1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Xarici mətbuatdan
01.04.2017 / No11

 
 

 

 


Şagirdlər bir-birini daha yaxşı motivasiya edir

ABŞ-ın Miçiqan Universitetinin alimləri uşaqları oxumağa daha çox müəllimin və ya sinif yoldaşlarının motivasiya etməsini araşdırıblar. Alimlər eksperimentə tam təlim kursunu keçmiş və özlərini gənc mütəxəssislər kimi təqdim edən aktyorları cəlb ediblər. Təcrübələr gedişində müəyyən olunub ki, eyni sinfin şagirdləri bir-birini oxumağa müəllimlərdən daha yaxşı həvəsləndirirlər. Eyni sinifdə qonşu partada oturan şagirdin uğurları məktəblini müəllimlərin soyuq faktlarından daha çox ruhlandırır. Təhsilin əhəmiyyəti barədə şagirdlərə bir tərəfdən pedaqoqlar, digər tərəfdən dəvət edilmiş aktyorlar danışıblar. Məlum olub ki, şagirdlər müəllimlərin sözlərindən çox gənc mütəxəssislərin dəlillərinə etibar ediblər. Tədqiqatçıların fikrincə, bunun səbəbi odur ki, müəllimlər informasiyanı soyuq faktlar kimi şagirdlərə verirlər, sinif yoldaşları isə qeyri-formal söhbətdə məktəblilərə özünü müəyyən etməkdə, dost səviyyəsində isə təhsilin bütün üstünlüklərini göstərməkdə kömək edirlər. Gənc mütəxəssislərin təhsilin və karyera inkişafının əhəmiyyəti barədə söhbətləri məktəblilərə gələcəkdə onları nələrin gözlədiyini daha yaxşı anlamaqda kömək edib.

Rusiya ali məktəblərində əcnəbi tələbələrin sayı artır

Rusiya ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı artır. Bu barədə Rusiya baş nazirinin müavini Olqa Qolodets ölkə ali məktəblərinin dünyanın nüfuzlu elm-təhsil mərkəzləri arasında rəqabət qabiliyyətliliyinin artırılması proqramının (“5-100”) icrası üzrə şura iclasının nəticələrinə əsasən bildirib. “Universitetlərimizdə oxuyan əcnəbilərin sayı artıb. Ali məktəblərin hər birinin öz siyasəti var. Məsələn, Uzaq Şərq Universiteti tələbələrinin 17, Moskva Fizika Texnik İnstitutu tələbələrinin 12 faizini əcnəbilər təşkil edir. Ənənəvi prioritet ixtisaslar - informatika, fizikadır. Tələbələrin bir çoxu rus dilini öyrənir. Tədrisin bu cür sistemi bütün institutlarda inkişaf edir. Mühəndislik və texniki ixtisaslara üstünlük verənlər çoxdur”, - deyə O.Qolodets bildirib. O qeyd edib ki, hazırda “5-100” proqramında 21 ali məktəb iştirak edir və dörd il ərzində təhsil müəssisələri sabit nəticələr göstərib: beş ali məktəb predmet reytinqi üzrə top-100-lüyə daxil olub. Rusiya ölkə təhsilinin nüfuzunun artmasına, dünya təhsil bazarında ali məktəblərinin tanınmasına can atır, çünki bu, qabaqcıl texnologiyaları dəstəkləməyə, iqtisadiyyatı inkişaf etdirməyə, gələcəkdə xarici tələbələrin cəlb edilməsinə yaxşı əsas verir.
Qeyd edək ki, “5-100” layihəsi 2020-ci ildə beş Rusiya ali məktəbinin dünyanın ən yaxşı 100 aparıcı universiteti arasına daxil olmasını nəzərdə tutur.

