1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017




 


Milli təhsil standartlarımız müasir tələblərə uyğun şəxsiyyətlər yetişdirməyə imkan verir

İmran HƏSƏNOV,
Naxçıvan Muxtar Respublikası Şərur Rayon Danyeri kənd Şah İsmayıl Xətai adına tam orta məktəbin tarix müəllimi

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları ölkə təhsilinin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılması ilə bərabər, təhsil sistemimizi də formalaşdırıb. Bu özlüyündə qloballaşmanın prioritetlərindən biridir.

Qloballaşmanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk kredit sazişi əsasında ölkəmizdə kurikulum islahatına başlanıb.

1998-ci ildə qəbul edilmiş islahat proqramı əsasında 2006-cı il oktyabrın 30-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 233 saylı qərarı ilə Milli Təhsil Konsepsiyası (Milli Kurikulum), 2010-cu ildə “Ümumi təhsilin dövlət standartları və proqramları” (kurikulumları), ölkə Prezidentinin müvafiq sərəncamları ilə 2013-cü il oktyabrın 24 -də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, 2015-ci il yanvarın 19-da isə strategiyanın həyata keçirilməsi üçün fəaliyyət proqramı qəbul edilib. Təhsil sistemimizin təkmilləşdirilməsinə əvəzsiz töhfə verən kurikulum artıq səkkizinci ildir ki, müvəffəqiyyətlə tətbiq olunur.

Dünyanın aparıcı ölkələrində də tətbiq olunan bu mütərəqqi təhsil təcrübəsində interaktiv təlim yaradıcı təfəkkürə əsaslanır. Produktiv dərslə interaktiv dərsi bir neçə prizmadan fərqləndirmək olar. Əgər ənənəvi dərsdə subyekt-obyekt formulu dominantlıq təşkil edirdisə, fəal dərsdə subyekt-subyekt formulu əsasdır. Çünki interaktiv dərs demokratik xüsusiyyətləri ilə seçilir. Bu dərsdə əsas məqsəd şagirdlərin tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirməkdir. Fəal təlimdə müəllim fasilitator, dizayner, bələdçi funksiyasını yerinə yetirir. Yəni müəllim informasiyanı şagirdə hazır şəkildə vermir, sadəcə ona istiqamət verir. Dizaynerlik-müəllimin proqram materiallarına konstruktiv, produktiv və kreativ formada yanaşaraq onu sadələşdirib şagirdlərə çatdırmasıdır (bu zaman temperament və qavrayışlar üzrə fərqlər də nəzərə alınmalıdır).

Bütün bu işlərin öhdəsindən gəlmək üçün müəllim daim öz elmi-nəzəri və elmi-metodiki səviyyəsini artırmalıdır.

Bundan başqa, interaktiv iş üsullarından olan rotasiya üsulundan istifadə etmək tədrisdə daha səmərəli nəticə əldə etməyə imkan verir. Xüsusən də şagirdlərin qabiliyyətlərinə uyğun əməli yazılar (esse, referat, təqdimat, icmal və s.) yazdırmaq, onların nitqinin yaradıcı təfəkkürünün inkişafında mühüm rol oynayır.

Tanrı vergisi ilə doğulmuş uşaqların qabiliyyətlərinin cilalanması pedaqoji sahənin ən mühüm amillərindən biridir.

Şagirdyönümlü və şəxsiyyətyönümlü mahiyyət daşıyan kurikulumda məqsəd şagirdlərə müasir kompetensiyaları (biliklər, bacarıqlar, vərdişlər, keyfiyyətlər, dəyərlər və s.) idrak taksomaniyasının 3 növü (məntiqi təfəkkür, tənqidi təfəkkür və yaradıcı təfəkkür) əsasında inkişaf etdirməkdir.

Bu şərtlər daxilində təhsil alan hazırkı Azərbaycan gəncləri gələcəkdə həm Azərbaycan, həm də dünya elminin fundamental sahələrində öz sözlərini deyə biləcəklər. Eyni zamanda yeni təhsil sistemi Azərbaycanın qlobal müstəvidə mövqeyinin güclənməsinə xidmət edərək beynəlxalq aləmə inteqrasiyasını sürətləndirəcək.

