1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Telecom Paristech Universitetində təhsil alan ilk azərbaycanlı idim
08.04.2017 / No12

 

 

 


Şəhriyar MƏMMƏDOV,
Fransanın Telecom Paristech Universitetinin magistri

1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə paytaxtdakı 153 nömrəli tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyası, 2011-2013-cü illərdə isə Qafqaz Universitetində təhsil alıb. 2015-ci ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransanın Telecom Paristech Universitetində təhsil alıb. Hər 3 universitetdə əla qiymətlərlə (GPA 4/4 ilə) oxuyub. İş təcrübəsi əsasən telekommunikasiya şirkətində olub. Bakcell, “ZTE”, “Huawei” və “SAP” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Əlavə olaraq “Velorent”, “CycleBaku” kimi startupların təsisçilərindən biri olub və Qafqaz Universitetində yeni nəsil şəbəkələr və telekommunikasiyaların əsasları fənnini tədris edib.

Bugünkü uğurlarıma görə valideynlərimə borcluyam

Orta məktəbi tərifnamə ilə bitirmişəm. Dəfələrlə ilin şagirdi seçilmişəm. Mənim bir şəxsiyyət kimi inkişafımda ibtidai sinif müəllimim Hirzad xanımın böyük rolu olub. Məktəb illərində təhsil ocağının keçirdiyi kütləvi tədbirlərdə, 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr olunmuş anım mərasimlərində yaxından fəal iştirak etmişəm. Ümumiyyətlə, bütün fənlərə maraq göstərirdim, buna görə də ixtisas seçimində tez-tez qrupları dəyişirdim, gah IV qrup üzrə həkim olmağa (10-cu sinfə qədər), sonra II (10-cu sinifdə), sonda isə I qrupa sənəd verməyə qərar verdim. Bu qərarım XI sinifdə oxuyarkən dəyişmədi. Əsas motivasiya mənbəyi olaraq məndən 3 yaş böyük olan qardaşımın Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS Proqramına daxil olmasını qeyd edə bilərəm. Və zamanla ən doğru qərar verdiyimə əmin oldum. Uşaq olarkən, kifayət qədər oyuncaqlarım olmadığından evdə olan digər əşyalardan nəsə düzəltmək, müxtəlif oyunlar barədə düşünürdüm. Hesab edirəm ki, bütün bunların mənim yaradıcı və fərqli düşünməyimdə böyük rolu olub.
Mənim 27 yaşım var və bu günə qədər verdiyim bütün qərarlarda valideynlərimdən yalnız dəstək gördüm və düşünürəm ki, bugünkü uğurlarıma görə onlara borcluyam. Xaricdə təhsillə baglı sərgidə işirak etdim və oradakı mühit mənim üçün təhsilimi xaricdə davam etdirməkdə əsas oldu. Üzərimə düşənləri yerinə yetirdim və sənədlərimi internet vasitəsilə Təhsil Nazirliyinə göndərdim. İnformasiya təhlükəsizliyi sahəsində kifayət qədər biliyə sahib olmadığımdan müsahibə mərhələsində zəif iştirak etdim və birinci il Dövlət Proqramından təqaüd qazana bilmədim. Bu, məni həvəsdən salmadı, əksinə, gedəcəyim ölkənin dilini və mədəniyyətini daha da yaxşı öyrənməyə, ixtisasım üzrə müxtəlif treninqlərdə iştirak etməyə, bilik və bacarıqlarımı artırmağa vaxt qazandırmış oldu. Bu isə növbəti ildə Dövlət Proqramına müraciət edərək uğur əldə etməyimə səbəb oldu.
Proqrama qəbul olunmağım barədə xəbəri böyük sevinclə qarşıladım. O vaxt “Huawei” şirkətində çalışırdım. Müştəri ilə şirkətdə iclasların birində iştirak edirdim. Fasilədən istifadə edərək email-mi yoxladım və çətinliklə də olsa iclası davam etdirmək məcburiyyətində qaldım. Lakin bu xəbəri anama sms vasitəsilə göndərməyi də unutmadım.

