1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Soyqırımı qurbanlarının xatirəsi anılıb
01.04.2017 / No11

 
 

 

 


Bakı Mühəndislik Universitetində

Bakı Mühəndislik Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi və tələbə-müəllim heyəti ilə yanaşı millət vəkili Fəzail İbrahimli iştirak edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib və soyqırımla əlaqəli sənədli film izlənilib.
Universitetin rektoru, professor Havar Məmmədov xalqımızın tarixən yaşadığı faciələrdən danışıb. Qeyd olunub ki, Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan mart hadisələri zamanı bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törətmiş, mindən artıq kənd yandırılmış və dağıdılmışdır. Bildirib ki, sovet dövründə bu tarix xalqımızdan gizli saxlanılıb. Ümummilli liderimiz Heydər Əliyev 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması ilə bağlı fərman imzalayıb. Soyqırımla bağlı ölkəmizdə və xarici ölkələrdə tədbirlər keçirilir və xalqımızın başına gətirilən faciələr dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” yaradılıb.
Millət vəkili Fəzail İbrahimli ermənilər tərəfindən xalqımızın başına gətirilən soyqırımların tarixini faktlarla diqqətə çatdırıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetində

Martın 31-də Azərbaycan Memarlıq və İnşaat Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir 1918-ci ilin martında erməni daşnakları tərəfindən qətlə yetirilmiş minlərlə soydaşımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ermənilərin tarix boyu xalqımıza qarşı təcavüzkar siyasət yeritməsindən, qanlı əməllərindən, “böyük Ermənistan” yaratmaq xülyasından söz açıb.
1918-ci ilin mart günlərində Bakıda, eləcə də Şamaxı, Quba, Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə törədilən qırğınları yada salan rektor bu qanlı hadisələr zamanı ermənilərin 3 gün ərzində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdiyini, qoca, qadın və uşaqlara aman verilmədiyini diqqətə çatdırıb.
Gülçöhrə Məmmədova çıxışında onu da vurğulayıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlərə və həyata keçirdikləri işğalçılıq siyasətinə yalnız 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla siyasi-hüquqi qiymət verilib. O, hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini, ötən əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə, Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin bütün dünyada tanıdılması istiqamətində işlər aparıldığını qeyd edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi dəyərli fəaliyyət də xüsusi qeyd edilib.
AzMİU Ağsaqqallar Şurasının sədri, ictimai fənlər kafedrasının dosenti Bəhram Avılov Azərbaycana qarşı törədilmiş soyqırımlardan danışıb, bu cür tədbirlərin keçirilməsinin gənclərimizin tariximizdə baş verənlərlə bağlı ətraflı məlumatlandırılması baxımından vacib hesab edib.
Qeyd edək ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü AzMİU-nun bütün fakültələrində də qeyd olunub, tələbələr Quba şəhərində Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Sumqayıt Dövlət Universitetində

Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə etməkdədir. 31 mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. Martın 31-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində anım tədbiri keçirildi. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rektor, professor Elxan Hüseynov tədbiri açaraq bildirdi ki, tarix boyu təcavüzkar siyasət yeridən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir.
Rektor onu da vurğuladı ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.
Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “1918-ci ilin mart soyqırımı”, Azərbaycan tarixi kafedrasının müəllimi Günay Şükürova “1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan - tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası”, tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Əli Miriyev “Ermənilərin 1988-ci ildə Azərbaycan torpaqlarında başladıqları Qarabağ müharibəsi və soyqırımı siyasəti” mövzularında çıxış etdilər.

