1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
İnklüziv təhsil
08.04.2017 / No12

 

 

 


Bu, müasir cəmiyyətin təhsil sistemindən gözləntisidir

Anar XƏLƏFOV,
Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri

Tarixin müxtəlif dövrlərində dövlətlərin qüdrətini nümayiş etdirən özünəməxsus göstəricilər mövcud olmuşdur. Əgər orta əsrlərdə bu, dövlətin hərbi gücü sayılırdısa, XIX-XX əsrlərdə iqtisadi inkişaf səviyyəsi mühüm olan göstərici kimi çıxış edirdi. Hazırda müasir cəmiyyətdə hansı göstəricilər dövlətin qüdrətini əks etdirir? Əgər biz Birləşmiş Millətlər Təşkilatının və Avropa Birliyinə üzv dövlətlərin öhdəliklərinə nəzər yetirsək, tam əminliklə deyə bilərik ki, müasir cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi zəif və həssas sosial təbəqənin rifahının yüksəldilməsi üçün onların daha çox xidmətlərlə əhatə olunması ilə ölçülür.

Əlilliyi olan şəxslərə dövlətin xüsusi qayğısı

Bu gün Azərbaycan Respublikası dünyəvi bir dövlət kimi Avropa Birliyinə üzv olmaq istəyindədir. Bunun üçün Azərbaycan dövləti təkcə iqtisadi inkişafa yox, bütövlükdə cəmiyyətin və onun zəif təbəqəsinin rifahının yüksəldilməsi istiqamətində də ciddi tədbirlər həyata keçirir. Bu məqsədlə də Azərbaycan Respublikası BMT-nin Uşaq hüquqları və Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyalara qoşulmuşdur. Həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsinə yönəlmiş normativ-hüquqi aktların icrasına dair Dövlət proqramları və inkişaf strategiyaları hazırlanır və yerinə yetirilir.

Sosiallaşmanı təmin edən təhsil

Müasir cəmiyyətdə əlilliyi olan şəxslər fiziki, yaxud psixi məhdudiyyətləri səbəbindən cəmiyyətin zəif təbəqəsi sayılır. Beynəlxalq ictimaiyyət əlilliyi olan şəxslərin (uşaqların) cəmiyyətin fəal üzvü olması üçün onların hamı ilə birgə təhsil almasının vacibliyini vurğulayır. Məhdudiyyətlərindən asılı olmayaraq bir çox əlilliyi olan şəxslər cəmiyyət həyatına uyğunlaşmaqla, digərləri ilə qarşılıqlı münasibət qurmaqla inkişaf edə, öz imkanlarını, qabiliyyətlərini üzə çıxara bilərlər. Lakin cəmiyyətdən təcrid olunmuş şəraitdə təhsil alan şəxslər, akademik biliklərə yiyələnsə belə, cəmiyyətin fəal üzvü olmasında uğursuzluğa düçar olma ehtimalı böyükdür. Çünki cəmiyyətdən təcrid olunduğu təqdirdə onun sosial bilik və bacarıqları formalaşmır. Sosial kompetensiya spontan olaraq başqaları ilə ünsiyyətdə formalaşır. Sosial kompetensiyası zəif olan insan cəmiyyət içində yaşamaqda çətinlik çəkir, bu da onda ikincili pozuntulara, ünsiyyətdən və münasibətlərdən yayınmaya gətirib çıxarır. Beləliklə, cəmiyyətə töhfə verəcək insan əvəzinə bir çox halda antisosial davranış nümayiş etdirən və cəmiyyətə iqtisadi, sosial baxımdan başqalarından asılı olan üzv formalaşır.

Hamı ilə birgə, lakin fərdiləşdirilmiş təhsil

Əlilliyi olan şəxslərin ümumtəhsil müəssisələrinə cəlb olunması, onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığı artıq beynəlxalq aləmdə qəbul olmuş bir həqiqətdir. İnklüziv təhsil vasitəsi ilə əlilliyi olan şəxs və onun xüsusi təhsil ehtiyaclarının qarşılanmasına yönəlmiş xüsusi pedaqogika, yardımçı texnologiya, didaktik materiallar, xüsusi müyəssər mühit ümumtəhsil müəssisəsinə keçirilir. İnklüziv təhsil hamı ilə birgə təhsil almaqdır, lakin bu, ümumtəhsil proqramına qoşulmaq demək deyil. İnklüziv təhsil vasitəsi ilə hər bir şəxsin öyrənmə imkanları nəzərə alınır və təhsil həmin şəxsin təhsil ehtiyaclarının qarşılanması üçün fərdiləşdirilir.

