1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan Dövlət Pedaqoji Universiteti məktəblərlə əlaqələri genişləndirir
01.04.2017 / No11

 

 

 


Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir ADPU və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov “dəyirmi masa”nı giriş sözü ilə açaraq belə tədbirlərin keçirilməsinin fikir və təcrübə mübadiləsinin aparılması baxımından mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, universitet və orta məktəblər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, bu işin metodika və metodologiyasının təkmilləşdirilməsi, bütövlükdə təhsilin, xüsusilə də pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi üçün birgə səmərəli fəaliyyət göstərilməlidir.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev çıxış edərək belə tədbirlərin ali təhsil müəssisələri ilə ümumi təhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsinə səmərəli təsir etdiyini bildirib.
“Dəyirmi masa”nın moderatoru, ADPU-nun Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev qeyd edib ki, biz müasir dünyanın təhsil sahəsində qarşıya qoyduğu çağırış və tələblərə cavab verməli, orta məktəblər üçün yüksək bilik səviyyəsinə malik mütəxəssislər hazırlamalıyıq.
Mərkəzin direktor müavini, dosent Ənvər İmanov “Universitet və məktəb əlaqələrinin mövcud vəziyyəti, problemlər və ideyalar” mövzusunda geniş təqdimatla çıxış edib. Diskussiya və fikir mübadiləsi şəraitində keçən “dəyirmi masa”da ADPU-nun tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 19 nömrəli tam orta məktəbin direktoru Akif Əliyev, təhsil eksperti Etibar Əliyev və başqaları çıxış ediblər. Çıxışlarda ali təhsil müəssisələri ilə orta məktəblərin birgə layihələr həyata keçirməsi, tələbələrin orta məktəblərə cəlb edilməsi, universitet və məktəb əlaqələrində tədris-pedaqoji fəaliyyət istiqamətləri, 12 illik təhsilə keçidin müsbət cəhətləri, informasiya-kommunikasiya texnologiyalarının təlim-tərbiyə, tədris prosesinə tətbiqinin genişləndirilməsi və digər məsələlərlə bağlı maraqlı fikir və təkliflər səsləndirilib.
Sonda bu mövzuda “dəyirmi masa”ların davamlı keçirilməsi üçün ADPU və Təhsil İnstitutunun əməkdaşlarından ibarət komissiyanın yaradılması qərara alınıb.

 

yuxarı ⤴