Azərbaycan Dillər Universitetində

Martın 31-də Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin təşkilatçılığı ilə “Erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı” mövzusunda I elmi konfrans keçirilib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev 31 martın Azərbaycanın tarixində faciəvi bir gün olduğunu deyərək Bakı şəhərində və eləcə də müxtəlif bölgələrdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında qısa məlumat verib. Universitetdə tələbələr arasında soyqırımının tarixi ilə bağlı sorğu keçirildiyini və məlumatlılıq baxımından nəticənin ürəkaçan olduğunu bildirən professor ali təhsil ocağında tələbələrin yalnız peşəkar mütəxəssis kimi deyil, eyni zamanda vətənpərvər vətəndaş olaraq yetişdirildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi anıldığını vurğulayan Ə.Abdullayev Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində siyasətinin uğurlu nəticə göstərəcəyinə əminliyini bildirib.
Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov soyqırımına həsr olunan elmi konfransın tarixi hadisələri tələbələrə daha dərindən öyrətmək, gənclərin xalqımızın məruz qaldığı faciələrin dünyaya tanıdılmasında aktivlik göstərmələrinə nail olmaq məqsədi daşıdığını söyləyərək bu konfransın hər il keçirilməsinin nəzərdə tutulduğunu deyib. Tarixdə ilk və ən uzunmüddətli soyqırımının Azərbaycan xalqına qarşı törədildiyini bildirən S.Həmidov ermənilərin bütün amansız vasitələrdən istifadə edərək yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq xalqı kütləvi şəkildə məhv etdiklərini diqqətə çatdırıb.
Daha sonra fakültənin tərkibində fəaliyyət göstərən kafedraların əməkdaşları məruzələrlə çıxış ediblər.
31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş daha bir tədbir isə universitetin filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə keçirilib.
Filologiya və jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən minlərlə günahsız, dinc insanın amansızcasına qətlə yetirildiyini tələbələrin nəzərinə çatdırıb, bu soyqırımının acınacaqlı nəticələrini dünya ictimaiyyətinə çatdırmağın əhəmiyyətini qeyd edib.

Naxçıvan Dövlət Universitetində

Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev lektoriyasının 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş 212-ci məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, erməni qəsbkarları tarixən Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldıraraq zaman-zaman xalqımıza qarşı amansız qətliamlar, soyqırımlar törədiblər. 1918-ci ilin mart qırğınları da ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Rektor gəncliyimizi tariximizə qanlı hərflərlə yazılmış bu hadisələri daim xatırlamağa və dünya xalqlarına həqiqətlərin çatdırılması istiqamətində səyləri əsirgəməməyə səsləyib.
Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev çıxış edərək ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən söz açıb. Soyqırımının tarixinə nəzər salan Abdulla Mustafayev bildirib ki, 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülüb, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilib. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülüb. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Qeyd olunub ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapıb və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranıb.
Tədbirə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yekun vurub.

Nərmin CABBAROVA

Azərbaycan Dövlət Pedaqoji Kollecində

Martın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixin bir günü və ya bir günün tarixi” adlı tədbir keçirilib.
Öncə tədbir iştirakçıları kollecin foyesində tələbələrin 31 mart soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət himnimizin ifası və faciə qurbanları xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verib. Qeyd olunub ki, mənfur qonşularımız tarix boyu “böyük Ermənistan” xülyası ilə yaşayıb və hər zaman torpaqlarımıza göz dikiblər. Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın xalqımızın tarixinə qanlı hərflərlə yazılıb.
1918-ci il 31 mart soyqırımından bəhs edən Qulu Novruzov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Qeyd olunub ki, Azərbaycan xalqı hər il 31 mart soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır və xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anır.
Çıxış edənlərdən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, BDU-nun dosenti Boran Əziz Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdiyi bu cinayətləri kəskin tənqid edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə kollecin Humanitar fənn birləşməsinin müəllimi Nadiri Hümeyrənin “1918-1920-ci illərə baxış”, tarix müəllimləri Gülnarə Sadıqova və Elnarə Əmirovanın “31 mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması yönümündə dövlətimizin rolu” mövzularında məruzələri dinlənilib.
Tədbirdə daha sonra kollecin tələbələrinin hazırladıqları soyqırıma həsr olunmuş səhnəcik və bədii kompozisiya təqdim edilib.
yuxarı ⤴