1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Cocuq Mərcanlıda bir gün
08.04.2017 / No12


Bir qrup əcnəbi tələbə və media nümayəndələri işğaldan azad edilmiş kəndə səfər edib

Niyazi RƏHİMOV

Aprelin 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib. Təhsil nazirinin müavini Firudin Qurbanovun da iştirak etdiyi səfərin əsas məqsədi əcnəbi tələbələrə Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaq idi.
Öncə səfər iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gəliblər. Ümummilli liderin büstü önünə gül dəstələri qoyulub. Sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri haqqında əcnəbi tələbələrə məlumat verilib.
İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olduqdan sonra 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsi ilə görüşüb. Yenidən bərpa olunan yaşayış məntəqəsində xeyli sayda ağac əkiblər.
Səfər çərçivəsində həmçinin Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində N saylı hərbi hissənin əsgərləri ilə də görüş keçirilib.
Görüşdən sonra Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərlə görüş keçirilib, burada təhsil alan şəhid övladlarına kitablar hədiyyə olunub.


Əcnəbi tələbələrin səfər təəssüratları



Ella STRİGUTA,
Bakı Dövlət Universitetinin tələbəsi

Səfərimiz çox gözəl oldu. Bu səfərə görə təşkilatçılara təşəkkür edirəm. Qarabağın bir hissəsini, əsasən də işğaldan azad olunan ərazini görmək, buradakı insanlarla tanış olmaq çox yaxşı idi.
Mən Rumıniya vətəndaşıyam və tarixçi olduğum üçün orada yaşayarkən də Dağlıq Qarabağ münaqişəsi haqqında müəyyən məlumatlarım var idi. Etiraf edim ki, Azərbaycana gəlmədən öncə məsələnin mahiyyətini tam anlamış deyildim. Münaqişədə kimin haqlı, kimin haqsız olduğu mənim üçün qaranlıq idi. Lakin ölkənizdə tələbə olduqdan sonra bu münaqişə ilə bağlı daha çox bilgilərə sahib oldum. Beynəlxalq təşkilatların, müxtəlif dövlətlərin məsələyə münasibətini öyrəndim. Digər araşdırmalarımdan sonra ermənilərin işğalçı siyasət yeritdiyini, qonşu ölkənin torpaqlarının bir hissəsini zəbt etdiyini başa düşdüm. Ötən il münaqişə zonasında müharibənin yenidən davam etdiyini eşidəndə və biləndə isə çox pis oldum. Çünki heç kim insan qanının tökülməsinin tərəfdarı deyil. Lakin biz istəməsək də, qlobal dünyamızda münaqişələr qaçılmazdır. Azərbaycan tərəfinin ötən il baş verən bu qısa sürən savaşda işğal olunmuş ərazisinin kiçik bir qismini qaytarması yaxşı haldır. Düşünürəm ki, hər bir dövlətin öz ərazisini işğalçıdan təmizləməyə haqqı var. Bu gün işğaldan azad olan Cocuq Mərcanlının gerçək sahibinə qaytarılması ədalətin bərpasıdır. İstərdim ki, bu kənddə böyüyüb boya-başa çatan insanlar öz torpaqlarına qayıtsın. Burada rahat, xoşbəxt yaşasınlar.



Garreth SHOKO,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Erasmus proqramı çərçivəsində UNEC-də təhsil alıram. Bakını və insanlarınızı çox sevirəm. Çox mehriban, istiqanlı insanlarınız var. Bakıda özümü rahat və təhlükəsiz hiss edirəm. Təhsil aldığım universitetdə də dərslərimiz çox yüksək səviyyədə keçir. Bakıdan kənara çıxmaq, bu coğrafiya ilə yaxından tanış olmaq mənim arzum idi. Bu arzumu gerçəkləşdirdiyinə görə təşkilatçılara minnətdaram. Təşkilatçılar bizə səfər müddətində Azərbaycanın mədəniyyəti, iqtisadi və siyasi həyatı haqqında ətraflı məlumat verdi. O ki qaldı yeni azad olunan Cocuq Mərcanlı kəndinə, burada gördüyüm mənzərə məni sevindirdi. Ona görə sevindim ki, haqq öz yerini tapıb və yerli əhali öz kəndlərində yaşaya biləcək. Bu gün mən qəsəbədəki məktəbdə olarkən uşaqların gözündə bir sevinc və bununla yanaşı, bir mərhəmət hissi də gördüm. Düşünürəm ki, müharibələr zamanı ən çox əziyyət çəkən uşaqlar, körpələrdir. Mən özüm Zimbabvedə anadan olmuşam. Bildiyiniz kimi, Afrika ölkələri də daim münaqişə zonasında olub. Bu münaqişələr zamanı insanlar tələf olur, evləri dağıdılır. Təbii ki, bu, çox pis bir şeydir.
Heç bir insana müharibə görməyi arzulamıram. Lakin işğalçılıq olanda, başqasının torpağına göz dikəndə təbii ki, həmin dövlət cəzalanır. Necə ki, bildiyim qədər, ötən ilin aprel ayında Azərbaycan ordusu qarşı tərəfi cəzalandırmışdı.



