1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Səfir AzMİU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb
01.04.2017 / No11

 
 

 

 


Martın 31-də Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın qonağı olub. Görüşdə Azərbaycanla Türkiyə arasında təhsil sahəsində mövcud münasibətlərin möhkəmlənməsi istiqamətində müzakirələr aparılıb.
Səfir Erkan Özoral memarlıq ali təhsili istiqamətində AzMİU-ya böyük etimad göstərdiklərini, ölkəsindən bu universitetdə təhsil alanların başqa ali təhsil müəssisələri ilə müqayisədə çoxluq təşkil etdiyini vurğulayıb. Eyni zamanda o, Türkiyə universitetləri ilə AzMİU arasında işgüzar əlaqələrin, əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb. Erkan Özoral bunun üçün səfirlik tərəfindən lazımi dəstəyin göstəriləcəyini xüsusi qeyd edib.
Rektor AzMİU-nun bir çox əcnəbi təhsil müəssisələri ilə əlaqələrinin olduğunu, amma onlar arasında Türkiyə universitetlərinin xüsusi yer tutduğunu deyib. O, Mövlanə mübadilə proqramı çərçivəsində İstanbul Texnik Universiteti, Orta Doğu Texnik Universiteti və digərləri ilə ikitərəfli əlaqələrin mövcud olduğunu səfirin diqqətinə çatdırıb. İTU ilə ikili diplom proqramları istiqamətində danışıqlar getdiyini deyən rektor bu müzakirələrin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib.
AzMİU-nun əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə hazırda universitetdə Türkiyədən 303 tələbənin təhsil aldığını, 40-a yaxın tələbənin isə universitetin hazırlıq kurslarına cəlb olunduğunu deyib.
Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Abdülqafur Büyükfırat, AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, tədris işləri üzrə prorektor Akif Qasımov, əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov da iştirak ediblər.
Sonra səfir Erkan Özoral AzMİU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb. Gənclər universitetdə onların təhsili və yaşayışı üçün yaradılan şərait, mövcud tədris sistemi haqqında səfirə məlumat veriblər. Universitetdə təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən səfir tələbələrə yaxşı oxumağı, layiqli kadr kimi yetişməyi, Vətəni sevməyi, Türkiyənin və Azərbaycanın milli maraqlarını üstün tutmağı tövsiyə edib. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklif və istəkləri dinlənilib.
Görüşdən sonra səfir universiteti gəzib, əsas korpusun birinci mərtəbəsində yerləşən Şəhidlər guşəsi və muzeylə tanış olub.

 

yuxarı ⤴