1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Uşaqları ürəkdən sevmək lazımdır...
08.04.2017 / No12

 

 


Müəllim peşəsində ən qorxunc hal uşaqlara laqeydlikdir

Şalva AMONAŞVİLİ,
Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı

Müəllim peşəsi müasir dünyada ən mühüm peşələrdən biridir. Müasir müəllim təkcə uşaqları öyrətmir, özü də şagirdlərindən öyrənmək iqtidarındadır. Axı müəllim elm və kiçik şəxsiyyət arasında olan bir insandır. O, erudisiyalı və təhsilli, öz fənnini biləndir: Yalnız böyük bilik ehtiyatı insana başqalarını öyrətmək hüququ verir. Müəllim uşağa hörmətlə yanaşmalıdır. Bu gün uşaq müəllimləri təkcə şagird kimi maraqlandıra bilməz. Onların hər birinin öz keyfiyyətləri, tələbatları, istək və hədəfləri var, buna görə də müəllim şagirdə bir insanın insana olan münasibəti kimi yanaşmalıdır.
Müəllim uşağa onun yalnız gələcəkdə necə görmək istədiyi kimi baxmamalıdır, onu bu günün uşağı kimi anlamalıdır - o, bu gün necədir, dərsdə hansı çətinliklər yaşayır, hansı qayğıları var? Müəllim müasir, ziyalı bir insan olmalıdır. Uşaqları elə maraqlandırmağı bacarmalıdır ki, onlar dərsə həvəslə gəlsinlər, məşğələlər bir göz qırpımında keçsin və dərsdən sonra şagirdlər növbəti görüşləri gözləsinlər. Xoşbəxt müəllimin şagirdləri məktəbdə xoşbəxtlik yaşayır: onlar fəaliyyət göstərir, yaradırlar, hiss edirlər ki, onları sevirlər və onlara xeyirxahlıq arzulayırlar. Hələ Sokrat iki min il bundan əvvəl demişdir: Hər bir insanda günəş var, ona yalnız işıqlanmağa imkan verin. Bizlərdən hər birimiz özümüzün sevgi və isti payını başqalarına hədiyyə edə bilərik.
Müasir müəllim gülümsəməyi bacaran və bütün ətrafındakıları maraqlandıra bilmək bacarığı olan insandır, axı məktəb o vaxt yaşayır ki, orada müəllim uşaq üçün maraqlıdır. Niyə mən müəlliməm? Mən sadəcə öz işimi sevirəm. Öz işimdə mən həmişə bu prinsipə əməl edirəm: Şagirdə zərər vermə, ona bilik vermək üçün səndən asılı olan bütün hər şeyi et ki, o, uşaqlıqdan özünü şəxsiyyət kimi hiss etsin, onun ləyaqətini sındırma. Uşaqlarda pedaqoqa qarşı xüsusi duyğu var və onlar yalnız o müəllimin dərslərində həvəslə oxuyurlar ki, o özü də həvəslidir, öz peşəsini sevir, onları başa düşür, hansı yaşda olmasından asılı olmayaraq bütün varlığı ilə gəncdir. Müəllimin peşəsi tamamilə adi deyil. Müəllimlik - bu, sadəcə peşə deyil. Bu ruhun vəziyyətidir. Bu, həyat tərzidir.
Müəllim özüylə onu əhatə edən dünya arasında harmoniyada olan şəxsiyyətdir. Bu ünsiyyət istedadıyla əlaqəli olan yüksək peşəkarlıqdır. Müəllim peşəsi hərtərəfli bilik, sonsuz mənəvi xeyirxahlıq, uşaqlara müdrik sevgi tələb edir. Bizim işimizin sirlərini dərk etməyənlərə o, adi görünür: dəftərlər, jurnallar, dərslər. Amma müəllim peşəsi öz mahiyyətinə görə sevinc bəxş edir, çünki ən təmiz, səmimi və ədəbli insanlar - bizim uşaqlar ətrafımızdadır. Və çox məsuliyyətlidir, çünki bizə həyatda ən dəyərli insanları - uşaqları etibar ediblər. Mən uşaqları sadəcə ona görə sevirəm ki, onlar uşaqlardır. Yalnız bazar ertəsi - cümə günləri və yalnız məktəbdə dərs səviyyəsində pedaqoq olmaq olmaz. Öz şagirdlərini sevmək, hər bir uşağa qarşı diqqətli olmaq, onu çətin dəqiqələrdə dəstəkləmək bacarığı - bütün bunlar yalnız ürəyin çağırışı ilə, ürəyin tələbi ilə mümkündür. Onu sevin ki, tədris edirsiniz və onları sevin ki, dərs deyirsiniz (V.O.Klyüçevski).
Uşaqları sevmək... Bu, mənim pedaqoji kredomdur. Sevmək - deməli, anlamaq ki, onlar proqramlaşdırılmış varlıqlar deyillər, öz xarakterləri, temperamentləri, vərdişləri ilə şəxsiyyətdirlər. Anlamaq ki, dünyada qabiliyyətsiz uşaqlar yoxdur. Anlamaq lazımdır ki, təkcə mən, pedaqoq uşağı öyrətmirəm, həm də o, mənim şagirdim, öz kiçik həyat təcrübəsinə baxmayaraq, mənə həyatı dərk etməyə kömək edir. Belə çıxır ki, biz eyni vaxtda öyrənirik. Müəllim olmaq öz şagirdlərinin dayağı olmaq deməkdir. İstənilən vəziyyətdə pozitivi tapmaq, bu nikbin yükü öz şagirdlərinə ötürməkdir. Onları biliklərə maraqlandırmaq, ruhlandırmaq, qanadlandırmaq, onlara ilham vermək, çətinliklərə qarşı durmağı və qalib gəlməyi öyrətməkdir. Lakin hələ bu kifayət etmir. Öz pedaqoji səylərinin nəticələrini gözlərkən səbir nümayiş etdirmək, ən mürəkkəb situasiyalarda belə nikbin qalmaq və müəllimlik yolunda insani keyfiyyətləri itirməmək lazımdır. Müasir uşaq çağdaş informasiya dünyasında yaşayır, buna görə də müəllim üçün bu gün öz fənnini və tədrisin metodikasını bilmək kifayət deyildir.