Can AKAR,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi

Münaqişə zonasında olmaq, bu torpaqları gəzmək, işğaldan azad olmuş kəndi görmək mənim üçün çox gözəl bir hiss idi. Bugünkü səfərimiz zamanı şahid olduq ki, hazırda burada qızğın işlər gedir. Ermənilər tərəfindən dağıdılan kənd yenidən bərpa olunur. Məktəb, kitabxana və evlər tikilir. Bu, uzun illər boş qalan kənddə yenidən həyatın canlanması deməkdir. Bu torpaqların gerçək sahibinə qaytarılması, Cocuq Mərcanlıda yenidən həyatın canlanması məni çox sevindirir. Fürsətdən istifadə edib ötən il ərazilərin qaytarılmasında iştirak edən şəhidlərə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun. İnanıram ki, Azərbaycan əsgəri bu torpaqları geri aldığı kimi, digər işğal olunmuş əraziləri də azad edəcək. Biz tələbələrə bu tarixi yerləri görmək üçün şərait yaradan Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, gələcəkdə də bu kimi səfərlər təşkil olunacaq və biz tələbələr Azərbaycanı daha yaxından tanıyacağıq.



Mahmud ATHAR,
Bakı Dövlət Universitetinin tələbəsi

Artıq iki ildir ki, Azərbaycandayam. Pakistan vətəndaşıyam. Ölkənizi, insanlarınızı çox sevirəm. Təhsil aldığım universitetlə bağlı da çox müsbət fikirlərim var. Bugünkü səfərimizə gəldikdə isə onu deyə bilərəm ki, bu səfər mənim üçün çox əhəmiyyətli idi. Ona görə əhəmiyyətlidir ki, mətbuat vasitəsilə əldə etdiyim informasiyaların bir çoxunun bu gün şahidi oldum. Düzünü deyim ki, Azərbaycanda olduğum müddətdə Bakıdan kənara çıxmamışdım. Səfər zamanı təkcə getdiyimiz yeri deyil, həm də yol boyu əraziləri də gördüm. Doğrudan da Qarabağın əsrarəngiz, məftunedici təbiəti var. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yenidən quruculuq işlərinə başlanması, məktəb binasının inşası isə məni çox sevindirdi. Düşünürəm ki, artıq insanlar öz yurdlarında yaşaya biləcək. Bizə belə bir şərait yaratdığına görə Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm. Münaqişə ilə bağlı məsələyə gəldikdə onu deyə bilərəm ki, dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənilər artıq işğal etdikləri torpaqlardan çıxmalıdır və müharibəyə, qan tökülməsinə son qoyulmalıdır. Mən dünyanın hər bir yerində sülh, əmin-amanlıq olmasının arzusundayam.


Lələtəpə bu ərazilərdə çox mühüm strateji yüksəklikdir

Mənsur MƏMMƏDOV,
keçmiş döyüşçü

Horadiz və ətraf kəndlərin ermənilərdən təmizlənməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişəm. Həmin dövrdə biz döyüşçülərdə çox yüksək əhvali-ruhiyyə, döyüş əzmi var idi. Düzdür, itkilərimiz də olurdu. Lakin bu itkilərə baxmayaraq Füzuli rayonunun işğal olunmuş böyük bir ərazisini düşmənlərdən geri ala bildik. Ötən ilin aprel ayındakı döyüşlərdə ordumuzun Lələtəpə yüksəkliyini geri qaytarması isə məni və bütün xalqımızı çox sevindirdi. Keçmiş döyüşçü olaraq demək istəyirəm ki, Lələtəpə bu ərazilərdə çox mühüm strateji yüksəklikdir. İnanıram ki, ordumuz düşmən tapdağı altında qalan digər torpaqlarımızı da azad edəcək. Allah həmin günü görməyi hər birimizə qismət eləsin.


Ordumuzun gücünə, qüdrətinə həmişə inanmışam

Oktay HƏZİYEV,
kənd sakini

1994-cü ildən Cocuq Mərcanlıda yaşıyıram. Keçən ilin aprel ayına qədər bu kənddə yaşamaq nə qədər təhlükəli olsa da, mən öz ata-baba yurdumu tərk etmədim. Ordumuzun gücünə, qüdrətinə həmişə inanmışam. Heç vaxt ermənilərdən qorxmamışam. Lakin buna baxmayaraq ehtiyatımı da əldən verməmişəm. Şükürlər olsun ki, Lələtəpə yüksəkliyi ordumuz tərəfindən geri qaytarıldıqdan sonra kənddə artıq təhlükəsiz yaşayırıq. Bu gün sizin də gördüyünüz kimi kənddə cənab Prezidentimizin sərəncamı ilə yeni evlər, məktəb binası tikilir. Artıq uzun müddət didərgin düşən həmkəndlilərim öz torpaqlarına qayıtmağa hazırlaşır. Bu, kənd sakinlərini çox sevindirir.

yuxarı ⤴