1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Müəllimlər elektron lövhələrdən necə istifadə edirlər?
08.04.2017 / No12

 

 

 


Paytaxt məktəblərində apardığımız müşahidələr fərqli mənzərələr üzə çıxardı

Niyazi RƏHİMOV

Son illər dövlətimizin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində orta ümumtəhsil məktəblərinin maddi-texniki bazası gücləndirilmiş, tədrisin keyfiyyətinin artırılması məqsədilə təhsil ocaqları müasir avadanlıqlarla təchiz olunmuşdur. Belə avadanlıqlardan biri də interaktiv elektron lövhələrdir. Nəzərə çatdıraq ki, tədris prosesində elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyini artırır. Bundan başqa, elektron lövhə müəllimə bir çox vasitələrdən geniş istifadə imkanı yaradır ki, bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Bu lövhələrlə keçirilən dərslərdə şagirdlər daha maraqla iştirak edir. Bəs, görəsən məktəblərimizdə vəziyyət necədir? Müəllimlər elektron lövhələrdən səmərəli istifadə edirlərmi? Suallarımıza cavab tapmaq məqsədilə paytaxtın bir sıra orta ümumitəhsil müəssisəsində olduq.

İki sinifdə vəziyyət ürəkaçan deyildi

Öncə Bakının Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbdə olduq. Nəzərə çatdıraq ki, adıçəkilən məktəb “Elektron məktəb” pilot layihəsinə qoşulub və burada kifayət qədər elektron lövhə mövcuddur. Məktəb direktorunun tədris işləri üzrə müavini Könül Ağaliyeva bizimlə söhbətində bildirdi ki, hazırda tədris ocağında 23 ədəd elektron lövhə var və həmin lövhələr işlək vəziyyətdə müəllimlərin ixtiyarındadır. Sonra sinif otaqlarında dərsləri müşahidə etdik. Biologiya müəllimi Dilşad Nağıyevanın sinifdə elektron lövhədən məharətlə istifadə etdiyinin şahidi olduq. Lakin digər iki sinifdə isə vəziyyət elə də ürəkaçan deyildi. Müşahidələrimizdən məlum oldu ki, həmin siniflərdə dərs deyən müəllimlər İKT ilə bağlı təlimlərdən keçməsinə baxmayaraq elektron lövhələrdən demək olar ki, istifadə edə bilmirlər. Direktor müavini özü də etiraf etdi ki, ibtidai siniflərdə bu lövhələrdən intensiv və səmərəli istifadə olunsa da, yuxarı siniflərdə dərs deyən müəllimlərin bir çoxu hələ də lövhələrdən yararlana bilmir.

Müəllimlər elektron lövhələrdən peşəkarlıqla istifadə edirdilər

Sonra paytaxtın Suraxanı rayonunda yerləşən 87 nömrəli tam orta məktəbə getdik. Məktəbin direktoru Elmira Ələkbərova ilə birgə elektron lövhə olan siniflərdə olduq. Müəllimlərdən Samirə Əzimova, Aytən Qarayeva, İradə Mahmudova və Evelina Bukreyevanın dərslərini izlədik. Mərkəzdən kənarda olmasına baxmayaraq bu məktəbdə çalışan müəllimlər elektron lövhələrdən çox peşəkarlıqla istifadə edirlər. Siniflərdə xüsusi bir ab-hava mövcud idi. Bundan başqa, həmin siniflərdə müəllimlərlə yanaşı, şagirdlərin əksəriyyəti də elektron lövhələrdən istifadə edirdilər. Biologiya müəllimi Evelina Bukreyevanın elektron lövhə vasitəsilə apardığı təcrübə işi daha maraqlı və effektiv idi.

Pedaqoji heyətin əksər hissəsi lövhələrdən yararlana bilmir

Təəssüflər olsun ki, Suraxanı rayonunda yerləşən 84 nömrəli məktəbdə vəziyyət fərqli idi. Bu məktəbdə çalışan cəmi iki müəllim- ibtidai sinif müəllimləri Əsiyə Qafarova və Şəfəq İbişova elektron lövhələrdən səmərəli istifadə edə bilirdilər. Hətta həmin müəllimlər “EDU Media” tərəfindən keçirilən kurslarda fəal iştirak etdiklərinə görə məktəbə prometan lövhə, proyektor və noutbuk da qazandırıblar. Lakin buna baxmayaraq pedaqoji heyətin əksər hissəsi lövhələrdən yararlana bilmir. Bu faktı məktəbin direktoru Nəsimi Quliyev də təsdiqlədi. Direktor bizimlə söhbətində vurğuladı ki, müəllimlər hələ də tam olaraq İKT biliklərinə yiyələnməyiblər.

Lövhələrlə bağlı müəllimlər az məlumatlı idilər

Sonda üzümüzü paytaxtın Yasamal rayonunda yerləşən 158 nömrəli tam orta məktəbinə tutduq. İkinci növbə olduğu üçün yalnız ibtidai siniflərdə müşahidələr apara bildik. Elektron lövhələr olan iki sinifdə olduq. Müşahidələrimizdən məlum oldu ki, hər iki müəllimin bu lövhələrlə bağlı məlumatı zəifdir. Həmin siniflərdə olarkən uşaqlarla söhbətimizdən də bu nəticəyə gəldik ki, lövhələrdən yalnız informatika dərslərində istifadə olunur. Direktor Mehriban Ələkbərova bizimlə söhbətində bildirdi ki, məktəbin bütün müəllimləri olmasa da, pedaqoji işçilərdən prometan lövhədən məharətlə istifadə edənlər az deyil.
Paytaxt məktəblərindən bir neçəsində apardığımız araşdırmalardan məlum oldu ki, elektron lövhələrdən bir çox müəllim hələ də tam istifadə edə bilmir. Müəllimlərimizin əksəriyyəti İKT ilə bağlı təlimlərdən keçməsinə baxmayaraq bu kimi məsələlərdə aktiv deyillər. Lakin müasir təlim avadanlıqlarından məharətlə istifadə edən, yüksəkixtisaslı, səriştəli, öz üzərində daim çalışan müəllimlərimiz də az deyil.

 

yuxarı ⤴