İnnovasiya texnologiyalarına malik olmaq, təhsil prosesində rəqəmsal və elektron resurslardan effektiv istifadə etmək lazımdır. Şagirdlərimizin informasiya resursları dünyasına özünəməxsus bələdçi olmaq mənim üçün çox əhəmiyyətlidir. Elə bir dünyaya ki, orada tədqiqatçı, menecer, reklam agenti olmaq mümkündür. Bu gün böyük rus yazıçısı və humanist Lev Nikolayeviç Tolstoyun aşağıdakı sözləri necə də müasir səslənir: Müəllim heç də o insan deyil ki, pedaqoji təhsil alır, məhz o insandır ki, onda yalnız müəllim olmalıdır və başqa birisi ola bilməmək kimi daxili əminlik var.
Müəllimin istedadı başqasına bilik vermək və çətin məsələləri yüngül etmək bacarığından ibarətdir. Müəllim kimi doğulmaq lazımdır. Başqalarını tərbiyə etmək üçün o, özü tərbiyə edilmiş olmalıdır. Müəllim yalnız o halda yaxşıdır ki, onun sözləri işlərindən ayrılmır. Müəllim olmaq ən sadə iş deyil. Müxtəlif düşüncəli uşaqlardan vahid və möhkəm kollektiv yaratmaq bacarığına malik olmaq, bu, bir məharətdir. Hər bir şagirddə şəxsiyyəti görmək, bu, peşəkarlıqdır. Onlarla xeyirxah və yaddaqalan məktəb həyatı yaşaya bilmək isə istedaddır. Əsl müəllimlər bu keyfiyyətlərə malik olmalıdır.
Mən istəyirəm ki, bizim indiki həyat şəraitimizdə müəllim öz xüsusi qiymətini və həvəsini itirməsin. Hər kəs dahi rəssam, böyük musiqiçi və ya aktyor ola bilmir. Əsl müəllim də hər kəs ola bilmir. Bütün dövrlərdə müəllimlik ən lazımlı və ən mürəkkəb peşələrdən biri olub. Bu peşəni seçən insan özünün bütün həyatını uşaqlara bağlayır. O yalnız oxumağı öyrətmir, yalnız öz biliklərini vermir, həm də uşağa bu mürəkkəb dünyada öz yerini tapmaqda kömək edir, onun baxışlarına təsir edir, xarakterini və şəxsiyyətini formalaşdırır. Əlbəttə ki, peşəyə həvəs olmadan effektiv pedaqoji fəaliyyət qeyri-mümkündür. Müəllimlik - ürəyin peşəsidir. O, insana uşaqlığın və uşağın dünyasında olmağa, onlarla eyni dildə danışmağa, onları anlamağa imkan verir. Mənim fikrimcə, müəllim peşəsində ən qorxunc hal uşaqlara laqeydlikdir.
Uşaqlar hər bir uydurmanı müəyyən edə bilir, diqqətsizliyə kəskin reaksiya verirlər, buna görə də müəllim istənilən situasiyada öz şagirdləri ilə münasibətdə dürüst olmalıdır. Pedaqoq öz fənnini mükəmməl bilməlidir, hər dərsini maraqlı, səmərəli, ən əsası isə şagirdlər üçün yaddaqalan edə bilməlidir. Müəllim hər bir şagirdi eyni cür sevməlidir. Sadə bir səbəbə görə ki, onlar, şagirdlər - uşaqlardır. Əgər müəllim uşağın iç dünyasına, onun həyəcanlarına laqeyddirsə, onun yeri, hətta öz fənnini gözəl bilsə belə, məktəb deyil.
Beləliklə, əsl müəllim olmaq nə deməkdir? Gündəlik hər bir əməkdə sevinc və məmnunluq tapmaqdır. Uşağın müvəffəqiyyətlərinə və uğursuzluqlarına dərindən şərik olmaqdır. Müəllim uşaqları sevməli və onlarla ünsiyyətdən zövq almalıdır. Problemlərin həlli, hədəflərə nail olmaq yollarının axtarışında mütəxəssis olmalıdır. Hər bir uşağa oxumaqda və inkişaf etməkdə kömək etməlidir. Yeni iş metod və formaları axtarmalı və tapmalıdır. Mən öz işimdə bu prinsipləri rəhbər tuturam. Onların arasında əsas və ya ikinci dərəcəli, çox və ya az əhəmiyyətlisi yoxdur. Bəlkə, onlar çox sadədir? İşlədiyim illər ərzində mən bir şeyi tam mənimsəmişəm ki, müəllimin bacarığı xoşbəxt tapıntı, təsadüfi uğur deyil, məhz sistemli, ağır zəhmətdir, həyəcanlı fikirlər, uğursuzluqlar və kəşflərlə zəngin axtarışlardır.

yuxarı ⤴