1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






İngilis dilində təhsil alıb innovativ texnologiyalarla işləyənlər
08.04.2017 / No12

 

 


Bakı Mühəndislik Universitetindən reportaj

Ruhiyyə DAŞSALAHLI

Ötən ilin sonunda Azərbaycan ali təhsil müəssisələrinin sırasına daha bir universitet də qatıldı. Ölkədə mühəndis kadrların hazırlanması prosesinə öz töhfəsini verəcək həmin təhsil müəssisəsi fəaliyyətdə olduğu bir neçə ay ərzində sübut etdi ki, qarşısına qoyulan məqsədə nail olacaq. Söhbət ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2016-cı il noyabrın 8-də yaradılan Bakı Mühəndislik Universitetindən gedir.
Təhsil naziri Mikayıl Cabbarov bu günlərdə yeni yaradılan universitetin tədris şəraiti ilə maraqlanıb. Ali təhsil ocağının maddi-texniki bazası ilə tanış olan nazir universitet rəhbərliyi və bir qrup müəllimlə görüşüb.
Məlumat üçün qeyd edək ki, Bakı Mühəndislik Universiteti ölkədə fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq üçün insan kapitalına və güclü maddi-texniki bazaya malik olan ali təhsil müəssisələrindəndir. Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan universitetdə Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsinə əsasən mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığının həyata keçirilməsi nəzərdə tutulub.
Xırdalan şəhərində yerləşən universitet ümumilikdə 20 ha ərazini əhatə edib. Binalarının ümumi sahəsi 30 min kvadratmetrdir. 2 tədris korpusu, 2 yataqxanası var. Universitetdə mühəndislik fakültəsi laboratoriyası, kimya, mexanika, kompüter mühəndisliyi, fizika, biologiya, linqvistika laboratoriyaları fəaliyyət göstərir.

Həm nəzəri bilik, həm də təcrübə

Nazir Mikayıl Cabbarov universitetin maddi-texniki bazası ilə tanışlığa Mexanika mühəndisliyi laboratoriyalarından başladı. Nazirə bildirildi ki, burada tədris ingilis dilində aparılır. Bundan başqa, ona kompüter inteqrasiyalı avtomatlaşdırılmış sistem barədə məlumat verildi. Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə tədris edilən, insan əməyini əvəz edən robotun işi göstərildi.
Maşın mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr dizayn etdikləri hissələrin 3D modelini necə hazırladıqlarını göstərdilər. Nazirə bildirdilər ki, tələbəsi olduqları universitetin loqosunun da 3D modeli tezliklə hazır olacaq.
Alternativ enerji laboratoriyasında günəşdən elektrik enerjisi əldə edilməsini təmin edən kollektorların işinə nəzər salan nazirə bildirildi ki, universitetin tələbələri günəş və ondan enerji əldə edilməsi təcrübəsini məhz burada qazanırlar. Çünki universitetdə mexanika mühəndisləri yetişdirmək üçün kifayət qədər avadanlıq var.
Nazir Mikayıl Cabbarov universitet tələbələrinin sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək imkanları ilə də maraqlandı. Bu məqsədlə bağlanan müqavilələr barədə məlumat verildi. Bildirildi ki, innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığı burada uğurla həyata keçirilir və hazırlanan kadrlar əldə etdiyi biliyi istənilən istehsal sahəsində müvəffəqiyyətlə tətbiq etmək iqtidarındadır.

Tələbə “bazar”ı

Nazir universitet tələbələrinin əl işlərindən ibarət sərgiyə də baxdı. Məlum oldu ki, tələbələr öz əllərinin əməyi ilə müəyyən qazanc əldə etməyə başlayıblar. Belə ki, onlar düşüncələrinin və qabiliyyətlərinin məhsulu olan ayrı-ayrı nümunələri sataraq kiçik gəlir əldə edirlər. Tələbələr gəlir qutusuna daxil olan və o qədər də böyük olmayan həmin qazancla müəyyən ehtiyaclarını ödəyirlər. Nazir tələbələrin qiymətləndirmə siyasəti ilə - öz əl işlərinə necə qiymət qoyduqlarıyla da maraqlandı və diqqətini çəkən bir neçə nümunəni aldı.

