Bakıda turizm-xidmət sektorunda fəaliyyət göstərən 5 ulduzlu otellərlə birlikdə turizmə dair təlimlər və mehmanxanalarda təcrübə proqramı pilot layihələr həyata keçirilib. Layihənin dayanıqlığını təmin etmək məqsədilə Təhsil Nazirliyi, ilk peşə-ixtisas təhsili müəssisəsi və mehmanxanaların nümayəndələrindən ibarət idarəedici komitə yaradılıb və onlar yeni kurikulumların hazırlanması, təhsilalanların müsabiqədən keçirilməsinə cəlb olunublar. Dövlət-biznes əməkdaşlığını özündə əks etdirən bu pilot layihənin davamı kimi 2016/2017-ci tədris ilindən təhsil müddəti bir il olan qruplarda oteldə “konsiyerj”, “aşpaz”, “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə kadr hazırlığı aparılır.
Kadr hazırlığı işinin təkmilləşdirilməsi istiqamətində Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı” çərçivəsində “Peşə təhsilinin və məşğulluğunun təşviqi komponenti” üzrə ilk peşə-ixtisas təhsili və təlimi sahəsində çalışan mütəxəssislər üçün Bakı şəhəri, Göyçay, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında idarəetmə və pedaqogika üzrə təlimlər keçirilib. Proqram çərçivəsində “Təhsil menecerlərinin təlimləndirilməsi” komponenti üzrə 2016-cı ilin aprel ayından etibarən müsabiqə əsasında 5 nəfər seçilərək peşə təhsilinin menecmenti ixtisası üzrə magistratura səviyyəsində təhsil almaq üçün Almaniyanın Maqdeburq Universitetinə göndərilib.
“Turin prosesi - 2017” çərçivəsində ilk peşə-ixtisas təhsili sahəsində əlaqəli dövlət qurumları və Avropa Təlim Fondu ilə birgə siyasət konsultasiyaları aparılaraq ölkədə peşə təhsili sahəsində islahatların mövcud vəziyyəti qiymətləndirilib və digər ölkələrin təcrübələri öyrənilməklə növbəti 2 il üçün prioritetlər müəyyənləşdirilib.

Növbəti illərin prioritetləri

Ölkəmizdə qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının sürətli inkişafı ilə əlaqədar prioritet əhəmiyyət kəsb etmiş peşə hazırlığının daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərin yaxın perspektivdə də davam etdirilməsi nəzərdə tutulur.
Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin iştirakı ilə kənd təsərrüfatı ixtisasları üzrə ixtisaslaşmış Müasir Təhsil Mərkəzinin yaradılması istiqamətində yeni tədris korpusu, emalatxana və təlim kabinetlərinin tikintisi işləri də artıq başa çatmaq üzrədir. Layihə çərçivəsində mühəndis - pedaqoji heyətin yeni kurikulumların tətbiqinə dair təlimlərə cəlb edilməsi, müvafiq dərs vəsaitlərinin hazırlanması və əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, BP şirkətinin maliyyələşdirdiyi “Kənd Təsərrüfatında Yeni Peşə İxtisaslarının Hazırlanması” layihəsi çərçivəsində “British Council” təşkilatı tərəfindən “Bitkiçilik mütəxəssisi” və “Aqroservis mütəxəssisi” ixtisası üzrə dərs vəsaitlərinin hazırlanması nəzərdə tutulub.
Beləliklə, Azərbaycanda peşə təhsili sisteminin yeni imici formalaşdırılır. İndi qarşıda duran əsas hədəf peşə təhsilinin iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə çatdırılmasıdır.

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