1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Tədris prosesini necə keyfiyyətli təşkil etməli?
01.04.2017 / No11

 

 

 


Təlimə Dəstək Mərkəzi məktəblərdə müasir yanaşmaları tətbiq edir

Son illər təhsil sahəsində istər forma, istərsə də məzmun baxımından aparılan dəyişikliklərin, tətbiq olunan yeniliklərin hər birimiz şahidiyik. Özünün bir sıra uğurlu nəticələri ilə ictimaiyyət tərəfindən rəğbətlə, eyni zamanda maraqla qarşılanan təhsillə bağlı hər bir dəyişiklik təbii ki, bu sahədə keyfiyyətin yüksəldilməsinə xidmət edir. Ötən ilin oktyabrında Təhsil Nazirliyinin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzi də növbəti belə uğurlu addımlardan hesab oluna bilər. Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin məzmununun, infrastruktur və idarəetmə sisteminin yenidən qurulması, onun cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılması prioritet istiqamət hesab edilir. Bu gün fənn kurikulumlarının tətbiqi ilə bağlı həyata keçirilən islahatlar nəticəsində müəllim hazırlığına qoyulan tələblər dəyişib. Təlim-tərbiyə prosesinin müasir dövrün tələblərinə uyğun təşkili və idarə olunması, qabaqcıl pedaqoji təcrübənin, eyni zamanda dünya ölkələrinin bu məsələlərlə bağlı təcrübəsinin öyrənilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və digər istiqamətlər üzrə metodist dəstəyin göstərilməsi zərurəti yaranıb. Sadalananları fəaliyyətində diqqətdə saxlayan Təlimə Dəstək Mərkəzi həmçinin öz işini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda bununla bağlı öz əksini tapan müddəalara uyğun qurmağa çalışır. Mərkəz fəaliyyətini 5 bölmə üzrə qurub. Təlimin təşkili adlanan 1-ci bölmədə məktəb psixoloqları, kitabxanaçıları, təlim və tərbiyə işləri üzrə direktor müavinləri, ümumilikdə idarəetmə heyətinə, məktəbi idarə edən komandanın hər birinə göstəriləcək dəstək, istiqamətləndirmə, təhsildə baş verən yeniliklərin ümumtəhsil müəssisələrinə gətirilməsi, qarşıya çıxan çətinliklərin Təlimə Dəstək Mərkəzinin peşəkar, bacarıqlı müəllim və mütəxəssislərdən ibarət formalaşmış komandası ilə birlikdə həlli yollarının araşdırılması nəzərdə tutulur. Bu bölmədə, həmçinin, təlim mühitinin yaxşılaşdırılması məqsədilə valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsi kimi aktual məsələ də diqqətdə saxlanılacaq.
Müəllimlərə birbaşa yönəlik olan Tədrisin təşkili adlı növbəti bölmə sinfin idarəolunması, xüsusilə planlaşdırma, qiymətləndirmə və resurslarla, eləcə də digər məsələlərlə bağlı işlərini qurmaqda müəllimlərə dəstək verilməsini nəzərdə tutur. Fənn kurikulumlarının tətbiqinə nəzarət adlanan 3-cü bölmə proqramın tələblərindən irəli gələn məsələlərin, onun tətbiq olunmasında qarşıya çıxan müəyyən çətinliklərin aradan qaldırılması ilə bağlı müəllimlərlə əsaslı işlərin aparılmasını özündə ehtiva edir. Təhsilalanlarla işin təşkili bölməsində istedadlı uşaqların aşkara çıxarılması, inklüziv təhsillə əlaqədar bir sıra məqsədyönlü işlərin görülməsi planlaşdırılır.
Təlimə Dəstək Mərkəzində fəaliyyət göstərən sonuncu - Resurslar bölməsində isə qarşılıqlı əlaqəli olaraq bütün bölmələrdə baş verən yenilikləri elektron öyrənən təhsil icması adlı elektron platformada cəmiyyətə çatdırmaq və müəllimlərin elektron imkanlardan istifadəsinin təmin edilməsi nəzərdə tutulur.
Təlimə Dəstək Mərkəzinin əməkdaşları təhsildə müasir yanaşmaların ümumtəhsil məktəblərində tətbiqini diqqətlə araşdırmaqla yanaşı onu ətraflı təhlil edir, bu günün məktəbinə, müəlliminə lazım olan metodik tövsiyələrin hazırlanması, verilən bilikləri müxtəlif səviyyədə qavrayan şagirdlərlə hansı işlərin aparılması, onların bilik səviyyəsinə uyğun mövzuların araşdırılması, həmçinin resursların müəyyənləşdirilməsi məsələləri üzərində çalışır. Mərkəz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist dəstəyi verməklə bərabər məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodik kömək göstərəcəkdir.
Valideynlərin öz övladlarının tədris prosesində iştirakı, şagirdlərin motivasiyasının qaldırılması təhsilin keyfiyyətinə təsir göstərən digər amillər də mərkəzin diqqətdə saxladığı məsələlərdəndir. Fəaliyyətində məktəblərlə işə xüsusi önəm verən Təlimə Dəstək Mərkəzi təhsil müəssisələrində metodiki xidmətin səmərəli təşkili üçün təlim və tərbiyə işləri üzrə direktor müavinləri ilə birlikdə öz işini qurur.
Təbii ki, bu gün ümumtəhsil müəssisələrində metodiki işin düzgün qurulması üçün ilk növbədə metodbirləşmələrin fəaliyyəti yenilənməli, müəllimlərin mütəmadi olaraq dərsləri dinlənilməli, əldə olunan müsbət təcrübə paylaşılmalıdır. Təlimə Dəstək Mərkəzi məhz bununla bağlı da bir sıra tədbirlər reallaşdırmağı nəzərdə tutur.
Əsas məqsədi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmini, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi olan yeni qurum bu gün tədris prosesinin keyfiyyətli təşkili üçün müxtəlif tədqiqatlar, araşdırmalar aparmaqda, müəyyən işlər həyata keçirməkdədir.

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