Prezident təqaüdçülərinin 9-u bu universitetin tələbəsidir

Tanışlıq Kimya mühəndisliyi laboratoriyasında davam etdi. Tələbələr qeyd etdilər ki, bəzi çatışmayan avadanlıqlar olsa da, buradakı şərait mütəxəssis hazırlığını axsatmadan tamamlamağa imkan verir. Kadr hazırlığında unikal baza hesab edilən universitet laboratoriyalarının təkmilləşdirilməsində dövlətin və nazirliyin köməyinə ehtiyac olduğu xüsusi vurğulandı.
Sonra nazir universitetin kollektivi ilə görüşdü. Görüşdə rektor Havar Məmmədov bildirdi ki, sözügedən ali təhsil ocağında 3800 bakalavr təhsil alır. Bu il Prezident təqaüdünə layiq görülənlərdən 9-u məhz Bakı Mühəndislik Universitetinin tələbəsidir. Ümumilikdə isə universitetdə 55 Prezident təqaüdçüsü təhsil alır.

“Bakı Mühəndislik Universiteti yüksək potensiala malikdir”

Təhsil naziri Mikayıl Cabbarov həm müəllim, həm də tələbə kontingentinin mövcud bazadan istifadə etmək, innovasiyaları tətbiq etməklə böyük tədqiqatlar, layihələr həyata keçirmək gücündə olduğunu qeyd etdi. O, mühəndis hazırlığı sahəsində Bakı Mühəndislik Universitetinin potensialını yüksək qiymətləndirdi: “Bəzi ali təhsil müəssisələrimizdə, məsələn, kompüter mühəndisliyi üzrə yüksəkixtisaslı mütəxəssisləri hazırlamaq üçün müvafiq baza yoxdur. Bu baxımdan həmin universitetlərə sözügedən ixtisas üzrə kadr hazırlığı ilə məşğul olmaq hüququ verməməliyik. Lakin tələbələrinin 70 faizi ingiliscə təhsil alan, müasir idarəetmə formasını özündə birləşdirən bir formatda fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti bu imkanlara malikdir”.
Mikayıl Cabbarov hər bir ali təhsil müəssisəsinin nailiyyətlərində mühitin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini vurğuladı: “Uğur qazanmaq üçün lazım olan həmin mühit burada mövcuddur. Digər amillər - idarəetmənin, insan kapitalının keyfiyyəti, motivasiyası, maddi-texniki baza və s. amillər imkan verir ki, Bakı Mühəndislik Universiteti qısa müddət içərisində universitetlər arasında öz layiqli yerini tutsun. Bunun üçün dövlət də zəruri sayılan dəstəyini əsirgəməyəcək. Çünki bu, ali təhsil sisteminin maraqlarına cavab verən siyasətdir”.

Müasir idarəetmə formatı

Təhsil naziri universitet qurularkən təhsil ocağının idarəetmə orqanının formalaşmasına da diqqətlə yanaşıldığını qeyd etdi. Onun sözlərinə görə, yeni yaradılan Bakı Mühəndislik Universiteti müasir idarəetmə formatına görə digər ali təhsil müəssisələrindən fərqlənəcək. Belə ki, universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasına təhsil nazirinin müavini Ceyhun Bayramov rəhbərlik edəcək. Nazir qeyd etdi ki, Təhsil Nazirliyi gələcəkdə Himayəçilər Şurasının tərkibində digər qurumların nümayəndələrini də görmək arzusundadır. Eyni zamanda, ali təhsil müəssisəsinin fəaliyyətinə köməklik göstərən özəl sektor təmsilçiləri də Himayəçilər Şurasında yer ala biləcək.
Daha sonra Bakı Mühəndislik Universitetinin müəllimləri çıxış edərək müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdilər. Görüşdə nazir xüsusi vurğuladı ki, səsləndirilən hər bir maraqlı təklif dəyərləndiriləcək.

 

yuxarı ⤴