“Ölkənizə gedib orada ev tikib yaşayacağam”

Oxuduğum universitetdə 40-dan artıq ölkədən olan tələbələr təhsil alır, bu da mənə qısa zaman ərzində müxtəlif mədəniyyətlər, ölkələr haqqında ətraflı məlumat toplamağa və yeni dostlar qazanmağıma imkan verdi. Universitet 1992- ci ildən fəaliyyət göstərir və 25 il ərzində orada təhsil alan ilk azərbaycanlıyam və bu mənim üçün böyük uğur idi əslində. Sadəcə, bir faktı deyə bilərəm ki, administrasiya şöbəsində çalışan xanımlardan biri “əgər Azərbaycanda hamı sənin kimidirsə, ölkənizə gedib orada ev tikib yaşayacağam” söylədi. Bunu eşitmək çox xoş idi. Çünki bunu öz kiçik uğurlarımdan biri kimi qiymətləndirirdim. Digər misal. Bakıdan daim paxlava və s. şirniyyatlar aparıb müəllim və tələbə yoldaşlarımla bölüşürdüm. Şirniyyatlarımızı hətta o qədər sevmişdilər ki, Bakıdan alıb yenidən göndərməyimi xahiş etdilər, təbii ki, bu dəfə hədiyyə kimi yox, tələbə olduğumun fərqində idilər...

SABAH qruplarının fəaliyyətini yaxından izləyirəm

Azərbaycan təhsil sistemində aparılan islahatları yüksək qiymətləndirirəm. Universitetlərimizdə baş verən dəyişiklikləri, xüsusən də SABAH qruplarının fəaliyyətini yaxından izləyirəm. Ali məktəblərimizdə müşahidə etdiyim keyfiyyət və struktur dəyişiklikləri təhsil sistemimizin sürətlə inkişafindan xəbər verir. Oxuduğum universitetdə digər ölkələrdən də analoji dövlət proqramları ilə təhsil alan tələbələr var. Müqayisə üçün deyə bilərəm ki, bizim təqaüd proqramı hər cəhətdən - ödənişlərlə, sənədlərlə bağlı və s. onlarınkından üstündür. Qeyd etməliyəm ki, heç bir gecikmə, çətinliklə qarşılaşmadım, istənilən sualıma operativ şəkildə cavab verən Təhsil Nazirliyinin müvafiq şöbəsinin kollektivinə tam səmimi olaraq dərin təşəkkürümü bildirirəm, məhz buna görə tam fikrimi dərslərə yönəldib təhsilimdə yüksək göstəricilər əldə etdim.

Yatmağa cəmi 4 saat vaxtım qalırdı

Fransada tələbə həyatım ilk günlərdə çox stresli keçdi, boş vaxt demək olar ki, olmurdu. Yatmağa 4 saat vaxtım qalırdı. Valideynlərim ilk dəfə səsimi may ayında eşitdi. Ona qədər isə sadəcə “whatsapp”-la “hər şey yaxşıdır, narahat olmayın” yazırdım. Boş vaxtlarım olanda əsasən universitetin təskil etdiyi tədbirlərə qatılırdım. Bir velosipedim var idi. Bununla belə, Fransada tələbə həyatımın olduqca rəngarəng olduğunu deyə bilərəm. Universitetlərin şirkətlərlə birgə layihələr həyata keçirməsi və tələbələri müxtəlif ölkələrdə təcrübə mübadiləsinə göndərməsi təqdirəlayiq bir haldır. Tələbələr bir-biri ilə təhsildəki uğurlarına görə bəhsə girirlər. Universitetlər əyləncə üçün də müəyyən büdcə ayırırlar və tətillərdə digər ölkələri gəzmək xərcləri belə, ödənilir.
İxtisasım mənim üçün tamamilə yeni bir sahədir və 2014-cü ildə mən bu qərarı verərkən bəlkə də informasiya təhlükəsizliyi bugünkü qədər aktual və perspektivli görünmürdü. Hazırda isə ən yuksək 3 IT ixtisasdan biridir: Big Data, IOT və Info Security.