İlk təşəbbüslər

2004-cü ildən başlayaraq Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı bir sıra təşəbbüslər olmuşdur. Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində inklüziv təhsilin həyata keçirilməsi üçün UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına başlanılmışdır. Layihələrin icrası olaraq 15 ümumtəhsil məktəb, 13 məktəbəqədər təhsil müəssisəsindən 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunmuşdur.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə UNİCEF-in birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsil ilə bağlı görülmüş işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edildi. Nəticə etibarı ilə əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçdi. Bu mərhələdə xüsusi təhsil sahəsində köklü islahatların aparılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunma qaydalarının yenilənməsi, onların ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb edilməsi və inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi nəzərdə tutulmuşdur.

İbtidai təhsil səviyyəsində inklüziv təhsil modeli

Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə Azərbaycanda ibtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması işlərinə başlanıldı. İbtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması üçün fəaliyyət planı və yol xəritəsi hazırlandı.
Bakı şəhəri üzrə 2015-2016-cı tədris ilində iki eksperimental məktəb (220 və 138 nömrəli), 2016-2017-ci tədris ilindən isə iki məktəb (252 və 202 nömrəli) seçildi.

Bu modellə işləyənlər üçün təlim kursları

İlk seçilmiş iki məktəbin ibtidai sinif üzrə müəllimlərinə və rəhbər işçilərinə 2015-ci ilin avqust və sentyabr aylarında Almaniyanın Oldenburq Universitetinin professor heyəti tərəfindən iki həftəlik təlim keçirilmişdir. Onlar bir həftə Almaniyada təcrübə səfərində olmuşlar. 2016-cı ildən pilot məktəblərin pedaqoji heyətinin xüsusi təhsil sahəsində bilik və bacarıqlarının artırılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən davam etdirilmişdir.
Əlilliyi olan uşaqların fərdi təhsil planlarının hazırlanması üçün beynəlxalq səviyyədə tətbiq olunan yeni qiymətləndirmə alətləri (metodikaları) alındı və tətbiqinə başlanıldı.
Pilot seçilmiş müəssisələrdə loqopedik xidmət yaradıldı. Bununla yanaşı, məktəblərin infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təmir işləri aparıldı.

Xüsusi təhsil üzrə müəllim kadrlarının hazırlığı

Məsələyə kompleks (sistemli) yanaşma məqsədilə xüsusi təhsil üzrə müəllim hazırlığının təkmilləşdirilməsi ilə bağlı islahatlara başlanılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində korreksiyaedici təlim üzrə yeni kafedra yaradılıb. Xüsusi təhsil üzrə müəllim hazırlığı sahəsində aparılan islahatlar çərçivəsində kurikulumların yenilənməsi, yeni sillabusların hazırlanması, xüsusi təhsil üzrə ədəbiyyatın tərcümə edilib, elektron formada müəllimlərin və tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulub.

İnklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı

Əlilliyi olan uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının qəbul edilməsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Tədbirlər Planında da öz əksini tapmışdır.
Bu məqsədlə 2016-2023-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı hazırlanmış və təsdiq olunması üçün Azərbaycan hökumətinə təqdim edilmişdir. Proqramın məqsədi bütün təhsil pillələri üzrə əlilliyi olan şəxslərin təhsilə cəlb olunmasını və bunun üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdən ibarətdir.
Ümumilikdə, nəzərdə tutulan tədbirlər sağlamlıq imkanları məhdud olan şəxslərin keyfiyyətli təhsillə əhatə olunmasına və cəmiyyətə inteqrasiyasına xidmət edəcəkdir.

yuxarı ⤴