1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bölgə xəbərləri
01.04.2017 / No11

 
 

 

 


Məktəb-liseydə tarix-diyarşünaslıq muzeyi yaradılıb

Vətənimizin ən qədim yaşayış məskənlərindən biri olan İsmayıllının hər guşəsi bir tarixdir. Rayonumuzun ərazisində rəsmi şəkildə qeydə alınmış 151 tarixi abidə var. Onlardan 30-dan çoxu mühüm əhəmiyyət kəsb edən qədim tarixi abidələrdir. Açıq səma altında muzey kimi rayonumuza gələn qonaqları heyrətə gətirən Lahıc, Basqal və s. kəndlərimizin hər qarışında bir tarix yatır.
Bu tarixi abidələrlə gənc nəsli yaxından tanış etmək, onlarda vətənə, onun tarixinə hörmət və məhəbbətlə yanaşmağı öyrətmək bir vəzifə kimi ən çox tarix müəllimlərinin üzərinə düşür.
Bu səbəbdən birinci addım kimi məktəbimizdə tarix-diyarşünaslıq muzeyinin yaradılmasına başladıq. İlk vaxtlar eksponatları toplamaq üçün müxtəlif kəndlərə səfərlər edir, əldə etdiyimiz nümunələrlə muzeyi zənginləşdirməyə çalışırdıq. Muzeyin yaradılmasında məktəb-liseyin direktoru Əhmədağa Ələkbərovun hərtərəfli köməyi bizi daha da ruhlandırırdı.
Rayonumuzun Mollaisaqlı, Basqal, Lahıc kimi qədim yaşayış məskənlərindən əldə etdiyimiz məişət əşyaları, maddi mədəniyyət nümunələri muzeyin daha da zənginləşməsinə, baxımlı olmasına səbəb olmuşdur. Müxtəlif dövrlərə aid eksponatların toplanmasında, muzeyin fondunun zənginləşməsində məktəbimizin müəllim və şagird kollektivi yaxından iştirak etmişlər.
Muzeydə xalq tətbiqi sənəti, dulusçuluq, misgərlik, numizmatika bölmələri fəaliyyət göstərir. Şagirdlərin əksəriyyəti cəhrə, nehrə, səhəng, kuzə və başqa qədim məişət əşyalarının toplandığı bölməyə daha çox maraq göstərirlər. Numizmatika bölməsində müxtəlif dövrlərə aid kağız və metal pul nişanları toplamışıq. Basqal kəndində hazırlanmış müxtəlif növ kəlağayı nümunələri muzeyə xüsusi gözəllik və milli kolorit verir.
Muzeyin “Kəlağayı bölməsi”ndə bu nadir sənət nümunəsinin hazırlanma texnologiyasını əyani şəkildə göstərən ipəkqurdu baraması, ipək saplar, hazır məhsulu boyamaq üçün müxtəlif möhür və naxış elementləri, onlarla müxtəlif kəlağayı nümunələri şagirdlərin böyük maraqla tamaşa etdikləri eksponatlardır.
Müəllimlərin və şagirdlərin əməyi nəticəsində muzeyimiz getdikcə yeni eksponatlarla zənginləşir.
Əminəm ki, sabahımız olan gənc nəsillərə xalqımızın tarixinin, zəngin mədəni irsinin öyrədilməsində məktəb-liseyimizdə yaratdığımız muzeyin əvəzsiz rolu olacaqdır. Mədəniyyətinin zənginliyi ilə tanınan, xalqımızın yaratdığı, ulu babalarımızdan bizə miras qalmış heç bir mədəniyyət nümunəsi diqqətdən kənarda qalmamalı, lazımi səviyyədə təbliğ və təqdim olunmalıdlr.
Rayonumuzun ərazisindən toplanmış, müxtəlif dövrlərə aid sənət nümunələri ilə yaxından tanış olmaq istəyənləri məktəb-liseyimizdə fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyinə dəvət edirik. İnanıram ki, seyr edəcəyiniz hər bir eksponat sizi İsmayıllının doğrudan da qədim və təkrarsız bir mədəniyyət mərkəzi olduğuna bir daha inandıracaq.

Famil ƏHMƏDZADƏ,
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi


“Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirmək məqsədilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə təhsil naziri tərəfindən imzalanmış müvafiq əmrə əsasən rayonun 4 nömrəli şəhər tam orta məktəbində müsabiqənin rayon mərhələsi keçirilib.
Müsabiqədə rayon ümumi təhsil müəssisələrinin fəallığı ilə seçilən şagirdləri iştirak edib. 1 nömrəli şəhər tam orta məktəbin şagirdi Səbinə Quliyeva daha yaxşı nəticə göstərərək qalib olub.

Xalid NƏCİYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Məktəblilər Azərbaycanın cənub bölgəsində olublar

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Sumqayıt, Naftalan və Mingəçevir şəhərlərinin, Xızı, Siyəzən, Şabran, Qubadlı və Laçın rayonlarının məktəbliləri Azərbaycanın cənub bölgəsində olublar. Lənkəran şəhərindəki “Qoşa qala” qapıları, “Dairəvi qala”, “Mayak” binası, “Samovar” istirahət mərkəzi və rayon tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.Tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar.
Tur-aksiyanın Sumqayıt, Naftalan və Mingəçevir şəhərlərindən və Xızı rayonundan olan iştirakçıları Lənkərandan sonra Astara rayonuna səyahət ediblər. Humanitar aksiyanın iştirakçılarını Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyətin nümayəndələri qarşılayıblar. Məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə məlumat verilib.
Sonra məktəblilər Masallı rayonuna gəliblər. Masallı şəhərindəki Heydər Əliyev parkında məktəblilərlə görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” aksiyası çərçivəsində təşkil olunan tur-aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərə xoş arzularını çatdırıb. Məktəblilər Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.


