1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Maarifçi
Oktay Səmədovun 60 yaşına
08.04.2017 / No12

 

 

 


Oktay Əlipaşa oğlu Səmədov 8 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub, 1974-cü ildə 36 nömrəli məktəbi, 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1978-1980-ci illərdə təyinatla göndərildiyi Saatlı və Dəvəçi (indiki Şabran) rayonlarının kənd məktəblərində rus dili müəllimi işləyib. 1981-1984-cü illərdə SSRİ Pedaqoji Elmlər Akademiyasının Milli Məktəbdə Rus Dilinin Tədrisi Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb. 1986-cı ildə rus dilinin tədrisi metodikası sahəsində namizədlik dissertasiyasını müdafiə edib, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosentdir. Bakı Slavyan Universitetində müəllim, baş müəllim, magistratura şöbəsinin müdiri, tərbiyə işləri üzrə prorektor olub. 10-dək elmi-metodik vəsaitin, dərslik və lüğətlərin, 50-dən çox elmi məqalənin müəllifidir, bir çox beynəlxalq elmi-praktik konfranslarda məruzə ilə çıxış edib. Rus dilinin tədrisi metodikası, gənclərin təlim və tərbiyəsi, tərcümə problemlərinə dair elmi məqalələri Rusiya, Ukrayna, Türkmənistan ali məktəblərinin elmi məcmuələrində dərc edilib. Ailəlidir, iki övladı var.
2014-cü il mayın 7-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru təyin edilib.
Prezident İlham Əliyevin qlobal çağırışlara cavab verərək iqtisadi inkişafdan əldə olunan kapitalı birbaşa insan kapitalının inkişafına yönəltmək çağırışının real təcəssümü olan Bilik Fondunun yaradılması ideyası ölkəmiz üçün əhəmiyyətli oldu, bir çox tanınmışlarımızın da dəfələrlə etiraf etdikləri kimi, bu dövlət qurumunun yaradılması günün tələbi idi və Fond qısa müddət ərzində özünü təsdiq edə bildi. Heç şübhə yoxdur ki, yarandığı gündən Fondun fəaliyyətinə rəhbərlik edən Oktay müəllimin işgüzarlığı, təşkilatçılığı, insanlarla ünsiyyət qurma bacarığı və yüksək mədəniyyəti, təbiətən maarifçi ziyalı olması qazanılmış uğurların əsas səbəbi, həm də nəticəsidir.
2014-cü ilin iyulunda Fondun üçüncü işçisi mən oldum və tanışlığımızın ilk günlərindən Oktay müəllimin gendən, qandan gəlmə mərifət, tərbiyə sahibi olduğunu gördüm. İlk vaxtlar Bakı Slavyan Universitetinin 2 otağında yerləşmişdik. 40 il müddətində təhsil aldığı və çalışdığı universitet tələbə və müəllimlərinin ona münasibətindəki içdən gələn hörmət, sevgini duymaq üçün məxsusi həssaslığa ehtiyac yox idi. Ünsiyyətdə olduğum tələbələrdən ilk eşitdiyim bu oldu: təmiz insandı.
Elə üç ildə gördüklərimiz də bu sadə həqiqəti təsdiq edib: dövlətin hər manatının qədrini ailə büdcəsi kimi qoruyur, israfçılıq, bədxərclik kimi xasiyyətlər Oktay müəllimin kitab-dəftərində yoxdur. Bu cür pak əməl sahibi olan bir kəsin daim ictimaiyyətlə ünsiyyət quran, insanların maariflənməsinə xidmət göstərən Bilik Fonduna rəhbərliyi əlavə stimuldur.
Bu daxili təmizlik, tapşırılan işə yüksək məsuliyyət hissi ilə yanaşma, təşəbbüskarlıq və təşkilatçılıq qabiliyyəti kökdən gəlir, əsli-nəcabətin təzahürüdür: Oktay müəllimin atası Böyük Vətən müharibəsinin odu-alovundan keçmiş, qələmini Yazıçılar Birliyinin üzvü kimi poeziyada, Jurnalistlər Birliyinin üzvü kimi publisistikada sınamış, tarda milli musiqimizi məharətlə ifa etməklə yanaşı, uzun illər boyu gözəl rəsm əsərləri yaratmış, 40 ilədək dövlət işində çalışmış bir ziyalı olub. Bir müddət Azərbaycan Kitabsevərlər Cəmiyyətində çalışıb, Respublika Bilik Cəmiyyətinin fəal üzvü olub. Maraqlı təsadüfdür.
Oktay müəllim işgüzardı, işləməkdən doymaz, yorulmaz. Bəzən bazar, bayram günləri axşamdan xeyli ötmüş zəng edər, nə isə soruşar işlə bağlı. Gün ərzində çatdırıb tamamlaya bilmədiyi sənədləri özü ilə evə aparar. Bilik Fondunun fəaliyyəti barədə şəxsən tərtib etdiyi 300 səhifəlik salnamə, yekun hesabatları görəndə də onun səbrinə, işgüzarlığına, diqqət və səliqəsinə yaxşı mənada həsəd aparmışıq. Biz onun məzuniyyət, istirahət etdiyinin də şahidi olmadıq heç. Yazıb, bəzən də savadımızı, operativliyimizi göstərmək niyyəti ilə tez-tələsik atırıq elektron poçtuna... Sonra yazdıqlarımızda elədiyi səliqə-sahmanlı düzəlişləri görəndə tələskənliyimizə peşiman oluruq. O, yazı, sənədləşdirmə, kargüzarlıq işlərinin peşəkarıdır. A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rəhbəri Bakıda keçirilən təqdimatda Oktay müəllimin çıxışını dinlədikdən sonra dedi: “Təəssüf ki, bizim institutda rus dilində belə səlis, rəvan danışan alimlər azdır”.
Natiqdir, səlis, rəvan nitqi var, auditoriyanı ələ ala bilir Oktay müəllim. Dəfələrlə bu sözləri müxtəlif sənət, peşə adamlarından, rayon rəhbərlərindən, alimlərindən qürur hissi ilə eşitmişik: “Amma müdiriniz savadlı, mərifətli, həssas adamdı ha...”
Bilik Fondunun əldə etdiyi uğurların bir səbəbi də Oktay müəllimin kollektivi işlətmək bacarığıdır. Çoxları inanmır ki, Fondun işçilərinin sayı cəmi 20 nəfərdir. Burda hər kəsin cavabdeh olduğu layihə var, ancaq gərək olanda hamı vahid komanda şəklində səfərbər olur. Təvazökarlıqdan uzaq olsa da, Bilik Fondu respublikada xeyli layihənin adını rəngarəng tədbirlərlə, davamlı, ardıcıl görüşlərlə yaddaşlara yazıb. Yazanlar sırasında Oktay müəllimin xüsusi yeri var...
60 yaşınız mübarək, Oktay müəllim! Xalqa, vətənə, dövlətə maarifçilik yolu ilə ləyaqətli, layiqli xidmətinizdə bundan sonra da uğurlarınızın bol olmasını diləyirəm.
Yaxşı ki, varsız, bizimlə birlikdəsiz!

Hacı ABDULLA,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri
 

yuxarı ⤴