1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Direktor olmaq istəyənlər üçün 700-ə yaxın vakansiya
08.04.2017 / No12

 

 

 


Namizədlərdən ehtiyat kadr bazası da formalaşdırılacaq

Yusif ƏLİYEV

Müəllifinin Napoleon olduğu söylənilən bir aforizmə görə, general olmağı arzulamayan əsgər yaxşı əsgər deyil. Əslində bütün fəaliyyət sahələrində çalışanlar üçün keçərli saymaq mümkün olan bu fikri təhsilə də şamil etsək, onda sıravi müəllimlərin direktor olmaq istəyini ancaq təqdir etmək olar. Təhsil Nazirliyinin son illər direktor vəzifəsinə qəbul üçün keçirdiyi müsabiqələrin statistikası isə belə müəllimlərin sayının ilbəil artdığını göstərir. Bu yaxınlarda nazirlik tərəfindən direktor olmaq istəyənlərin qarşısında “yaşıl işıq” yandıran daha bir addım atılıb: nazirin müvafiq əmri ilə ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə qəbul üzrə yeni qaydalar təsdiq olunub. Yeni qaydalara əsasən bu vəzifəyə iddialı olanlar 3 mərhələli müsabiqədən keçməlidirlər. Bəs qaydalarda direktor vəzifəsinə qəbulla bağlı hansı yeniliklər nəzərdə tutulub? Müsabiqə prosesi necə təşkil ediləcək, hansı müddətdə icra olunacaq? Kimlər müsabiqəyə qatıla bilər?
Müsabiqənin təşkili və gedişi ilə bağlı hər kəsi maraqlandıran bu kimi suallara aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi, Müsabiqə Komissiyasının üzvü Eşqi Bağırova müraciət etdik.

Məqsəd direktor vəzifəsinə səriştəli, peşəkar adamları seçməkdir

- Məlum olduğu kimi, 2013-cü ildə ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Strategiyada təhsilin inkişafı üçün 5 strateji istiqamət müəyyən olunmuşdur ki, onlardan da biri təhsil sahəsində nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimlənmə mexanizmlərinə əsaslanan yeni idarəetmə sisteminin yaradılmasıdır.
Həmin strateji istiqamətin icrası yönündə artıq bir sıra addımlar atılmış, 2014 və 2015-ci illərdə Təhsil Nazirliyi tərəfindən müxtəlif müsabiqələr keçirilmiş, Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil müəssisələrində direktor işləmək arzusunda olan müəllimlər üçün tam ödənişsiz təlimlər təşkil olunmuşdur. Həmin təlimləri uğurla başa vuran namizədlərin təyinatları olmuşdur.
Eyni zamanda həm 2014, həm də 2015-ci ildə regionlarda da direktorların işə qəbulu üzrə yeni qaydalar təsdiq edilmiş, daha da təkmilləşdirilmiş həmin qaydalara müvafiq olaraq müsabiqələr keçirilmiş, nəticədə yeni direktorlar təyin olunmuşdur. Sonuncu cari ilin mart ayında təsdiq olunmuş qaydalar isə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin əvvəlkilərdən daha təkmil və səmərəli keçirilməsi üçün şərait yaradır.

7 gündə 2 min nəfərdən çox iddiaçı ərizə verib

Müsabiqə 3 mərhələdən ibarətdir. İlkin mərhələ elektron ərizələrin qəbuludur. Aprelin 1-də bu mərhələyə artıq start verilib və indiyədək 2 min nəfərədək iddiaçı ərizəsini yerləşdirib. Ərizələrin qəbulu aprelin 15-də başa çatacaq. Lakin bu hələ müsabiqənin ilk mərhələsinin sonu deyil. Belə ki, elektron ərizələrin qəbulu başa çatdıqdan sonra onlarda olan məlumatlar Təhsil Nazirliyində yaradılmış işçi qrupu tərəfindən yoxlanılacaq, namizədlər haqqında yerli təhsili idarəetmə orqanlarının rəyləri öyrəniləcək. Təbii ki, bütün bunlar bir müddət vaxt aparacaq. Yalnız bunlardan sonra təsdiq edilmiş elektron ərizələri göndərən namizədlər müsabiqənin ikinci test imtahanı mərhələsinə dəvət olunacaqlar.

Test imtahanı və esse

Test imtahanı mərhələsində namizədlərə 40 sual təqdim ediləcək. Test imtahanından dərhal sonra bu mərhələnin tərkib hissəsi kimi namizədlərə konkret bir mövzu üzrə 200-250 sözdən ibarət esse yazmaq təklif olunacaq. Onlar esseni bundan əvvəlki qaydalarda öz əksini tapdığı kimi kağız üzərində deyil, kompüter vasitəsi ilə yazacaqlar ki, bu da son qaydalarda nəzərdə tutulmuş daha bir yenilikdir. Bu, eyni zamanda namizədlərin İKT bacarıqlarını yoxlamağa da imkan verəcək. Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilmiş esse mövzuları qabaqcadan elan olunacaq və onlar test imtahanı başa çatan kimi proqram təminatı tərəfindən seçilərək namizədə təqdim olunacaq.

Esseyə qoyulan əsas tələblər

Eşqi Bağırovun sözlərinə görə, direktor olmaq istəyənlərin yazacaqları esselərə bir sıra tələblər verilir. Bunlara essenin verilən mövzuya uyğunluğu, ədəbi dilin orfoqrafik qaydalarına riayət olunması, yazının strukturu və onun təsviri, üslub və s. Esse bu meyarlar əsas götürülməklə Təhsil İnstitutunun mütəxəssisləri tərəfindən 20 ballıq şkala ilə qiymətləndiriləcək və onun nəticəsi müsabiqədə nəzərə alınacaq.