Coğrafiya dərslərində fəal təlim metodlarından istifadə

Sadıq SADIQOV,
Qəbələ rayon Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, respublikanın qabaqcıl təhsil işçisi

Coğrafiya fənni üzrə təhsil proqramı nəticəyönümlü, şagirdlərin meyil, maraq və qabiliyyətlərinə əsaslanan, onların potensial imkanlarını nəzərə alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzifələrini, məzmununu, təlim strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir. Kurikulum dərslərdə yeni təlim metodlarından istifadəyə geniş imkan verir.

VII sinifdə coğrafiyadan “Dağların yaranması” mövzusunda apardığım dərsdə yeni təlim üsullarından istifadə ilə bağlı təcrübəmdən bəzi məqamları burada qeyd etməyi zəruri bilirəm. Müasir təlim metodları çoxdur. Mən dərslərimdə onların əksəriyyətindən istifadə edirəm. Lakin, fikrimcə, “Beyin həmləsi” şagirdləri daha çox fəallaşdırır. Ona görə də bu üsuldan daha çox faydalanıram. “Dağların yaranması” mövzusunun tədrisi zamanı da bu üsula müraciət edirəm.

Öncə hazırladığım diaqramı lövhədən asıram. Sonra şagirdlərə sualla müraciət edirəm:

- Kənarda olan dairələrin içərisində yazılmış “yamac”, “hündürlük”, “ətək”, “zirvə” terminləri hansı coğrafi mövzuya aiddir?

Onlar bu sözlərin dağa məxsus olduğunu qeyd edirlər. Sonra onlar “Google Earth” proqramında dağların kosmik təsvirlərinə baxırlar. Şagirdləri 4 qrupa bölürəm. Hər qrupa aid rəngli kağızları stolun üstünə qoyub, onların şagirdlər tərəfindən götürülməsini təklif edirəm. Onlar qırmızı, yaşıl, sarı, göy rənglərini götürüb qruplara bölünürlər. Qrupları isə dünyanın ən mühüm dağ sistemlərinin adları ilə adlandırıram: “Qafqaz”, “And”, “Kordilyer”, “Alp”.

Azərbaycan Respublikasında yerləşən Qafqaz dağlarının gözəllikləri haqqında məlumat verirəm. Dağların rekreasiya və turizm imkanlarını onların nəzərinə çatdırıram. Xüsusilə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə gördüyü işləri qeyd edirəm. Qəbələ Tufandağ və Qusar Şahdağ turizm komplekslərinin istifadəyə verilməsi, hər iki zirvəyə çəkilən kanat yolunun əhəmiyyətini diqqətə çatdırıram.

Qruplara aşağıdakı suallarla müraciət edirəm:

- Dağlar yaşına görə neçə qrupa bölünür?

- Mənşəyinə görə dağların hansı qrupları var?

- Materiklər üzrə dağları qruplaşdırın.

- Xəritədə vulkanları tapıb onların coğrafi kordinatlarını təyin edin.

Uşaqlar bu mövzu ilə bağlı VI sinfin uyğun bölməsi üzrə müəyyən biliklərə malikdirlər. Onlar həmin suallara cavab vermək üçün keçmiş biliklərdən istifadə edirlər. Qruplar suallara cavab hazırladıqdan sonra hər bir qrupun cavabları ayrı-ayrılıqda müzakirə olunur.

Ümumiləşdirmə nəticəsində təxminən belə bir cavab formalaşır: Dağlar yaşına görə iki qrupa: cavan və qədim dağlara bölünür. Cavan dağlar hündür və kəskin parçalanmış olur. Qədim dağlar isə xarici qüvvələrin təsiri ilə dağıldığından hündürlükləri az olur, nisbətən zəif parçalanır.

Mənşəyinə görə dağların qrupları aşağıdakı kimidir: tektonik və vulkanik. Tektonik dağlar “qırışıq”, “faylı”, “qırışıq-faylı” qruplarına bölünür.

