1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





10 aprel İnşaatçılar günüdür
08.04.2017 / No12

 

 


AzMİU-nun 97 yaşlı İnşaat fakültəsi

Hikmət MƏMMƏDOV,
AzMİU-nun inşaat fakültəsinin dekanı, əməkdar müəllim

Ölkə Prezidenti İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli sərəncamı ilə hər il aprelin 10-u Azərbaycanda “İnşaatçılar Günü” peşə bayramı kimi qeyd olunur. Ölkə inşaatçılarının peşə bayramının təntənəli şəkildə qeyd olunması dövlət başçısının tikinti sektorunun inkişafına böyük dəstəyinin, bütövlükdə tikinti kompleksi əməkçilərinin - inşaatçı, memar və layihəçilərin çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir, onların əməyinə verilən yüksək qiymətdir.
Azərbaycanda inşaat və memarlıq ənənələri zəngin və qədim tarixə malikdir. Qurub yaratmağa böyük həvəsi olan insanlarımız əsrlər boyu daş yonub, kərpic kəsib “tikdim ki, izim qala” prinsipi ilə milli memarlığı formalaşdıran möhtəşəm mədəniyyət abidələri, saraylar, yaşayış məskənləri tikib, yaradıb bəşər mədəniyyətinə bəxş etmişdir. Zəhmətkeş insanlarımız-inşaatçılarımız, memarlarımız tarixin bütün dönəmlərində zamanın tələbinə, həyatın çağırışına müdrikcəsinə yanaşmış, əsrlərdən bəri toplanmış təcrübə və ənənələr əsasında Azərbaycan memarlıq və inşaat sənətini bütün Şərqdə tanıtmışdılar.
Zaman keçdikcə inşaat sənəti inkişaf edir, dövrün tələblərinə uyğun memarlıq növləri və nümunələri yaranır, bu sənətə maraq və diqqət artırdı. XIX əsrin 80-ci illərində ölkəmizdə sənayenin inkişafı fonunda XX əsrin əvvəllərindən başlayaraq tikinti işləri geniş vüsət alırdı, həmin dövrdə bu gün də qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası və sosial obyekt inşa edilmişdi. Kapitalizmin inkişafı həyatın bütün sahələrinə, o cümlədən tikinti sahəsinə də böyük dəyişikliklər gətirmişdi. Məhz bu dönəmdə Şərq və Qərb memarlığının nadir nümunələrini özündə birləşdirən Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdi. Bakı milyonçularının sifarişi ilə Avropadan peşəkar memarlar dəvət olunurdu. Tağıyevin qadın müsəlman məktəbinin, Bakı Şəhər İcra Hakimiyyətinin, İqtisad Universitetinin, Kukla Teatrının, Memarlar İttifaqının, İsmailiyyənin binaları və digər müxtəlif üslublarda layihələndirilmiş möhtəşəm memarlıq əsərləri bu gün də qədim şəhəri bəzəməkdədir.
Azərbaycanın quruculuq tarixinin ən məh
suldar, uğurlu səhifələri kimi tarixə düşən XX əsrin ikinci yarısında ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru daha sürətlə inkişaf etdi. Bu dövrdə Bakı Məişət Kondisionerləri Zavodu, Bakı Dərin Özüllər Zavodu, Şəmkir Su Elektrik Stansiyası, onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verildi. “Azərbaycan”, “Abşeron” otellərinin, “Respublika” sarayının, “Gülüstan” sarayının, Milli Məclisin və Prezident Aparatı binasının inşası bilavasitə ulu öndərin nəzarəti altında həyata keçirilirdi.
Azərbaycan inşaatının şanlı ənənələri bu gün də davam etdirilir, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazisi başdan-başa nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrilib. İnşaatçıların, memarların və layihəçilərin gərgin əməyi sayəsində son illərdə respublikamızda yeni məktəb binaları tikilib, bəziləri əsaslı təmir edilib, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi və digər səhiyyə obyektləri, dünya və Avropa standartlarına tam cavab verən olimpiya idman kompleksləri, yüzlərlə çoxmərtəbəli yaşayış binası istifadəyə verilib. Sevindirici haldır ki, inşaatçılarımızın bu ağır işi, böyük əməyi ölkə Prezidenti tərəfindən yüksək mükafatını alıb, onlar fəxr və sevinclə hər il aprelin 10-da öz peşə bayramlarını qeyd edirlər.