İnformasiya savadlılığına həsr olunmuş infoqrafika hazırlanıb

UNECO informasiya və media-savadlılığına həsr edilmiş infoqrafikanı təqdim edib. İnformasiya mənbəyinin etibarlı olmasını necə müəyyən etmək olar? Qərəzli və neytral nöqteyi-baxış bir-birindən nə qədər fərqlənir? Təşkilatın hazırladığı infoqrafika informasiyanın inkişafını və media-savadlılığının aşağıdakı 5 əsas prinsipini ifadə edir: 1.Media, texnologiyalar, internet, kitabxanalar və informasiyanın təqdim olunmasının istənilən başqa forması kritik dərketmə və cəmiyyətin davamlı inkişafı üçün nəzərdə tutulmuşdur. Heç bir format başqalarına nisbətən daha əhəmiyyətli və ya az əhəmiyyətli deyil. 2.Hər bir insanın demək istədiyi nəsə var. Yeni biliklər və özünü ifadəetmə bütün insanlar üçün əlçatan olmalıdır. 3.Bütün biliklər heç də doğru və ya neytral deyil. İnformasiyanın istehlakçılarında onu anlamaq imkanı olmalıdır. 4.Hər bir insan yeni informasiyanı almaq və anlamaq istəyir. 5.İnformasiya və media-savadlılığı tədricən inkişaf edir. Bu, dinamik və mürəkkəb prosesdir. Materiallar beş dildə əlçatandır: ingilis, fransız, ispan, Çin və portuqal. Təşkilat informasiya savadlılığının inkişafı üzrə aktiv iş aparır. Belə ki, UNESCO-nun mütəxəssisləri məktəblilər üçün dərslərin planlarını hazırlayır, standartları təkmilləşdirir və müəllimlər üçün öyrədici təlimlər keçirlər.

Kanadalı müəllim 1 milyon dollar aldı

Kanadanın əyalət Kvebek kəndindən olan müəllim Meqqi Makdonell “Müəllimlər üçün Dünya mükafatı”na (Global Teacher Prize) layiq görülüb. Dəyəri 1 milyon ABŞ dolları olan bu mükafatı müəllimlər üçün Nobel mükafatı da adlandırırlar. “Varkey GEMS Foundation” tərəfindən təsis olunmuş mükafat ildə bir dəfə təhsil sahəsində görkəmli xidmətləri olan müəllimlərə verilir. Qabaqcıl baxışlara malik, öz şagirdlərinə və onların ətrafındakılara ilham verən müəllimlər üçün nəzərdə tutulan mükafatın təqdimolunma mərasimi Dubayda keçirilib. Mükafatı almaq üçün keçirilən marafonun final mərhələsinə Pakistan, Böyük Britaniya, Yamayka, İspaniya, Almaniya, Çin, Keniya, Avstraliya və Braziliyadan 10 müəllim qatılıb. Qalibin adını Yerlə yaradılmış videobağlantı gedişində fransız astronavtı Tomas Paske açıqlayıb. Mükafatı qalibə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum təqdim edib. Meqqi Makdonell altı il ərzində Arktikanın uzaq Saluit kəndində müəllimlik edib. Bu kəndə yalnız hava nəqliyyatı ilə çatmaq olar. Ətraf mühitdən təcrid olunmuş və kəskin iqlim mühitinə malik kənddə müəllimliyi dövründə Meqqi bir neçə təlim proqramı hazırlayıb, yerli gənclər üçün idman zalı açıb.

Abel mükafatı fransalı alimə verildi

Fransanın Ali Normal Məktəbinin professoru İv Meyer Norveç Elmlər Akademiyasının təsis etdiyi Abel mükafatına layiq görülüb. Elmi dairələrdə “Riyaziyyat üzrə Nobel mükafatı” hesab olunan Abel mükafatı riyaziyyat alimləri üçün ən yüksək elmi nailiyyət hesab olunur.
Mükafatın builki sahibi 1939-cu ildə Tunisdə fransız ailəsində doğulub. Onun bütün işləri riyazi funksiyaların tədqiqinə həsr olunub. Ötən əsrin 70-ci illərində İv Meyer riyaziyyatın harmonik analiz - nisbətən sadə dalğalarda siqnalları və mürəkkəb funksiyaları öyrənən sahəsi ilə maraqlanıb. Bu həvəs onu riyazi funksiyaların - veyvletlər nəzəriyyəsinin kəşfinə gətirib çıxarıb. Bu nəzəriyyə məlumatların müxtəlif tezlik komponentlərini təhlil etməyə imkan verir, qravitasiya dalğalarının aşkar edilməsi, kompüter elmləri, məlumatların saxlanılması, təsvirlərin işlənmələri üçün praktik əhəmiyyət daşıyır. 77 yaşlı Meyer altı milyon Norveç kronu (təxminən 710 min ABŞ dolları) alacaq.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
yuxarı ⤴