1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Macarıstanda təhsil üzrə təqaüd proqramı
01.04.2017 / No11

 

 

 


Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 11 noyabr 2014-cü il tarixində imzalanmış İş Proqramına uyğun olaraq bu ölkə tərəfindən verilən 200 təqaüd yerinə seçimlər davam edir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüd ayrılması nəzərdə tutulub: tam bakalavr, magistratura təhsil proqramları üzrə: kənd təsərrüfatı, su idarəetməsi - 40 təqaüd; təbiət elmləri, davamlı inkişaf - 30 təqaüd, tibb elmləri (“health studies”) - 10 təqaüd; turizm - 40 təqaüd; mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 30 təqaüd; iqtisadiyyat, biznes və idarəetmə elmləri - 40 təqaüd. Doktorantura təhsili: istənilən maraq dairəsi üzrə - 10 təqaüd. Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda birillik hazırlıq kursu keçirlər. İngilis dilində proqramlar üçün müraciət edən tələbələr müəyyən olunmuş səviyyəyə müvafiq ingilis dili biliyinə malik olmalıdırlar. Qeyd edək ki, Macarıstan universitetlərinin təqdim etdiyi diplomlar dünyada yüksək nüfuza malikdir.Təhsil keyfiyyəti çox yüksək olan Macarıstan Avropada əcnəbi tələbələrin ən çox seçdiyi ölkələrdəndir. Son illər Macarıstan dünyanın nüfuzlu elm-təhsil mərkəzlərindən birinə çevrilməkdədir. Bu ölkənin ali məktəblərinin dünyanın nüfuzlu universitetlərinin reytinq cədvəllərində yer alması da Macarıstanın inkişaf edən təhsil sisteminin üstünlüklərindən xəbər verir. Macarıstan Avropanın digər ölkələrindən təhsil, yaşayış, kommunal xidmətlər və nəqliyyat xərclərinin aşağı olması ilə də fərqlənir, buna görə xarici tələbələr öz seçimlərini tez-tez bu ölkənin ali məktəbləri üzərində qururlar.
Macarıstanın ali təhsil müəssisələrinin məzunları minimum iki dilə malik olurlar. Bir neçə dövlət ali məktəbi xarici universitetlərlə sıx əməkdaşlıq edir və ikili diplom (Macarıstan universiteti və xarici ali təhsil müəssisəsinin) verir. Böyük Britaniyanın nüfuzlu “Times Higher Education Rankings” jurnalının 2016-2017-ci tədris ili üzrə Avropanın ən yaxşı universitetləri sırasında Macarıstan universitetləri də ön sıralarda yer almaqdadır.
Macarıstanın nüfuzlu ali məktəblərindən Budapeşt Texnologiya və İqtisadiyyat, Szent İştvan, Dunaujvaros, Budapeşt Corvinus, Eötvös Lorand, Debreken, Reks, Szeged universitetlərinin, Duna Beynəlxalq Kollecinin, Beynəlxalq Biznes Məktəbinin adlarını çəkmək olar.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