Tarixə İnşaatçılar Günü kimi düşən bu bayram günündə düşünürəm ki, Azərbaycanda ali təhsilli inşaatçı kadrlar yetişdirən yeganə ali təhsil ocağı olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin də öz payı var, professor-müəllim heyətiylə yanaşı, gələcəyin inşaatçıları olan tələbələrimiz də 10 aprel tarixində peşə bayramı sevincini yaşayırlar. Dövlət başçısı tərəfindən inşaatçı əməyinə verilən dəyər, böyük ehtiram inşaatçı kimi bizi sevindirir, ruhlandırır. AzMİU-nun qocaman fakültələrindən olan 97 yaşlı inşaat fakültəsində hazırlanan kadrlar təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda həyata keçirilən layihələrə imza atır, mühüm, böyük tikintilərdə çalışır, tikinti-quruculuq işlərinin müəllifi kimi tanınırlar.
Universitetimizdə inşaatçı kadrlar hazırlayan inşaat fakültəsi böyük inkişaf yolu keçib. Yuxarıda qeyd etdiyim kimi, XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanda dövrün çağırışlarına cavab verə biləcək təhsil ocaqları olmadığı üçün böyük tikinti işlərinə əcnəbi mütəxəssislər cəlb olunurdu. 1920-ci ildə Bakıda Politexnik İnstitutunun yaradılması və onun tərkibində inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığının başlanması demək olar ki, bizim fakültəmizin əsasını qoydu. Bu gün inşaat fakültəsi AzMİU-nun ən qocaman, aparıcı, vacib, həmişə tələb olunan fakültələrindən biridir. Təbii ki, 97 ildə fakültəmiz daha da böyüyüb, inkişaf edib, uğurlar qazanıb. Bu gün fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır, bakalavr pilləsində 1200-ə yaxın tələbə təhsil alır, “İnşaat mühəndisliyi” ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu gün inşaat fakültəsi respublikanın ali məktəbləri arasında yeganə fakültədir ki, beynəlxalq təhsil sisteminə inteqrasiya olunub. Türkiyənin İstanbul Texniki Universiteti ilə AzMİU arasında bağlanmış müqaviləyə əsasən, 2013-2014-cü tədris ilindən hər iki universitetin inşaat fakültəsi “ikili diplom” proqramı üzrə birgə kadr hazırlığını ingilis dilində ortaq proqram əsasında aparır. Moskva Dövlət Universiteti tərəfindən Beynəlxalq İnşaat Universitetləri Assosiasiyasının iclaslarında mütəmadi iştirak edirik və tələbələrimiz həmin assosiasiya çərçivəsində təşkil olunmuş distant təhsil proqramı üzrə müəyyən fənlər üzrə mühazirələr dinləmək imkanı da qazanıb.
Tədrisin keyfiyyətini artırmaq üçün fakültədə ixtisaslaşdırılmış auditoriyalar və laboratoriya otaqları yaradılıb, 2015-2016-cı tədris ilindən müasir tələblərə cavab verən inşaat konstruksiyalarının sınağı və tədqiqi laboratoriyası istifadəyə verilib, inşaat konstruksiyalarının kompüter layihələndirilməsi laboratoriyası fəaliyyət göstərir. Tədrisin nəzəri əsaslarının təcrübədə tətbiqi işinin səmərəliliyini yüksəltmək üçün fakültənin istehsalatla əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bağlanmış müqavilələr əsasında tələbələrimiz tədris-istehsalat və tədris-texnoloji təcrübələrini Bakının tanınmış sənaye müəssisələrində və inşaat şirkətlərində (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, ARDNŞ, Akkord, FHN, Paşa-İnşaat, BP, İCOM və s.) keçirlər.
Fakültənin məzunları arasında respublikanın ictimai-siyasi həyatında və istehsalat sahəsində tanınmış kadrlar çoxdur, onlardan Baş nazirin müavinləri Yaqub Eyyubov və Abid Şərifovu, Milli Məclisin deputatı Aydın Mirzəzadəni və başqalarını misal göstərmək olar. Bu gün fakültədə gənc müəllimlərlə yanaşı, qocaman müəllimlərimiz də çalışırlar, Əsgər İsayev, Sabir Quliyev, Rasim Bayramov, Musa Kələntərov, Xalid Nəcəfov və başqalarının mühazirələri tələbələr üçün həmişə maraqlıdır. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun olaraq tədrisin keyfiyyətini artırmaq üçün yeni metodlardan, imkanlardan istifadə edirik, tələbələrimizin mütəxəssis kimi hazırlanmasına çalışırıq.
Bu bayram günündə həm inşaatçı, həm inşaatçı kadrlar hazırlayan mütəxəssis kimi 10 aprel İnşaatçılar Günü münasibətilə ölkəmizin çoxminli inşaatçı ordusunu, inşaatçı kadrların hazırlanmasında müstəsna xidmətləri olan həmkarlarımı-universitetimizin professor-müəllim heyətini, gələcəyin inşaatçıları olan tələbələrimizi təbrik edirəm, təhsildə, tədrisdə və karyeralarında uğurlar arzu edirəm. Əziz inşaatçılar, qurun, yaradın, Azərbaycanımızı gözəlləşdirin!

yuxarı ⤴