Tələbə ilə qrup rəhbəri kimi davranırlar

Universitetdəki tədris mühiti xeyli maraqlı məqamları ilə seçilir. Ali məktəbdə sanki iş həyatındakı bir mühit hökm sürür. Tələbə ilə qrup rəhbəri kimi davranırlar. Müəllimlər öz sahələrində kifayət qədər dərin təcrübəyə malikdir və daim yeni texnologiyalarla dərsləri və tapşırıqları yeniləyirlər. Universitetdə mühazirələr əsasən həftədə 1 fəndən 3 saat (1.5 saat +15 dəqiqiə fasilə +1,5 saat), 14 həftə ərzində və fəndən asılı olaraq laboratoriyalar və ev tapşırıqları olur. Çox zaman dərs saatı prezentasiya üçün kifayət etmir, əlavə olaraq internetdən araşdırmaq və kitablar oxumaq lazım gəlir. İmtahanlara nəzarət PhD tələbələri tərəfindən həyata keçirilir və tapşırıqlar əsasən düşünmə tələb edir, yeni slaydlarda yazılandan daha çox oxuduqdan sonra çıxan nəticələrə əsaslanan suallardır. İmtahanlar çox fərqlidir, dərslər bitir, 1 həftə fasilə və hər gün imtahan olmaqla 1-2 həftə ərzində tamamlanır. İmtahan dövrü çox stresli keçir, bəzən 3 gün ərzində 6 imtahan vermək tələb olunur.
Bütün çətinliklərinə baxmayaraq xaricdə təhsilin mühüm üstünlüklərindən danışmaq lazımdır. Xaricdə təhsil insana özünə fərqli bucaqdan baxmağa şərait yaradır deyərdim, bu isə boşluqları, zəif tərəfləri görüb onları düzəltməyə imkan verir. Avropa İttifaqi tədqiqatlara kifayət qədər investisiyalar ayırdığından orada sənayedə çalışanların və PhD tələbələrinin maddi durumunda böyük fərqlər yoxdur, istərdim Azərbaycanda da şirkətlər və təhsil müəssisələri oxşar təcrübədən istifadə etsin.
Xaricdə təhsil əslində gözlədiyimdən artıq nəticəni verdi. Düşüncə tərzim belə dəyisdi, həyatımda verdiyim ən doğru qərarlardan biri oldu. Artıq “Google”, “Apple”, “Microsoft” kimi şirkətlərin əlçatmaz olduğunu düşünürəm.
Fransanın Nitse şəhərində yaşayıram. Burada mənim üzərimə ölkəmiz haqqında ünsiyyətdə olduğum insanlara maksimum məlumat vermək, facebook, linkedin və s. sosial şəbəkələrdə məlumatlar paylaşmaq vəzifəsi düşürdü. Hər il keçirilən “Internation Meal” tədbirində ölkəmizi layiqincə təmsil etdim. Tədbirdə iştirak edənlərə Azərbaycan və milli yeməyimiz haqqında məlumat verməklə ölkəmizi tanıtmağa çalışdım.
Sonda planlarım barədə danışmaq istərdim. Planlarım çoxdur. Onları reallaşdırmağa ümid edirəm. Əsas məqsədim texnologiyalardan istifadə etməklə sərhədsiz dünya qurmaqdır. Bildiklərimi və öyrəndiklərimi hazırda tələbələrlə paylaşıram. Öz sahəmdə malik olduğum bilik və iş təcrübəm, düşünürəm ki, IT idarəetmə sahəsində çalışmağım üçün yetərlidir.

yuxarı ⤴