Sonra şagirdlərə belə bir tapşırıq verilir: Materiklər üzrə dağları qruplara ayırın. Şagirdlər fəaliyyətdə olan və sönmüş vulkanları xəritələrdə qeyd edirlər.

Dərs prosesində qruplara test sualları da təqdim edirəm.

Test 1. Dağların ən uca hissəsi necə adlanır?

A)yamac B)ətək C)aşırım D)zirvə

Test 2. Ətək və zirvəsi arasında hündürlük fərqi 200 m olan relyef forması nə adlanır?

A)yayla B)yüksəklik C)təpəli düzənlik D) dağ

Test 3. Hündürlüyünə görə dağlar neçə qrupa bölünür?

A)3 B)5 C)2 D)4

Test 4. Qafqaz dağları hansı materikdə yerləşir?

A)Afrika B)Cənubi Amerika C)Avrasiya D)Avstraliya

Qrupları qiymətləndirmək üçün meyar cədvəli hazırlayıram. Onların fəaliyyətini bu meyar cədvəlinə əsasən qiymətləndirirəm.


Azərbaycan dilindən dərs nümunəsi

Ruhəngiz QƏRİBOVA,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Artıq bir neçə ildir ki, ölkəmizdə təhsil islahatı uğurla həyata keçirilir. Bu prosesdə, təbii ki, müəllim aparıcı simadır. Dərsləri kurikulum əsasında qurmaq, yeni dərsliklərlə işləməyi öyrənmək, dərsin, təhsilin şagirdyönümlü və nəticəyönümlü olduğunu nəzərə almaq müəllimin ümdə vəzifələrindəndir. Yüksək nəticələr əldə etməyin optimal yollarından biri də yeni təlim texnologiyalarını (interaktiv təlim metodlarını) dərindən mənimsəmək, dərs prosesində bu metodlardan və İKT-dən istifadə etməkdir. Bunu nəzərə alaraq, dərslərimi günün tələbləri səviyyəsində qurmağa, yeni təlim texnologiyalarından mütəmadi olaraq istifadə etməyə çalışıram.

Məlumdur ki, zəngin mənəviyyatı, dönməz əqidə və məslək sahibi olan ləyaqətli vətəndaşlar tərbiyə etmək, milli birlik və bəşəri dəyərləri özündə yaşadan gənclər yetişdirməkdə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin üzərinə daha çox yük və məsuliyyət düşür. İnsanı ali yüksəkliyə ucaldan milli qürur, vətəndaşlıq dəyanətidir. Həmişə nəzərə almalıyıq ki, işğal altında olan torpaqlarımızın azad edilməsi, müstəqil dövlətimizin, xalqımızın gələcək inkişafını təmin edəcək gənclərin yetişdirilməsi onların milli vətənpərvərlik ruhunda tərbiyə olunmasından çox asılıdır.

Həmkarlarımla paylaşmaq istədiyim bu dərs nümunəsi mövzusuna görə qeyd etdiyim problem baxımından çox səciyyəvidir.

Sinif: VI

Fənn: Azərbaycan dili

Mövzu: B.Vahabzadənin “Bayraq” şeiri

Məzmun xətləri:

2.1.2 - Şeirdə rast gəldiyi obrazlı ifadələrin mənasını izah edir.

2.2.1 - Nəzmlə yazılmış mətndə obrazlı ifadələrlə verilmiş sətiraltı informasiyanı müəyyənləşdirir və izah edir.

4.1.4 - Mətndəki orfoqrafik və qrammatik səhvləri redaktə edir.

İş forması: qruplarla iş, kollektivlə iş

İş üsulları: Venn diaqramı, əqli hücum, müzakirə, layihə

İnteqrasiya: tarix, təsviri incəsənət

Resurslar: dərslik, şəkillər, iş vərəqləri, rəngli karandaş, proyektor.

Dərsin gedişi:

Motivasiya: Şagirdlərin diqqəti ekranda əks olunan aşağıdakı şəkillərə yönəldilir (bax: şəkil 1 və 2).










Təzə mövzuya keçid almaq üçün şagirdlərə tədqiqat sualı verirəm:

Verilmiş şəkilləri bir-biri ilə əlaqələndirən nədir? (bax: şəkil 3).