Namizədlərin balları necə hesablanacaq

Həm test imtahanı, həm də ondan sonra yazılacaq esse üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparılacaq. Sonuncu müsahibə mərhələsi də qiymətləndirildikdən sonra bütün mərhələlər üzrə verilən qiymətlər toplanaraq ümumi bala uyğun namizədlərin seçdikləri vakant yerə yerləşdirilməsi aparılacaq. Təbii ki, bütün bunlar da proqram təminatı vasitəsilə baş tutacaq. Ümumiyyətlə, müsabiqənin mərhələlərinin hamısı tam elektronlaşdırılıb. Hətta əgər ötən il müsahibə mərhələsi kağız üzərində aparılırdısa, bu il o da tam elektron formatda həyata keçiriləcək. Yəni, komissiya üzvləri qiymətləri, əlavə qeydləri olacaqsa, onları proqram təminatına yerləşdirəcəklər.

700-ə yaxın vakant yer elan olunub

Eşqi Bağırovun dediklərindən məlum oldu ki, müsabiqəyə 700-ə yaxın vakant yer elan olunub ki, bu da ötən illərlə müqayisədə ən çoxdur. Müsahibimizin sözlərinə görə, yeni qaydalarda əsas yeniliklərdən biri də ehtiyat kadr bazasının formalaşdırılmasıdır. Bu o deməkdir ki, əgər ötən illərdə keçid balını toplayıb seçdikləri vakant yerə düşə bilmədikləri təqdirdə namizədlərin nəticəsi ləğv olunur və onlar növbəti dəfə müsabiqəyə cəlb olunurdularsa, yeni qaydalara görə belə olmayacaq. Belə ki, bu müsabiqədə keçid balını toplayıb rəqabət səbəbindən seçdikləri vakant yerlərə düşə bilməyən namizədlərdən ehtiyat kadr bazası yaradılacaq və onların nəticələri 2 il qüvvədə saxlanılacaq. Yəni, onların bu müddət ərzində yeni yaranan və yaxud mövcud vakant yerlərə təyinatı fərdi qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Hər bir namizəd 4 vakant yer seçə bilər

Yeni qaydalara əsasən, hər bir namizədə hazırda işlədiyi müəssisənin yerləşdiyi şəhər və rayonda, yaxud faktiki yaşadığı rayon (şəhər) üzrə 4 vakant yer seçmək imkanı verilir. Bəs, əgər həmin şəxsin yaşadığı və ya işlədiyi yerdə heç bir vakant yer yoxdursa, onda necə? Onun başqa bir imkanı olacaqmı?
E.Bağırov bu məsələyə də aydınlıq gətirdi. Onun sözlərinə görə, hazırda elə bir rayon, şəhər yoxdur ki, orada direktor vəzifəsi vakant olmasın. Lakin onların sayı rayonlar, şəhərlər üzrə müxtəlifdir. Ən çox vakant yerlər Ağdam, Cəlilabad, Goranboy rayonlarındadır. Şəhərə yaxın yerlərdə və şəhər məktəblərində isə onların sayı nisbətən azdır. Bu barədə statistika yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən elan olunacaq.

Müsabiqədə iştirak üçün yaş həddi 65-dir

Məktəb direktorluğuna namizədlər üçün bəlli bir yaş həddi də olmalıdır. Müsahibimizin sözlərinə görə, bu yaş həddi 65-dir və onun müəyyənləşdirilməsində əmək qanunvericiliyi əsas götürülüb. Qanunvericilikdə 65 yaş çalışmanın son yaş həddi olduğu üçün müsabiqə üçün də elə bu yaş həddi müəyyənləşdirilib.
Test suallarının məzmununa gəldikdə isə, onlar əsasən əmək və təhsil qanunvericiliyi, xüsusən də təhsil və əmək münasibətlərinin tənzimlənməsi üçün qəbul olunmuş normativ-hüquqi aktlar, onlardan irəli gələn məsələlər təşkil edir. Eyni zamanda müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü yoxlanılacaq. Nümunəvi test sualları və müsahibə materialları elektron ərizələrin qəbulu üçün yaradılan saytda yerləşdirilib və namizədlər həmin saytda onlarla tanış ola bilərlər.
Sonda onu da diqqətə çatdıraq ki, yeni qaydalara görə, müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli və azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Düzdür, hazırda dünyanın bir çox ölkələrində məktəb direktoru seçimlərində başqa ixtisas sahiblərinə, o cümlədən mühəndis, insan resursları üzrə mütəxəssislər və başqalarına da iştirak imkanı yaradılır. Bizdə isə pedaqoji staj əsas tələb kimi götürülür.
E.Bağırovun fikrincə, bu məsələlər, xüsusən pedaqoji staj, direktorun hansı ixtisasdan bu vəzifəyə gəlməsi gələcəkdə müzakirə oluna bilər. Onun sözlərinə görə, direktorluğa iddialı olan şəxs hüquqşünas da, mühəndis də, insan resursları üzrə mütəxəssis də ola bilər. Lakin onların pedaqogika üzrə bilikləri də olmalıdır. Xüsusən də istənilən halda idarəetmə sahəsi üzrə stajı hökmən olmalıdır.


 

yuxarı ⤴