1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






transfer.edu.az - sadə və şəffaf
01.04.2017 / No11

 
 

 

 


Tələbələrin köçürülməsi qış semestrində tam olaraq elektron qaydada aparılıb

2016-2017-ci tədris ilindən təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. İndiyədək köçürülmək və ya ixtisasını dəyişmək istəyən hər bir tələbə sənədlərini köçürülmək istədiyi ali təhsil müəssisəsinə təqdim etməli idi. Yay semestrindən başlayaraq təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi paralel olaraq elektron şəkildə mərkəzləşdirilmiş qaydada aparılıb. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərovanın sözlərinə görə, cari ilin qış semestrindən köçürülmə tam olaraq elektron şəkildə mərkəzləşdirilmiş qaydada aparılıb. Qış semestrindən orta ixtisas təhsili müəssisələri tələbələrinin də transfer.edu.az elektron portalı vasitəsilə köçürülməsinə başlanılıb.
Portala müraciət etmiş tələbələrin 497-si köçürülmək istədikləri universitetləri seçərək sorğularını təsdiqləyib. 68 tələbə sorğudan imtina edib. Qalan 429 tələbənin 307-si yerli ali təhsil müəssisələrindən, 122 tələbə isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən tələbələrdir. Yekun nəticəyə görə transfer.edu.az elektron portalına müraciət edən tələbələrin 230-u yerli, 3-ü isə xarici ali təhsil müəssisələrindən köçürülüblər.
Onu da qeyd edək ki, köçürülmək istəyən tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan əsas göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.
Təhsil Nazirliyinin Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaratdığı transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Eyni zamanda, bu yenilik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması istiqamətində mühüm addımdır.
Bu il transfer.edu.az elektron portalı vasitəsilə köçürülən tələbələr yeniliyin onlar üçün gözlənilməz olduğunu deyirlər:

Aysel Mirzəyeva,
Azərbaycan Tibb Universitetinin tələbəsi

Mənim üçün çox gözlənilməz oldu. Proses o qədər dəqiqlik, qanunauyğunluqla oldu ki. Mən Təhsil Nazirliyinə tələbələrə belə bir şərait yaratdıqları üçün təşəkkür edirəm. Köçürülmənin təsdiq olunması ilə bağlı əmr çıxdıqdan sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı və mən bir həftədir rahatlıqla yeni qrupla dərsə gedirəm. Əvvəl Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alırdım, hazırda təhsilimi müalicə işi ixtisası üzrə davam etdirirəm. İnanıram ki, bu şansdan istifadə edib, inamları doğrulda biləcəyəm.


Həsənağa Ağaquliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Tələbələrin köçürülməsi üçün yaradılan transfer.edu.az portalından istifadə etdim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Hazırda mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram. Yaradılan şərait üçün çox təşəkkürümü bildirirəm.


Günay Əsgərova,
Azərbaycan Dillər Universitetinin tələbəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisası üzrə təhsil alırdım. Lakin ixtisasım o qədər ürəyimcə deyildi. transfer.edu.az portalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim, sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində regionşünaslıq (Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm.

yuxarı ⤴