“SABAH” qrupunun tələbələri tamaşa göstərib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor və rejissor sənəti üzrə tələbələrdən ibarət “SABAH” qrupu Lənkəran Dövlət Universitetində olub.
LDU-dan redaksiyamıza daxil olan məlumata görə, tələbə-aktyorlar iki gün müddətində Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında kurs rəhbəri, əməkdar artist Nofəl Vəliyevin quruluşunda hazırlanmış Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur”, “Romeo və Cülyetta” tamaşalarını oynayıblar.
Tələbə-aktyorlardan Məhəmməd Musayev, Orxan İsgəndərli, Xədicə Məmmədova, Çilənay Əliyeva, Hilal Dəmirov və başqalarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “SABAH” qrupunun üzvləri LDU-da olduqları müddətdə ali təhsil ocağı ilə də tanış olub, tələbə-gənclərlə görüşərək fikir mübadiləsi aparıblar.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tələbə-aktyorlarla keçirilən görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqənin gələcəkdə daha da genişləndiriləcəyini söyləyib.
Görüşdə tələbə-aktyorlara və tamaşaların hazırlanmasında əməyi olanlara fəxri fərmanlar və hədiyyələr verilib.


Şabran tennisçiləri respublika birinciliyində iştirak ediblər

Şabran rayon Uşaq-Gənclər İdman Məktəbinin tennisçiləri bu ay “Təhsil” Respublika İdman Mərkəzinin keçirdiyi stolüstü tennis üzrə yeniyetmələr arasında respublika birinciliyində iştirak ediblər.
Müxtəlif bölgələrdən 18 komandanın iştirak etdiyi yarışda Şabran UGİM 18 idmançı ilə təmsil olunub.
Yarışda Zöhrə Abdullayeva şəxsi və qızların qoşa yarışında I yer, Aliyə Haşımova şəxsi və qızların qoşa, həmçinin qız-oğlan qoşa yarışlarında I yer, Nihad Məmmədov şəxsi yarışda II, qız-oğlan qoşa yarışında I yer, Əlikram Qürbətov şəxsi yarışda III, qız-oğlan qoşa yarışında II yer, Aqil Məmmədov oğlanların qoşa yarışında II yer, Mahsun Nəsirov, Şəbnəm Mansurova qız-oğlan qoşa yarışında III yer, Əzifə Mahmudova, Fatimə Mürsəliyeva qızların qoşa yarışında III yer, Tərgül Qasımova qız-oğlan qoşa yarışında III yer qazanıblar.
Komanda hesabında isə tennisçilər II yerin sahibi olublar.

Gülər HÜSEYNOVA,
Şabran RTŞ-ın İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Qəbələdə intellektual oyun keçirilib

Qəbələ RTŞ-dən verilən məlumata görə, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Ağstafa, Daşkəsən, Göyçay, Qazax və Tovuz məktəbliləri rayon ilə tanış olub, tarixi abidələrə, turizm obyektləri və istehsal müəssisələrinə ekskursiya ediblər.
Səfərin sonunda şagirdlər arasında keçirilən “Nə? Harada? Nə zaman?” adlı intellektual oyununda Qazax məktəbliləri 1-ci, Göyçay şagirdləri 2-ci, Tovuz komandası isə 3-cü yerə layiq görülüb.


Alman dili müəllimləri Şəkidə bir araya gəliblər

Şəki Şəhər Təhsil Şöbəsindən aldığımız məlumata görə, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin və Tbilisi Höte İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən ikigünlük sessiyada respublikamızın bütün bölgələrini təmsil edən 70-ə yaxın alman dili müəllimi iştirak edib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, hazırda Şəkinin 4 məktəbində alman dili fənni tədris olunur.
Eyni zamanda Almaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşı xanım Heike Möckel və Tbilisi Höte İnstitutunun metodisti Eike Pockrand çıxış edərək, sessiyanın gündəliyi və müzakirə ediləcək məsələlər barədə məlumat veriblər.


Ağsuda şəhid Aslan Nadirovun xatirəsi anılıb

Ağsu Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, şəhid Aslan Nadirovun adını daşıyan şəhər 1 nömrəli məktəb-liseydə müəllim və şagirdlərin, rayon ağsaqqallarının, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım günü keçirilib. Əvvəlcə şəhidin məktəbin foyesindəki büstü önünə çiçəklər düzülüb.
Məktəb-liseyin direktoru Sənan Nemətov, şəhidin qardaşı, ehtiyatda olan polkovnik-leytenant Marif Nadirov, rayon veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalov və başqaları Aslan Nadirovun qısa, lakin şərəfli həyat yolundan danışıblar. Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordularındandır. İgid oğullarımız da işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazırdırlar.
Sonda şəhid Aslan Nadirovun yaxınları belə bir tədbirin təşkilinə görə məktəbin pedaqoji kollektivinə təşəkkürlərini bildiriblər.

Səhifəni hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