Münasib cavablar alındıqdan sonra isə şagirdlərə B.Vahabzadənin “Bayraq” şeirini təqdim edirəm (bax: şəkil 4).




Tədqiqatın aparılması üçün şagirdlərə aşağıdakı suallar verilir və bütün dərs prosesində onlar bu suallara cavab tapmağa yönləndirilir:

1) Bayrağın dövlət üçün əhəmiyyəti?

2) B.Vahabzadənin “Bayraq” şeirinin əsas ideyası və əhəmiyyətini nədə görürsüz?

Tədqiqatın aparılması və müəyyən nəticəyə gəlmələri üçün şagirdləri dörd qrupa ayırıram və hər qrupa iş vərəqələrində yazılmış tapşırıqları paylayıram.

I qrup: “Sülh”

Şeirin ikinci bəndini ifadəli oxuyun, müəllifin çatdırmaq istədiyi fikri izah edin.

Aşağıdakı şeirdə hansı əvəzliklər var? Onların növünü və xüsusiyyətlərini göstərin.

Əgər adamsansa, sev adamları,

Demə: bu dostumdur, o, düşmənimdir!

Demə: əzizimdir ev adamları,

De: mən bu xalqınam, xalq da mənimdir.

II qrup: “Dostluq”

Şeirin üçüncü bəndini ifadəli oxuyun, ideyasını izah edin.

Aşağıdakı şeirdə hansı əvəzliklər var? Xüsusiyyətlərini sadalayın.

Yaşa bu dünyada yaşatmaq üçün,

Yaşama bir kəsə daş atmaq üçün.

İnsan ol, insanın qəlbini qırma,

Hörmət et, hörmətə sən çatmaq üçün.

III qrup: “Birlik”

Şeirin dördüncü bəndini ifadəli oxuyun, ideyasını izah edin.

Venn diaqramında işarə və şəxs əvəzliklərinin oxşar və fərqli cəhətlərini göstərin.

IV qrup: “Zəfər”

Şeirin beşinci bəndini ifadəli oxuyun, ideyasını izah edin.

Nöqtələrin yerinə uyğun gələn əvəzlikləri yazın (kimsə, mən, nə, necə).

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm .... oyatsın.

Tək-tək ayılan varsa da həqq dadına çatsın,

...salim olum cümlə cahan batsa da batsın.

Millət ... tarac olur olsun nə işim var?

Düşmənlərə möhtac olur olsun, nə işim var?

Qrupun liderləri növbə ilə gəldiyi qənaətlərin təqdimatlarını edirlər.

Tədqiqat prosesində şagirdlər belə bir nəticəyə gəlirlər:

- Bayraq dövlətin varlığını tanıdan atributlardan biridir.

B.Vahabzadə bu şeirdə bayrağı müstəqil dövlətimizin mühüm rəmzi kimi qiymətləndirir.Tariximizin qədimliyindən bəhs edən şair bugünkü müstəqilliyimizin xalqımızın, əsgərlərimizin apardığı mübarizələr sayəsində bərqərar olduğundan bəhs edir. Şair bayrağı əsgər silahıyla bir görür. Bayrağın müqəddəsliyindən, enməzliyindən danışır.

Tapşırıqlar yerinə yetirildikdən sonra şagirdlərə əlavə maraqlı məlumatlar da verilir. Bunun üçün layihə metodundan istifadə edərək sinfin bir neçə fəal şagirdinə bayraq mövzusunda yazılmış başqa şeirləri tapmağı və təqdim etməyi tapşırıram. Sonra onlar öz axtarışlarının nəticələri haqqında sinif yoldaşlarına məlumat verirlər. Daha sonra isə dövlət tərəfindən təsis edilmiş “Bayraq” ordeninin mahiyyətini əks etdirən təsvirlər monitorda əks olunur.

Dərsin sonunda isə şagirdlər qiymətləndirilir və onlara ev tapşırığı kimi B.Vahabzadənin “Bayraq” şeiri haqqında esse yazmaq tapşırılır.
yuxarı ⤴