1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






BSU-nun nümayəndə heyəti Bolqarıstana səfər edib
01.04.2017 / No11

 

 

 


Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasının vitse-prezidentinin dəvəti ilə bu ölkəyə səfər edib. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri Daniel Panov və merin müavini Qanço Karabadjakovla görüşüblər.
Daniel Panov Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açıb. Mer ölkələrimz arasında təhsil sahəsindəki əməkdaşlığı, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin və mədəniyyətinin öyrənilməsini yüksək qiymətləndirib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva Bakı Slavyan Universitetində 2004-cü ildə yaradılan bolqar dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açıb. Qeyd edib ki, bu gün BSU-da 50-dən çox tələbə bolqar dilində təhsil alır, Bolqarıstanın tarixi və mədəniyyətini öyrənir.
Sonra BSU-nun nümayəndə heyəti Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğunda olub, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo, Bolqarıstan Milli və Dünya Təsərrüfatı universitetlərində maraqlı görüşlər keçiriblər.
Sonra azərbaycanlı nümayəndələr Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olub, mərkəzin müdiri Sofiya Şıqayeva və universitetin Şərq dilləri və mədəniyyəti mərkəzinin müdiri, professor Aleksandr Fedatovla görüşüblər.
Rektor, professor Nurlana Əliyeva BSU-nun Sofiya Dövlət Universiteti ilə sıx əməkdaşlığından, bu əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi istiqamətində nəzərdə tutulan işlərdən söz açıb və Beynəlxalq Novruz Günü münasibətilə görüş iştirakçılarını təbrik edib.
Səfər zamanı Azərbaycan nümayəndə heyətini Bolqarıstanın vitse-prezidenti İliyana Yotova qəbul edib.
Vitse-prezident yaxın zamanda Azərbaycana nəzərdə tutulmuş səfərində Bakı Slavyan Universitetinə də gələcəyini deyib. Azərbaycanda bolqar dilini tədris edən universitetin fəaliyyət göstərməsini yüksək qiymətləndirərək bu dilə göstərilən hörmət və qayğıya görə BSU rəhbərliyinə təşəkkür edib.
Görüşlərdə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib.
 

yuxarı ⤴